Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə
başlanılıb
Ölkə
iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində
həyata keçirilən işlər tələblərə
uyğun olaraq
aparılır
Ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən edib. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, proqramın məqsədlərindən biri ölkədə məhz İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi, onlara çıxış imkanlarının təmin olunmasıdır. Bundan başqa, burada informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və qorunması öz əksini tapıb.
Gələcəkdə
respublika üzrə bütün
rayon mərkəzlərində “Şəbəkə”
xidmət mərkəzinin istifadəyə verilməsi
planlaşdırılır
Gözlənilən nəticələrə gəldikdə isə ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq; sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq; ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək; ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq. Artıq dövlət proqramının həyata keçirilməsi istiqamətində tədbirlər davam edir. Cari ildə bir çox tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bu gün artıq nəinki paytaxtda, bölgələrdə bu istiqamətdə işlər görülür.
İnformasiya kommunikasiya
texnologiyaları sahəsində aylıq ödənişlər
elektronlaşdırılıb
Prezidentin sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, nağdsız ödənişlərə tələb yaradılması və nağd hesablaşmaların azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsilə qəbul ediləcək. Buna səbəb, müvafiq Qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır. İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər şəhər və regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.
Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək. Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Bu il Zaqatalada NGN texnologiyaları əsasında 23 elektron ATS quraşdırılacaq
Əhaliyə müasir multimedia xidmətlərinin göstərilməsi və internet istifadəçilərinin sayının artırılması məqsədi ilə Zaqatala rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində son iki ildə ən müasir NGN texnologiyaları əsasında işləyən 16 yeni elektron tipli ATS quraşdırılaraq istismara verilib. Bu istiqamətdə işlərin 2017-ci ildə də davam etdirilməsi, qovşağın xidməti ərazisində daha 23 ədəd müasir ATS-in quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə qovşaq tərəfindən artıq layihələndirmə işlərinə də başlanılıb. Bu barədə Zaqatala rayon Telekommunikasiya Qovşağının rəisi Həsən Ömərov məlumat verib.
Qovşağın rəsmisi bildirib ki, yeni stansiyaların quraşdırılması “Aztelekom” MMC tərəfindən həyata keçirilən “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq reallaşdırılır. Onun sözlərinə görə, NGN texnologiyaları əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə etibarlı telefon rabitəsi ilə yanaşı, ən müasir multimedia xidmətləri, yüksəksürətli internet, həmçinin çoxlu sayda servis xidmətləri təqdim edir.
Hazırda qovşaq üzrə telefon istifadəçilərinin ümumi sayı 22 min 939 abonent təşkil edir. Abonentlərin 5 min 500 nəfəri NGN texnologiyaları əsasında işləyən ATS-lərin xidmətindən yararlanır. Qovşaq üzrə internet istifadəçilərinin ümumi sayı isə 11 min 42 abonentdir.
Quba rayonunda internet istifadəçilərinin sayı
artıb
Quba rayonunda
internet istifadəçilərinin sayı artıb. Ötən
il internet istifadəçilərinin sayı
1500 nəfər artaraq,
7800-ə çatıb. Hazırda rayon Telekommunikasiya Qovşağı
tərəfindən Qubanın
dağlıq kəndlərinin
internetlə təminatı
istiqamətində işlər
davam etdirilir. Bundan əvvəl Alekseyevka kəndindəki ATS-dən
yararlanan Dəlləkli
kəndində rabitə
və internet istifadəçilərinin
sayı artdığından
yaşayış məntəqəsində
yeni elektron ATS quraşdırılıb. Bununla yanaşı, rayonun Əlibəyqışlaq kəndində
64 nömrə tutumlu yeni ATS quraşdırılıb.
2017-ci ildə Dəvədabanı yaşayış
massivi, İqrıq, Susay və İspik
kəndlərinə də
rabitə və
internet xətləri çəkiləcək.
Quba rayonu üzrə ümumilikdə, 17 minə
yaxın telefon və 8 minə yaxın internet istifadəçisi
var.
Nigar Abdullayeva
Palitra.-2017.-20 yanvar.-S.11.