“Fərman zamanında və düzgün atılan addımdır”

 

"Dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar. Lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması Dövlət başçısının hər zaman diqqətindədir". Bunu açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu xatırladan millət vəkili qeyd edib ki, ölkəmizdə bu həssas təbəqəyə göstərilən diqqət bu gündavam etməkdədir: "Bu gün Avropa 200-300 min qaçqının əlində əsir qalıb. Bununla bağlı nə qədər münaqişələr yaranır, sərhədlər bağlanır, həmin ölkələrin daxilində qaçqın və məcburi köçkünlərə münasibət gərginləşir. Lakin Azərbaycan 1988-ci ildən bu prosesin içərisindədir. O zamandan 27 il ötməsinə baxmayaraq, ölkəmizdə olan məcburi köçkünlərin hamısı yerləşdirilib, yaşayış şəraiti yaxşılaşdırılıb, mənzillərlə təmin edilib, hətta bəziləri fərdi evlərlə təmin olunublar. Bu o qədər də asan proses deyil. Bütün çətinliklərə, eləcə də dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ dövlət başçısının qarşısında duran ilk məsələlərdəndir və onlara göstərilən qayğı bundan sonra da yaxşılaşdırılmalıdır".

T. Rzayev əlavə edib ki, məcburi köçkünlər respublikanın bütün ərazilərində yerləşdiyi üçün əvvəllər onlara ayrılan xərc və kommunal müavinətlərin ayrılması müəyyən mübahisələr yarada bilirdi: "Bu baxımdan cənab Prezidentin fərmanı zamanında və düzgün atılan addımdır".

 

Palitra.-2017.-25 yanvar.-S.4.