İsa Cavadoğlunun şeirləri xalq arasında məhəbbət qazanıb

 

Ölüm bəlkə elə yerdə haqladı,

Dil-ağzımı qıfılladı, bağladı.

Son sözümü dodağımda saxladı,

Deyəmmədim, «Uca dağlar, əlvida!

Ay balalar, ay uşaqlar, əlvida!»

 

(İsa Cavadoğlu)

 

Həqiqətən sözün sehrinə düşdükcə ondan ayrılmaq çətin olur. Elə buna görədir ki, ulu əcdadlarımız sözə yüksək qiymət vermiş, incə, dürr kəlamlar yaratmış, sinələrində yaşadaraq dillərdən-dillərə ötürərək yaşatmışlar. Şeir bizlərin ən tərbiyəvi silahıdır. Ədəb-ərkanı şeirlərdə şairlərin dillərindən tökülən inci sözlərin hikmətindən qüdrətlənərək öyrənmişik. Xalq poeziyasının ana sütununu təşkil edən aşıq ədəbiyyatına əcdadlarımız böyük məhəbbət bəsləmiş, şeirin bu şəkillərində çoxlu poetik nümunələr yaradaraq gələcək nəsillərə ötürmüşlər. Heç şübhəsiz ki, bu gündə aşıq poeziyası və onun şəkillərində yazıb-yaradan el şairləri yaşayır. Aşıq poeziyası şəkillərində əvəzsiz poetik incilər yaradan İsa Cavadoğlunun şeirləri xalq arasında məhəbbət qazanmış, sürətlə yayılmış və ötən əsrdən başlayaraq ayrı-ayrı dövri mətbuatda onun haqqında yazılar yazılır və şeirləri yayımlanır. Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Çopur Ələsgər, Aydın Çobanoğlu, Aşıq Xanlar Məhərrəmov, Aşıq İmran Həsənov və digər aşıqlarla yaxından dostluq edən İsa Cavadoğlunun şeirlərində aşıq ruhu vardır. Məhz elə buna görədir ki, şair İsa Cavadoğlunun hər bir qoşması, gəraylısı aşıq havalarına uyğundur.

Tovuza gedərkən öncə zəngləşdiyim insanlardan birincisi İsa müəllimdir. İsa Cavadoğlu çay süfrəmizin ağsaqqalı, savadlı bir insanı kimi onun söhbətlərinə maraqla qulaq asırıq. Belə çay süfrələrimizin birində İsa müəllimdən arxivində olan çapa vermədiyi şeirlərdən istədim. Bir müddətdən sonra İsa müəllim mənə şeirlərini təqdim etdi. Şeirlərini oxuduqca heyrətə gəldim. Çünki həmin şeirlərin ən azı 20-30 ilə bərabər yaşları var idi. Şairin cavan vaxtı yazdığı bu şeirləri indiki dövrdə şöhrət tapan şeirlərindən heç də geridə qalmır. Bu bir daha İsa Cavadoğlunun İlahi dərgahdan pay aldığını təsdiq edir.

 

Yaxşı insanlar

 

Öz elmi, öz gücü, öz fəhmi ilə

Qalxıb ucalandı yaxşı insanlar.

Hər vaxt cəmiyyətin ön cərgəsində

Əbədi qalandı yaxşı insanlar.

 

İşində təmkinli, sözündə qəti,

Rəftarı mülayim, baxışı iti,

İnsanlıq, nəciblik, mədəniyyəti,

Mükəmməl olandı yaxşı insanlar.

 

Yaxşılıq həyatın canı, nəfəsi,

Düz yola yönəldər hər vaxt hər kəsi,

Haqqın həm əsgəri, həm sərkərdəsi,

Zəfərlər çalandı yaxşı insanlar.

 

Belə oğullarla öyünər vətən,

Ata-ana kimi söyünər vətən,

Qələbə libası geyinər vətən,

Qəlblərə dolandı yaxşı insanlar.

 

Görüb duyduğunu yazdı İsa da,

Zəmanə qarışıq, çətin olsa da,

Bəzi qaragüruhdan zərbə alsa da,

Haqqa arxalandı yaxşı insanlar,

Hər vaxt ucalandı yaxşı insanlar.

 

Vida gözilə

 

Yetişdim ömrümün qürub çağına,

Baxıram aləmə vida gözilə.

Xəyalən olsa da gəzdiyim yerlər

Çevrilir haləmə vida gözilə.

 

Göyçədən, Göygöldən, Laçından keçib,

Qafqazı seyr edib, sulardan içib,

Hüyər yaylağını düşərgə seçib

Dönürəm elimə vida gözilə.

 

Az keçən fərəhli günləri saydım,

“Ah, bu da bəsimdi”...deyərək doydum,

Qələmi dəftərin üstünə qoydum,

deyim qələmə vida gözilə.

