Zəlimxan Yaqub:“Dünənə heç zaman güllə
atmadım”
Demək, halalına haramlıq
qatıb,
Tutduğu zirvədən enirsə
şair.
Demək, ortalıqda şeytan
işi var,
Kor qalan ocaq tək sönürsə
şair.
(Zəlimxan Yaqub)
Dahilər
haqqında danışmaq nə qədər çətindirsə,
yazmaq ondan da çətindir. Həmin kəslər
milyonların sevgisini qazanıb, könüllərdə əbədi
səltənət qurub və yaşadığı
ömür adi ömür olmayıb. Ömürləri kimi
ölümləri də adi deyillər.
Yaradıcılıqları kimi, adları da ölməzdir və
əbədilik qazanıblar. Məgər könüllərdə
səltənət quranın unudulması asandır? Əlbəttə,
yox! Xalq sevdiyini unutmaz. Çünki onu milyonların içərisindən
seçərək sevib. Zəlimxan Yaqub da xalqın milyonlar
içərisindən seçərək sevdiyi söz sərrafı
idi. Mənalı ömür sürən Xalq şairi Zəlimxan
Yaqub söz dünyasında özünəməxsus iz qoydu.
Allahın verdiyi ömrü mənasız yaşamağın əleyhinə
çıxan Zəlimxan Yaqub etibarlı dostu qələmə
müraciət edərək yazır:
Ömür
bir fürsətdi, verilib sənə,
Ömürdən,
fürsətdən yaz, qələmim, yaz.
Yaradan
dünyanı cənnət yaradıb,
Sehrli
cənnətdən yaz, qələmim, yaz.
Zəlimxan
Yaqub yaradıcılığı o qədər zəngin və
şaxəlidir ki, əsrlər keçdikcə gələcək
oxucular bu yaradıcılığa dəfələrlə
qayıdacaqlar. Zaman belə dahiləri əsrdə bir dəfə
yetirir. Hər insan sözə sığal çəkə
bilmir. Zəlimxan Yaqub isə bu çətin və məsuliyyətli
işin öhdəsindən layiqincə gəldi və zaman Zəlimxanın
istəyi ilə hərəkət etdi. Zəlimxan Yaqub irsində
tarixə, milli kökə, adət-ənənəyə
bağlılıq sarsılmazdır. Buna görə də
şeirlərini milli kökə kökləyərək
yazırdı. Biz bunu onun yaradıcılığında
müfəssəl şəkildə görə bilirik.
Şeirlərinin birində yazır:
Dünənə
heç zaman güllə atmadım,
Keçmişi
hörmətlə ananlardanam.
Duydum tarixləri bir tarix kimi,
Hər şeyi
incədən qananlardanam.
Şair deyəndə gözlərimiz
qarşısına kədər,
dərd, qəm, qüssə gəlir və onların ömrü xalqın dərdini, yükünü
çəkən ömürdür. Onların qəlbi
rahatlıq tapa bilmir. Şairlər yazaraq rahatlıq
tapırlar. Məgər şair
ağrı, acı
hiss etmədən yaza
bilər? Zəlimxan
Yaqub şeirlərinin
birində yazır:
Ağrın yoxsa, nə biləsən dünyada
Sevinc nədir,
kədər nədir,
ələm nə?
Şair uca Allahla ünsiyyətdə
olan insandır. İlhamlanmaq buna ən bariz
nümunədir. Şairlər ölümlərindən sonra
da böyük bir iz qoyurlar.
Zəlimxan Yaqub da bu məsuliyyəti
duyaraq yazır:
Dünya
mənim idi mən olmamışdan,
Bilirəm dünyaya mən niyə gəldim.
Yazıldı alnıma sözün
qisməti,
Sözümü zamana deməyə gəldim.
Həmişə Xalq şairi Zəlimxan Yaqub irsinə sonsuz məhəbbətim, sevgim,
marağım olub ki, bunun nəticəsində
onun bir neçə şeirini əzbər bilirəm və seçilmiş əsərləri stolüstü
kitablarımdır. Sağlığında apardığı verilişləri,
dəvət olunduğu
tədbirlərdəki gurultulu
çıxışlarını hər zaman sevinclə izləyirdim.
Onun birnəfəsə dediyi şeirlər tək məni yox, hər kəsi sevindirirdi. Onun şeirləri xalq
ruhuna çox yaxın idi. Bu gündə Zəlimxan Yaquba olan sevgini
hər an hiss edirəm. Xalq və şair
arasında olan sıx münasibət Zəlimxan zirvəsinin əlçatmaz olduğunu
təsdiq edir. Zəlimxan Yaqub poeziyası xalq poeziyası idi. Azərbaycan cəmiyyətində Zəlimxan Yaquba olduqca böyük maraq var və
onun şeirləri xalq arasında ildırım sürəti
ilə yayılırdı.
Çünki Zəlimxan Yaqub
hər birimizin şairi olub və şeirləri ürəyimizin dərin qatlarından xəbər verir.
