“Gənclərin İKT sahəsindəki
biliklərinin daima yenilənməsinə ehtiyac var”
Kazım
Məmmədov: “İKT könüllülərindən ibarət
bir QHT ailəsi formalaşıb”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu biz neçə mövzuda, eləcə də İKT mövzusunda gənclərin fəaliyyətinə maliyyə dəstəyi verir. Fondunun dəstəyi ilə İKT mövzusunda keçirilən tədbirlər yüzlərlə gəncin maariflənməsinə imkan yaradıb. Artıq regionlarda da bu səpkidə tədbirlər keçirilir. Fondun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Kazım Məmmədov tərəfindən Ucar rayonunda icra olunan “İKT Könüllüləri” adlı layihə də bunlardan biridir. Kazım Məmmədov qəzetimizə müsahibəsində layihənin detallarından danışıb.
- Layihənin əsas
məqsədi nədən ibarətdir?
-Layihənin əsas məqsədi İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması, İKT sahəsində peşə-ixtisasına və ya xüsusi təcrübəyə malik yeniyetmə və gənclərdən ibarət könüllü qrupların təşkil edilməsi, İKT biliklərinə yiyələnmək istəyən yeniyetmə və gənclərə bu təlim-tədris qruplarında nəzəri və praktiki təlimlər keçirilməsi, texniki təmir bacarıqlarının öyrədilməsi, məktəblilərin İKT avadanlıqlarından istifadə etməklə operativ informasiya mübadiləsi yolu ilə təhsildə innovativ yeniliklərdən istifadəni təmin etməsinə şərait yaradılması və yekunda İKT könüllüləri "ailəsi" formalaşdırılmasından ibarətdir. Layihə çərçivəsində yeniyetmə və gənclərə İKT ilə bağlı müxtəlif mövzularda silsilə təlimlər keçirilib. Təlimlərdə daha çox təlimatlandırma və praktiki hissələrə yer ayrılıb. Qeyd edim ki, 3 ay müddətində həyata keçirilən layihədə şəhər və kənd məktəbliləri də daxil olmaqla yeniyetmə və gənclərə 3 təlimçi 15 təlim keçib.
-Dövlətin
İKT baxımdan atdığı addımlar öz
effektini necə göstərir?
-Ulu öndər Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər də daxil olub. Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələr müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən deyib ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiya və kommunikasiya texnologiyaları olmalıdır. "Qara qızılın insan qızılına" çevrilməsinin vaxtının çatdığını Azərbaycan Prezidenti çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Biz də region yeniyetmə gənclərinin bu prosesdə daha da aktiv iştirak etməsi üçün maarifləndirmə işləri ilə yanaşı, bu sahədə peşə ixtisasının da inkişaf etdirilməsi üçün müəyyən qədər öz töhfəmizi verməyə çalışdıq. Hesab edirəm ki, İKT könüllüləri "ailəsi" formalaşdırmağa az da olsa nail olduq.
-Layihəni zəruri
edən hansı amillərdir?
-Qloballaşan dünyada informasiya vacib məhsul kimi öz mövqeyini daha da möhkəmləndirir. Bu sahədə əsas məsələ informasiya almaq və ötürmək prosesinin mümkün qədər tez baş verməsinə olan ehtiyacdır. Bunun üçün İKT sahəsində mövcud biliklərin düzgün və əhatəli öyrənilməsi əsas amil olduğu halda, region yeniyetmə və gənclərinin bu sahədə bilik və bacarıqlarının kasad olması nəzərə çarpır. İstər yeniyetmələrin təhsil müəssisələrində daha operativ təhsil almaq və alınan bilikləri paylaşmaq baxımından, istərsə də gənclərin iş yerlərində E- hökumət portallarında və ümumiyyətlə, İKT avadanlıqları və proqram təminatı ilə işləmə bacarığının kasadlığı gənclərin operativ işləməsinə maneələr yaradır. Bu isə ümumilikdə iş prinsipinin operativliyinin qismən zəifləməsinə səbəb olur. Eyni zamanda bu gün bəzi gənclərin peşə ixtisası sahəsində heç bir peşə ixtisasına yiyələnə bilməməsi, əslində, cəmiyyətin avanqard qüvvəsi olan gənclərin cəmiyyətdə bir növ təcrid halında yaşamasına səbəb olur. Dünyada informasiya məhsulunun çəkisinin əvəzsiz olduğu bir zamanda, gənclərin İKT sahəsindəki biliklərinin də daima yenilənməsinə və artmasına ehtiyac var.
-Region
gənclərinin İKT baxımdan maariflənməsinə nə
dərəcədə ehtiyac var?
-Dəfələrlə keçirdiyimiz online və ümumi sorğunun nəticəsi olaraq İKT sahəsi üzrə peşə ixtisası region əhalisinin ən çox ehtiyac duyduğu sahələrdən biri olduğu nəticəsi ilə qarşılanıb. Səbəb isə bu sahədə kifayət qədər az sayda bu sahəni bilən peşə sahiblərinin olmasıdır. Həmçinin gənclərin fərdi kompüterlərinin əldən ələ keçməsi ehtiyacına səbəb olan texniki təmir və ya texniki baxış baxımından bilik və bacarıqlarının çox zəif olması bu sahədə mövcud olan problemlərdəndir. Layihənin sosial mahiyyəti bu çərçivədə yuxarıda qeyd etdiyimiz problemlərin İKT könüllüləri tərəfindən müəyyən qədər həll olunmasına nail olmaqdır.
-Layihənin
könüllülərin sayının artmasına nə kimi köməyi oldu?
-Ümumiyyətlə, region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, deyərdim ki, ən zəruri addımlardandır. Əlbəttə ki, İKT layihəsinə üstünlük verilməsi, yuxarıda qeyd etdiyim kimi, gənclər arasında keçirilmiş sorğular əsasında müəyyənləşdirilib. Odur ki, gənclər və yeniyetmələr çox həvəslə könüllülüyə can atırlar. Hesab edirəm ki, istənilən layihəni həyata keçirən zaman ilk öncə gənclərin fikirləri nəzərə alınmalıdır. Layihənin uğurlu olması ən sonda onların fəaliyyət və rəyi nəticəsində formalaşır.
-Gələcəkdə
belə layihəni davam etdirmək fikriniz varmı?
- Öncəliklə qeyd edim ki, Azərbaycan QHT-lərlə
bərabər, fiziki şəxslərin (gənclərin)
fərdi layihələrinə maliyyə dəstəyi göstərən
nümunəvi ölkədir. Bu
baxımdan gənclərin fəaliyyətinin
stimullaşdırılmasında bundan
gözəl addım ola bilməzdi. Layihənin
davamlılığına gəlincə, biz
artıq öz məqsədimizə nail olmuşuq. Belə ki, artıq İKT könüllülərindən
ibarət bir QHT ailəsi formalaşıb.
Düşünürəm ki, bu "ailə" bundan sonra daha da
geniş və uğurlu
fəaliyyətlərə imza
atacaqdır.
Fuad Hüseynzadə
Palitra.-2017.-31 yanvar.-S.11.