Fərid Hüseynin “Hər kəsin öz eşqi... ” kitabı haqqında...

 

Müsahibə jurnalistin cəmiyyətə açılan qapısıdır. Ölkəmizdə insanların böyük əksəriyyətinin ədəbiyyata meyli olduğu üçün ədəbi müsahibələr daha çox oxucu auditoriyası qazanır. Bu baxımdan, ədəbi proseslərin inkişafında ədəbiyyatla bağlı müsahibələr həmişə ədəbi-tənqidçilər üçün də müzakirə obyekti olur.

Günümüzdə əhəmiyyətli müsahibələrin qorunması hər bir redaksiya üçün gələcək nəsillərə bu günün tarixini olduğu kimi çatdırmaqda mühüm rol oynayır. Məhz buna görə də redaksiya və müəlliflərin üzərinə böyük məsuliyyət düşür.

Müsahibə jurnalistikada çox işlənir və daha çox ictimaiyyəti maraqlandırır. Müsahibə bacarığı jurnalistikanın əsasını təşkil edən kriteriyalardan biridir. Müsahibə həm bir informasiya toplamaq metodudur, həm də təkbaşına jurnalistikada xüsusi yeri olan bir sahədir. Müsahibə vasitəsilə tanınmış elm adamları, siyasi xadimlər və başqa peşə mənsubları cəmiyyəti maraqlandıran suallara cavab verir. Cəmiyyət üzvlərinin müasir jurnalistikada ən çox önəm verdiyi sahələrdən birini müsahibə təşkil edir. Müsahibədə məlumatlar əhatəli şəkildə verilir. Ünvanlanmış sualları müsahib ətraflı cavablandırır və fikrini tamamlayır. Bu baxımdan, müsahibə öz aktuallığını jurnalistikada qoruyub saxlaya bilir. Əsrlər keçdikcə jurnalistika sahəsində müsahibənin əhəmiyyəti hər zaman artacaq.

Müsahibənin bir üstünlüyü isə daha çox tarix yazmasıdır. Bəli, biz müsahibələrdə daha çox tarixi hadisələrə rast gəlirik. Sağlığında tanınmış elm adamından alınan müsahibə tarixi əhəmiyyətə malikdir. Müsahibələr dövrün ictimai həyatını özündə əks etdirir.

Çox təəssüf ki, istər saytlarda, istərsə də qəzet və jurnallarda alınan müsahibələr jurnalistlər tərəfindən kitab şəklində çox az çap olunur. Buna dövrümüzdə az-az rast gəlirik. Yazıçılar bu məsələyə jurnalistlərdən daha çox həssas yanaşırlar. İndi fəaliyyət göstərən saytlarda mövcud olan müsahibələr redaksiyalar tərəfindən də qorunmalıdır. Bu isə gələcək tədqiqatçıların tədqiqatlarını asanlaşdıracaq. Dövrün elmi yükünü özündə cəmləyən müsahibələrin qorunması istər internet mediyası, istərsə də çap mediyası tərəfindən qorunub saxlanmalıdır.

Bu yaxınlarda sosial şəbəkələrdə rastlaşdığım “Hər kəsin öz eşqi...” kitabı diqqətimi cəlb elədi. Müəllif Fərid Hüseynlə əlaqə saxlayıb kitabdan bir nüsxə əldə etdim. Bu kitabda ədəbiyyatla bağlı müsahibələr cəmlənib. Həqiqətən, belə kitabları dövrümüz üçün təqdirəlayiq əsər hesab etmək olar. Çünki müsahibələrin çap olunduğu əsərlər geniş bir tədqiqatın sanballı mənbələrini təşkil edir. Kitab ədəbiyyatımızla bağlı yazılan maraqlı əsərlərdən biri kimi olduqca diqqətimi cəlb elədi və mütaliəyə başladım. Deyim ki, kitabın mövzusu da, həqiqətən, maraqlıdır. Ölkəmizdə, ədəbiyyat aləmində tanınan şairlərin həyat yoldaşları ilə olan müsahibələr kitabda cəmlənib.

