Ermənistan yenə danışıqlar prosesini
pozmağa çalışır
«Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar
prosesinin mahiyyətini
təhrif edir»
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində danışıqlar
bərpa oluna bilər. Belə ki, Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin Münhendə
keçiriləcək konfrans
çərçivəsində görüşü baş
tuta bilər. Bu görüş danışıqlar
prosesində yaranan fasilənin aradan götürülməsi baxımından
ilk addım ola
bilər. Danışıqların dayanmasının səbəbi isə yenə də işğalçı ölkənin
destruktiv mövqe tutması ilə bağlıdır. Cəbhə xəttində
tez-tez təxribatlar törədən Ermənistan
tərəfi bununla da danışıqlardan yayınmağa çalışır.
Azərbaycanın ədalətli mövqeyi
bütün beynəlxalq
qurumlar tərəfindən
dəstəklənir. Layihə çərçivəsində təqdim etdiyimiz bu yazıda bu məsələlərə
toxunacağıq.
Həmsədrlər xarici işlər nazirlərinin
görüşünü təşkil
etməyə hazırdır
Artıq dəfələrlə bəyan
edilib ki, nizamlama prosesinə başlamaq üçün
Ermənistan işğal
etdiyi ərazilərdən
çəkilməlidir. Bunsuz heç
bir nizamlama prosesini başlamaq mümkün deyil. Ermənistan tərəfi bunu yaxşı bildiyi üçün müxtəlif
bəhanələr, təxribatlarla
danışıqlardan yayınmağa
çalışır. Yəni Ermənistanın bu mövqeyinə görə
faktiki olaraq münaqişənin nizamlanması
ilə bağlı danışıqlar dayandırılıb.
Dünən TASS-a açıqlama
verən ATƏT-in Minsk qrupunun
rusiyalı həmsədri
İqor Popov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın
ortalarında Münhen
təhlükəsizlik konfransı
çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
görüşünü təşkil
etməyə hazırdır.
O bildirib ki, həmsədrlər konfrans
çərçivəsində hər iki ölkənin
xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr
aparmaq niyyətindədirlər:
“Əgər nazirlər
maraq göstərsələr,
biz onların birgə
görüşünü təşkil
edəcəyik”. Həmsədr
qeyd edib ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılaşmaya əsasən
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı
üzrə işlər
davam etdirilir: “Bu yaxınlarda Dağlıq Qarabağ məsələsi
Sergey Lavrovla Edvard Nalbandyan və daha sonra Elmar
Məmmədyarov arasında
müzakirə olunub. Əgər şərait tələb edərsə, üçtərəfli
görüşün keçirilməsi
imkanı da yarana bilər". Amma Ermənistan tərəfi bütün mümkün vasitələrdən istifadə
edərək danışıqlara
mane olmağa çalışır.
Elə Ermənistan xarici işlər naziri Nalbandyan keçirdiyi mətbuat konfransında yenə də yalan və böhtanlarını
davam etdirib.
“Beynəlxalq ictimaiyyət qiymət verməli və nəticə çıxarmalıdır”
Erməni nazirə cavab özünü çox gözlətməyib. Azərbaycan xarici siyasət idarəsinin başçısı
Elmar Məmmədyarov
«Trend»ə açıqlamasında
deyib ki, Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar
prosesinin mahiyyətini
təhrif edir: «Onun ikrah doğuran
təhqiramiz açıqlamaları
həm də ziddiyyətli xarakter daşıyır. Bunlar yalnız
daxili istehlaka yönəlmiş militarist və
aqressiv bəyanatlardır.
Bu əsassız ittiham və böhtanlarda regionda sülhün təmin olunması, regionun gələcək inkişafı
və münaqişənin
həlli perspektivləri
ilə bağlı bir dənə də olsun pozitiv
fikir yoxdur. Sağlam məntiqdən kənar olan bu kimi
emosional və destruktiv açıqlamalar
qəsdən vəziyyətin
gərginləşdirilməsi, gərginlik fonunun yaradılması və nəticə etibarilə danışıqların pozulması
cəhdlərinə xidmət
edir. Ermənistanın
siyasi rəhbərliyinə
xas olan bu kimi destruktiv
baxış və davranışla regionda davamlı sülhü təmin etmək və münaqişənin
həllinə nail olmaq
çox çətin
görünür. Ermənistan rəhbərliyinin
bu kimi fəaliyyətinə
erməni xalqı və beynəlxalq ictimaiyyət özü qiymət verməli və nəticə çıxarmalıdır». Nazir deyib ki, insidentlərin
araşdırılması mexanizmi,
ATƏT-in İrəvan ofisi
və Aleksandr Lapşin məsələsi
ilə əlaqədar
Azərbaycanın əsaslandırılmış
mövqeyi beynəlxalq
ictimaiyyətin diqqətinə
dəfələrlə çatdırılıb.
Ermənistan qəsdən
bu məsələləri
siyasi möhtəkirlik
obyektinə çevirməyə
çalışır: «ATƏT-in Hamburqda keçirilmiş nazirlər toplantısı
çərçivəsində ABŞ-dan olan sabiq
həmsədr Ceyms Uorlikin yola salınması
ilə əlaqədar
təşkil edilmiş
şam yeməyinin Ermənistan xarici işlər naziri tərəfindən görüş
kimi təqdim olunması absurdun ən son həddidir. Çox güman ki, Ermənistanın xarici işlər naziri bununla özünü konstruktiv göstərməyə
çalışır». Ermənistan xarici işlər nazirinin bu mövqeyi
yalnız danışıqlar
prosesini pozmağa yönəlib. Seçkiyə hazırlaşan Ermənistanda
ağır sosial-iqtisadi
vəziyyət hökm
sürür. Siyasi intriqaların
artdığı bir şəraitdə Nalbandyanın
bu açıqlamaları
həm də daxili siyasi vəziyyətə
hesablanıb. Bütün halda
beynəlxalq təşkilatlar,
əsasən də münaqişənin həlli
ilə məşğul
olan həmsədrlər
danışıqları pozmağa
çalışan rəsmi
İrəvana təzyiq
etməlidir.
