"Ərəb xilafəti
dövründə Azərbaycan əhalisi"
Hesab edirəm ki, xalqımızın tarixinə aid hazırkı narahat dünyamızda, ölkəmizin müharibə vəziyyətində olduğu, “kim güclüdürsə, haqlı da odur” prinsipinin hakim kəsildiyi bir dövrdə taleyüklü məsələlərdə belə “dəmir kimi” möhkəm arqumentlərə əsaslanan nəticələrin çıxarılması çox vacib və mühüm əhəmiyyətə malikdir. Belə ki, bu cür “hökm”lər həm də ideoloji düşmənlərimizin tərk-silah edilməsi deməkdir.
Yuxarıda göstərildiyi kimi, müəllif öz fikirlərinin doğruluğunu ən yüksək səviyyədə sübut etmək üçün cəsarətlə demək olar ki, külli miqdarda ədəbiyyatı saf-çürük etmiş, mübahisəyə zərrə qədər yer qoymamışdır. Əsərin ən böyük məziyyətlərindən biri də odur ki, müəllif bilavasitə ərəblərin Azərbaycanı qəsb etdikləri dövr ərəfəsində bu yerlərin əhalisi haqqında düzgün təsəvvür yaratmaq üçün haqqında söz gedən hadisələr ərəfəsində Azərbaycanda məskunlaşmış tayfalar – hunlar, sabirlər, xəzərlər haqqında da kifayət qədər ətraflı məlumat verərək onların yayılma arealını konkret faktlarla göstərir. Həm də bu zaman Ramil Ağayev haqqında söz gedən proseslər haqqında tədqiqatlar aparmış M.Y.Artomonov, V.V.Bartold, L.N.Qumilyov, M.Q.Məhəmmədov, A.P.Novoseltsev, S.P.Tolstov, S.V.Kiselyov, Y.A.Fyodorov, Q.S.Fyodorov, A.N.Bernştam və b. (üst-üstə 30-dan çox) müəlliflərin əsərlərini bir-bir saf-çürük etməklə yekun nəticəyə gələrək bildirir ki, bu tədqiqatçılar, əsasən, hunların yürüşləri və Şərqi Avropada fəaliyyəti ilə bağlı məsələlərə toxunmuş, onların Azərbaycanda məskunlaşması və Azərbaycan türk xalqının formalaşmasındakı rolu isə diqqət mərkəzindən kənarda qalmışdır.
Müəllif bu istiqamətdə tədqiqatlarını davam etdirərək Moisey Kalankatlıya əsaslanaraq daha sonra bildirir ki, Firuz şah özü Albaniya hökmdarı II Vaçenin Sasanilərə qarşı üsyanını yatırmaq üçün “Haylantürk ölkəsindən olan hunlardan” istifadə etmişdir. “Aran” adının V əsrin 40-50-ci illərində bu ölkənin bir hissəsini öz tabeliyində saxlamış Eranın (Aranın) adı ilə bağlı olması haqqında fikirlər də mövcuddur. Onun tayfası həm onoqur, həm də haylantürk (əyləntürk) adı ilə tanınmışdır. Erməni mənbələri onları xaylantürklər adlandırırdılar. Erməni tarixçisi Yegişe yazır ki, Sünik vilayətinin başçısı Vasak hunların başçısı Eranla dostluq edirdi. Paparlı Lazar isə onu, sadəcə olaraq, “hun sərkərdəsi” adlandırır. Maraqlıdır ki, Yegişeyə görə, Eranın (Aranın) əsas məskəni Balasaqan (Balasaqun, Balaca hun) və Paytakaran, yəni Mil-Muğan zonası idi. Deməli, Paparlı Lazarın qeyd etdiyi hun sərkərdəsi ilə Eran eyni şəxsiyyətdir. Bütün bunlara diqqət yönəldən V.Qukasyan belə nəticəyə gəlir ki, “Aran” sözü “Alban” sözünün hun forması olan Eran (Aran) adı ilə bağlı ola bilərdi. İlkin yazılı qaynaqlarda adlarına tez-tez rast gəlinən onoqor tayfaları Suriya mənbələrində də hunlara aid edilirdi.
Yuxarıdakı misallardan göründüyü kimi, müəllif, hətta erməni müəlliflərinin də əsərlərindən milli maraqlarımız üçün istifadə etməyə müvəffəq olmuşdur. Bu halı, haqqında söz gedən əsərin ən təqdirəlayiq halı kimi xarakterizə etmək olar. Belə ki, ideoloji mübarizədə düşmənə qarşı öz “düşərgələrindən” olan müəllifdən arqument qoymaq, xüsusilə səmərəlidir.
Müəllif özünəxas qeyri-adi əməksevərlik və obyektivliklə Azərbaycan ərazisində Azərbaycan türk xalqının formalaşması məsələsini dərindən araşdırır və bu zaman olduqca geniş dairədə ən müxtəlif dillərdə olan mənbələrdən istifadə edir və yuxarıda göstərildiyi kimi, sadəcə olaraq, mübahisəyə yer qoymur. Məsələn, o, əvvəlcə çox düzgün olaraq göstərir ki, Azərbaycan ərazisində yaşayan türk, İran və Qafqaz dillərində danışan xalqlar qədim dövrlərdən başlayaraq bir-birləri ilə sıx təmasda olmuş və bir-birləri ilə qaynayıb qarışmışlar. Məhz elə buna görə də həmin xalqların oxşar və müştərək tarixləri vardır və onlar bir sıra ortaq dəyərlərə malikdirlər. Bu xalqların keçmiş tarixini və gələcək taleyini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir.
