Cocuq Mərcanlının bərpası erməni cəmiyyəti üçün ciddi psixoloji mesajdır”

 

Qabil Hüseynli:

“Ermənilər də nahaqdan demirlər ki, bu gün Cocuq Mərcanlıya qayıdanlar sabah Şuşaya gələcəklər”

 

Xəbər verildiyi kimi, dünən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev bir sıra sosial-iqtisadi məsələlərlə yanaşı, Dağlıq Qarabağ probleminə də toxunub. Ölkə başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı danışarkən bunları deyib: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq”.

 

“Gələcəkdə Cocuq Mərcanlıda 100-dən çox ev bərpa ediləcək”

Dövlət başçısı kənd sakinlərinin bunu böyük məmnuniyyətlə qarşıladıqlarını bildirib: "Sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Biz qısa müddətdə bu kəndi yenidən quracağıq. Bunun böyük tarixi əhəmiyyəti var. Cocuq Mərcanlı kəndi bir neçə ay işğal altında olub, Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyyatında işğaldan azad edilib.

Ancaq ermənilər bu müddət ərzində kəndi tamamilə dağıdıblar. Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiblər.

Orada foto, videogörüntülər çəkilməli, lazımi işlər görülməlidir ki, bu vəhşiliklər sənədləşdirilsin. O kənddə infrastruktur bərpa olunmalı, tibb məntəqəsi, uşaq bağçası tikilməlidir. İlk mərhələdə 50 ev bərpa olunacaq, gələcəkdə 100 və daha çox ev bərpa ediləcək. Kənddə yerləri də açılmalıdır. Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq".

 

Ermənilər niyə xoflanır?

Qeyd edək ki, Prezidentinİşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı Ermənistanda da geniş səs-küyə səbəb olub, bu addım qarşı tərəfdə böyük xof yaradıb. Məlum sərəncamdan sonra ermənilərin sosial şəbəkələrdə paylaşdığı statuslardan və verilən şərhlərdən o qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir. Belə görünür ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir. İşğalçı ölkənin vətəndaşları hətta bu addımı böyük həyəcanla qarşılayaraq, bunu böyük qayıdışın başlanğıcı kimi dəyərləndirirlər.

Cocuq Mərcanlıya qayıtmaq istəyən xeyli sayda vətəndaşlarımız da var. Müraciətlərin çoxluğu bunu deməyə əsas verir ki, xalq işğaldan azad olunmuş bu torpaqlarda görülən işləri yüksək qiymətləndirir. Artıq bu kənddə yaşayacaq insanlar üçün bütün istiqamətdə şəraitin yaradılması ilə bağlı addımlar atılır. Nəinki Cocuq Mərcanlıda əhalinin məşğulluq probleminin olmayacağı, hətta əvvəllər ermənilərin xarabaya qoyduğu bu kənddə kitabxanadan tutmuş, pulsuz «Wi-fi»-a qədər hər cürə şəraitin yaradılacağı haqqında bəyanatlar da səsləndirilib. Bir sözlə, işğalçı ölkədə, sözün həqiqi mənasında, xof yaranıb ki, əgər Azərbaycan işğaldan azad olunmuş bir kəndinə belə yüksək dəyər verərək bərpa işlərinə başlayırsa, yaxın vaxtlarda digər işğal olunmuş ərazilərdə də oxşar addımların atılması qaçılmaz ola bilər.

 

“Sakinlərin hamısının öz kəndlərinə qayıtmaq istəyi yüksək dəyərləndirilməlidir”

Elə politoloqlar da bu qənaətdədirlər ki, əslində, Prezidentin məlum sərəncamı və verdiyi tapşırıqlar qarşı tərəfə bir siyasi mesajdır. Qabil Hüseynli deyir ki, adətən, münaqişə zonalarına yaxın ərazilərdə hansısa tikinti-quruculuq işlərinin aparılması riskli addım kimi dəyərləndirilir və bir çox ölkələr buna getmirlər. Bu cür tədbirlər yalnız münaqişə tam həll olunandan sonra görülür. Azərbaycanın isə belə əmin və qarşı tərəfə siyasi mesaj olacaq addımı təqdirəlayiq hal kimi dəyərləndirilməlidir: “Burada təkcə mənəvi amillər yoxdur. Bu qərarda siyasi çalarlar da var. Düzdür, Prezident daim məcburi köçkünlər və qaçqınların qayğısına qalıb və onların problemlərinin həlli istiqamətinə xeyli tapşırıq və sərəncamlar verib. Amma məhz Cocuq Mərcanlı ilə bağlı məlum qərar və tapşırıqlar isə daha çox siyasi amillərlə bağlıdır. Cocuq Mərcanlı ilə bağlı görülən aktiv işlər ermənilərə bir mesajdır ki, Azərbaycan öz torpaqlarından heç vaxt imtina etməyəcək. Azərbaycan tarixən onun olmuş işğal altında saxlanılan torpaqlara bu şəkildə qayıdacaq, məskunlaşacaq, torpağı əkib becərəcək. Biz onlara bir mesaj göndərdik ki, sizin kimi torpağı və onun üstündəki maddi-mənəvi sərvətləri talan etməklə məşğul olmayacağıq. Biz yaradıb quracağıq. Üstəgəl bu addımlar Azərbaycan xalqının yüksək iradəsini, onun siyasi rəhbərliyinin siyasi iradəsini də açıq göstərir ki, insanların öz torpaqları üçün burnunun ucu göynəyir və bunun üçün hər şeyə hazırıq. Lap müharibə olsa belə, bunu edəcəyik. Zənnimcə, ermənilər də nahaqdan demirlər ki, bu gün Cocuq Mərcanlıya qayıdanlar sabah Şuşaya gələcəklər. Əlbəttə, bu xalq Şuşaya da dönəcək. Şuşa tarixən Azərbaycanın musiqi akademiyası olub və şuşalılar Cocuq Mərdanlılar kimi o torpaqlara qayıdıb orada yaşayacaqlar. Yəni Cocuq Mərcanlı erməni cəmiyyəti üçün ciddi psixoloji mesajdır. Bu addımla işğalçılara deyildi ki, torpaq onun əkib becərənin, sahibinindir. Bu torpaqda biz doğulub böyümüşük, yaşamışıq və buranı da sahibsiz qoymayacağıq. Hər halda, ermənilər bu məsələdən xeyli pəjmürdə olublaröz siyasi rəhbərliklərindən də xeyli narazı qalıblar”.

