“Bilik və təcrübələrimi
daha da genişləndirmək
üçün İKT-dən də geniş istifadə etməyə
çalışıram”
Vüsalə Novruzlu: “Yeni xəstəliklər
haqqında bilikləri və onların yeni
müalicə üsullarını öyrənmək üçün İKT-dən faydalanmaq
lazımdır”
Xaricdəki gənclərimiz
istər təhsilə yiyələnmələrində, istərsə
də təbliğat işində informasiya
kommunikasiya texnologiyalarından (İKT) maksimum yararlanmağa
çalışırlar. Onların atdıqları hər
hansı addımlarda bu tərəqqi özünü göstərməkdədir.
Xüsusən, sosial şəbəklərdə
gənclərimizin təbliğati paylaşmaları müsbət
effektini göstərməkdədir. Elə
Sakarya Universitetinin magistri Vüsalə Novruzlu
da bu baxımdan aktiv gənclərimizdəndir.
-Sakarya
Universitetində gənclərimiz həmrəylik nümayiş etdirirlərmi?
-Xaricdə oxuyan azərbaycanlı tələbələr olaraq olduqca böyük məsuliyyət daşıdığımızı heç bir zaman unutmamalıyıq. Çünki bizlər aldığımız təhsillə bərabər, ölkəmizi də layiqincə təmsil etməliyik. Azərbaycan tarixi üçün önəmli olan günlərin, xüsusilə qeyd edilməsinə diqqət yetirməliyik. Həmrəylik göstərən gənclərimiz az da olsa, var. Amma istədiyimiz birliyi, həmrəyliyi, çox təəssüf ki, görə bilmirik. Bir ay öncə Qazaxıstan Respublikasının Həmrəylik Gününün 25 illiyi Sakarya Universitetində qeyd edildi. 50-yə yaxın qazaxıstanlı tələbənin bir araya gələrək, həmrəy olaraq necə gözəl proqram nümayiş etdiklərinin şahidi oldum. Hətta proqrama qatılmaq üçün İstanbuldan da Sakaryaya qazaxıstanlı həmyerliləri gəlmişdilər. Ürək ağrısıyla qeyd etməliyəm ki, Sakarya Universitetində 500-dən artıq azərbaycanlı tələbə olaraq bizdə həmin birlik və bərabərliyi, hələ ki, görə bilmirəm.
-Siz
həmrəyliklə bağlı tədbirlər keçirirsizmi?
-22.12.2016-cı il tarixində Sakarya Gənclik Spor və İl Müdürlüyü ilə birlikdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 25 illiyini Sakaryada qeyd etdim. Hal-hazırda Sakarya Universitetində təhsil alan 500-dən artıq azərbaycanlı tələbələrimiz var. Lakin təəssüf hissilə qeyd etməliyəm ki, keçirdiyim tədbirdə barmaqla sayılacaq sayda tələbə iştirak etdi. Buna baxmayaraq, xaricdə oxuyan bir azərbaycanlı tələbə olaraq istər Azərbaycandan, istərsə də Türkiyədən dövlət və qeyri-dövlət təşkilatlarından maddi və mənəvi dəstək almadan, sadəcə, öz imkanlarım daxilində bu tədbiri keçirməyi özümə borc bildim. Bir daha tədbirin ərsəyə gəlməsində hər zaman gənclərə hər dəstək olan Sakarya Gənclik Spor və İl Müdürlüyü Ali İhsan Çokan bəyə, dəvətimizi qəbul edib tədbirimizdə iştirak edən sakariyalı sənətçi Akif Yener bəyə və tələbələrimizə sonsuz təşəkkürümü bildirirəm.
- Bu
günlərdə 20 Yanvar hadisələrinin
növbəti ildönümü qeyd olundu. Siz
xaricdə bu hadisənin təbliğini
necə aparırsız?
-Bildiyiniz kimi, Sakarya Universitetində imtahanlar bitib və hal-hazırda tətildi.Tələbələrimiz kimi, mən də tətildə Azərbaycandayam. Buna görə də 20 Yanvar tarixi ərəfəsində Sakaryada çox tələbəmiz olmadığı üçün önəmli bir tədbir edə bilmirik. Lakin yanvar ayının sonu, fevral ayının əvvəlində Sakarya Tələbə Şurası tərəfindən çıxarılan “Tugana” dərgisində 20 Yanvar hadisələrilə bağlı yazdığım yazı çıxmalıdır. Hər zaman qeyd etmişəm, etməyə də davam edəcəm. Oxuduğun, işlədiyin ya da yaşadığın xarici ölkədə istər bir, istər yüz, istərsə də min azərbaycanlı olsun, bunun heç bir önəmi yoxdur. Önəmli olan odur ki, hər birimiz ölkəmizi təmsil edəcək bir diasporuq və vətənlə bağlı üzərimizə düşəcək hər bir işi etməyi qarşımıza öncə borc, daha sonra da məqsəd olaraq qoymalıyıq.
