Babək rayonunda yeni istehsal müəssisələri
və ailə təsərrüfatları yaradılır
Ardıcıl tədbirlərin həyata keçirilməsindən və məhsuldar fəaliyyətin təşkilindən ibarət potensialla inkişaf göstəricilərinə davam edən Babək rayonu Naxçıvan Muxtar Respublikasının makroiqtisadi göstəricilərinə öz töhfələrini verməyə davam etməkdədir. Milli iqtisadi quruculuq prosesləri baxımından da mühüm təsirə çevrilən bu amil rayonun istehsal sahəsindəki perspektivlərini daha da artırmaqdadır. Bu, eyni zamanda cəmiyyət üzvlərinin artan tələbatları qarşısında etibarlı iqtisadiyyatın təşkili və idarə olunmasında mühüm rol oynayır. Muxtar respublikamızda yaradılmış əlverişli və sağlam iqtisadi mühit Babək rayonunda da davamlı istehsal üçün zəmin yaratmışdır. Bu isə bütün hesabat dövrləri üçün pozitiv meyillərin məcmusundan ibarət göstəricilərə çevrilməkdədir. Təbii ki, belə bir şərait rayonda daxili imkanlardan da istifadə etməklə səmərəli iqtisadi fəaliyyətə stimul verməkdədir. Belə ki, cari ilin yanvar-iyul aylarında mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, yeni istehsal sahələrinin yaradılması başa çatdırılmış, iş yerləri açılmışdır. Məhz bu mənada da, qeyd etmək lazımdır ki, Babək rayonunda da bu inkişaf yüksələn xətlə davam etmiş, hesabat dövrü ərzində 8 yeni istehsal sahəsi fəaliyyətə başlamışdır. Əlbəttə ki, bu, ümumilikdə muxtar respublikada regionların istehsal gücünün artırılması sahəsində çox əlamətdar haldır.
Artan potensial rayonda iqtisadiyyatın sahə strukturu üzrə düzgün əlaqələndirilməni təmin etməyə imkan vermiş, iqtisadi vasitələrdən səmərəli və düzgün istifadə edilməsinə şərait yaratmışdır. Nəticədə isə təsərrüfat fəaliyyətinin strateji sahələrində qətiyyətli idarəetmə formalaşmışdır ki, bu da özəl sektordakı perspektivliliyi daha da artırmışdır. İstehsal amilinin üstünlük təşkil etdiyi mexanizmlər rayon iqtisadiyyatının hədəflərinə çevrilmişdir. Təbii ki, bu isə muxtar respublikada əlverişli biznes və sahibkarlıq mühitinin yaradılması fonunda iqtisadi inkişafda özəl bölmənin gücünü bir neçə dəfə artmasına stimul vermişdir. Elə bu məsələlərin səmərəli təşkilinin nəticəsidir ki, muxtar respublikada əsas makroiqtisadi göstərici olan ÜDM-də özəl sektorun çəkisi 87 faizdən artıqdır. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının dinamikliyini və onun regional mahiyyətinin yüksək olmasını göstərməkdədir. Eyni zamanda bu, muxtar respublikanın kəndlərinin, rayon və qəsəbələrinin makroiqtisadi prioritetlərin gerçəkləşməsindəki tam hazırlığını bir daha göstərməkdədir.
Çoxşaxəli iqtisadiyyat, sosiallaşma prosesləri rayonun qarşıya qoyduğu məqsədlərinə çatmasında mükəmməl vasitəyə çevrilmişdir. Bu amil, imkan vermişdir ki, iqtisadi idarəetmənin ən səmərəli yol və mexanizmlərinin müəyyən edilməsində çeviklik göstərilsin və olduqca güclü potensial yaradılsın.
Naxçıvan Muxtar Respublikası özünün sosial-iqtisadi inkişafı ilə həm də iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə və bu sahədəki fəaliyyətin stimullaşdırılmasına önəm verməkdədir. Artıq bu, muxtar respublikada dövlət siyasətinin ən mühüm tərkib hissələrinə çevrilmişdir. Sahibkarlıq fəaliyyətinə süni maneələrin aradan qaldırılması, onların istehsal, yaradıcı ideya, risklərə qarşı tədbirli olması, müqavimətliliyi kimi yetkin potensialının artırılmasına təkan vermişdir. Bir sözlə, muxtar respublikamızda həyata keçirilən iqtisad inkişaf tədbirləri bütün rayonlar kimi Babək rayonunun da davamlı tərəqqisini təmin etmişdir. Maliyyə resurslarına çıxış imkanları, müxtəlif bank və kredit təşkilatları ilə səmərəli münasibətlərin tənzimlənməsi muxtar respublikada sağlam biznes mühitinin yaradılmasına səbəb olmuşdur. Belə ki, cari ilin fevral ayının 9-da Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüş zamanı Ali Məclisin Sədri tərəfindən 11 sahibkara güzəştli kreditlərin çekləri təqdim edilmişdir ki, onlardan 4-ü Babək rayon sakinidir. Bu kreditlər rayonun kəndlərində kiçik və orta sahibkarlığın inkişafı üçün mükəmməl bazanın yaradılmasına stimul vermişdir. İqtisadi inkişaf xüsusiyyətlərinə, coğrafi yerləşməsinə, ərazinin ixtisaslaşmasına və əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə əsaslanmaqla müxtəlif istiqamətlər üzrə təsərrüfatların yaradılmasında bu proseslərin böyük əhəmiyyəti olmuşdur. Nəticədə isə rayonda iş adamlarının fəaliyyəti üçün sağlam iqtisad fəaliyyət mühiti yaranmışdır. Belə ki, ötən dövr ərzində Aşağı Buzqovdan olan Məhərrəm Eyvazov dövlət maliyyə dəstəyi hesabına yeni arıçılıq təsərrüfatı qurub. Nehrəm kəndindən olan Məhərrəm Niftəliyev, Tofiq Hüseynov və qahablı İqbal Qasımov isə İqtisadiyyat Nazirliyinin xətti ilə əldə etdikləri vəsait hesabına yeni heyvandarlıq təsərrüfatları yaradıblar. Bu, rayonda müasir dövrün faydalı təsərrüfat mexanizmlərindən olan ailə təsərrüfatlarının təşkilatlanması və məhsuldarlığının artırılması üçün zəruridir.
