Azərbaycanda didaktik fikrin inkişafı

 

Azərbaycan elmi-pedaqoji fikrinin ana xəttini didaktik fikrin inkişafı təşkil etdiyindən pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov “Azərbaycan pedaqogikaşünaslığı” kitabında bu sahənin nəzəri-pedaqoji və tarixi inkişafı kimi ciddi elmi-pedaqoji təhlilinə geniş diqqət yetirmişdir.

Əsərin “Azərbaycanda didaktik fikrin inkişafı” adlanan üçüncü fəslində təhsilin bütün pillələrində, xüsusilə ümumi orta təhsilin məzmununun, tədris plan və proqramlarının təkmilləşdirilməsindən, stabil dərsliklərin yaradılmasından, didaktikanın nəzəri problemlərinin tədqiqindən bəhs olunur. Didaktikanın nəzəri problemlərinin tədqiqi öz aktuallığı ilə seçilir. Belə ki, təlim və təhsil prosesinin mahiyyəti, məzmunu, prinsipləri, metodları və təşkilat formalarını öyrənən didaktika tədqiq etdiyimiz mərhələdə özünəməxsus inkişaf yolu keçmiş, Azərbaycan pedaqoqları nəyi (məzmun), kimə (yaş dərəcəsi), harada (təşkilat forması), nə üçün (məqsəd), nələrin köməyi ilə (vasitələr), necə (hansı metod və priyomların köməyi ilə) öyrətmək məsələləri ilə bağlı araşdırmalar aparmış, ictimai-iqtisadi inkişafın tələblərini öyrənməklə bu tələblərə uyğun təhsilin hər mərhələsinin məqsəd və vəzifələrini konkretləşdirmiş, həmin məqsəd və vəzifələri nəzərə alaraq təhsilin optimal məzmununu müəyyənləşdirmişlər. Didaktik tədqiqatlarda təlim prosesinin qanunauyğunluqları əsasında təhsilin məzmunu şagirdlər tərəfindən səmərəli mənimsənilmə­sini, onların tərbiyə olunması və inkişafını təmin edən yol və şərtlər də müəyyənləşdirilmişdir. Azərbaycan didaktları təhsillə bağlı xeyli metodoloji suallara cavab axtarmış, bəşəriyyətin əldə etdiyi ictimai təcrübənin, bilik və bacarıqların gənc nəslə öyrədilməsində müəllim və şagirdlərin əməyini mümkün qədər yüngülləşdirməyə çalışmış, bu prosesin optimal variantının tapılması istiqamətində ciddi araşdırmalar aparmışlar. Tədqiqatlarda təlim prosesinin obyektiv qanunauyğunluqlarının və onları şərtləndirən amillərin öyrənilməsi mühüm yer tutmuşdur. Məhz elə bunun nəticəsidir ki, nəzəriyyəçi pedaqoq-alimlərin gərgin elmi axtarışları və yaradıcılıq uğurları sayəsində Azərbaycanda təlim nəzəriyyəsi 20-ci illərdən öz inkişafının yeni mərhələsinə daxil olmuş, bitkin elmi sistemin formalaşması istiqamətində müəyyən təşəbbüslər göstərilmişdir.

30-cu illərdə məktəb haqqında rəsmi dövlət qanunlarının qəbul etdiyi qərarlar (“XMK sistemində pedaqoji təhriflər haqqında” UİK(b)PMK-nın qərarı. “Kommunist” qəzeti, 05.06.1936), didaktikanın yeni istiqamətdə inkişafını şərtləndirdi.

Bu dövrdə problemlər dövrün siyasi tələbləri səviyyəsində izah edilir, elmin nailiyyətləri nəzərə alınmırdı. Bu çox ciddi məsələ idiböyük narahatlıq doğururdu. Böyüməkdə olan nəslin elmlərin əsaslarına yiyələnməsinə kifayət qədər diqqət yetirilsə də, tədris prosesinə pedaqoji prosesin ümumi planının tərkib hissəsi kimi baxılmadığından yeni məzmunlu nöqsanlar meydana çıxmışdı. Nəzəri biliklərə həddən artıq diqqət yetirildiyindən tətbiqi biliklərə, praktik bacarıq və vərdişlərə kifayət qədər yer verilmirdi. 30-cu illərin tədris plan, proqram və dərsliklərində özünü göstərən bu qüsurlar 40-cı illərdə daha qabarıq nəzərə çarpırdı.

