Pirallahıda ana dili gününə həsr olunmuş dəyirmi masa

 

Yeni Azərbaycan Partiyası(YAP) Pirallahı rayon təşkilatının inzibati binasında 1 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş "Ana dilimizin inkişafı və Heydər Əliyev siyasəti" adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlham Əsgərov bildirib ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Təbii ki, bu zaman ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına göstərdiyi diqqəti qeyd etməmək mümkün deyil. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ulu öndər Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Sevda AlxasovaYeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalı Həcər Ramazanova çıxış edərək bildirdilər ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.

Daha sonra tədbir iştirakçıları 1 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş videoçarxa baxıblar. Videoçarxın nümayişindən sonra dəyirmi masa mövzu əsasında müzakirələrlə yekunlaşmışdır.

 

Palitra.- 2018.- 2 avqust.- S. 7.