“Hər bir müəllimin İKT-dən istifadə bacarığı yüksək səviyyədə olmalıdır”

 

Yeganə Cəfərova: “Kanadanın bütün məktəblərindən İKT eyni səviyyədə tətbiq olunur

 

Xaricdə yaşayan soydaşlarımızın hansı vəzifədə çalışmalarından asılı olmayaraq Azərbaycanımızı təmsil edirlər. Onlar öz peşələrində əldə etdikləri uğurlarla həm də ölkəmizin adını ucaldırlar. Müsahibimiz Yeganə Cəfərova da Kanadanın Toronto şəhərindəki C.H.Best adına orta məktəbdə müəllim kimi çalışmaqla bir sıra nailiyyətlər əldə edib.

-Necə oldu ki, Kanadaya üz tutmalı oldunuz?

-Ağlıma gəlməzdi ki, nə vaxtsa vətəndən çox-çox uzaqlarda, dünyanın ən demokratikinkişaf etmiş ölkələrindən biri olan Kanadada yaşayacaq, sevimli sənətim olan müəllimliyi burada davam etdirəcəyəm.

Ömür yolum İmişli rayonunun Cəfərli kəndindən başlayıb. Burada ziyalı ailəsində doğulmuşam. Cəfərli kənd orta məktəbini (indi həmin məktəb şəhid Telman İsmayılovun adını daşıyır) 1983-cü ildə bitirib APİ-nin (indiki ADPU-nun) Riyaziyyat-informatika fakültəsinə daxil olub və 1988-ci ildə təhsilimi başa vurmuşam. 1989-cu ilin noyabr ayından uşaq bağçasında fəaliyyətə başlamışam.

2000-ci ilin sentyabr ayınadək bağçada tərbiyəçi işləmişəm. Çalışdığım müddətdə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda 2 aylıq təkmilləşdirmə kursunu keçmiş, dəfələrlə açıq kompleks məşğələlər aparmışam. Bağçada hazırladığım əl işləri - qədim ev əşyaları və N.Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanlarının modelləri ilə Bakı şəhəri uşaq bağçaları arasında keçirilən sərgidə iştirak edərək ikinci yeri tutmuş və fəxri fərmanla təltif olunmuşam. Eyni zamanda Azərbaycan "Bilik" Cəmiyyətində psixoloq kursunu bitirmişəm. 2001-ci ilin sentyabrından 2003-cü ilin fevral ayına qədər özəl ali məktəblərin birində psixoloq kimi fəaliyyətimi davam etdirmişəm.

2003-cü ildə ailəmlə birlikdə Kanadaya köçmüşəm. Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhərində yaşayıram.

-Bəs Torontoda müəllim kimi işləməyə necə nail oldunuz?

- 2003-cü ilin may-avqust aylarında ingilis dili kursunu bitirib yaxınlıqdakı məktəbin 3-cü sinfində müəllim köməkçisi kimi təmənnasız olaraq işləməyə başladım. Demək olar ki, məktəbin bütün siniflərində olurdum. Tədris ilinin sonuna az qalırdı. Bir gün tənəffüs zamanı sinfin müəllimi Serato mənə yaxınlaşdı və işimdən çox razı qaldığını bildirdi. Sonda o mənə məktəbdə daimi işə düzəlməkdə kömək etmək istədiyini dediToronto Şəhər Təhsil Şöbəsinin ünvanı yazılmış bir kağız parçası uzatdı. Təhsil şöbəsində CV yazıb gətirməli olduğumu bidirdilər. Bir neçə gündən sonra mən xarici ölkələrdən gəlmiş mütəxəssislər üçün yaradılmış 3 aylıq kursa yazıldım. Kursun nəzəri hissəsi 2 ay idi. Tələbələr bir ay da öz ixtisaslarına uyğun olan yerlərində təcrübə keçməli idilər. Bununla yanaşı, diplomumu Dünya Elm Mərkəzinə təqdim etdim və təsdiq edərək mənə bakalavr dərəcəsi verdilər. Yaşadığım küçədə yerləşən uşaq bağçasına bir aylıq təcrübə keçmək üçün müraciət etdim. İlk gündən uşaqlarla işimi yüksək qiymətləndirən "Uşaqlar küncü" bağçasının müdiri Polin birillik müqavilə ilə mənə müəllim köməkçisi işi təklif etdi. 2004-2005-ci illərdə "Uşaqlar küncü" adlanan uşaq bağçasında müəllim köməkçisi işlədikdən sonra 2006-cı ilin yanvarında Toronto şəhər hakimiyyətinə tabe olan şəxsi uşaq bağçasına rəhbərlik etməyə başladım.