Didaktlar, xüsusilə Mərdan Muradxanov, Mehdi Mehdizadə, Mikayıl Rəhimli, Əşrəf Hacızadə və b. və praktiklər təlimin qanunauyğunluqlarını meydana çıxarmağa və əməli prosesində onlardan istifadə etməyin yollarını müəyyənləşdirməyə çalışdılar. Tədris prosesinin əsas komponentlərini, təlimin təşkilinin forma və metodlarının seçilməsini, təlimin stimullaşdırılmasını ehtiva edən təlim prinsiplərinin tədqiqi pedaqoji tədqiqatların mərkəzində dayandı.

Müəllif haqlı olaraq yazır ki, 30-cu illər pedaqoji mətbuatında milli kadrlar təlimin ayrı-ayrı prinsiplərindən, onların tətbiqi əhəmiyyətindən bəhs etsələr, təlim prinsiplərinin sistemini yarada bilməmiş, əsasən, Rusiya alimlərinin tədqiqatlarına əsaslansalar da, sonra yerli alimlərin tədqiqatlarında surət götürmüşdür. Y. N. Medınskinin, V. E. Qmurmanın təsnifatına istinad etmiş, daha çox həmin bölgünün təbliği ilə məşğul olmuşlar.

Yerli pedaqoqlardan Mehdi Mehdizadə təlim prinsiplərini təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin edən əsas tələblər kimi şərh edərək onları aşağıdakı kimi qruplaşdırdı:

1) təlimin tərbiyəvi xarakteri;

2) biliklərin şüurlu və möhkəm mənimsənilməsi;

3) biliklərin sistematik ardıcıl verilməsi;

4) təlimdə əyanilik;

5) uşaqların xüsusiyyətlərini maraqlarını nəzərə almaq [Bax, Mehdizadə M., Xəlilov S., Mustafayeva D. Pedaqogika. I hissə, Bakı 1941, s. 125].

50-ci illərin sonlarında çap olunanPedaqogika” [Mehdizadə M., Muradxanov M, Əfəndiyev T, Vəlixanlı İ. Pedaqogika. I hissə, Bakı ADPİ, 1958, s.74-85] tədris vəsaitində Mərdan Muradxanov təlim prosesi üçün zəruri olan aşağıdakı prinsipləri irəli sürdü: 1) əyanilik prinsipi; 2) şüurluluq fəallıq prinsipi; 3) sistematiklik prinsipi; 4) biliklərin möhkəmləndirilməsi prinsipi; 5) münasiblik prinsipi. Bu bölgü Mehdi Mehdizadənin bölgüsündən o qədər fərqlənmir. Mehdi Mehdizadə biliklərin möhkəmləndirilməsini şagirdlərin şüurlu mənimsəmələri ilə bir yerdə verdiyi halda, Mərdan Muradxanov bunları ayırır. Mehdi Mehdizadə təlimin tərbiyəvi xarakterini prinsip kimi birinci sırada verdiyi halda, Mərdan Muradxanov təlimin tərbiyəvi xarakterindən prinsip kimi, ümumiyyətlə, bəhs etmir. Halbuki o, əvvəlki tədqiqatlarında təlimin tərbiyələndirilməsi prinsipini irəli sürmüş onun məzmununu açıqlamışdı.

Təlimin səmərəliliyini artıran əsas ideya, başlıca tələb kimi öyrənilən təlim prinsiplərinin tədqiqində ən böyük uğur təlim prinsiplərinin qarşılıqlı əlaqəsinin didaktik vəhdətdə tətbiqinin elmi cəhətdən əsaslandırılması idi.

40-50-ci illərdə nəşr olunanPedaqogikadərs vəsaitlərində fərdi yanaşma təlim prinsipi kimi təqdim edilmirdi. Psixologiyada fərdi fərqlərin öyrənilməsi sahəsində əldə edilən uğurlar pedaqogika məktəb təcrübəsində fərdi yanaşma prinsipinin tətbiq olunmasında xüsusi rol oynadı. Fərdi yanaşma ilk vaxtlar yalnız didaktik prinsip kimi tətbiq olunsa da, tədricən bu prinsipin tətbiq sahəsi genişləndi, o, tərbiyə nəzəriyyəsi təcrübəsində mühüm yer tutmağa başladı.

Təlim prinsiplərinin mahiyyətinə dərindən nüfuz etmək, onlara təlim prosesinin qanunauyğunluğu kimi baxmaq vəonları təlimin digər komponentləri ilə qarşılıqlı əlaqədə araşdırmaq 70-80-ci illərdə ön plana çəkildi. Bu da, hər şeydən əvvəl, prinsiplərin yeni təsnifatında öz əksini tapdı [Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektləri. Bakı, 1983, s. 138].

