Mir Cəlal Paşayevlə
bağlı kitabların təqdimatı olub
Aprelin 30-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”, Nizami Cəfərovun “Mir Cəlal milli idealları” kitablarının və “Mir Cəlal – 110” elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunun tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirilib ki, ədibin 110 illik yubileyi münasibətilə nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”sında görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin materiallar, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, ikinci dəfə çapa olunan biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, “Ön söz” müəllifi Xalq Yazıçısı Elçindir.
Sonra tədbir iştirakçıları Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığından bəhs edən filmə baxıblar.
Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahından keçirilən möhlətsə tədbiri xatırladan mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.
Nazir deyib ki, ilk biblioqrafiyanın çapından ötən 12 il ərzində görkəmli ədiblə bağlı kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Milli Kitabxana ədibin anadan olamasının 110 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından daha mükəmməl və fundamental biblioqrafiya hazırlayıb. Oxuculara təqdim olunan bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Burada ilk dəfə verilmiş “Mir Cəlalın əsərləri dünya kitabxanalarında” bölməsində toplanan sənədlər ölməz sənətkarın irsinin bütün dünyada geniş yayılmasının əyani sübutudur.
Akademik Nizami Cəfərovun “Mir Cəlal milli idealları” kitabının da ədibin irsinin daha geniş şəkildə öyrənilməsinə dəyərli töhfə olduğunu söyləyən Ə.Qarayev belə əsərlərin çapını həm ədəbiyyatımızı, həm də ədəbiyyatşünaslığımıza ən gözəl xidmət adlandırıb.
Tədbirə “Mir Cəlal. Biblioqrafiya”sının “Ön söz” müəllifi, Xalq Yazıçısı Elçin ədibi həm yazıçı, həm də ədəbiyyatşünas alim kimi xarakterizə edərək onun əsərlərinin əbədiyaşarlığından söz açıb.
Mahmud
Palitra 2018.- 1 may.- S.13.