Bağça fəaliyyətimin elə ilk günlərindən qüsurluinkişafdan geri qalan uşaqlarla işlədim və onların normal həyata qayıtmasında böyük əmək sərf etdim. Uşaq bağçasında işləməklə yanaşı, Mothercraft İnstitutunda 3 aylıq "uşaqların inkişafı" kursunu keçdim. Eyni zamanda 2007-ci ilin mart ayından bu günədək Toronto Şəhər Təhsil Söbəsinin xarici dillər departamentinin nəzdində açılan və 55 dildən biri olan Azərbaycan dili müəllimi vəzifəsində çalışıram. Bundan əlavə, 2009-cu ilin noyabrında ekvivalent testdən və ingilis dili testindən, Rayarson Universitetində 2 illik kurikulum kursları və 6 həftəlik təcrübə keçərək Ontario Məktəbəqədər Müəllimləri İnstitutunun üzvlüyünə qəbul olunmuşam.

-Kanada təhsilində informasiya kommunikasiya texnologiyaları (İKT) nə dərəcədə tətbiq olunub?

-Bütün inkişaf etmiş və həm də təhsil sahəsində yüksək inkişaf edən ölkələrdə olduğu kimi, Kanada da İKT çox yüksək səviyyədə inkişaf edib. Uşaqlar məktəbə hazırlıq yaşından, yəni 4 yaşından artıq həftədə 2-3 dəfə 15 dəqiqə olmaqla kompüter dərsləri keçirlər. Hər məktəbdə ən azı 2-3 "Smart Board", hər sinifdə ən azı 2 kompüter, proyektorlar, televizorlar, video aparatlar var. Nüsxə çıxaran və fax maşınları isə məktəblərdə ofisdə yerləşir və bütün materiallar müəllimlər üçün hazır halda məktəbin ofisində olur. Kompüter sinfində isə sinfin sayına uyğun olaraq kompüterlər yerləşdirilib. Hər bir müəllim bu texnologiyaların dilini bilməli, onlardan öz dərslərində səmərəli istifadə etməlidirlər. Bir sözlə, istər ucqar bir qəsəbədə olsun, istər böyük şəhərdə, ölkənin bütün məktəblərindən İKT eyni səviyyədə tətbiq olunur.

-Müəllimlərdən nə kimi İKT bacarığı tələb olunur?

-Yuxarıda qeyd etdiyim kimi, İKT Kanada təhsilində çox yüksək səviyyədə tətbiq olunur və günü-gündən təkmilləşir. Bu təkmilləşmələrə uyğun olaraq müəllimlər üçün ildə 4-5 dəfə bir günlük təkmilləşdirmə kursları təşkil olunur. Müəllimlər bu sahədə biliklərini daim artırmalı və dərslərinin bir hissəsini bu texnologiyalardan istifadə etməklə qurmalıdırlar. Hər bir müəllimin İTK-dən istifadə bacarığı yüksək səviyyədə olmalıdır. Testlərdən başqa, bütün sənədləşmələr elektron olaraq həyata keçirilir. Əgər müəllim bunları bacarmasa, işini çox tez bir zamanda itirə bilər.

-Siz diaspor işində hansı formada aktivlik göstərirsiz?

