20 Yanvar əlilləri
və şəhid ailələrinə birdəfəlik maddi yardım ayrılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişinə uyğun olaraq sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı dəhşətli qətliam həyata keçirdiyini vurğulayıb: “Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”. S.Müslümov bildirib ki, faciənin sabahkı günü, yəni 1990-cı il yanvarın 21-də ulu öndərimiz Heydər Əliyev həmin vaxt xüsusi nəzarət altında olsa da, heç nədən çəkinmədən, İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və Azərbaycan xalqına qarşı həyata keçirilmiş qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış edib: “Öz xalqına bağlılığın və sonsuz sədaqətin əyani təsdiqi olan həmin bəyanatda sovet rəhbərliyinin Azərbaycana qarşı törətdiyi qatı cinayət hüquqa, demokratiyaya, humanizmə zidd hesab edilir, eyni zamanda təkrarsız cəsarət hissi ilə sovet qoşunlarının dərhal respublikamızdan çıxarılması tələbi irəli sürülürdü. Sonralar da ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib”. Nazir, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şəhidlər xiyabanının vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırıldığını, dövlət başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldığını diqqətə çatdırıb: “Bununla bərabər, ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və 20 Yanvar əlilləri möhtərəm dövlət başçımız tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunublar. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 69 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 84 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib”.
S.Müslümov bildirib ki, bu təbəqədən olanlara
Azərbaycan Prezidentinin aylıq təqaüdləri
(o cümlədən 20 Yanvar
şəhidi fəxri adı almış insanların ailə
üzvlərinə ayda 300 manat,
1990-cı ilin 20 Yanvar
hadisələri ilə əlaqədar əlil olmuş
I qrup əlillərə 165 manat, II qrup
əlillərə 143 manat, III qrup əlillərə 110 manat)
ödənilir. 20 Yanvar əlillərinə
aylıq sosial müavinət və ya əmək pensiyası, onların
uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin
əmək pensiyası almaq hüququ olmayan ailə
üzvlərinə aylıq sosial
müavinət də verilir: “Pensiya qanunvericiliyində isə
əmək pensiyası təyin edilmiş
şəhid ailəsi üzvünün hər
birinə yaşa görə əmək
pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə
hesablanması nəzərdə tutulub. 20 Yanvar əlilləri və şəhid ailələrinin
ölkəmizin ali və orta
ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqı da dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir”. 20 Yanvar əlilləri
və şəhid ailələri üçün
qanunvericilikdə bir sıra güzəşt
və imtiyazların da əksini
tapdığını qeyd edən nazir əlilliyi olan şəxslərin
tibbi-sosial reabilitasiyası, məşğulluq
imkanlarına malik olmaları, sosial-məişət
problemlərinin həlli, asudə vaxtlarının təşkili
və s. istiqamətlərdə həyata
keçirilən tədbirlərdə 20 Yanvar
əlillərinin də əhatə olunduqlarını diqqətə
çatdırıb: “Qeyd olunanlarla
yanaşı, hər il 20 Yanvar
faciəsinin ildönümü ərəfəsində
20 Yanvar əlilləri və şəhidlərinin
ailələri nazirlik tərəfindən
birdəfəlik maddi yardımla təmin
edilirlər. Bu il də
20 Yanvar faciəsinin ildönümü
ərəfəsində nazirlik tərəfindən
423 20 Yanvar əlili və şəhidi ailəsinə
birdəfəlik maddi yardım verilib”. S.Müslümov
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş
qəhrəman Azərbaycan övladlarının əziz xatirəsinin
xalqımızın qəlbində əbədi
yaşayacağını vurğulayıb. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsini özünün “Şəhidlər” kitabı
ilə əbədiləşdirmiş
yazıçı-publisist Rafiq Səməndərin
xatirələrinin dinlənilməsi ilə başa
çatıb.
Tural Tağıyev
Palitra.-2017.-20 yanvar.-S.6.