Məhərrəm Hüseynovun
yaradıcılığında təcnislərə daha çox rast gəlirik
Son dövrlər ədəbiyyatımızda təcnis yazan şairlərin sayında və yaradıcılığında azalma hiss olunur. Təcnis şairdən dərin bilik, yüksək təb və böyük ustalıq tələb edir. Bu baxımdan, şeir kitablarında təcnisə az-az rast gəlinir.
Məhərrəm Abbasəli oğlu Hüseynov 1945-ci il fevral ayının 18-də Qərbi Azərbaycanın Göyçə mahalı Çənbərək bölgəsinin Şorca kəndində anadan olub. 1964-1969-cu illərdə BDU-da (keçmiş Kirov adına Azərbaycan Dövlət Universitetində) filologiya üzrə ali təhsil alıb. 1982-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Mirzə İbrahimovun romanlarının dili və üslubu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2014-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Bir neçə elmi əsərin müəllifidir. Hal-hazırda ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti və Filologiya fakültəsinin dekan müavinidir.
Professor Məhərrəm Hüseynov dəyərli bir alim olmaqla yanaşı, həm də gözəl şairdir. Onun ədəbiyyatımızla bağlı apardığı mükəmməl araşdırmalara söykənən əsərləri ilə yanaşı, ürək oxşayan şeir kitabları da oxucuları sevindirir. Məhərrəm müəllim bir neçə şeir kitabının müəllifidir. Onun yaradıcılığında daha çox Vətən həsrəti, Göyçə nisgili aydın hiss olunur. Həmçinin Məhərrəm müəllimin yaradıcılığında ədəbiyyatımızda az istifadə olunan təcnislərə daha çox rast gəlinir. Şairin təcnisləri günümüzdə ədəbi-tənqidçiləri düşündürməkdədir. Şairlərin təcnis kimi istifadə etdikləri sözlər bir çox zaman təcnis yaratmır. Ədəbiyyatda bu kimi nöqsanlarla əksər vaxt qarşılaşırıq. Amma Məhərrəm müəllimin təcnisləri tamam başqa bir aləmdir. Oxucunu oxuduqca oxumağa sövq edir.
Professor Məhərrəm Hüseynovun yaradıcılığında təcnisləri seçərək oxuculara təqdim edirik.
Qarisan
Gəncliyin tacıdır zil
qara saçlar,
Dən düşəcək
sən qocalsan, qarısan.
Yaş gələr, bürünər
ağ qara
saçlar,
Bu gün cavan, sabah qoca
qarısan.
Təməlindən çayır iyrənc, gül incə,
Qanqal qəh-qəh
çəkər, tər
gül gülüncə.
Son dəb qızı çevirirsə gülüncə,
O gözəli günü keçmiş qarı san.
Tanrı
gözəlliyi bir gülə yazdı,
Bir gülə
şaxtadı, bir gülə yazdı.
Bir gül hərarətdi, bir gül ayazdı,
Bəxtin kəmsə, qızmar yayın qarısan.
Könlüm ləyaqətə zirehli
qala,
Küdurət silinə, fəzilət qala.
Yanımcılı qəlbin oduna qala,
Duyğusuzu barsız çölün
qarı san.
Ağlar
Olmur ayrı düşmək bir gün ahımdan,
Ahlarım sinəmə dağ düzüb ağlar.
Göz yaşım leysandır yox günahımdan,
Sellənib hər çölü, hər düzü bağlar.
Nəğməkarın qağayındı,
sonandı,
Vaxt yetişir,
bəlkə, indi son andı.
Ağ bilirdim mən içdiyin son andı,
Sən demə,
könlümə köz
düzüb ağlar.
Dağım, gölüm heç
görməmiş yar
arsız,
Arsız gəldi - doğrayarsız,
yararsız.
Haqq qoruyan olsa bivec,
yararsız,
Yalan buxov görməz, o, düzü
bağlar.