Sonra isə Ramil Ağayev təəssüf hissi ilə göstərir ki, İ.H.Əliyevin iddiasına görə, Azərbaycan xalqının formalaşmasında vaxtilə Atropatena və Albaniyada məskunlaşmış müxtəlif tayfalar, o cümlədən Qafqaz və irandilli qədim və erkən orta əsr tayfaları – manna, kaspi, midiya, azəri, alban və bir çox digər tayfalar başlıca rol oynamışlar. Azərbaycan əhalisinin türk dilinə keçməsi isə sonralar – orta əsrlərdə baş vermişdir. İ.H.Əliyev türklərin avtoxton olması fikrini qəti şəkildə rədd edir. Elə buradaca R.Ağayev əsl zərgər dəqiqliyi ilə göstərir ki, həmin İ.H.Əliyev özünün ilk tədqiqatlarında Midiyada türk dilli tayfaların yaşaması haqqında fikirlər səsləndirmişdir. Hətta o, bir ara Midiya dilinin də türk dili olduğunu hesab etmişdir. Azərbaycan türk xalqının və dilinin formalaşmasının erkən orta əsrlərdə ərazimizə daxil olmuş hun-bilqar-xəzər-sabir tayfaları ilə bağlanmasına etiraz edən İ.H.Əliyevə görə, o zaman gərək Azərbaycan dili türk dil ailəsinin oğuz qrupuna daxil olan dil deyil, çuvaş dili ilə qohum olan həmin dillərə yaxın dil olmalı idi. Lakin elə buradaca Ramil Ağayev çox haqlı olaraq belə bir sual qoyur: - Maraqlıdır, Azərbaycanın şimalındakı “qafqazmənşəli”, cənubundakı “iranmənşəli” dilin səlcuqlara gəlişi ilə ona tamamilə yad olan bir dilə - türk dilinə çevrilməsini mümkün sayan müəllif, bir-birinə çox yaxın olan dillərin qovuşmasını qəbul etmək istəmir.
Əlbəttə, burada Ramil Ağayevin arqumentləri ilə razılaşmamaq çətindir.
Sonra isə əsl ziyalı dəqiqliyi və obyektivliyi ilə göstərir ki, XX əsrin I yarısında Türkiyə alimləri (A.İnan, R.Qalib, Ş.A.Qansu) türklərin Anadoluda, xüsusən, onun şərq hissəsində qədim dövrlərdən etibarən yaşaması istiqamətində müəyyən araşdırmalar apardılar. Bu ideya P.S.Atabinen tərəfindən davam etdirildi. Həmin Türkiyə tarixçilərinin araşdırmalarına münasibət bildirən D.Y.Yeremeyev etiraf edir ki, ”türklərin avtoxton olması” haqqında tezisdə müəyyən həqiqət payı vardır.
Göründüyü kimi, müəllif türklərin Anadolunun avtoxton əhalisi olması haqqındakı fikirləri sübut etmək üçün təkcə türk yox, həm də rus alimlərinin fikirlərindən də istifadə edir. Şübhəsiz ki, belə yanaşma tərzi həm də türklərin Qafqaza, eləcə də Anadoluya gəlmə xalqlar olması haqqında erməni, eləcə də bir çox rus tarixçilərinin fikirlərini alt-üst edir.
Ramil Əyyub oğlu Ağayevin olduqca böyük zəhmət, gərgin əmək hesabına ərsəyə gətirdiyi “Ərəb xilafəti dövründə Azərbaycanın əhalisi” monoqrafiyası haqqında, burada istifadə edilmiş ərəb, fars, rus, erməni və s. dillərdəki mənbələrin saf-çürük edilməsi ilə gəlinən nəticələr, xalqımızın etnogenizində, formalaşmasında taleyüklü məsələlərin mübahisəsiz, birdəfəlik həll edilməsi üçün gördüyü iş haqqında kiçik bir qəzet məqaləsində tam danışmaq imkan xaricindədir. Ona görə də xalqımızın genezisi, formalaşması, eləcə də o dövrlərdə baş vermiş tarixi hadisələrlə maraqlananlara bu kitabla yaxından tanış olmağı məsləhət görərdim. Hesab edirəm ki, bu zaman onlar özləri üçün əvvəllər qaranlıq qalan bir çox suallara da cavab tapa biləcəklər.
Ramil müəllimə isə gələcək işlərində daha böyük uğurlar və belə fundamental əsərlərlə Azərbaycan tarix elmini daha da zənginləşdirməyi arzulayırıq.
İlqar Heydəroğlu,
Bakı şəhəri,
Nərimanov rayonu, MLK-nın tarix müəllimi,
“İlin
müəllimi” müsabiqəsinin qalibi,
Əməkdar müəllim,
tarix üzrə fəlsəfə doktoru
Palitra.- 2018.- 2 avqust.- S. 15.