“Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və
perspektivlər“
Ölkədə uğurla həyata keçirilən davamlı tədbirlər sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Hazırda ölkənin hər bir ərazisində həyata keçirilən tədbirlərin bariz nümunəsini görmək mümkündür. Müstəqillik əldə etdikdən sonra Bakının Qaradağ rayonu da ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Bakı-Tbilisi-Qars
dəmir yolu tarixi və
strateji əhəmiyyətli layihədir
Ölkə başçısının təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Bunun bariz nümunəsi kimi ötən il ərzində Prezident İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar. Bu səfərlər çərçivəsində ölkə başçısı may ayının 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Rayonda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir. Həyata keçirilmiş tədbirlərin davamı olaraq may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimdə iştirak edib.
Ötən il Qaradağ rayonunun ərazisində tarixi bir hadisə ilə də yadda qaldı. Belə ki, bir neçə ölkə prezidenti, baş nazirlər, nümayəndə heyətlərinin də iştirakı ilə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı gerçəkləşdi. Dünyanın tanınmış şəxsləri tərəfindən tarixi və strateji əhəmiyyətli layihə adlandırdıqları bu Dəmir İpək Yolunun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini deyən ölkə başçısı qeyd edib ki, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq: “Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı? əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi, bax, toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır”.
“Ələti unikal edən xüsusiyyətlərdən biri də onun
Bakının Qaradağ rayonunda
yerləşməsidir
Qaradağ rayonunda həyata keçirilən digər irihəcmli bir layihə isə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən bu layihənin böyük perspektivləri olduğu bildirilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynovun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi, habelə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdə nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması müstəsna rola malikdir. Bu istiqamətdə görülən işlərin əsas hədəfi Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək, tranzit yükdaşımaların həcmini və keyfiyyətini yüksəltmək, Azərbaycanın yerləşdiyi iqtisadi və coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum yararlanmaqdır: “Bu sahədə ən böyük layihə isə, heç şübhəsiz ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bununla bağlı Prezident İlham Əliyevin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb. Prezidentin iştirakı ilə 2010-cu il 03 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilib. Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi mahiyyət etibarı ilə nəyinki regional hətta qlobal bir layihədir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük perspektivi var. Ələt istər avtomobil yolu, istərsə də dəmir yolu baxımından unikal bir qovşaq yaradır. Bura indi müasir dəniz liman əlavə olunur. Gələcəkdə isə hava limanının inşası nəzərdə tutulur. İlk növbədə onu vurğulamaq istəyirəm ki, bu layihənin işə düşməsi beynəlxalq yükdaşıma ilə bərabər, daxili yükdaşıma üçün də geniş imkanlar yaradır. Digər tərəfdən yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır. Bundan əlavə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakının Qaradağ rayonunda yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun, əsasən, paytaxtda cəmləşdiyini nəzərə alsaq, bu özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli digər məqam da burada xüsusi iqtisadi zonanın yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılması deməkdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev cari ildə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.
Abadlaşdırılan
“Bizim həyət”lər
Rayonun abadlaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Son tədbirlərdən biri kimi bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib. İDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş növbəti həyət Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllədə yerləşir. Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. "Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətdə, həmçinin heyvanların gəzdirilməsi üçün xüsusi meydança salınıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 500-ə yaxın ağac və kol əkilib.
Beləliklə, bu gün bir çox tarixi layihələrə imza atan Qaradağ rayonunda hələ yeni-yeni layihələrin reallaşacağı nəzərdə tutulur ki, bu da ölkənin sosial-iqtisadi inkişafına yeni töhfələr deməkdir.
Nigar Abdullayeva
Palitra 2018.- 18 aprel .- S.13.