 

Biləydim

 

Kimlər deyəcək sinəmdən axıb

Kağıza süzülən səsə biləydim.

Hərdən asta-asta səhər yeli tək

Bütün ürəklərə əsə biləydim.

 

Hər dərdə bir əlac axtarır insan,

Yaltaqlıq, xəbislik, riya, böhtan,

Neçə xəstəlikdir, varmıdır dərman?

Onların əlacı nəsə biləydim!

 

İsa, hər könüldə çıraq yandırıb,

Gözəl arzuları işıqlandırıb,

Qara duyğuları əzib, sındırıb,

Kökünü əbədi kəsə biləydim...

 

Bilmədim

 

Arzuda, istəkdə imarət qurdum,

Əslində bir kümə yapa bilmədim.

Cıdır meydanına çəkdim atımı,

Büdrədi köhlənim, çapa bilmədim.

 

Eşq ilə səfərə çıxdığım vaxtı,

Tufan qərq eylədi, daşlara çaxdı,

Yoluma o qədər sal qaya çıxdı,

Külüngüm korşaldı, çapa bilmədim.

 

Daha ümid var, bir güman var,

ki, halıma candan yanan var,

Dedilər, ay İsa, haqq var, divan var,

Mən ki, ha axtardım, tapa bilmədim.

 

Düşdüyüm mühit

 

Ömrün qaynar çağı soyuğa düşdüm,

Məni küt eylədi düşdüyüm mühit.

Arzumu-eşqimi kəməndə salıb

Lap şil-küt eylədi düşdüyüm mühit.

 

Məşğələm təbliğat, ifadə, imla,

Ruzi misqal-misqal, su damla-damla,

Cəmiyyət yeridi nəhəng addımla,

Məni lüt eylədi düşdüyüm mühit.

 

Varmı İsa kimi eşqi çürüyən,

Özünün oduna özü əriyən?

Heç kəsə xeyir, şəri dəyən

Cansız büt eylədi düşdüyüm mühit.

 

KEÇMƏMİSƏNMİ?

 

bərk ah çəkirsən, ixtiyar qoca,

Qaynar cavanlığı keçməmisənmi?!

Yanıb atəşinə şux gözəllərin

Yüzündən birini seçməmisənmi?!

 

Neçə köhlənləri yollarda yorub,

Aranda, yaylaqda alaçıq qurub

Əmliyin, erkəyin ətindən vurub

Sərin çeşmələrdən içməmisənmi?!

 

Hər nalə bu qəmi soyudan deyil,

İsa da ah çəkir, qayıdan deyil,

Axşamdır, ay baba, daha dan deyil,

Təzə nəsillərə köçməmisənmi?!

 

OLMUŞAM

 

Cavanlar bilir mən bir zaman

Elə onlar kimi cavan olmuşam,

Bir qaragözlünün oduna yanıb

Gecələr bülbülə hayan olmuşam.

 

Ələnib üstümə meh sərin-sərin

Açmışam gözünü nurlu səhərin,

Yatıb yalmanına dəli kəhərin

Qızlar keçən yolda tufan olmuşam.

 

Qəflətən enmişəm bulağın üstə,

Gözəllər hürküşüb dəstəbədəstə,

Sevgilim Əsli tək dönüb sərməstə,

Mən yazıq Kərəm tək yanan olmuşam.

 

Sürünüb yanınca, düşüb dalınca,

Özümü çaxmışam oda, qılınca,

Qönçə ləblərindən bir söz alınca,

Bir canam, min dəfə qurban olmuşam.

 

Bəs hanı, ay İsa, indi o günlər?

Şığıyıb ulduz tək söndü o günlər,

tez xatirəyə döndü o günlər,

Oturub xatirə yazan olmuşam.

 

ƏLVİDA

 

Ölüm bəlkə elə yerdə haqladı,

Dil-ağzımı qıfılladı, bağladı.

Son sözümü dodağımda saxladı,

Deyəmmədim, «Uca dağlar, əlvida!

Ay balalar, ay uşaqlar, əlvida

 

Yer üstündə ilk addımım, son izim,

Sevinc gölüm, qayğı, kədər, dənizim.

Aylı gecəm, açıq, tutqun gündüzüm,

Vaxtım, günüm, ilim, ayım, əlvida!

Tamam olan ömür payım, əlvida!

 

Şavadında axşam ocaq çatdığım,

İstisində mışıl-mışıl yatdığım.

Nəfəsimi nəfəsinə qatdığım.

Dəli Kürüm, ana Kürüm, əlvida!

Sən layla de, mən hönkürüm, əlvida!

 

Vətən üçün kaş bir şəhid olaydım,

Yaddaşlarda elə cavan qalaydım.

Öləziyib bu yaşa dolaydım,

İlham pərim, yazı masam, əlvida!

Son nəğməmi yazammasam, əlvida

 

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra  2018.- 8 avqust.- S.15.