“Ana
dilimiz ən böyük
mənəvi sərvətimizdir”
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər boyu xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə onun ana dilində öz əksini tapır. Dilini itirən xalq isə məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ancaq Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. İstər ruslaşdırma siyasətindən sonra, istərsə də Azərbaycanın sovet imperiyasının tərkibində olduğu illərdə dilimizə qarşı hücumların dalğası kəsilmək bilmirdi. Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu.
Heydər Əliyev və Azərbaycan
dili XX əsrin 60-cı illərindən bəri
həmişə qoşa çəkilmişdir.
Çünki Heydər Əliyev Azərbaycanda
səlahiyyət sahibi olduğu
andan Azərbaycan dilini
təkcə ünsiyyət vasitəsi kimi
deyil, onu dövlət
siyasətinə çevirmiş, bir an da
olsa, diqqətdən yayındırmamışdır.
1969-1982-ci illərdə sovet Azərbaycanına
rəhbərlik edən ümummilli lider bir çox
ziyalıların cəsarət etmədiyi halda,
müxtəlif tədbirlərdə Azərbaycan dilində
çıxış etməklə dilimizə verdiyi
dəyəri göstərdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan
dilində dərsliklərin daha çox istifadəsinə dair
göstərişlər də vermişdi.
Bunlarla kifayətlənməyən ümummilli lider 1978-ci ildə
tarixi bir uğura imza atmış,
həmin ildə qəbul olunan Azərbaycan
SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə
yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etmişdir. Bu isə Azərbaycan yerli dilin rəsmi dil statusuna malik
olduğu azsaylı sovet respublikalarından biri idi. Bütün bunlar
onu göstərir ki, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin hazırlayıb
həyata keçirdiyi
dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.
1980-ci illərin sonu,
90-cı illərin əvvəllərində
Azərbaycanda milli azadlıq hərəkatının
gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi
də ümummilli lider Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin
bilavasitə nəticəsi
idi. Heydər Əliyev Azərbaycan
dilinin inkişafı və zənginləşməsi
istiqamətində müxtəlif
vasitələrdən istifadə
edirdi. Azərbaycanda dilçi alimlərə
yüksək diqqət
və qayğı göstərilməsi, milli
dildə nəşr edilən kitabların tirajlarının artırılması
və digər tədbirlər ana dilinin daha da
inkişaf etdirilməsi
məqsədi daşıyırdı.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra hakimiyyətə gələn
naşı və səriştəsiz şəxslərin
idarəetmədəki təcrübəsizliyi
müstəqilliyimizi uçuruma
aparır, ölkəni
məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü
daha qabarıq şəkildə büruzə
vermişdir. Onlar heç
bir məntiqi əsasa söykənmədən
dövlət dilinin adının dəyişdirilməsini
və “Türk dili” adlandırılmasını
təklif edirdilər.
Uzun mübahisələrdən
sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə
almadan, referendum keçirmədən
1992-ci ilin dekabrında
“Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək
Azərbaycanda dövlət
dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini
“Türk dili” adlı dərsliklərlə
əvəzləyərək çapını da həyata keçirmişdir.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn
Heydər Əliyev digər sahələrdə
olduğu kimi, milli-mənəvi dəyərlərimizin
qorunması, adət-ənənələrimizin,
milliliyimizin inkişafı
məsələsini diqqətdə
saxlamışdır. Azərbaycan dilinin
işlənməsi və
inkişaf etdirilməsi
məsələsinə xüsusi
önəm yetirən
ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə
qaytarmışdır. 1995-ci ildə qəbul
edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin
rəmzlərindən biri
olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində
dövlət dilinin adı ilə bağlı keçirilən
geniş ictimai müzakirələr Azərbaycan
dilinin nüfuzunun artırılmasına təsir
etdi, dövlət dilinin müstəqil dövlət üçün
nə demək olduğunu əyani şəkildə göstərdi.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin
rəmzlərindən biri
olaraq təsbit edildi. 2001-ci ildə ümummilli liderimizin imzaladığı
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük
siyasi hadisə idi. Məhz Heydər Əliyevin
yürütdüyü dil
siyasətinin nəticəsində
bütün dövlət
və qeyri-hökumət
təşkilatlarında, indiyə
qədər Azərbaycan
dilindən istifadə
etməmiş qurumlarda
dövlət dili, sözün həqiqi mənasında, bərqərar
edildi. Eləcə
də, latın
qrafikasına keçid
prosesi başa çatdırıldı.
Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı
Sərəncama əsasən
avqustun 1-i respublikamızda
Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar,
önəmli hadisədir.
Bundan əlavə, qəbul edilən digər Fərman və Sərəncamlar əsasında
dilimizin inkişafı,
ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atılıb.
Heydər Əliyev müxtəlif
ölkələrdəki diaspor
nümayəndələrimizlə görüşlərində dəfələrlə
vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı öz ana dilini,
milli adət-ənənələrini
unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab
verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki,
o, artıq dünya dilləri içərisində
öz layiqli yerini tutmuşdur”, - ifadəsi də ulu öndərimizə məxsusdur.
Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması, dövlətimizin başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı”nın təsdiq edilməsi bunun parlaq nümunəsidir.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratmışdır ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə əminik.
Hikmət Şikarov,
Yeni Azərbaycan Partiyası
Pirallahı rayon təşkilatının
sədri
Palitra.- 2018.- 1 avqust.- S. 13.