Ömürlərini bizə fəda etmiş tarixi şəxsiyyətlərimizi
unutmaq olmaz
Sərhədlər təkcə ölkələri
deyil, həm də insanları
ayırır. Sərhədlər insanda nostalji duyğular oyadır. Axı, ayrılıq
həmişə kədər,
qəm-qüssə gətirir.
Amma elə sərhədlər
var ki, onu
keçəndə insan
özünü qəriblikdə
hiss etmir. Sanki Vətəndən-Vətənə adlayırsan. Hiss edirsən
ki, ayağının
altındakı torpaq doğmadır, əzizdir.
Bu torpaqlarda səninlə
eyni dildə danışan, səninlə
eyni dinə mənsub olan, səninlə ruh qardaşı olan insanlar yaşayır.
Bu torpaqlarda sənin
tarixin uyuyur. Hiss
edirsən ki, başının üstündə
dolaşan ruhlar səni xata-baladan, bəd nəzərdən qoruyacaq.
Qədim
Borçalıda olduğu
kimi… Azərbaycanla Gürcüstanı ayıran Sınıq körpü buraxılış
məntəqəsini keçəndə,
heç vaxt özümü qərib diyarda hiss etmirəm.
Sərhədin o tayında sıralanan
Azərbaycan kəndləri
yoluma işıq tutur, ruhumu oxşayır.
Bu tayda olduğu
kimi, o tayda da insan özünü
Vətəndə olduğu
kimi, rahat hiss edir. Topa-topa buludlar, çiyin-çiyinə
vermiş dağlar, zümrüd libaslı meşələr… Qıvrıla-qıvrıla
axan Dəli Kür də öz yerindədir.
Min il əvvəl
olduğu kimi, yenə öz həzin nəğməsini
zümzümə edir…
Azərbaycanla Gürcüstan
iki dost xalq, iki müttəfiq ölkədir. Hər iki ölkənin taleyində xeyli oxşar məqamlar var. Azərbaycanlılar kimi,
dost gürcü xalqı
da ilk demokratik respublikanı 99 il
əvvəl yaradıb.
Azərbaycan kimi, Gürcüstan
da o dövrdə gələn təhlükəni
dəf edə bilməyib. Amma əsas odur
ki, bu gün
Azərbaycan xalqı da, gürcü xalqı da gələcəyə
inamla baxır. Biz ümidlərimizi tunelin sonundakı işığa bağlamamışıq.
Biz tuneli çoxdan
tərk etmişik.
Tarixin müəyyən dövründə
Tbilisi Qafqazın siyasi
mərkəzi olub.
Azərbaycan xalqının dünyanın
mədəni xəzinəsinə
bəxş etdiyi böyük şəxsiyyətlərin
Gürcüstanla bağlılığı
da məhz həmin dövrə təsadüf edir. Qori Müəllimlər Seminariyası
Qafqaz xalqlarının,
o cümlədən Azərbaycan
xalqının həyatında
mühüm rol oynayıb. Tale elə gətirib ki, Gürcüstan həm də 19-cu və 20-ci əsrlərdə
Azərbaycan xalqının
yetişdirdiyi ən nəhəng şəxsiyyətlərdən
bəzilərinin əbədiyyət
ünvanı olub.
Təsadüfi deyil ki, Azərbaycanın böyük ədibi, ölməz dramaturq Mirzə Fətəli Axundzadənin, Azərbaycan
Xalq Cümhuriyyətinin
qurucularından olan Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, istedadlı şair, böyük fikir adamı Mirzə Şəfi Vazehin məzarları Tbilisidədir.
Tbilisi Açıq Universitetinin tələbəsi
olduğum üçün
bu müqəddəs ziyarətgahlara tez-tez baş çəkmək imkanım var. Mübaliğəsiz
deyə bilərəm
ki, qonşu ölkəyə səfərim
həmişə bu nəhəng şəxsiyyətlərin
məzarlarını ziyarət
etməklə başlayır.
Həyatlarını Azərbaycan xalqının
maariflənməsinə, istiqlalına,
xoşbəxtliyinə həsr
etmiş bu ölməz şəxsiyyətlərin
qəbirləri Vətəndən
uzaqda olsa da, baxımsız vəziyyətdə deyil.
Ərazidə abadlıq işləri
aparılıb, xüsusi
səliqə-sahman yaradılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyi xalqımızın
taleyində müstəsna
rol oynamış bu insanları heç vaxt unutmur. Bayramlarda, anım günlərində
bu ölməz şəxsiyyətlərin məzarları
ziyarət olunur, onların adlarını əbədiləşdirmək istiqamətində
vacib tədbirlər həyata keçirilir.
Bir gənc, bir tələbə kimi bu fakt məni
qürurlandırır. Sonda bir məqama
da toxunmaq istəyirəm: əlbəttə,
orta və yaşlı nəsli təmsil edən insanlara irad bildirmək, onlara nəsihət vermək niyyətindən uzağam.
Amma öz həmyaşıdlarıma,
yolları tez-tez Tbilisiyə düşən
gənclərimizə demək
istəyirəm ki, lütfən, ömürlərini
bizim üçün
fəda etmiş bu nəhəng şəxsiyyətlərin məzarlarını
ziyarət edin.
Buna onların yox, bizim ehtiyacımız var. Bəlkə, bu yolla onların borcundan azacıq da olsa çıxmış
olarıq…
Səbinə
Novruzzadə
Palitra.-2017.-19 yanvar.-S.6.