Göyçə gölü, göy
yetişəm, göy
dəyəm,
Xəyalımda göl üstündə
göydəyəm,
Ürəyindən görmək keçir
göy dəyəm
Uca dağı
meşə, gen düzü
bağlar.
Yaxin
Cəza
bilib atma tonqal qoruna,
Göyçə ayrılıqlı bir oda yaxın.
Göyçə ümidiylə canım
qoruna,
Ola son mənzilim - bir
oda yaxın.
Göyçə gölü dağ
qoynunda ulu su,
Ələsgərim söz pirinin ulusu.
Ziyarətdən məhrum eli, ulusu,
Düşmür o ocağa, o oda yaxın.
Nə qədər dərd alaq bu dağdan,
axır,
Gözlərdən qanlı yaş
bu dağdan axır,
O dağda sürü var, bu dağda
naxır,
Mənə o da yaxın, bax, bu da
yaxın.
Düzəsən
Müxənnətə ən müqəddəs sözdü:
şər,
Dilindən zay sinəsinə düzəsən.
Əzəl-axır şərdən, düzdən
söz düşər,
Şərə arxa çevir, üz tut şərə sən.
Bənzəri var nərgiz, gülün, gözün də,
Göz yaşı
tökməyin, gülün
gözündə.
Qan ağlayır şəbnəm
gülün gözündə,
Bu ülfətdən lalə
donlu düz əsən.
Tanrının lütfüylə gənc
qarıyandı,
Küpəgirən kinli çox qarı yandı.
Çölün naləsindən dağ
qarı yandı,
Dağdan axan seli yönəlt
düzə sən.
Qanasan
Çaxnaşdı boz bulud göydə, a yazıq,
Şimşək qılınc çəksə,
bunu qana san.
Bir vaxt od-alovduq, indi ayazıq,
Demə gül gözündən axdı qan asan.
Bülbülün gözüylə görəsən
gülü,
Çayırlar duyarmı, görəsən,
gülü?
Qanqal hüzurunda gör əsən gülü,
Bu sitəmi həzm et çətin, qan asan.
Duyğular coşdurur ürəkdə
nağıl,
Duyğular da nağıl, ürək də nağıl.
Umanı
duyğulu ürəkdən
ağıl,
Necə dərk edəsən, necə qanasan.
Dağ çəkənin əlindədir
çırpılar,
Dağlananlar dağa-daşa çırpılar.
Kəndir
görsən Əzrayıla
çırpıl, ar,
Edamçılar vicdan asan, qan
asan.
A yaz
Bəzək çəkmə yad
naxışı incimə,
Nə qış
çiçək istər,
nə də gül ayaz.
Göydən yetən sərt
rüzgara incimə,
Qış qəhqəhə çəkir,
sən də gül, a yaz.
Baharın nəyi var çiçəkdən
arı?
Duyuram qönçədə, çiçəkdə
narı,
Balla kama yetə
çiçəkdən arı,
Qışım qar ağlaya, güllə gülə yaz.
Haqq səsləyən qələmimlə
yazaram,
Haqdan dönsən, demə şair, yazaram,
Haqq əyilsə, ya qəm çəkən, ya zaram,
Zirvəni saf qara, düzü
gülə yaz.
Qala
Göyçə həsrətinin açılmır
donu,
Od qüdrəti çatmır, sən dərdə qala.
Əzrayıl haylara biçəndə
donu
Tapmaya gor yeri, bu dərddə
qala.
Duyğusuz toxunan dağ-daşı-yaram,
Yaranı silməkçün dağ-daşı
yaram.
Damla sevincinə dağ daşıyaram,
Hörəm qəmə qəsr, həm dərdə qala.
Göyçəm ilahidən saf, təmiz, arı,
Pətəyindən ayrı düşmüş
bir arı.
Duymayınca yurd namusu, el arı,
Kim çəkə qayğını,
kim dərdə
qala.
