“Beynəlxalq təşkilatlar gənc nəslin
həvəslə öz dədə - baba torpaqlarına qayıtmaq istəyini gördü”
Nurəddin Mehdiyev: “Cocuq Mərcanlı
sakinlərinin öz doğma
torpağına qayıdışını Qarabağa
qayıdışın başlanğıcı kimi qiymətləndirməliyik”
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminə də toxunub. Ölkə başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı danışarkən deyib ki, bu kənd qısa müddətdə yenidən qurulacaq: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Biz qısa müddətdə bu kəndi yenidən quracağıq. Bunun böyük tarixi əhəmiyyəti var. Cocuq Mərcanlı kəndi bir neçə ay işğal altında olub, Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyyatında işğaldan azad edilib.
Ancaq ermənilər bu müddət ərzində kəndi tamamilə dağıdıblar. Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiblər.
Orada foto, videogörüntülər çəkilməli, lazımi işlər görülməlidir ki, bu vəhşiliklər sənədləşdirilsin. O kənddə infrastruktur bərpa olunmalı, tibb məntəqəsi, uşaq bağçası tikilməlidir. İlk mərhələdə 50 ev bərpa olunacaq, gələcəkdə 100 və daha çox ev bərpa ediləcək. Kənddə iş yerləri də açılmalıdır. Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq".
İctimaiyyət arasında bu sərəncam və kəndin bərpası ilə bağlı verilən tapşırıqlar yüksək qiymətləndirilir. Politoloqlar Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının böyük rəmzi məna daşıdığını deyirlər, ziyalılar isə Prezidentin bu addımını yüksək qiymətləndirirlər.
Verilən ümumi rəylərdən belə qənaətə gəlmək olar ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq layihələrin icrasına başlanması çox böyük rəmzi məna daşıyır, və bu, tarixi bir hadisədir. Məsələnin digər tərəfi isə odur ki, Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür. Təkcə bu kənddə erməni vandallarının törətdiyi vəhşilikləri, infrastrukturun dağıdılması, maddi-mənəvi abidələrin məhv etmələrini dünyaya göstərsək bəs edər ki, Ermənistanın hansı siyasət yürütdüyü göz önündə olsun.
Artıq müvafiq dövlət qurumları da aidiyyəti üzrə kənddə görəcəkləri işləri açıqlayıblar. Cocuq Mərcanlıda gənclərlə bağlı bir sıra layihələrin də həyata keçirilməsi istisna edilmir. Bununla bağlı “Palitra”ya açıqlama verən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işləri də yüksək qiymətləndirdi. O, bu cür tədbirlərin həm də gələcəkdə işğaldan azad olunacaq digər torpaqlarımızda da hansı yenidənqurma işləri görüləcəyinə bir mesaj olduğunu dedi. Nurəddin Mehdiyev Cocuq Mərcanlıda yollar, elektrik, qaz, su xətlərinin çəkiləcəyini, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlərin tikilməsi ilə bağlı planların insanlarda da ruh yüksəkliyi yaratdığını bildirdi: “Prezident İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam ölkə ictimaiyyəti, xüsusilə də gənclərimiz tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezident tərəfindən ilkin olaraq 4 milyon manat vəsaitin ayrılmasını və məcburi köçkünlərin öz doğma torpağına qayıdışını Qarabağa qayıdışın başlanğıcı kimi qiymətləndirməliyik. Bu sərəncam bir daha Azərbaycan Prezidentinin siyasi iradəsini göstərdi. Bu, ötən ilin aprelində erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların məntiqi davamı, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verilən növbəti mesajdır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı böyük siyasi əhəmiyyətə malikdir. Eyni zamanda bu rəmzi xarakter daşıyır. Azərbaycan torpaqları işğalçı Ermənistan ordusu tərəfindən təcavüzə məruz qalandan sonra ilk dəfə bir yaşayış məntəqəsi, bir kəndin tam bərpası istiqamətində addım atılır, bununla bağlı ən yüksək səviyyədə işlərə başlanır, sərəncam imzalanır. Azərbaycan Prezidentinin imzaladığı məlum sərəncam Azərbaycanın işğal olunmuş ərazilərinin yaxın vaxtlarda geri qaytarmağa böyük ümid yaradır”.
