Cocuq Mərcanlıda ilk növbədə infrastruktur yaradılacaq

 

Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər”

 

Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, məşğulluğunu artırmaq və onların öz doğma yurdlarına qayıtması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Bu günlərdə ölkə başçısı tərəfindən imzalananİşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam da bunun bariz nümunəsidir. Sərəncamda da qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə başçısı bildirib ki, bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır: “Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər”. Ölkə başçısının sözlərinə görə, indi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: “Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcəkdir. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün yerləri də açılmalıdır. Həm əkin sahələri, digər yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq”.

 

 

Artıq bu layihənin icrası ilə bağlı işlərə başlanılıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. Əli Həsənov bildirib ki, Prezident ötən ilin aprelində xalqımıza qələbə sevincini, bu ilin əvvəlində isə doğma yurda qayıdışın qürur dolu hisslərini yaşatdı. Ölkə başçısının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Sənəd Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Əgər dövlətimizin başçısı, Ali Baş Komandan tərəfindən əmr verilərsə, Azərbaycan Ordusu tarixi torpaqlarımız olan İrəvana qədər gedib çıxar. Bu ruh yüksəkliyi ulu öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı da mövcud idi.

Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin mənfur qonşularımız həmin ərazini demək olar ki, daim atəş altında saxlayır və yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Ancaq keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş uğurlu aprel əməliyyatlı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

Bu sənədin imzalanmasının Ermənistanda da böyük rezonansa səbəb olduğunu bildirən Əli Həsənov deyib: “Prezident dəfələrlə öz çıxışlarında bildirib ki, biz erməni analarının gözüyaşlı qalmasını istəmirik. Ancaq Ermənistanın siyasi rəhbərliyi bunlardan nəticə çıxarmırdılar. Azərbaycanlıların qanı üzərində hakimiyyətə gələn o cinayətkar rejim elə düşünür ki, himayədarları sona qədər onların arxalarında duracaq, bu cinayətkar rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib çatıb və onları dəstəkləyənlər artıq geri çəkilirlər”.

Əli Həsənov vurğulayıb ki, aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu əməliyyatlar zamanı iki strateji yüksəklik ordumuz tərəfindən azad olundu. Talış kəndi ətrafındakı yüksəkliklərin işğaldan azad olunması ilə minlərlə hektar ərazi düşməndən təmizləndi. Bu əməliyyatlardan sonra 360 erməni ailəsi ətraf kəndləri tərk edib. Əminəm ki, yaxın zamanlarda o ərazilərin bərpasına da başlaya biləcəyik. Bu gün biz böyük qayıdışa başladığımız halda, Ermənistandan böyük köç başlayıb. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar.

Komitə sədri deyib ki, dövlətimizin başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq.

Diqqətə çatdırılıb ki, sərəncamda Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulur. Eyni zamanda, oraya köçürüləcək ailələr üçün lazım olan bütün şərait yaradılacaq.

 

Baş nazirin müavini Əli Həsənov ölkə başçısının sərəncamdan irəli gələn məsələlərin təcili və yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Onu da qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, işğal olmuş rayonları bir-bir azad edəcəyimizə heç şübhə etmirik. Nazir qeyd edib ki, bu, birinci addımdır: "Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin".

 

Nigar Abdullayeva

Palitra.-2017.-1 fevral.-S.11.