Fərhada kor olur, görmür Şirini,
Tülküsifət sevmir türkün şirini.
Xəstə ağzı zəhər
bilir şirini,
Bu mərəz də
qala, bu dərd də qala.
Yarayar
Gölüm aşiq onu qucan dağlara,
Ləpələri nalə çəkir:
"Yar! A yar!".
Sinəsinə şimşək çəkən
dağlara
Baxıb
dedi: "Gəl arxa dur yara
yar!"
Qəmzələrin bağır dələn ox idi,
Niyyətindən keçənləri oxudu.
Neştər baxış keşikçinin
oxudu,
Əlac uman ürəyini yara yar.
Suyun zəmzəm, dağın
behişt havalı,
Səni tutan arxalılar havalı.
Haqq diləyib dəyişdirsən
ha valı,
Yol yolsuza, od
zülmətə yarayar.
Tənhalıqda bütöv deyil,
yarısan,
Sədaqəti gözəlliklə yarı
san.
Nurdan qaçıb qaranlığa
yarısan,
Sağalarmı xəyanətdən yara yar.
Yaği
Tuş gələli kəsikqulaq qansıza,
Nə vaxt olub səndən
yaram az,
yağı.
Şər bayquşu irin verə, qan sıza,
Tutmaya canında
yara "maz", yağı.
Sənin
üçün vandallığın
kiri din,
Hürdürənin şalvarında kir idin.
Haqq səsinə gədalıqdan
kiridin,
Şərdən şirə soran yaramaz yağı.
Qıraqdan köç edib
qurmadın dəyə,
Əkdiyin nifrətin meyvəsi dəyə.
Tuşladığın güllə sinənə dəyə,
Sənə şanlı ölüm yaramaz, yağı.
Çəkindi
Dağıtdın dünyamı, dağıl,
a dünya,
Yurd dərdinə qoşub dedin çəkin di.
Filə
arxalansa, dağıla
dünya,
Fili də bu dərddən qorxub çəkindi.
Sənə iftiranı həmişə
gör kəm,
Mən Göyçə
sevgimlə aləmə
görkəm.
Alı sənətində gördüyün
görkəm
Sanbalındı, şöhrətindi, çəkindi.
Göyçə dedim, canım, ruhum göynədi,
Dəli könlüm, xatırla di, göynə di.
Çox deyirdin, göl gözündə göy nədi?
Yaman dərddir
göy dərdini çək indi.
Düzü nə?
Qələm də, kağız
da qulu kamalın,
Üz tutursa düz sədaya, düz ünə.
Söz sehrindən, söz mülkündən kam alın,
Hikmət saçsa, əyrisi nə, düzü nə?
El ahından yanar ümman, ya dağlar,
Qəlbi
olsa, bu sitəmə yad ağlar,
Vaqifin qəbrini edib yad ağlar,
Baxan olsa küskün Cıdır düzünə.
Görməmişdik; aldadalar, "atalar",
Koroğlular Qırat kimi at alar.
Babalardan
yozum görüb babalar;
Əyrini əyriyə, düzü düzünə.
Ancaq
Zirvədəyəm-tərtəmizəm, arıyam,
Pətəyindən ayrı düşmüş
arıyam.
Qar da olsa, öz
Göyçəmdə arıyam,
Sən yadın
qondarma qarısan ancaq.
Demə
mənə eşq heykəli yaradın,
Axı özün
ürəksizə yaradın.
Qocaların yaddaşında yar
adın,
Çoxdan günü keçmiş
qarısan ancaq.
Yad nəfəsi sönə, həm hava sına,
Göyçə ruhu çökə göl havasına.
Kökləsən könlünü el havasına,
Xoşbəxtsən Göyçədə qarısan
ancaq.
Professor Məhərrəm Hüseynova yaradıcılıq yolunda tükənməz enerji,
şəxsi həyatında uğurlar və
cansağlığı arzu edirik.
Toplayıb tərtib
elədi:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 25 aprel.- S.15.