- Kanadaya ailəmlə miqrasiya etdiyim ilk gündən hər yerdə haralı olduğumu soruşanda “azərbaycanlıyam” dedikdə insanların mənə təəccüblə baxması məni çox narahat edirdi. Özümə söz verdim ki, bacardıqca öz dilimizi, mədəniyyətimizi və ümumiyyətlə, ölkəmizi tanıtmalıyam. İlk olaraq ingilis dili öyrəndiyim məktəbdə Yeni İl bayramında Azərbaycan rəqs musiqisi səsləndirməyə nail oldum. Hər il 28 may-Respublika günündə Azərbaycan bayrağını yaşadığım Ontarıo vilayətinin Toronto şəhəri Hökumət evinin qarşısında qaldırılması mərasimi olursinfimin şagirdləri ilə həmin tədbirdə iştirak edirəm (Azərbaycan dili sinfinin şagirdləri çıxış edirlər). İşimin çox olmasına və vaxt azlığına baxmayaraq, həmvətənlərimizin və yaxud cənubi azərbaycanlıların hər hansı bir tədbiri olarsa, orada iştirak edirəm. Azərbaycana aid olar şəkilləri, atributları və suvenirləri nümayiş etdirirəm. Totonto Təhsil Şöbəsinin xarici dillər şöbəsinin Azərbaycan dili müəllimi kimi çalışmağım Azərbaycanı lazımi qədər tanıtdırmağıma imkan yaradır. Çox fəxr edirəm ki, 55 xarici dil sırasında Azərbaycan dili də vardır. Təhsil Şöbəsini kitabxanasın az da olsa, Azərbaycan dilində kitablar hədiyyə etmişəm. Hər il Türk məktəbində 20-dən çox ölkənin iştirakı ilə Novruz bayramı keçirilir. İştirak edən ölkələrin hər birinin kiçik bir güşəsi yaradılır. Mən də həmin tədbirə həm şagirdlərimin çıxışı, həm milli yeməklərimiz və həm də atributlarımızla qatılıram. 23 Aprel- uşaq bayramında Türk cəmiyyətinin təşkil etdiyi tədbirdə də şagirdlərim çıxış edirlər. Bu il Azərbaycan dili sinfinin açılmasının 10 ili tamam olur. Yubiley tədbiri keçirməyə hazırlaşıram. Artıq 3 ildir ki, Kollecdə müəllim kimi çalışıram və orada da Azərbaycanı tanıtmağı özümə borc bilirəm. Novruz bayramını tələbələrim və müdiriyyətlə birlikdə qeyd edirik. Yeni İl şənliyində rəqslərimizi əcnəbi tələbələrə öyrədir və rəqs edirik. Ermənilərə qarşı bir çox yürüşlərdə və etiraz aksiyalarında iştirak etmişəm. Keçən ilin aprel ayında ordumuzun əks-hücumu ilə əlaqədar olaraq keçirilən aksiyada mən də öz ailəmlə iştirak etdim. Sadaladıqlarımın bir çoxu Azərbaycan mətbuatında və internet saytlarında işıqlandırılıb. Hətta Azərbaycanda gedən təhsil islahatlarında da yaxından iştirak etmişKanada təhsilinin incəliklərini və kurikulum haqqında biliklərimi təhsil problemləri institutunda və bölgələrdə olan müəllimlərlə bölüşmüşəm. 2016-cı ilin oktyabr ayından TorontodaAzstarteleviziya kanalı açıldı və bu kanalın davamlı olması üçün kiçikolsa, təmənnasız olaraq köməyimi əsirgəmirəm. İnşallah, gələcəkdə bu proqramla mənim Azərbaycan dili sinfim bir çox verilişlər hazırlayacaq.

-Deyilənə görə, kanadalılar vaxta daha çox qənaət edirlər. Yəqin ki, sizora gedəndən sonra vaxtın qədrini daha çox bilirsiz?

-Kanadada bir çox müəssisələr və hətta uşaq bağçalarının bir qismi, yəni ev uşaq bağçaları 24 saat işləyir. Xarici ölkələrdən gələn bir çox miqrantlar kimi, mən də həm işləməli, həm oxumalı və həm də vaxtaşırı təkmilləşdirmə kursları və tədbirlərdə iştirak etməli oluram. Hər dəqiqə mənim üçün çox qiymətli olsa da, mənə müraciət edən hər kəsə vaxt ayırmağa çalışıram. İşlərimin çox olmasına baxmayaraq, bir çox həmvətənlərimizə də xeyirdə-şərdə dəstək olmağa çalışıram.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-26 yanvar.-S.11.