Aparılmış tədqiqatlarda təlimin əməklə, həyatla əlaqələndirilməsi prinsipi (Mehdi Mehdizadə, Mərdan Muradxanov, Nurəddin Kazımov), təlimin tərbiyəedici prinsipi (Nurəddin Kazımov, Süleyman Zeynalov, İ.Ağayev), əyanilik prinsipi (Mərdan Muradxanov, Bəşir Həmədov, Teymur Rzayev, Nağı Günəşli b.), fərdi yanaşma prinsipi (Soltansəlim Axundov b.) onların qarşılıqlı əlaqəsi, təlim prosesinə tətbiqi diqqət mərkəzində oldu. Həmin dövrdə təlim prinsipləri ilə bağlı aparılmış araşdırmaların təhlili belə qənaətə gəlməyə əsas verir ki, bir çox hallarda tədqiqatçılar prinsiplərin təlimin obyektiv qanunauyğunluqları əsasında irəli sürülməsi zəruriliyini unutmuş, qanunauyğunluqların meydana çıxarılmasına diqqət yetirməmiş, prinsiplər sistem halında yox, təcrid edilmiş şəkildə, ayrı-ayrılıqda təqdim olunmuşdur.

80-ci illərdə cəmiyyətin tələbatına uyğun olaraq məktəb təcrübəsi əsasında təlimin prinsiplərinin daha da təkmilləşdirilməsi davam etdirildi.

Təlim prinsiplərini “müəllimin təlimin obyektiv qanunlarını dərk etməsi və şagirdlərə həyatı dərk etdirmək prosesində həmin qanunların tələblərinin əldə rəhbər tutulması kimi” şərh edən Bəşir Əhmədov təlimdə fəaliyyət göstərən prinsipləri üç qrupa böldü: 1) bütün sahələrdə, o cümlədən təlimdə fəaliyyət göstərən prinsiplər (ümumi prinsiplər); 2) pedaqoji prosesin bütün sahələrində, o cümlədən təlimdə fəaliyyət göstərən prinsiplər (xüsusi prinsiplər); 3) təkcə təlimə aid olan prinsiplər (spesifik prinsiplər). Təlim prinsiplərinin sistemini yaradarkən hər üç qrupun nəzərə alınması zəruriliyini vurğulayan Bəşir Əhmədov Mərdan Muradxanovdan fərqli olaraq təlimdə 13 spesifik prinsipin mövcudluğu fikrini irəli sürdü, onların hər biri haqqında ümumi təsəvvür yaratdı, onlar arasındakı əlaqənin təzahür formalarını araşdırdı, təlim prinsiplərinin sistem şəklində fəaliyyət göstərdiyini əsaslandırdı.

Azərbaycanda pedaqoji elmin inkişafı təlimin prinsipləri anlayışının da dərin didaktik işlənməsində öz əksini tapdı. Təlim prinsiplərini təlim metodlarına istinadən, onun köməyi ilə məqsədə çatmağın fəaliyyət üsulu kimi səciyyələndirən bir qrup tədqiqatçı (Yusif Talıbov, Əjdər Ağayev, İramin İsayev, Allahverdi Eminov) təlimin bütün komponentlərini (məqsəd, məzmun, vasitə, metod, nəticə) özündə əks etdirən 6 prinsip [Talıbov Y., Ağayev Ə., Kommunist tərbiyəsi metodları // “Azərbaycan məktəbi” jurnalı, 1980, ¹5, s, 45-57], Akif Abbasov, Hikmət Əlizadə 9 prinsip [Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı: Renessans, 2002, s.45- 49] müəyyənləşdirdiyi halda, Nurəddin Kazımov təlim prinsiplərini nə ad, nə də miqdar cəhətdən məqbul hesab etməyərək 13 prinsip irəli sürdü [Kazımov N., Həşimov Ə. Pedaqogika. Bakı: Maarif”, 1996, s.141].

Aparılmış tədqiqatların müqayisəli təhlilini aparan müəllif iri və xırda həcmli əsərləri, hətta jurnal məqalələrini diqqətdən kənarda saxlamamış, hər birinin başlıca nəzəri-praktik qənaətlərinə münasibət bildirmişdir. Xüsusilə təhsilin məzmunu təlim metodlarının köməyi ilə həyata keçirildiyindən pedaqoji tədqiqatlarda təlim metodlarının yeniləşdirilməsi, təkmilləşdirilməsi, həyatın tələblərinə uyğunlaşdırılması, bu sahədə optimal elmi sistemin yaradılması didaktikanın əsas problemlərindən biri kimi diqqət mərkəzində oldu, psixoloji, qneseoloji, pedaqoji aspektlərdə izah edildi.

 

(ardı var)

 

Həsən Bayramov

pedaqoji elmlər doktoru

 

Palitra  2018.- 15 avqust.- S.13.