Niftalı Göyçəli: “Aşıq
Hüseyn Bozalqanlı Aşıq Ələsgərdən sonra
poeziyanın zirvəsində dayanan ustad sənətkar olub”
Yusifov Niftalı
Xanbuta oğlu (Niftalı Göyçəli) 1951-ci il
Göyçə mahalı Babacan kəndində doğulub.
ADU-nun (indiki BDU) Kitabxanaçılıq fakültəsini
bitirib, AYB üzvü və şair publisistdir. Niftalı
Göyçəli 3 epos, 4 poemanın müəllifidir.
- Niftalı müəllim, müsahibəmizə babanız Aşıq Əli haqqında qısa informasiya ilə başlayaq. Sizin əcdadlarınızda da sözə və sənətə bağlılıq olub.
- Bəli, ata-babalarım aşıq sənətinə və poeziyaya bağlı insanlar olublar. Bəlkə də mənim də aşıqlıq qabiliyyətim və şair olmağım irsi xarakter daşıyır. İfaçı aşıqlar sırasında zil səsi və geniş biliyi ilə seçilən babam Aşıq Əli Yusif oğlu 1890-cı illərdə (il dəqiq bilinmir) Göyçə mahalının Babacan kəndində anadan olub. Gilas nənəm Tovuz rayonunun Yanıqlı kəndindəndir və Hüseyn Bozalqanlı nəslinə qohumdur. Babam Aşıq Əli ilə Hüseyn Bozalqanlı arasında sənətlə əlaqədar dostluq münasibəti olmaqla Tovuz və Gədəbəy bölgəsində məclislər keçirmişlər. Aşıq Əli 50 yaşlarında dünyasını dəyişib.
- İndi isə atanız Aşıq Xanbutanın Aşıq Hüseyn Bozalqanlı ilə bağlı xatirələrini oxucularımızla bölüşərdiniz.
- Atam Aşıq Xanbuta xalq dastanlarını, eləcə də aşıq poeziyasının ustadı kimi Hüseyn Bozalqanlı yaradıcılığından əksər şeirlər bilirdi. Atam söyləyirdi: “Mən 14-15 yaşımdan əlimə saz götürüb çalıb-oxumağı bacaran vaxtlarda Göyçədən Yanıqlı kəndinə Qərib (anamın qardaşıdır) dayımgilə qonaq getmişdim. Kənddə toy vardı və Hüseyn Bozalqanlı həmin toya bir şəyirdi ilə aşıq kimi dəvət olunmuşdu. Mən toy məclisində fikirləşdim ki, ustada yaxınlaşıb tanışlıq verim, bəlkə, məni də şəyirdliyə götürə. Yaxınlaşıb ona salam verən zaman gözaltı aşıq formamı süzüb sual verdi:
- Oğul, kimlərdənsən?
- Göyçəli Aşıq Əlinin oğluyam.
- Allah rəhmət eləsin! Atan yaxşı sənətkar, gözəl insan idi. Geyimindən görünür, sən də bu sənəti seçmisən. Gəl bu sazı götür, bir-iki ağız oxu, görək ləmsin, səsin necədir.
Qorxa-qorxa sazı sinəmə alıb, “Misiri” havasına nizamlayıb oxumağa başladım, amma özümdən asılı olmayaraq dizlərim əsirdi. O zaman səsi-sorağı Moskvadan, böyük dövlət tədbirlərindən, Qafqaz ellərindən gələn ustad sənətkarın, incəsənət xadiminin qarşısında saz tutub, söz söyləmək asan iş deyildi. Hüseyn Bozalqanlının baxışı, zəhmi ağır olsa da, müraciəti, sözü adama çox doğma təsir bağışlayırdı. Mənim saz çalmağımda, oxumağımda həyəcan görüb vəziyyətimi anlayan ustad yumşaq bir səslə dedi:
- A bala, özünü itirmə, sərbəst ol, oxuyanda da tələsmə. Deyəsən, bu “Misiri” havası Göyçədə çox dəbə düşüb?
Dedim:
- Bəli...
Otuzuncu illərdə “Koroğlu” dastanı el arasında çox sevgi ilə qarşılanırdı, paşalara, xanlara olan xalq nifrəti dastanın şeirlərində əks olunduğundan o dövrün dəbində idi.