-Sosial
şəbəkələrdə bu
baxımdan aktivlik hansı səviyyədədir?
Ümumiyyətlə, gənclərimiz sosial şəbəkələrdən təbliğat işində lazımi səviyyədə istifadə edirlərmi?
-XXI əsrdə internet, ümumiyyətlə, sosial ortam həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İşimiz və ya həyatımız üçün önəmli olan məlumatları almaq və onları lazımi insanlara və lazımi yerlərə çatdırmaq artıq əlimizin altındakı tuş qədər yaxın və sürətlidir. Ona görə də hadisəylə bağlı doğru məlumatları almaqla yanaşı, həmin məlumatları doğru bir şəkildə çatdırmaq da vacib məsələlərdəndir. Xüsusilə də ölkəmizin tarixi keçmişi, dünəni, bu günü və sabahı haqqında olan məlumata daha çox diqqətli olmalıyıq. Bu gün hər kəsin istifadə etdiyi “Facebook”, “İnstagram”, “Twitter” və s. kimi sosial şəbəkələr insanların günlük yaşamlarında önəmli yer tutmaqdadır. Gənclərimiz Azərbaycan tarixi üçün önəmli olan 20 Yanvar, Xocalı soyqırımı və s. günlərdə profil şəkillərini, paylaşımları bu günlə bağlı edərlər. Bu, bir tərəfdən təqdirəlayiqdir. Çünki ən azından həmin günü xatırlayırlar, amma yaxşı olardı ki, bu cür işləri təkcə həmin günlər ərəfəsində yox, başqa zamanlarda da edək. Xüsusilə də xarici ölkədə yaşayan, oxuyan, çalışan soydaşlarımız və sosial şəbəkədə dostluğunda xarici insanlar olanlar bu cür paylaşımları tez-tez etməlidirlər. Hər bir Azərbaycan vətəndaşı ölkəsi üçün vətəndaşlıq borcu olduğunu unutmamalıdır. Bacardığı qədər və əlinə düşən hər fürsətdə bu borcu ödəmək üçün çalışmalıdır. Biz vətənə olan borcumuzu ən azından bu cür ödəyə bilərik. Yəni ən azından sosial şəbəkələrdə Azərbaycan üçün verilən səhv məlumatı düzəldə və ya doğru xəbəri yayımlaya bilərik.
-Sizin
öyrəndiyiniz peşədə İKT-nin
nə kimi rolu var?
-Hal-hazırda Sakarya Universitetində Mikrobioloq üzrə magistratura təhsili almaqdayam.Tələbəsi olduğum müəllimim Yrd.Doç. Dr. Kənan Tunç başda olmaqla digər müəllimlərimdən aldığım bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram. Müdafiə dönəmində olduğum ixtisas elə bir sahədir ki, İKT-dən istifadə etməmək imkansız kimi bir şeydir. Ekologiyanın pozulması, savaşların meydana gəlməsi və s. bu kimi səbəblərdən günü-gündən yeni-yeni xəstəliklər meydana gəlməkdədir. Xatırladım ki, bu cür xəstəliklərin çoxunun yaranmasında, həmçinin mikrobioloji orqanizmlər; bakteriyaları, virusların, göbələklərin və sairinin də rolu var. Yeni xəstəliklər haqqında bilikləri və onların yeni müalicə üsullarını öyrənmək üçün İKT-dən faydalanmaq lazımdır. Təhsil aldığım sahə maraqlı olduğu qədər çox çətin, səbir və zaman tələb edən bir sahədir. Yalnız bütün bunlara baxmayaraq, ixtisasımı çox sevirəm və sevdiyim ixtisasda təhsilimi davam etdirdiyim üçün özümü çox xoşbəxt insanlardan sayıram.
-Perspektiv
planlarınız nədən ibarətdir?
-Qarşıma qoyduğum məqsədlərdən birincisi magistratura təhsilimi uğurla başa vurub, xarici dil imtahanından uğurlu nəticə əldə edərəmsə, gələcək iş karyeramı və doktorantura təhsilimi xarici ölkələrin birində, məsələn, İstanbul, Ankara, Sakaryadakı universitetilərdən birində davam etdirməkdir. Gələcək iş və karyeramı hansı ölkədə davam etdirməyimdən asılı olmayaraq vətənimə olan vətəndaşlıq borcumu da əlimə düşən hər bir fürsətdə ödəməyim qarşıma qoyduğum gələcək planlarımın içindədir.
Fuad Hüseynzadə
Palitra.-2017.-24 yanvar.-S.11.