“Məcburi köçkünlərin sosial problemlərinin həllinə yönələn
bu addım çox təqdirəlayiqdir”
Ramiz Alıyev:“Karta nağd
pul şəklində ödəniləcək
vəsaitlə kommunal xərcləri
ödədikdən sonra qalan
vəsaiti digər problemlərə sərf edə biləcəklər”
Xəbər verildiyi kimi, yanvarın 23-də Prezident İlham Əliyev tərəfindən dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı fərman imzalanıb. Bu fərman qeyd olunan kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir.
Dövlət başçısının bu fərmanı ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilib. Politoloq Ramiz Alıyev bildirdi ki, cənab Prezidentin məcburi köçkünlərə aylıq müavinət miqdarı müəyyən etməsi ilə bağlı fərmanın əhəmiyyəti olduqca böyükdür: “Belə ki, bu fərmana əsasən həmin imtiyazlı şəxslərə aylıq olaraq nəzərdə tutulmuş kommunal limitləri nağd pul şəkilində vətəndaşın birbaşa özünə ödəniləcək. Bununla da həmin vətəndaşlar dövlətin onlara ayırdığı nağd müavinətlə daha asan formada və heç bir başqa vasitəçi dövlət orqanı olmadan öz kommunal xərclərini ödəyə biləcək. Bununla da məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı hansısa dövlət orqanı arasında anlaşılmazlıqlar aradan qalxacaq. Həmçinin bürokratik əngəllər aradan qalxacaq, müxtəlif idarələrdən məcburi köçkün olmaqla bağlı toplanan arayışlara ehtiyac olmayacaq”. Ramiz Alıyevin fikrincə, ən vacib məqam həmin imtiyazlı vətəndaşlara ayrılan karta nağd pul şəkilində ödəniləcək deyə, aylıq sərf etdikləri kommunal xərclərini ödədikdən sonra qalıq vəsaiti digər problemlərinə sərf edə biləcəklər: “Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin belə bir dövrdə, yəni dünyanın hər yerində baş verən iqtisadi problemlərin baş verdiyi tarixdə məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş olan bu addımı çox təqdirəlayiqdir. Bu onu göstərir ki, Prezident hər zaman olduğu kimi, yenə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün real addımlar atır”.
Xatırladaq ki, Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları da açıqlanıb.
Ramiz Alıyev Nazirlər Kabinetinin bu qərarını
dövlətin məcburi köçkünlərə göstərilən
diqqətinin bariz nümunəsi kimi qiymətləndirdi: “Bu
qaydalar Prezidentin
adıçəkilən fərmanının 2.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanıb. Burada məcburi köçkünlər və onlara bərabər tutulan
şəxslər üçün yemək
xərci müavinəti, habelə kommunal
və digər xidmətlər üzrə dövlət
büdcəsindən ödənişlər əvəzinə
vahid aylıq müavinətin ödənilməsi
qaydaları müəyyən edilib. Ümumi götürsək, bu qaydaların təsdiqlənməsi bir daha onu
göstərir ki, Azərbaycan dövləti
sosial yönümlü
siyasət yürdür”.
Fuad Hüseynzadə
Palitra.-2017.-26 yanvar.-S.6.