Xülasə, çətinlik olsa da, havanı oxuyub sazı yerinə qoyan zaman Aşıq Hüseyn məni məclisdən bir az kənara çəkərək:
- Gəl təzədən görüşək, - deyib məni bağrına basdı, bir “Stalin beşliyi” də cibimə basıb soruşdu:
- Tovuza, yəqin ki, Qərib dayıngilə gəlmisən?
Dedim:
- Bəli, indi Göyçəni qar basıb (noyabr), evdən bayıra çıxmaq olmur, yenə buralarda qış olsa da, havalar çölə-bayıra çıxmağa imkan verir...
Ustad azca
fikrə gedib dedi:
- Səsin
yaxşıdı, amma havacatı yaxşı tuta bilmirsən.
Amma çalışıb, hər şeyə diqqət eləsən,
zəhmət çəksən, püxtələşərsən...
Qısa söhbətdən sonra o, məclisə
qayıtdı. Mən isə sevincdən
sanki qol-qanad açıb pərvaz eləyirdim. Bu əhvalat 1939-cu ildə olmuşdu və həmin
tarixdən ustad aşığın bir kəlmə
xeyir-duası ilə çox sürətlə sənəti
lazımi səviyyədə öyrənməyə
başladım. Hansı məclisə gedirdimsə, dinləyənlərin
xoş rəğbətini qazanırdım, bu Hüseyn
Bozalqanlının üzünün nurundan, onun haqq vergisindən
irəli gəlmişdi... Allah o dahi ustada qəni-qəni rəhmət
eləsin!
-
Maraqlıdır, deyirsiniz atam Aşıq Hüseynin
xeyir-duası ilə aşıqlığa başlayıb. Bəs atanız Hüseyn Bozalqanlının hansı
şeirlərindən daha çox oxuyardı?
- Qeyd edim
ki, atam Hüseyn Bozalqanlıdan çox oxuyardı. Yaxşı yadımdadır, atam bu hadisəni
danışandan sonra sazı sinəsinə basıb ustad sənətkar
Hüseyn Bozalqanlının aşağıdakı
qoşmasını oxudu.
DÜŞMÜŞƏM
Qırxlar
piri özü verib dərsimi,
Şair cərgəsində
sana düşmüşəm.
Arif məclisində,
alim yanında
Neçə dəfə imtahana düşmüşəm.
Bir zaman əlimdə
zil bəm saz oldu,
Gözəllər mənimlə üzbəüz oldu.
Suyum
artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una dönmüşəm.
Özüm
aşiq olub gəzirəm eldə,
Qaldı
həsrət gözüm əbrişim teldə,
Ələsgər
danışan təşbeh misalda,
Hüseyn deyər, həmən günə
düşmüşəm.
Aşıq Hüseyn Bozalqanlı tarix və yaş
dövrünə görə Aşıq Ələsgərdən
sonra poeziyanın zirvəsində dayanan ustad sənətkar
olmuşdur. Ustadın şəyirdləri də saz-söz
meydanlarında öz istedadları ilə el arasında ad-san
qazanmışdılar. Otuzuncu illərdə
Azərbaycan Yazıçılar İttifaqının
üzvü olan Hüseyn Bozalqanlı Azərbaycan şifahi və
yazılı poeziyasının, saz musiqisinin dərin bilicisi
kimi, o dövr şairlərin, bəstəkarların ustad məsləhətçisi
olmuşdur. Poeziya sahəsində görkəmli
şairlər, bəstəkarlar öz xatirələrində
Hüseyn Bozalqanlıdan dəyərli məsləhətlər
aldıqlarını qeyd edirlər.
- Sovet
dövləti qurulduqdan sonra aşıq sənətində
müəyyən inkişaf başladı. Bu inkişafın nəticəsidir
ki, Hüseyn Bozalqanlı yaradıcılığına
böyük maraq yarandı...