Biz dövri mətbuatda şair və yazıçıların yaradıcılığı ilə bağlı yazılara çox tez-tez rast gəlirik. Belə yazıları əksər vaxt maraqla oxuyur və yazıda özümüzə aid olan maraqlı bilgiləri əldə edirik. Ancaq mətbuatda şairlərin həyat yoldaşları ilə olan söhbətlərlə, bəzən az rastlaşırıq. Belə yazılar cəmiyyət tərəfindən olduqca maraqla qarşılanır və geniş auditoriya üçün müzakirə obyekti olur. Axı şairlərin həyat yoldaşları şairləri yaşadan canlı tarixi biliklərə malikdirlər. Belə biliklərin vaxtında əldə olunması, ictimaiyyətə təqdim edilməsi və qələmə alınaraq arxivə göndərilməsi hər bir ədəbiyyatla məşğul olan jurnalist, həmçinin ədəbiyyatçı üçün bir şərəfdir. Fərid Hüseynin “Hər kəsin öz eşqi...” kitabı da bu təbəqədən olan, ictimaiyyət tərəfindən maraqla qarşılanan əsərdir.

Fərid Hüseynin “Hər kəsin öz eşqi..” kitabı Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibətilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib. “Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevadır. Kitabda 15 azərbaycanlı, 3 əcnəbi şairin həyat yoldaşının müsahibələri verilib. Kitabda Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Fikrət Qoca, Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Adil Mirseyid, Zahid Sarıtorpaq, Salam Sarvan, Qismət, Aqşin Yenisey və Fərhad Metenin həyat yoldaşlarının müsahibələrindən başqa, Milorad Paviç, Atilla İlhanCemal Süreyanın xanımlarının da ədəbi söhbətləri nəşrə daxil edilib.

Göründüyü kimi, kitabda yer alan 15 müsahibədə iştirak etmiş şairlərin həyat yoldaşları cəmiyyət tərəfindən tanınan, sevilən şairlərin xanımlarıdır. Digər 3 əcnəbi ədəbiyyat insanının xanımlarının müsahibələri də maraqlıdır.

Şairlərin həyat yoldaşları kitabdakı müsahibələrində cəmiyyət üçünmaraq kəsb edən məlumatlar verir. Bəzən biz şairləri başqa cür tanıyırdıqsa, xanımları bu müsahibələrində bizə məlum olmayan tərəflərə də münasibət bildirirlər. Həqiqətən, bu baxımdan kitabda maraqlı məsələlər işıqlandırılıb.

“Hər kəsin öz eşqi...” kitabının üstün cəhətlərindən biriodur ki, yazıçıların əlyazmalarının şəkilləri də kitaba daxil edilib. Bu addım, həqiqətən, təqdirəlayiqdir ki, hər bir şairin oxucusu onun əl yazısını görə bilir. Həm də əlyazmalarının qorunması baxımından da bu addım alqışa layiqdir. Kitabda, bununla yanaşı, şairlərin fotoları da toplanıb. Bu isə oxucu üçün kitabın mütaliəsində yardımçı olur. Bir çox zaman fotolar danışan dil olub, böyük bir tarixi özündə cəmləyərək gələcək nəsillərə ötürür.

Fərid Hüseyn həm də şairdir və gözəl poetik duyğuları, hisləri, fikirləri ilə könülləri oxşayır. Onun ədəbiyyata bağlılığı, göründüyü kimi, səbəbsiz deyil. Fəridin ədəbi fəaliyyəti də ölkəmizin ədəbiyyat insanları tərəfindən xoş qarşılanır və şeirləri, ədəbiyyatda apardığı araşdırmalarla sevilməkdədir. Fərid Hüseynə yaradıcılıq yolunda uğurlar arzulayırıq.

 

Mahmud Əyyublu

 

Palitra  2018.- 13 aprel .- S.13.