“Cocuq Mərcanlı kəndinin
bərpası barədə sərəncam böyük
qayıdışın başlanğıcıdır”
Ölkə başçısı bildirib ki, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Horadiz şəhəri vaxtilə qəsəbə idi, biz ona şəhər statusu verdik. Biz o torpaqlara qayıdacağıq, necə ki, Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir”. Bu gün artıq Prezident İlham Əliyevin qeyd etdiyi sözlər özünü doğruldur, işğaldan azad olunmuş ərazilərdə yaşayış bərpa olunur. Belə ki, “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Prezidentin sərəncamı bunun bariz nümunəsidir. Sərəncamda da qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Göründüyü kimi, bu sərəncam heç də təsadüfi deyil.
Bu
günlərdə Prezident, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev Müdafiə
Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində
“N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi
şəhərciyinin açılışı zamanı bildirib ki, keçən ilin aprel ayında erməni
silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu
düşmənə sarsıdıcı zərbələr endirdi: “Füzuli, Cəbrayıl,
Ağdərə rayonlarının bir hissəsi
işğaldan azad edildi. O ərazilərdə Azərbaycan
bayrağı dalğalanır. Minlərlə hektar
torpaq işğaldan azad edildi. On minlərlə
hektar torpağa bu gün Azərbaycan
Ordusu nəzarət edir. O torpaqlarda təmizlik
işləri aparılır
və yaxın gələcəkdə məcburi
köçkünlər o ərazilərə
qayıdacaqlar”. Dağlıq Qarabağın əzəli
Azərbaycan torpağı
olduğunu deyən ölkə başçısının
sözlərinə görə,
əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaradıb. Orada yerləşən
tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi
əks etdirir.
“Bu, həmçinin işğal
altındakı digər
torpaqlarımızın da
azad edilməsi istiqamətində mühüm
bir addımdır”
Ölkə başçısının “İşğaldan
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”
sərəncamını ziyalılarımız,
tarixçilərimiz çox
müsbət qiymətləndirir,
bunu məcburi köçkünlərimizin öz
doğma yurdlarına dönməsi istiqamətində
bir addım kimi dəyərləndirirlər. Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, aprel döyüşləri
zamanı Azərbaycan
Ordusu tərəfindən
Ermənistanın işğalından
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında
Prezident İlham Əliyevin imzaladığı
sərəncam işğal
altındakı torpaqlarımızın
azad olunması, bərpası və məcburi köçkünlərin
öz doğma yurdlarına qayıtması
istiqamətində böyük
yolun, böyük qayıdışın başlanğıcıdır:
“Cocuq Mərcanlı kəndinin bərpasından
sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda
dövlətinə və
rəhbərinə inam
hissini daha da gücləndirəcək.
Bu, həmçinin işğal altındakı
digər torpaqlarımızın
da azad edilməsi
istiqamətində mühüm
bir addımdır.
Aprel döyüşləri Azərbaycan
Ordusunun gücünü
bir daha göstərdi, xalqımızda
ordumuza olan inamı daha da artırdı”.
“Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında
sərəncam tarixi-siyasi
əhəmiyyətə malikdir”
AMEA-nın vitse-prezidenti,
akademik, millət vəkili İsa
Həbibbəyli bildirib ki,
Azərbaycan Prezidenti İlham
Əliyevin işğaldan azad
edilmiş Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndinin bərpası
ilə bağlı tədbirlər haqqında sərəncamı
çox böyük siyasi əhəmiyyətə malikdir:
“Azərbaycan təcavüzə məruz qalandan
sonra ilk dəfə bir yaşayış məntəqəsi, bir kəndin tam bərpası
istiqamətində addım atılır, dövlət sərəncamı
imzalanır. Bu, bizim
müstəqillik tariximizin əhəmiyyətli
hadisələrindən biridir. Azərbaycan
Prezidentinin imzaladığı sərəncam
Azərbaycanın işğal olunmuş ərazilərini geri
qaytarmağa böyük
ümid yaradır. Eyni
zamanda işğaldan azad olunmuş kəndin bərpası
aprel döyüşləri zamanı qəhrəmanlıq
göstərmiş Azərbaycan əsgərinin özünə
inamını və ruh yüksəkliyini
gücləndirir. Bu, həm də möhtərəm
Prezidentin rəhbərliyi ilə Azərbaycanın
apardığı siyasətin gücünü
və reallıqları əks etdirir. Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir və böyük
qələbənin başlanğıcıdır”.
Nigar Abdullayeva
Palitra.-2017.-26 yanvar.-S.4.