-
Aşıq Hüseyn Bozalqanlının 1920-ci ildən sonra
ömrünün sonuna kimi (1941-ci il)
ünlü yaradıcılıq dövrü olmuşdur. Bu
dövr SSRİ məkanında olduğu kimi, Azərbaycan Sovet
Sosialist Respublikasında da mətbuatın vüsət
alması, qəzet və jurnalların nəşrlərinin
mövzularında poeziyaya geniş yer verilməsi ustad sənətkar
Hüseyn Bozalqanlının şeirlərinin ardıcıl
olaraq mətbuat səhifələrində dərc olunmasına
şərait yaratmışdır. Ruhani təhsili
görmüş və ərəb əlifbasında, eyni
zamanda yeni latın qrafikasında
yazıb-oxumağı bilən ziyalılar həmin dövrdə
barmaqla sayılırdı, onlardan ən ucada duran isə
Aşıq Hüseyn Bozalqanlı idi. Ustad sənətkar bir
şeirində də özü haqqında deyir:
QIRMIZI
Aşıqlıq
elmindən xəbərdar olan
Gəl, dolanaq bu meydanı qırmızı.
Yaxşı
düşün, sözlərimə cavab ver,
Kim seyr etdi ol rizvanı qırmızı?
De, necə
qurulub dünya binası,
Aşıqlıq sözünün nədir mənası?
Tanı,
mənəm aşıqların ustası,
Mən bilirəm yol-ərkanı qırmızı.
Aşıq
Hüseyn, telli sazdır əlində,
Hər suala cavabı var dilində.
Adı bəlli
Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.
- Aşıq Hüseyn irsi ilə bağlı dəyərli
fikirlər səsləndirdiniz. Bəs Aşıq
Hüseynin yaradıcılığı, sizcə, sonrakı
dövrlərdə niyə geniş şəkildə tədqiqata
cəlb edilməyib?
- Aşıq Hüseyn Bozalqanlının
yaradıcılığında sovet quruluşu ilə
bağlı şeirlərin olması 1953-cü ildən sonra
Stalinin “şəxsiyyətə pərəstiş” məsələsi
ilə əlaqədar dövlət səviyyəsində bir qədər
nəzərdən yayınmışdır. İrəli
sürdüyüm fikirlə əlaqədar qeyd edim ki, bütün
dövrlərdə hakimiyyət pilləsinin yuxarısında
dayanan hökmdarlar yaradıcı sənətkarlar tərəfindən
qələmə alınmaqla onların şəxsində ədalətli
hökmdar obrazları təbliğ olunmuşdur. Nizami Gəncəvinin təriflədiyi şah
obrazları tarixən despot olsalar da, əsərdə ədalətli,
elm-mədəniyyət, xalqsevər obrazı kimi
verilmişdir. Dediyimiz hallar Ə. Firdovsidə, Qətran
Təbrizidə, Məhəmməd Füzulidə və digər
qələm sahiblərində də vardır...
Ustad sənətkar
Hüseyn Bozalqanlının şeirləri sonralar, əsasən,
el aşıqları tərəfindən məclislərdə
oxunmaqla şifahi yaddaşda yer almışdır... 2018-ci ildə
Fəxrəddin və Ələddin Quliyev qardaşları tərəfindən
toplanıb iki cilddə tərtib olunan “Seçilmiş əsərləri”ində
ustad sənətkarın yaradıcılığı tam əks
olunmuşdur.
-
Dövri mətbuatda Aşıq Hüseyn Bozalqanlı və
Aşıq Ələsgərlə bağlı yazılar
çap olunur. İki ustadın
görüşləri və ədəb-ərkanla
qabaq-qabağa oxumaları haqqında mənim mətbuatda
yazılarım da işıq üzü görüb. Aşıq sənətinin bu iki dahi şəxsiyyəti
haqqında fikirlərinizi bilmək istərdik.
