İKT üzrə gənc kadrların
hazırlanmasına diqqət artırılacaq
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda cari il ərzində İKT sahəsində görüləcək işlərə toxunacağıq.
İnnovativ layihələr ÊİV-də təbliğ ediləcək
Fəaliyyət Planını təqdim edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib ki, cari ildə rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində audio-video texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemlərinin bir sıra aspektləri üzrə araşdırmalar davam etdiriləcək. “İKT.az” qeyd edir ki, qeyd edilən problemlər üzrə “Azərbaycanda informasiya cəmiyyətinin audiovizual fəzalarının formalaşdırılmasının konseptual əsasları” və “Azərbaycanda elektron tullantıların idarə edilməsinin konseptual əsasları” mövzularında tədqiqat işlərinin aparılması planlaşdırılır. B.Ağayev həmçinin “Çap qurğuları kartriclərinin təhlükəsiz doldurulması və utilizasiyası texnologiyasının işlənməsi. AMEA-da tətbiqi üçün layihənin işlənməsi” mövzusu üzrə araşdırmaların aparılacağını diqqətə çatdırıb. Bu işin nəticələrinə görə, AMEA-nın bütün qurumlarında istifadə edilən müxtəlif tipli çap qurğularının kartriclərinin təhlükəsiz doldurulması və utilizasiyası məqsədilə xidmət sahəsinin təşkil edilməsinin planlaşdırıldığını söylədi. Bildirdi ki, qeyd olunan proses insan sağlamlığına zərərli təsirin aradan qaldırılması üzrə beynəlxalq standartların tələblərinə uyğun aparılacaq. B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirak, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi planlaşdırılır. Məruzəçi elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda iştirak, Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və innovativ layihələrin ÊİV-də təbliği, İKT üzrə gənc kadrların hazırlanması və s. ilə bağlı görüləcək işlərdən də danışıb. Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Audio-video texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə aparılan tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, hər iki istiqamət üzrə dünya təcrübəsi və qanunvericilik bazasının, yeni texnologiyaların öyrənilməsi zəruridir. E-dövlət mühitində hökumət-vətəndaş, hökumət-biznes, vətəndaş-biznes münasibətlərinin formalaşmasında mühüm rol oynayan audio-video texnologiyalarının tətbiqi də insanların həyat fəaliyyətinin yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir. Akademik həmçinin elektron tullantıların zərərli təsirləri barədə maarifləndirmə işlərinin aparılması və bu sahədə müvafiq qurumlarla birgə fəaliyyətin vacibliyini vurğulayıb. Cari ildə qeyd edilən mövzuların konseptual əsasları ilə bağlı tədqiqat işlərinin başa çatdırılmasına dair tapşırıqlar verib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.
Müasir dövrün iqtisadiyyatı elm, bilik, texnologiya və İKT-yə əsaslanır
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsində də 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirib ki, il ərzində informasiya cəmiyyəti iqtisadiyyatın ın formalaşmasının elmi-nəzəri əsasları üzrə tədqiqatların aparılması nəzərdə tutulur. Ə.Əliyev şöbədə informasiya cəmiyyəti iqtisadiyyatının kompozit indeksinin onun formalaşmasına təsir edən faktorlardan asılılığının ekonometrik modelinin işlənilməsi istiqamətində işlərin davam etdirildiyini və 2017-ci ildə də bu istiqamətdə araşdırmaların aparılmasının aktuallığını vurğulayıb. Məruzəçi qeyd edib ki, informasiya cəmiyyəti iqtisadiyyatının yaşıllaşdırılması prosesinə təsir edən amillərin ekonometrik modelinin işlənilməsi də nəzərdə tutulan elmi-praktiki işlər arasındadır. Şöbə müdiri innovativ struktur olan texnoparkların fəaliyyətinin bəzi idarəetmə modellərinin işlənilməsi və eksperimental nəticələrin analizinin həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb edən elmi araşdırmalardan olduğunu diqqətə çatdırıb. Ə.Əliyev elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirib ki, şöbənin cari ildə dövlət proqramları və milli fəaliyyət planlarının institutla əlaqədar müvafiq bəndlərinin icrasında və ölkədə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirakı nəzərdə tutulur. Şöbə müdiri “Horizon 2020” proqramı çərçivəsində beynəlxalq qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılacağını da nəzərə çatdırıb. Məruzəçi, həmçinin institutda magistratura pilləsi üzrə təhsil alan tələbələr üçün şöbədə bir sıra innovativ fənn proqramlarının işlənməsi və tədrisinin nəzərdə tutulduğunu söyləyib. Ə.Əliyev 2017-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşri və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrün iqtisadiyyatının elm, bilik, texnologiya və İKT-yə əsaslandığını qeyd edərək bu iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqli cəhətlərindən söz açıb. Alim yeni dövr iqtisadiyyatının formalaşmasına təsir edən elmi-nəzəriyyə və yanaşmaların analizinin aparılmasının vacibliyini vurğulayıb. O, eyni zamanda müasir dövrdə iqtisadi qanunauyğunluqların müəyyənləşməsində ekonometrik metodlarla yanaşı, viki, bulud, grid, big data texnologiyalarından yararlanmağın zəruriliyini vurğulayıb. Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri”
Onu da qeyd edək ki, yanvarın
31-də AMEA İnformasiya Texnologiyaları
İnstitutunda keçiriləcək “AzScienceNet: mövcud vəziyyəti,
imkanları və inkişaf perspektivləri”
mövzusunda respublika elmi-praktiki seminarına hazırlıq işləri
davam edir. Bu məqsədlə
institutda təşkilat komitəsinin
növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Rasim Əliquliyev
çıxış edərək Azərbaycan elminin dünya elminə
inteqrasiyasını təmin edən “AzScienceNet”
elm-kompüter şəbəkəsinin
(EKŞ) ölkə rəhbərliyi tərəfindən qəbul
olunmuş müvafiq konsepsiya və strategiyalardan
irəli gələn vəzifələrin icrasında mühüm rol
oynadığını söyləyib. Alim qeyd
edib ki, tədbirin
keçirilməsində məqsəd ölkənin elm və təhsil qurumlarının “AzScienceNet” EKŞ-nin mövcud infrastrukturu,
göstərdiyi xidmətlər, yüksək hesablama
və yaddaş imkanları, elektron elmin
inkişafında rolu, rouminq
və bulud xidmətləri, şəbəkənin
monitorinqi və təhlükəsizliyi,
beynəlxalq elmi mühitə
inteqrasiyası, habelə bu şəbəkədə
formalaşan informasiya
bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə
bağlı məlumatlandırılmasıdır. Sonra çıxış edən institutun şöbə müdiri
Təhmasib Fətəliyev seminara
hazırlıq üzrə fəaliyyət planını təqdim
etdi. Tədbirin təşkili və
hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı
məlumat verib. Fəaliyyət planında
nəzərdə tutulmuş təşkilati,
texniki və digər məsələlərlə
bağlı geniş fikir
mübadiləsi aparıldı, müvafiq
tədbirlərin həyata keçirilməsi qərara
alınıb.
A.Miriyev
Palitra.-2017.-27 yanvar.-S.11.