Nurəddin Mehdiyev deyir ki, Cocuq Mərcanlı ilə bağlı görülən işlər- işğaldan azad olunmuş bir kəndin tam şəkildə bərpa edilməsi aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərinin özünə inamını və ruh yüksəkliyini daha da gücləndirir: “Tam səmimi deyirəm, bu qərar Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu da xeyli gücləndirir. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam həmçinin tarixi-siyasi əhəmiyyətə malikdir və bunu böyük qələbənin başlanğıcı kimi dəyərləndirərdim. Açıq şəkildə qeyd edə bilərik ki, Prezidentin sərəncamı, orada tam şəkildə bərpa işləri ilə bağlı səslənən rəsmi fikirlər Ermənistana cidi mesajdır. Bu həm də xalqa “qələbələrin ardı gələcək” – deməkdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpası Ermənistana çox ciddi bir mesaj olmaqla yanaşı, bugünkü Azərbaycanın nə qədər güclü bir ölkə olmasının nümayişidir. 90-cı illərdə xaotik vəziyyətdən istifadə edib ölkəmizə qarşı çirkin planlar quran Ermənistan artıq görür ki, xalqın da böyük dəstək verdiyi Azərbaycan hakimiyyəti bu gün həm güclü iqtisadi, həm də siyasi potensiala malikdir. Qısa müddətdə işğaldan azad edilmiş bir kəndin infrastrukturunu bərpa edən bir ölkə ilə müharibə aparmaq çox risklidir. Bunu artıq Sarkisyan hakimiyyəti çoxdan dərk edib. Cocuq Mərcanlı mesajı ilə Ermənistana bir daha açıq şəkildə bəyan edildi ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edəcəyi ilə bağlı mövqeyindən heç bir zaman geri çəkilməyəcək. Prezidentin də dəfələrlə vurğuladığı kimi, biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Dağlıq Qarabağ və ətraf rayonlarda yaşamış və bu gün köçkün həyatı yaşayan milyondan çox insanımızın öz dədə baba torpaqları üçün ürəkləri sızlayır. Onlar öz torpaqları üçün darıxırlar və əgər digər kənd və şəhərlərimiz də işğaldan azad olunsa, yüz minlərlə müraciət gələcək ki, quru divarlara da olsa köçək, yenidən quraq, yaradaq! Bu xalq belə torpağının, elinin, obasının qədrini bilən xalqdır. Daha vəhşi, barbar ermənilər kimi deyil. Hansı ki, Cocuq Mərcanlıda daşı daş üstə qoymayıblar. Ölkə başçısının fikirlərini tam təqdir edirəm. O bildirdi ki, beynəlxalq təşkilatların nümayəndələrini Cocuq Mərcanlıya çağırmaq, cəlb etmək lazımdır ki, qoy canlı şəkildə görüb müşahidə etsinlər ki, işğalçı ölkə necə vəhşi, dağıdıcı siyasət yürüdür”.
Nurəddin Mehdiyev deyir ki, Cocuq Mərcanlının timsalında nəinki indiki əli qana batmış, tiran erməni siyasətçiləri, rəhbərləri, bütün Ermənistan xalqı gördü ki, Azərbaycan işğaldan azad olunmuş torpaqlarını həm bərpa etmək üçün iqtisadi cəhətdən güclüdür, qüdrətlidir, həm də heç bir dövlətə ehtiyac duymur: “Prezidentin sərəncamının beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, bütün dünya, beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını unutmadığını və nə qədər bu mövzuya həssas yanaşdığını gördü. Dağlıq Qarabağ probleminin həllini uzatmaqda maraqlı olan beynəlxalq təşkilatlar da gənc nəslin həvəslə öz dədə - baba torpaqlarına qayıtmaq istəyini gördü. Əslində müxtəlif beynəlxalq dairələr, Ermənistanın havadarları Azərbaycan gəncliyinin yaxın zamanlarda torpaqların işğaldan azad olunacağına artıq inamının qalmadığını zənn edirdilər. Hətta yeni formalaşan nəslin Qarabağa qayıtmaqda maraqlı olmadığını da düşünənlər az deyildi. 190 ailənin Cocuq Mərcanlıya qayıtmaq istəyi bunun tam əksini sübut etdi. Mən deyərdim ki, hələ ora qayıtmaq istəyən Cocuq Mərcanlıdan olmayan qarabağlılar da az deyil. Qısası gənclərimizin də bu işlərdə aktiv iştirakı, marağı onu göstərdi ki, Azərbaycan gənci də Prezidentin ətrafında sıx birləşərək öz torpaqlarını işğaldan azad edəcəyini dünyaya nümayiş etdirir”.
“Bu, ötən ilin aprelində erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların məntiqi davamı, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verilən növbəti mesajdır”
Tural Tağıyev
Palitra.-2017.-2 fevral.-S.6.