Özünüməşğulluq
proqramında iştirak üçün
təlimlərə cəlb olunanların 25 faizi
gənclərdir
Gənclərin əmək
bazarına inteqrasiya imkanlarının
artırılması aktiv məşğulluq
tədbirlərinin əsas hədəflərindəndir
Gənclərin ölkənin iqtisadi inkişafı proseslərində fəal iştirakına, bu məqsədlə onların iqtisadiyyatın müxtəlif sektorlarında səmərəli məşğulluğuna şərait yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetləri sırasındadır. Bu siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramlarının mühüm bir istiqaməti də gənclərə yönəlib.
2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 631 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, onlardan 36,2 faizi, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb olunan 1 147 nəfərdən 27 faizi gənclərdən ibarət olub. Bu dövrdə boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə müraciət edən 3 093 nəfər şəxs Xidmətin Əmək birjaları vasitəsilə qısa müddətli işlərə göndərilib ki, həmin insanlardan da 43 faizini gənclər təşkil edib.
Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, işaxtaran və işsiz vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması işlərində də gənclər diqqətdə saxlanılır. Proqramda iştirak etmək üçün müraciət edən və biznesin təşkili ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb olunan vətəndaşlardan 25 faizə qədəri gənc yaşlarında olanlardır.
Gənclərin əmək bazarına çıxış imkanlarına malik olmalarında onların rəqabət qabiliyyətli peşələrə yiyələnmələri əhəmiyyətli amillərdəndir. Bu istiqamətdə də aktiv məşğulluq tədbirləri davam etdirilir və ötən il nazirliyin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfər şəxsdən 2406 nəfəri (65 faiz) gənclər olub. Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərimizin əmək bazarına çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabr ayında istifadəyə verilən Mərkəzdə indiyədək 1000 nəfərdən çox, o cümlədən 2016-cı ildə 350 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Həmin gənclərin burada yalnız peşə deyil, ümumən sosial reabilitasiyası üçün məqsədyönlü işlər aparılır.
Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən 10 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilib. Bu tədbirlərdə 370 müəssisə tərəfindən 1838 boş (vakant) iş yeri gənclərin seçiminə təqdim olunub, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələrinə, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılıb.
Son illərdə BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində 452 nəfər gənc SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə müasir metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələniblər. Onlardan artıq 80 faizi bu bacarıqlardan istifadə edərək müxtəlif müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar. Hazırda Masallı rayonunda və Gəncə şəhərində SYSLAB metodologiyası üzrə gənclər üçün müvafiq təlim kursları davam etdirilir.
Hər bir gəncin bu gün peşə və ixtisas seçimini düzgün aparması onun gələcəkdə əmək bazarına inteqrasiyası üçün vacib faktorlardan biridir. Bu amil nəzərə alınmaqla, nazirlik tərəfindən gənclərin (eləcə də övladlarının peşə seçimində önəmli rola malik olduqları üçün valideynlərin) iştirakı ilə peşəyönümü tədbirləri təşkil olunur. Təkcə 2016-cı ildə bu tədbirlər vasitəsilə əsasən yuxarı sinif şagirdlərindən ibarət 117 244 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
Ölkəmizdə gənclərin səmərəli məşğulluğunun təminatı məqsədilə görülən işlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycan son illərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin məşğulluğu üzrə dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi barədə məlumatları təqdim olunan ölkələr sırasına daxil edilib. Ötən il isə BƏT-in “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində İsveçdə təşkil etdiyi konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin ölkəmizin ali təhsil müəssisələrində virtual müəssisələrin yaradılması layihəsi barədə təqdimatı maraqla qarşılanıb. Bu layihə gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB-də ən yaxşı təcrübə nümunəsi kimi birinci yerə layiq görülüb və bununla əlaqədar nümayəndə heyətimizə BƏT-in Diplomu təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən gənclərin əmək bazarına
çıxış və səmərəli məşğulluq
imkanlarının artırılmasına yönələn aktiv məşğulluq tədbirləri
qarşıdakı dövrdə də davam
etdiriləcəkdir.
Tural Tağıyev
Palitra.-2017.-2 fevral.-S.12.