Rusiya
status-kvonu dəstəkləmir
Rusiya Xarici İşlər Nazirliyi yanında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun
Qafqaz problemləri və regional təhlükəsizlik
Mərkəzinin baş
elmi əməkdaşı
Nikolay Silayev APA-ya açıqlamasında
deyib ki, Dağlıq Qarabağ münaqişəsinə dair
Rusiya ilə ABŞ arasında hər zaman konsensus mövcud olub. ABŞ-ın yeni prezident
administrasiyasının da
bu münaqişənin
həllinə nə qədər diqqət yönəldəcəyi sual
altındadır. Rusiyalı
ekspert Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı Rusiya və ABŞ arasında konsensusun Obama dövründə də mövcud olduğunu söyləyib:
“Hətta Ukrayna böhranının ən
qızğın vaxtında
belə amerikalı diplomatlar açıq bildirirdilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair
yanaşmaları Rusiya
ilə eynidir. Hələlik ABŞ-ın Qarabağ
münaqişəsinə yanaşmasının
dəyişməsinə heç
bir səbəb görmürəm. Vaşinqtonun yanaşması bir halda dəyişə bilər. Bu, münaqişə tərəfləri
problemin həlli istiqamətində praktik addımlar atacağı təqdirdə mümkündür.
Qarabağ münaqişəsində Moskva ilə Vaşinqton arasında son illər müşahidə
etdiyimiz konsensus bir məsələ ilə bağlıdır.
Nəzərə alaq ki, Rusiya ilə ABŞ arasında bir çox münaqişələr
və məsələlərlə
bağlı dərin fikir ayrılığı
var. Qarabağ münaqişəsi
nadir məsələdir ki,
burada Moskva ilə Vaşinqton eyni mövqedən çıxış edir.
Bunun səbəbi münaqişənin
həlli istiqamətində
heç nə baş verməməsidir.
Nə vaxt ki, münaqişənin
həlli istiqamətində
ciddi addım atılacaq, tərəflər,
nədəsə, razılığa
gələcək, o zaman
Moskva və Vaşinqton arasında konsensus pozula bilər. Nəzəri cəhətdən əgər tərəflər
razılığa gəlsələr
ki, regiona sülhməramlılar yerləşdirilməlidir,
o zaman regionun digər ölkələri
olan Türkiyə və İranın mövqeyi nəzərə
alınmaqla, yeni diplomatik konfiqurasiya yaranacaq. Onda məlum deyil
ki, Rusiya ilə ABŞ arasındakı
konsensus qalacaq, ya yox. Hələlik bunu ancaq nəzəri cəhətdən
fikirləşmək olar.
Çünki münaqişə tərəfləri problemin
həlli istiqamətində
heç bir addım atmağa hazırlaşmır”. N. Silayev
ötən ilin aprel hadisələrindən
sonra münaqişənin
nizamlanmasında “Lavrov
planı”nın ortaya atılması və bu planın
aqibəti haqda da danışıb: “Bu, mətbuat tərəfindən
ortaya atılan bir plan idi. Yəni rəsmilər
tərəfindən bu
planın olması öz təsdiqini tapmadı. Bu o demək deyil ki, belə plan mövcuddur. Ortada münaqişənin nizamlanması
ilə bağlı bir neçə sənəd var. Kazan, Madrid və
digər sənədlər...
Aprel hadisələrindən əvvəl
də, sonra da danışıqlar bu sənədlər üzərində aparılıb.
Qarabağ münaqişəsi
ilə bağlı yeni bir plan irəli
sürmək çox
çətin məsələdir.
Ona görə ki, atəşkəsin imzalanmasından keçən
23 il ərzində
mümkün olan bütün planlar artıq təklif olunub. Bu münaqişə
ilə bağlı kardinal olaraq yeni bir təklif
vermək, demək olar ki, mümkün
deyil. Ona görə də
Rusiya hər zaman söyləyir ki, ilk növbədə tərəflər özləri
razılığa gəlməlidir.
Lakin bu o demək deyil ki, Rusiya
status-kvonu dəstəkləyir.
Moskva münaqişənin həllinin
tərəfdarıdır. Lakin Rusiya münaqişəni Bakı və İrəvanın yerinə
həll edə bilməz. Tərəflərin qərarı, səyləri
və iradəsi bu problemi həll
edə bilər”.
Ekspert Dağlıq Qarabağda yaxın vaxtlarda güclü toqquşmaların baş verəcəyini istisna edib: “Fikrimcə, yaxın vaxtlarda Qarabağda ötən ilin aprelindəki toqquşmalara bənzər
hadisələr olmayacaq.
Aprel toqquşmaları beynəlxalq
kontekstdə nadir vəziyyətdə
baş vermişdi.
Lakin indi həmin vəziyyət artıq mövcud deyil. Təəssüflər olsun ki, qoşunların təmas xəttində gərginlik
qalacaq, davam edəcək. Deməyə əsas var ki,
münaqişə regionunda
vəziyyət həyəcanverici
olaraq qalır".
A.Miriyev
Palitra.-2017.-2 fevral.-S.11.