- Son
zamanlar Aşıq Ələsgərlə Hüseyn
Bozalqanlı arasında tarixi əlaqələr haqqında bəzi
mübahisələr meydana çıxmış və bu məsələdə
ədalətli və ya ədalətsiz fikirlər də
söylənilir. Bir həqiqət var ki, Aşıq Hüseyn
Bozalqanlının Göyçə mahalı ilə sıx əlaqəsi
Aşıq Ələsgərin xanımı Anaxanın nənə
ilə qohumluğu, Aşıq Nəcəflə kirvəliyi,
Aşıq Qurbanla siğə qardaşlığı sayəsində
yaranmışdır. Göyçə mahalından Qazax,
Tovuz, Gəncə və aran ərazilərinə gələn
aşıqlar Hüseyn Bozalqanlını görməmiş
keçinməmişlər və toy məclislərinə dəvət
olunan Hüseyn Bozalqanlı həmin aşıqları şəyirdlərinə
qoşub məclislərə göndərmişdir. Ustad sənətkarın süfrəsi, evi həmişə
Göyçə aşıqlarının üzünə
açıq olmuşdur. O zaman yüksək bədii təfəkkürə,
idraka malik Aşıq Hüseyn Bozalqanlının - Azərbaycan
Yazıçılar İttifaqının üzvü, dövlət
səviyyəsində ədəbi aləmdə yüksək
hörmətə layiq bir şəxsiyyətin imkanları da
geniş idi...
Tədqiqatçı alim, Aşıq Ələsgər
irsini toplayıb xalqa təqdim edən İslam Ələsgər
də bir neçə yazılarında Aşıq Ələsgərlə
Aşıq Hüseyn Bozalqanlının
görüşdüyünü qeyd edir. Hüseyn
Bozalqanlı da Aşıq Ələsgəri böyük ustad
adlandırmaqla, ondan öyrəndiyini qeyd edir və
Aşıq Ələsgərin dünyasını dəyişməsi
xəbərindən sarsıntı keçirib, sazını
sinəsinə basıb bir ağı şeir də
demişdir. Bundan əlavə, el
aşıqlarının dilində əzbər olan
Aşıq Ələsgərlə Aşıq Hüseyn
Bozalqanlının məclisdə saz götürüb bədahətdən
qafiyə və rədifli söz oxumalarını da çox
eşitmişik.
Aşıq sənətində bir məqama
aydınlıq gətirək. Aşıq Alıya on il şəyirdlik edən Aşıq Ələsgərin
ustadının xeyli şeirlərinin rədifləri ilə
şeirləri vardır. Bu şeirlər ustadla
şəyirdin məclislərdə üz-üzə
oxuduqları şeirlərdir. Buradakı
şeirlər məzmunundan da göründüyü kimi,
sualsız olmaqla deyişmə, bağlama məqsədli yox, məclisin
marağına xidmət etmişdir. Müqəddəs
saz alətinin sehri ilə təması nəzərə alsaq,
eyni zamanda sonsuz söz mülkünün sahibləri
Aşıq Alı ilə Aşıq Ələsgər
qarşısında bədahətdən şeir demək adi
bir hal olmuşdur. Həmin qabiliyyət
Aşıq Hüseyn Bozalqanlıda da ilahi bir vergi idi. Aşıq Ələsgərlə Aşıq
Hüseyn Bozalqanlının məclisdə eyni rədifli
şeir oxumaları deyişmə yox, məclisin marağı əsasında
sual-cavabsızdır və suallar olsaydı, deyişmə kimi
qəbul edilərdi.
Aşıq Ələsgərlə Aşıq Hüseyn
Bozalqanlının “Gəda” dodaqdəyməz divaniləri janr
üzrə, yəni dodaqdəyməz divani olaraq şeiriyyətə
iki ədəd daxil olmuşdur. Bu divanilər janr, məzmun tələbinə
görə indiyə qədər üçüncü dəfə
təkrar olunmamışdır:
(ixtisarla)
Aşıq Ələsgər:
Gizli
sirrin nahaq yerə
Gizlətdin
xannan, gəda!
Ah çəkər,
nalə edərsən.
Can gedər
cannan, gəda!
Etiqadla,
sidqidillə
Çağır
şahlar şahını;
Ah çəkər,
nalə edərsən,
Can gedər
candan, gəda!
Aşıq Hüseyn Bozalqanlı:
Aşığa
nə layiqdi,
Deyə hədyannan,
gəda!
Sən
danış həqiqətdən,
Yeddi ərkandan,
gəda!
Yeddi, yerdən,
yeddi göydən,
Yeddi sirdən
qan, gəda!
Yeddi dərdən
dərsin alsın,
Şiri-yəzdannan
gəda!
Bu şeirlərin eyni vaxtda deyilməsi elə şeirlərin
deyilişindən və sözlərin semantikasından da
görünməkdədir.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra 2018.- 29 avqust.- S.15.