“Dağlıq Qarabağ
münaqişəsinin həllində rəsmi İrəvanın
fəaliyyəti yarıtmazdır”
Xəbər verildiyi kimi, avqustun 25-də Azərbaycana səfər edən Almaniya kansleri Angela Merkel Dağlıq Qarabağ məsələsi haqqında da fikir bildirib. Hüquq elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev “Trend”ə açıqlamasında xanım Merkelin bu fikirlərinə münasibət bildirib. O deyib ki, Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri, səfər zamanı ölkə Prezidenti İlham Əliyevlə görüşü, iş adamları ilə bir araya gəlməsi, səsləndirilən fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin, qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi və gücləndirilməsində öz sözünü deyəcək, müsbət töhfəsini verəcək.
O qeyd edib ki, Azərbaycanla Almaniya arasında illərdir davam edən xoş münasibətlər mövcuddur. Xüsusilə də Dağlıq Qarabağ məsələsində bu dövlət digər bir çox ölkələrlə müqayisədə daha ədalətli mövqe sərgiləyir:
"Heç təsadüfi deyil ki, Almaniya parlament - Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən azsaylı Qərb ölkələrindən biri və birincilərdəndir. Hətta uzun illər həm qardaş Türkiyənin, həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib və yenə də bu təkliflər gündəmdədir. Çünki Azərbaycan cəmiyyəti bu iki ölkənin ədalətli mövqe nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə cəlb edilməsində maraqlıdır və bunu da zaman-zaman dilə gətirib. Amma təəssüflər olsun ki, bizlərdən asılı olmayan səbəblərdən, hələ ki, bunlar təklif olaraq qalır. Ancaq şəxsən mən də hesab edirəm ki, əgər bu iki ölkə həmsədrliyə cəlb olunarsa, o zaman vasitəçilər missiyası tərəfindən ədalətli mövqe sərgilənməsi daha real və daha inandırıcı olar”.
M.Abdullayevin fikrincə, təsadüfi deyil ki, mətbuat konfransında A.Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın da iştirakını arzuladıqlarını bəyan etdi: “Merkel “biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik” - deyə bildirdi. Düzdür, bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib, isti mesajlar, vədlər verilib, amma reallıqda bunun nəticəsi görünməyib. Amma xanım Merkelin bu sözləri Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidlərimizi bir qədər də artırır. Yəni sülh, danışıqlar yolu ilə münaqişənin həlli limiti hələ tam tükənməyib. Bu baxımdan da çox istərdik ki, bunlar söz olaraq qalmasın və Qarabağ münaqişəsinin həlli prosesində öz müsbət rolunu oynasın”.
Politoloq vurğulayıb ki, Azərbaycan açıq, şəffaf ölkədir, hər bir ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini ortaya qoyub, lazımi addımları atıb:
“Azərbaycan zor, təhdid, təzyiq, diktə dilini sevmir, qəbul etmir. Yəni hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış edir və öz mövqeyində də israrlıdır. Odur ki, Azərbaycan hər kəslə səmimi, açıq əməkdaşlıqda maraqlıdır və qarşı tərəfdən də bunları gözləyir. Son olaraq, bir daha belə hesab edirəm ki, Merkelin səfəri hər iki ölkə və xalqın maraqlarına xidmət edir və edəcək”.
“Ermənistanda Dağlıq Qarabağ münaqişənin həllinə yanaşmada fərqlər getdikcə özünü daha çox göstərir”
Bu arada “Newtimes.az” saytında rəsmi İrəvanın Dağlıq Qarabağ siyasəti, Ermənistandakı siyasi gərginliklə bağlı araşdırma dərc edilib. Yazıda qeyd edilib ki, rəsmi İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır: “Ekspertlər bununla bağlı apardıqları analizlərində maraqlı tezislər irəli sürürlər. Onların hər biri üçün xarakterik olan cəhət Cənubi Qafqazın müstəqilliyi sırf simvolik xarakter daşıyan, faktiki olaraq kənardan idarə olunan bu forpost ölkəsində siyasi ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. Əsl səbəbkar kimi Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması göstərilir. Məsələn, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi opponentlərə qarşı qərəzli davranmama, Rusiya ilə əlaqələrə zərər verməmə və s. kimi sözlərə əməl edilmir. Əvəzində, Ermənistanın siyasi səhnəsində yerliçilik meyilləri daha da güclənir. Klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə adamları həbsə atırlar. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması və xarici siyasətdə fiaskoların artması ilə müşayiət olunur. Bu cür gedişat Ermənistanın siyasi mühitini hansı istiqamətlərə apara bilər? Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük” (Newtimes.az).
Məqalədə bildirilir ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranı daha da dərinləşdirdiyini artıq ekspertlər açıq etiraf edirlər: “Öncə "erməni məxməri inqilabı" ifadəsini işlədənlər indi baş verən hadisələrin əsl mahiyyəti barədə baş sındırırlar. Onlar daha çox erməni siyasi mühitində meydana çıxan parçalanmanın məzmununu müəyyənləşdirməyə çalışırlar. Bir qayda olaraq belə nəticə alınır ki, Ermənistan yeni siyasi mərhələ başlayıb. Onun başlıca xüsusiyyəti ziddiyyətlərin kəskinləşməyə doğru getməsi və bunun fonunda elektoratın monolitliyinin birdəfəlik pozulmasından ibarətdir. Hazırda Ermənistan üçün elə bir məsələ yoxdur ki, cəmiyyət yekdil fikirdə olsun. Bir problemdən başqa – Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İrəvanın fəaliyyəti yarıtmazdır.
Münaqişənin həllinə yanaşmada da fərqlər getdikcə özünü daha çox göstərir. Bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxırlar. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Ancaq Ermənistanın dövlət olaraq tənəzzülə uğraması və sonu görünməyən hakimiyyət uğrunda mübarizə isteriyası tamamilə fərqli psixoloji şərait yarada bilər. İndi siyasi səhnədə müşahidə edilən proseslərin analizi bu qənaətin doğruluğuna dəlalət edir”.
Araşdırmada qeyd olunur ki, daha çox maraq doğuran Nikol Paşinyanın ehtiyatlanması və özünə siyasi tərəfdaş axtarışında olmasıdır: “Görünür, N.Paşinyan öz hakimiyyətini saxlamaq və sərt addımlar atmaq üçün xalqın etimadını qazanmaq məsələsindən çəkinir. O, son anda cəmiyyətin bu kimi qeyri-populyar addımları dəstəkləyəcəyinə inanmır. Buna görə də əlavə siyasi baza yaratmağa çalışır.
Başqa səbəb qismində N.Paşinyanın komandasının monolit olmamasını göstərirlər. Əksinə, onlar öz liderləri ətrafında rəqabət mühiti yaradıblar. Belə çıxır ki, N.Paşinyanın öz qrupu arasında qeyri-sağlam rəqabət mühiti yaranıb ki, bunun da hansı nəticələr verə biləcəyi bəlli deyil. Məsələn, artıq məlumdur ki, N.Paşinyan bir sıra tərəfdarları ilə yollarını ayırmaq niyyətindədir. Buna görədir ki, baş nazirin ətrafında olanlardan bəziləri H.Sarukyanla yaxınlaşmağa cəhd edirlər. Deyək ki, S.Mikaelyan "Sarukyan" bloku ilə birlikdə kriminal avtoritet A.Banduryanın həbs cəzasının ləğv edilməsi üçün məhkəməyə müraciət edib”.
Fuad Hüseynzadə
Palitra 2018.- 28 avqust.- S.11.