1 aprel 2018-ci ildə
kitabxanama gözəl
bir hədiyyə daxil oldu. Ədəbiyyat tariximizə adı qızıl hərflərlə
yazılan hamımızın
sevdiyi, əziz şairimiz Zəlimxan Yaqubun 13 cildlik əsərləri və “Peyğəmbər” poeması
ailəsi tərəfindən
mənə hədiyyə
olundu. Öz adımdan bu
hədiyyələrə görə
Zəlimxan Yaqubun ailəsinə dərin minnətdarlığımı bildirirəm. Zəlimxan Yaqub
adi insan deyildi, həmçinin adi şair də
deyildi. O, yaradıcılığı,
aşıq ifaları,
səlis nitqi, gözəl fiziki görkəmi və iti yaddaşı ilə birlikdə əsl şəxsiyyət
idi. Zəlimxan müəllim şeirləri
yoxdan yaradırdı.
Sanki bu şeirlər
öz qafiyələri,
heca sayları, ritmi ilə birlikdə, bir sözlə, nəzəri
qaydalarla qeybdən bəzənib gəlirdi.
Sevimli şairimiz Zəlimxan Yaqubun şəxsi yaradıcılıq
otağı ilə tanış oldum. Otağa daxil olarkən
gözümün önündən
nələr keçdiyini
bircə Allah bilir.
Xalqın sevdiyi oğul
Zəlimxan Yaqub öz əsərlərini
bu dörd divarın arasında ərsəyə gətirib.
Həqiqətən, bu divarlar və otaq Zəlimxan
Yaquba yoldaşlıq etdiyi üçün bərəkətlidir. Otaqda olan
kitab rəfləri və oradakı kitablar məni öz dünyamdan qopararaq Zəlimxan dünyasına apardı.
Səliqə ilə yığılmış
kitablar və şairin nizamla düzülmüş şəxsi
arxivi, həqiqətən,
məndə çox xoş təəssürat
yaratdı.
Yaradıcı insanın otağı yaradıcılıqla məşğul
olan insanlar üçün, həqiqətən,
əziz və maraqlıdır. Çünki o insanların gözəl
əsərləri bu otaqda yazılıb. Bu baxımdan, Zəlimxan
Yaqubun yaradıcılıq
otağı və şəxsi kitabxanası mənim üçün olduqca əzizdir. Axı Zəlimxan müəllim ən çox sevdiyim şairlərdən
biridir. Onun bədii fikirləri, fəlsəfi düşüncələri,
təsirli sözləri
məhz bu otaqda dilindən süzülüb ağ kağızların
üzərinə köçərək
ölməzlik əldə
edib. Belə insanların dillərindən
süzülən hər
bir kəlam əbədilik qazanır və xalqın hafizəsində yaşayır.
Şairin yaradıcılıq masası,
xüsusilə diqqətimi
cəlb elədi. Masa olduqca
geniş, rahat və komfortlu idi. Axı xalqın şairinə
bu yaraşır.
Ürəyi sözlə dolu
olan insana, bəlkə, bu masa da kifayət
etməz. Zəlimxan Yaqubun
yaradıcılığı zəngin bir irsə əsaslanır.
Şairin əsərləri tək bu gün
üçün yox, gələcək üçün
də aktualdır.
Otaqla tanışlığımdan
sonra şairin yandakı otağına daxil oldum və
burada isə Zəlimxan Yaqubun bəzi şəxsi əşyaları, ilk nəşr
olunan kitabları və sazı qorunub saxlanılır. Hər iki
otaq Zəlimxansevərlər
üçün bir muzey rolunu oynayır.
Divarlarda
şairin sağlığında
öz əlilə yazdığı şeirlər
və şəkillər
diqqətimdən kənarda
qalmadı.
Zəlimxan Yaqubun şəxsi
kitabxanasında səliqə
ilə düzülən
kitablar məni özünə cəlb etdi və kitablara
bir-bir nəzər yetirdim və olduqca dəyərli, az tapılan
əsərlərlə rastlaşdım.
Həmçinin şairin kitab
rəfində öz əsərlərinin nizamla
düzülüşü də
diqqətimdən yayınmadı.
Zəlimxan müəllimin
zəngin əsərləri
məni çox sevindirirdi və bəzi əsərləri
isə mənim kitabxanamda var. Ürəyimdən
bir hiss keçdi ki, kaş şairin
bütün külliyyatı
kitabxanamda olsun. Bu düşüncələrdə
olarkən bir səs məni xəyal dünyamdan ayırdı. Şairin böyük
oğlu Bəhlul Yaqubov mənə bildirdi ki, atamın
13 cildlik külliyyatını
və “Peyğəmbər”
poemasını sizə
hədiyyə edəcəyəm.
İnanın, bunu eşidərkən
həddindən artıq
çox sevindim və Bəhlul müəllimə dərin
təşəkkürümü bildirdim.
Beləcə, Xalq şairinin yaradıcılıq dünyasına
qısa bir səyahət etdim və onun bütün
külliyyatına sahib oldum. Ədəbiyyatsevər bir insan kimi
onun yaradıcılığını
dərindən öyrənmək
məqsədilə artıq
əsərlərinin I cildinin
mütaliəsinə başlamışam.
Mənə bu hədiyyəni verən, Zəlimxan Yaqubun yaradıcılıq otağı
ilə tanışlığıma
şərait yaradan və şairin şəxsi əşyaları
ilə tanış
edən Zəlimxan müəllimin oğlu Bəhlul Yaqubova dərin təşəkkürümü
bildirirəm.
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 4 aprel.- S.13.