Babək rayonunun sosial-iqtisadi uğurları bunlarla bitmir. Qeyd edilənlərlə yanaşı, rayonun digər kəndlərindən olan Hacıvarda isə 2 yeni istehsal sahəsi fəaliyyətə başlayıb ki, bu da mövcud potensialın daha da artırılmasına xidmət etməkdədir. Rüstəm Qafarova məxsus olan quşçuluq təsərrüfatında, əsasən, inkubator yolu ilə əldə olunmuş cücələrin satışı həyata keçirilir. Elmi texniki nailiyyətlərin istehsala tətbiqindən yararlanan iş adamları öz təsərrüfatlarının məhsuldarlığına diqqəti artırmaqdadır. Bəhs edilən təsərrüfat üzrə 356 kvadratmetr ərazidə yardımçı binalar tikilib, sexdə xaricdən gətirilmiş müasir aparatlar quraşdırılıb. İnkubatorlar elektron sistemlə idarə olunur və yüksək istehsal gücünə malikdir. Burada quraşdırılan avadanlıq ildə 100 minə yaxın cücə çıxarmaq imkanına malikdir. İnkubatorlara eyni vaxtda 86 min yumurta qoymaq imkanı var. Bütün bunlar muxtar respublikada yerli imkanlar hesabına məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və idxalın məhdudlaşdırılması kimi hədəflərin təmin edilməsinə yönəlmişdir.
Rayonda təsərrüfat fəaliyyətinin bütün sahələrində bu uğurları görə bilərik. Burada əlamətdar ondan ibarətdir ki, iqtisadiyyatın aparıcı sahələrində məhsuldar fəaliyyətin təmin edilməsi mümkün olmuş və bu, özünü kəndlərin sosial-iqtisadi inkişafında göstərməkdədir. Elə Hacıvar kəndindəki istehsal potensialı bunu sübut etməkdədir. Kənddə emal müəssisəsi kimi fəaliyyəti təşkil edən İlqar Mirzəyev bu sahədəki uğurları ilə seçilməkdədir. Burada heyvandarlıq məhsullarının istehsalı prosesi həyata keçirilməkdədir. Əsasən, keçi, inək qatığı, şor, kəsmik, qaymaq olmaqla, ümumilikdə 7 növdə ağartı məhsulu istehsal olunur. Cari ilin iyun ayında fəaliyyətə başlayan müəssisə qısa bir vaxtda emal etdiyi məhsullarla yerli bazarda rəğbət qazana bilib. Yaradılan istehsal sahələrinin ən mühüm cəhəti ondan ibarətdir ki, yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin olunur. Bir vaxtlar idxal hesabına ödənilən tələbatı indi Naxçıvanda istehsal olunan məhsullar məharətlə qarşılaya bilir. Bu isə muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsini özündə əks etdirməklə yanaşı, artan perspektivləri ifadə etməkdədir.
Ümumiyyətlə, Babək rayonunun yüksək əminliklə davam edən hazırkı sosial-iqtisadi inkişaf proseslərinə diqqət edərkən burada:
- islahatların iqtisadiyyatın bütün sahələrini əhatə etdiyini və bunun keyfiyyət göstəricilərinə çevrildiyini;
- istehsal anlayışının makroiqtisadi hədəf olaraq daim aktuallığını saxladığını;
- mövcud potensialı qorunmaqla, bu baza əsasında çoxistiqamətli fəaliyyət sahələrinin yaradıldığını;
- strateji məsələ olan əhalinin məşğulluq imkanlarının daha da artdığını;
- ixracyönlü məhsul istehsalının stimullaşdırılması kimi milli iqtisadi prioritetlərə doğru qətiyyətli addım atıldığını görməkdəyik.
Təbii ki, bütün bunlarla Babək rayonunun təşkil edilməsinin 40-cı ilində çox möhtəşəm görünməkdədir. Ölkənin və muxtar respublikanın uzaq gələcək üçün müəyyən etdiyi tədbirlərinə təkan olan rayon milli iqtisadiyyat quruculuğu sahəsindəki proseslərin sürətləndirilməsinə töhfələrini verməkdədir. Digər tərəfdən bu, rayonda infrastruktur quruculuğunun əhatə dairəsinin genişliyini də göstərməkdədir. Onun sosial və istehsal sahələrinin dolğun təşkilatlanmasının ən gerçək təzahürüdür.
Beləliklə, qeyd olunanlardan da görünür ki, Babək
rayonu sosial-iqtisadi inkişaf sahəsindəki uğurlu
ardıcıllığını təmin etməkdədir. Bu isə, ümumilikdə ölkənin regional iqtisadi siyasətinin
səmərəliliyinə çox güclü dayaq
olmaqdadır. Müasir iqtisadi
şəraitin aktual məsələsini təşkil
edən bu proseslər rayonun
gələcək inkişafı üçün
böyük təsirə malik
olacaqdır.
Cavadxan Qasimov
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Palitra 2018.- 28 avqust.- S.11.