Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimatı keçirilib

 

"Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı, ONN və Olaylar İnformasiya agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan həmyerlimiz, ictimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə "Xocalı Soyqırımı" adlı dissertasiyaya elmi rəhbərlik etmiş türk dünyasının dəyərli ziyalısı professor Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi" yeni əsərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə açan millət vəkili, tarixçi Musa Qasımlı əvvəlcə Aygün Attarın elmi yaradıcılığından danışıb. Onun mübariz, qorxmaz Azərbaycan qadını və tarixçisi olduğunu deyən Musa Qasımlı Aygün Attarın həm də qətiyyətli bir siyasi mübariz olduğunu söyləyib. Musa Qasımlı bunu Azərbaycanı təhqir edən HDP başqanı Səlahəddin Dəmirtaşın Aygün Attar tərəfindən məhkəməyə verilməsinin timsalında göstərib. Aygün Attarın hər zaman dövlətçilik və milli maraqlar baxımından çıxış etdiyini deyən millət vəkili təqdimatı keçirilən kitabı da buna əyani sübut kimi göstərib. Musa Qasımlı deyib ki, sözügedən kitab dəyərli əsər, erməni xislətini açıb ortaya qoyan, onu ifşa edən tarixi materialdır.

Siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Aygün Attar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır: "Aygün Attarın müəllifi olduğu bu kitabda 1830-cu ildən bu tərəfə cərəyan edən proseslər ayrı-ayrılıqda təhlil edilib. Zəngəzur, Göyçə və digər ərazilərimizdə törədilən qırğınlar barədə geniş məlumat verilir. Kitab mart soyqırımı ərəfəsində çap edilib və artıq kitab satışda yoxdur və hamısı satılıb. Yenidən kitabın nəşri nəzərdə tutulur". Elçin Əhmədov deyib ki, kitabda xarici mənbələrdən geniş istifadə olunub: "Kitabda sovet dövründə baş verənlər geniş təhlil edilib. Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi, onların müxtəlif illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımları geniş şəkildə oxuculara çatdırılır. Bundan başqa, müasir dövrümüzdə törədilən 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə məlumatlar verilir". Elçin Əhmədov qeyd edib ki, kitab Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Aygün Attar xaricdə yaşayan azərbaycanlıların bir simvoludur. Qeyd edim ki, kitab ingilis dilinə də tərcümə ediləcək. Onun gördüyü işlər bütün azərbaycanlılar üçün bir nümunədir.

Rəna Mirzəzadə isə çıxışında qeyd edib ki, kitabda Zəhra ilə bağlı fikirlərin əks olunması bir ana harayıdır: "Bununla münaqişənin mahiyyəti bütün dünyaya çatdırılır. Kitab bütövlükdə təkcə Azərbaycan deyil; dünya üçün önəmlidir. Kitabda arxiv materialları dilə gəlir, problemlər, münaqişə barədə ətraflı məlumat verilir".

Millət vəkili Aqil Abbas təklif edib ki, kitab Azərbaycan dilində də nəşr edilsin: "Belə bir kitab yazmaq Aygün Attarın şəxsi təşəbbüsüdür. Ona görə də ona minnətdarlığımı ifadə edirəm. O, həm də bir nümunədir. Həm Azərbaycanda, həm də Türkiyədə".

Millət vəkili Adil Əliyev də bu kimi kitabların işıq üzü görməsini təqdir edib: "Adətən, Rusiyaya səfərlərim zamanı Qarabağla bağlı kitablar almaq istəyirəm. MoskvaSankt-Peterburqun iri kitab satış mərkəzlərindən Qarabağla bağlı kitab istəyəndə ancaq ermənilərin müəllifi olduğu kitablar təklif edilir. Ermənilər ağıllıdır ki, heç nədən dövlət yaratdı, ərazilərimizi mənimsədi. Bu gün isə müasir, güclü Azərbaycan var. Aygün Attar elə bir material, dəyərli əsər ortaya qoyub ki, o yüksək dəyərləndirilməlidir". Millət vəkili deyib ki, bu kimi kitablar diplomatik nümayəndəliklər, səfirliklərə də göndərilməlidir.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, Aygün Attar Türkiyədə Azərbaycanın maraq və mənafelərini erməniçilikdən qoruyur: "Eyni zamanda Türkiyəni erməniçilikdən qoruyur. Təəssüf ki, Ankaraİstanbulda ermənilər şəbəkələşib. Buna qarşı isə Aygün Attar səmərəli mücadilə aparır".

Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu isə Aygün Attarı bir nümunə olaraq gördüyünü deyib və belə kitabların sayının artmasını arzulayıb: "Nə qədər ki dünya akademiyalarında, tanınmış kitabxanalarında, universitetlərində belə kitablar yoxdur, bizim mübarizəmiz effektli olmayacaq. Ona görə də belə kitablar mütləq dünyanın akademiyaları, universitetlərində olmalıdır”.

Politoloq Hatəm Cabbarlı kitabı Aygün Attarın tarix elminə verdiyi əvəzsiz töhfə sayıb. Bildirib ki, onun əsərləri böyük önəm kəsb edir.

MSK üzvü Nizami Nadirov, Rizvan Talıbov da kitabın əhəmiyyətindən söz açıb. Tanınmış ictimai-siyasi xadim, bir neçə tarixi əsərlər müəllifi Əjdər İsmayılov deyib ki, erməniləri ciddi narahat edən bu kimi kitablar dərc edilməli, dünyaya yayılmalıdır: "Aygün Attar mərkəzdə oturub, odun ortasında ermənilərə qarşı mübarizə aparır. Ona görə də Aygün Attara dərin minnətdaram".

Tarixi romanlar müəllifi Yunus Oğuzun qənaətincə kitabın adı heç də təsadüfi seçilməyib: "Siz bu kitabda erməniçiliyi açıq şəkildə ifşa etmisiniz. Kitabın ən əsas məziyyətlərindən biriodur ki, xristian türklərindən bəhs etmisiniz". Yunus Oğuz qeyd edib ki, bu kitabın alınması, əslində, Qarabağ məsələsinə görə deyil: "Sadəcə, erməniçiliyi açıb ortaya qoymusunuz". Natiq kitabda, xüsusilə maraq kəsb edən bir neçə məqama da toxunub.

Sonda çıxış edən müəllif Aygün Attar hər kəsə təşəkkürünü ifadə edib: "Kitab 10 gün əvvəl çıxdı. Azərbaycan üçün böyük maraq kəsb etdi. Baxmayaraq, Azərbaycanda seçkilər keçirilirdi, ancaq bu kitab ölkədə böyük maraq doğurdu". Çıxışında Yunus Oğuza kitabı ətraflı oxuyub tədqiq etdiyinə görə təşəkkür edən Aygün Attar bu il daha çox çalışmalı olduğumuzu da söyləyib. Bildirib ki, bu il AXC ilə yanaşı, həm də Qarabağ xanlığının alınmasının ildönümüdür: "Ona görə də bu il hamımızın, QHT-lər, rəsmi qurumlar, digər orqanların daha aktiv işləməsi lazımdır. Tələbələrə bu mövzular elmi kimi verilməlidir. Azərbaycanın qürur, şərəfli tarixi cehiz kimi Azərbaycan qızlarına verilməlidir". Bəzən ermənilərlə bağlı kitabları toylarda tost dediyimiz şəkildə yazırıq" deyən Aygün Attar bildirib ki, bu, düzgün deyil. Belə mübarizənin heç bir effekti olmaz: "Bundan sonra daha çox çalışmaq lazımdır. Buradakı görüşlər mənə stimul verdi. Azərbaycan var olsun".

Sonda Yunus Oğuz müəllifə "Turan Araşdırmalar Mərkəzi" İB-nin fəxri fərmanını təqdim edib. Həmçinin Aygün Attar bir sıra təşkilatlar tərəfindən apardığı səmərəli mübarizəyə görə fəxri fərmanla təltif olunub.

 

Qeyd edək ki, əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımları, azərbaycanlıların dəfələrlə deportasiya edilməsinin mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs olunur.

Kitabın “İthaf” bölməsində müəllif 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Sahibə Allahverdiyevaonun nəvəsi 2 yaşlı Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə yaralanması faktlarını vurğulayıb. Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxtaBöyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.

“Erməniçilik müasir dövrün problemi kimi” əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır. Əsər, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və press-relizlərin hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya çıxarılan əsassız iddialara qarşı dəyərli elmi vəsaitdir.

 

Nigar Abdullayeva

 

Palitra.-2018.-14 aprel.-S.11.