“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”

 

Ermənistanda cərəyan edən proseslər diqqət mərkəzindədir. Xüsusilə də bu ölkədə siyasi-hüquqi xarakterli hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir tərəfdən baş tutan həbslər, digər tərəfdən sosial-iqtisadi tənəzzül, nəhayət, Rusiya ilə münasibətlərdə meydana çıxmış problemlər ciddi müzakirə və mübahisə predmetinə çevrilib.

 

Bu proseslərlə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyevyap.org.az” saytına müsahibəsində deyib ki, Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmir, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olur: “Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir. Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edirlər. İşğalçı Koçaryan-Sarkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir. Hər halda, fikrimcə, bu dəyişmədə ermənilər, həmişə olduğu kimi, yenə də alət rolunu oynamaqdadır. Əsas reallıq bundan ibarətdir ki, Ermənistanda ictimai-siyasi sabitlik pozulmuşdur və yaxın zamanlarda hadisələrin daha da kəskinləşməsinin şahidi ola biləcəyik.Qarabağ klanı” deyilən Koçaryan-Sarkisyan bandasının iqtidardan və ölkədən qovulması prosesinə start verilmişdir. Amma nəzərə alaq ki, Ermənistan bütövlükdə kriminal bir dövlətdir və Paşinyan da faktiki olaraq çevriliş yolu ilə hakimiyyətə yiyələnmişdir. Onun hansısa demokratik-hüquqi islahatlar aparacağına inanmaq lazım deyil”.

Musa Quliyev bildirib ki, Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir: “Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içərisindən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan administrasiyasının Qərb qarşısında müxtəlif referanslar etməsinə baxmayaraq, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir”.

Musa Quliyev Prezident İlham Əliyevin avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı Ermənistanla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Bəli, Prezident İlham Əliyevin çıxışı zamanı Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər həm Ermənistanın yeni rəhbərliyinə, həm də dünya birliyinə bir mesaj idi ki, Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ancaq Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrar etməməlidir. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək. Müxtəlif bəhanələrlə danışıqlardan yayınan erməni rəhbərliyi anlamalıdır ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər. Dünyanın ən güclü 50 ordusundan biri olan Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil. Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə göstərdi”.

Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistan əhalisinin əksəriyyəti və Dağlıq Qarabağdakı ermənilərin böyük bir qrupu Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır: Armeniasputnik.am” saytı Yuxarı Larsda erməni məhsullarının günlərlə blokadada qalmasını aradan qaldırmaq üçün Gürcüstan dəmir yolu vasitəsilə yüklərin Azərbaycan ərazisindən Rusiyaya daşınması mövzusunu gündəliyə gətirdi. Əlbəttə, o, bu yadasalmanı özünəməxsus şəkildə etdi. Guya, kimsə bu ideyanı ortalığa atıb, Gürcüstanda və Ermənistanda isə bu yolla yüklərin daşınmanın əleyhinədirlər”.

O bildirib ki, Nikol Paşinyan hökumətindən əvvəlki Karen Karapetyan hökuməti də bir neçə dəfə Ermənistanın Azərbaycanın nəqliyyat kommunikasiyalarına, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını müzakirə edib: Mehri dəmir yolunun İran kontekstindən açılması da Ermənistan hökumətinin müzakirə etdiyi məsələlərdən biri idi. İndi Yuxarı Larsa alternativ kimi ermənilərin Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolu daşımasını gündəliyə gətirməsi mövzunun müəyyən mənada inkişafı deməkdir. Əgər Yuxarı Larsda vəziyyət gərginləşəcəksə, erməni ictimaiyyətində, hətta Mehri dəmir yolunun açılmasını tələb edənlər tapılacaq. Ən azı N.Paşinyan hökumətinin iqtisadi proqramında kənd təsərrüfatının inkişafı çox ambisiyalı qoyulub. Ermənistanın kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar Rusiya bazarıdır. Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıyan dövlətlərin fonunda Gürcüstanla Abxaziya arasında dəmir yolu əlaqələrinin bərpası qeyri-mümkündür. Həm də indi Gürcüstan rəhbərliyinin də Ermənistana konseptual yanaşması tam dəyişib. B.İvanişvili Ermənistanı Gürcüstanın satellitinə çevirmək istəyir. Bununla da Gürcüstanın daha güclü dövlət olduğunu nümayiş etdirmək istəyir. Artan kənd təsərrüfatı yüklərinin daşınması Gürcüstandan kənar marşrutları Ermənistan üçün zəruri edir”.

 

“Hərbçilər, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçanlar da mitinq iştirakçıları arasında heç də azsaylı deyildi

“Məsələnin daha aydın tarixinin mövcudluğunu N.Paşinyanın mitinqləri ortalığa qoydu”, - deyən politoloq əlavə edib ki, möhlət hüququ uğrunda mübarizə aparan tələbələr N.Paşinyanın mitinqlərinin əsas kütləsi idi: “Hərbçilər, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçanlar da mitinq iştirakçıları arasında heç də azsaylı deyildi. Əhalinin də böyük əksəriyyəti N.Paşinyanı məhz Dağlıq Qarabağ məsələsində S.Sarkisyandan fərqli mövqeyin daşıyıcısı olduğuna görə dəstəklədilər. Mitinqlərin Dağlıq Qarabağ məsələsindəki bu imperativliyini danması N.Paşinyana baha başa gələcək. Ən azı, bu gün baş verənlər də bunu sübut edir. Ermənistan Ümummilli Hərəkatının tanınmış fəallarından Zoya Tadevosyanın ətraf əraziləri Azərbaycana qaytarmaqla bağlı çağırışı ilk dəfə deyildi. Lakin bu dəfə onu belə çağırışa inamlı edən sosial şəbəkələrin erməni seqmentində analoji çağırışların sayının hədsiz çox artması idi. Z. Tadevosyan N.Paşinyanın aşkar hədəsi qarşısında dediyi fikirlərə görə üzr istədi. Amma o, S.Sarkisyanın dövründə də, ən azı, 2 dəfə belə çağırışlar etmişdi. Heç kəs Z.Tadevosyanı üzr istəməyə vadar edə bilmədi. Respublika partiyasının rəhbərlərindən biri olan A.Aşotyan Ermənistandakı indiki vəziyyəti “bankada əqrəblə bir yerdə olmaqkimi xarakterizə etdi. 37-ci ilin Ermənistana qayıtdığını iddia edənlərin sayı çoxalır. Z.Tadevosyanın çağırışından sonra Dağlıq Qarabağın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri A.Qaramyan torpaqların Azərbaycana qaytarılması ilə bağlı erməni seqmetindəki artan çağırışlara qarşı mitinq keçirməyə çağırış etdi. Onun bu çağırışını Ermənistan parlamentinin keçmiş təhlükəsizlik komissiyasının sədri, Dağlıq Qarabağ separatçı rejiminin de-fakto baş nazirinin müavini işləmiş, iki silah zavodunun sahibi və kifayət qədər maliyyə imkanlı, daşnak A.Aqabekyan da daxil olmaqla bir sıra qatı xəstə erməni millətçiləri də dəstəklədilər. 15 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistanda bu çağırış əsasında mitinqin keçirilməsi barədə məlumata rast gəlməmişik. Buna Ermənistanda bir qrup xəstə millətçinin ifşası kimi yanaşmaq olar. Amma, hələ ki, N.Paşinyan əhalinin bu əhvali-ruhiyyəsini də görmək istəmir”.

 

Fuad Hüseynzadə

 

Palitra 2018.- 16 avqust.- S.7.