Qabil Hüseynli onu da vurğuladı ki, ermənilərin sülh yolu ilə torpaqları qaytarıb dinc şəkildə yaşamaq şansları hələ də qalır: “Bildiyiniz kimi, ölkə başçısı dəfələrlə qeyd edib ki, biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Həqiqətən də bugünkü Ermənistan rəhbərliyi böyük xülyalarla yaşayır ki, Dağlıq Qarabağ ikinci bir erməni dövləti kimi yaranmalıdır. Azərbaycan isə Dağlıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsiz halda yaşayacağına təminat verir. Təki, işğalçı ölkə öz qoşununu Azərbaycan ərazilərindən çəksin və ərazi bütövlüyümüz bərpa olunsun. Bütün bu tələb və təkliflərin fonunda Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə ən yüksək səviyyədə şəraitin yaradılması sadə ermənilərə də bir mesaj kimi dəyərləndirmək olar”.

Qabil Hüseynli deyir ki, öz ölkəsində iqtisadi bataqlıqda batan sadə ermənilərə ya uzun illər belə yoxsulya miqrant həyatı, ya da torpaqların qayıtması ilə yaxşı şəraitdə bizimlə bərabər yaşamaq şansı verilir. Bunu dəyərləndirmək isə artıq sadə ermənilərin işidir: “Bir maraqlı məqamı da yadınıza salım ki, aprel döyüşlərində də azad edilən postlar acınacaqlı durumda idi. Amma Müdafiə Nazirliyi o zaman da tez vaxtda həmin postları əsgərlər üçün ən yüksək səviyyədə bərpa etdi. Qısası,bütün bunları bir siyasi mesaj kimi dəyərləndirirəm. Məsələnin mənəvi tərəfinə gəldikdə isə təkcə bu amili qeyd edim ki, Cocuq Mərcanlı sakinlərinin hamısının öz kəndlərinə qayıtmaq istəyi yüksək dəyərləndirilməlidir”.

Politoloq onu da vurğuladı ki, Ermənistanın onsuz da nəinki öz ərazilərində, işğal altında olan torpaqlarımızda da bərpa, tikinti quruculuq işləri aparmağa iqtisadi potensialı yoxdur: Bu ölkə daim xaricdən gələn yardımlarla ayaqda dura bilib. Əgər Ermənistan rəhbərliyi bu gün proseslərə gözüaçıq baxsa, sonu görünməyən qaranlıq tunellə deyil, Azərbaycanın təklif etdiyi işıqlı yol ilə gedə bilər. Buna Cocuq Mərcanlı misalında da baxmaq olar. Sən geri çəkil, mən öz torpaqlarımda infrastrukturu bərpa edib, oranın sakinləri üçün hər cür şərait yaradacağam. Ölkə başçısının da dilindən deyildiyi kimi, orada yüzdən çox evin bərpası gözlənilir. Bu isə təqdirəlayiq addımdır. İnsanların artıq öz torpaqlarına qayıtması ruh yüksəkliyi yaradacaq”.

 

“1 in”:

“Ermənistanda əhali ümidsiz vəziyyətdədir”

Onu da qeyd edək ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpasına başlanılması Ermənistan əhalisinin iqtisadisosial baxımdan ümidsiz vəziyyətə düşməsi fonunda baş verir. Dünən Ermənistanın “1 in” saytı bu barədə yazıb: “Ölkədə əhalinin əsəbləri mövcud çətinliklərə dözmür. Hamının da öz ölkəsi ilə vidalaşıb, xaricə getməsi üçün maliyyə imkanları yoxdur. Ona görə də könüllü surətdə öz həyatı ilə vidalaşanların sayı çoxalır. Ermənistandakı bütün bu bəlaların kökündə isə mövcud rejimin fəaliyyətsizliyi dayanır”.

 

Tural Tağiyev

Palitra.-2017.-31 yanvar.-S.5.