XIX əsr və XX əsrin əvvəllərində
İrəvan və Naxçıvanda məscid məktəbləri
və mədrəsələr
(əvvəli
ötən sayımızda)
Əlavə “Quran”ın hecasına aşina olan mamaçalar, ruh-ölçənlər, çubuqçular və bunun əmsalı arvadlar öz evlərində başlarına qız və oğlan uşaqları yığıb dərs oxudurlar, guya, müəllimlik edirlər. Uşaqlara mətbəxlərdə, təndirxanalarda yer verib, ağızlarını əyə-əyə: əlifdə yox, bey bir altında, tey iki üstə, sey üç üstə... və bunlar kimi ağızdan belə bir cəfəngiyyat əzbərlədirlər”.
Evlərdə də təhsil forması mövcud olmuşdur ki, 1846-cı ildə “Qavqaz” qəzeti bu cəhəti diqqətə çəkərək yazırdı ki, bu cür təşkil edilmiş təhsil forması daha çox Quranın uşaq tərəfindən müstəqil oxunması məqsədi daşıyır. Qəzet yazırdı ki, hətta qadınlar da öz evlərində məktəb açır və burada qızlarla bərabər, oğlanlar da oxuyur və yazırlar.
Mənbələr belə bir maraqlı və əhəmiyyətli faktı da təsdiq edir ki, evdə “Quran məktəbi”nin çox əhəmiyyətli hissəsi qızların təlimi ilə bağlı olmuşdur. Valideynlərin arzusu ilə təşkil olunan bu “məktəblər” qızların oğlanlarla ünsiyyətinin qarşısını almaq məqsədi daşıyırdı. Burada da təhsil mətnin mexaniki oxusu (əzbərlənməsi) üzrə vərdişlərə yiyələnməyə xidmət edirdi. Qızların yazı bacarıqları əldə etməsi, demək olar ki, istisnalıq təşkil edirdi. Lakin onların əl işləri üzrə vərdişlər qazanmasına xüsusi əhəmiyyət verilirdi.
Məktəblərdə dərs ilinin başlanğıc günü,
tədris ili ərzində davamiyyətin dəqiq
müddəti yox idi.
Dərs ilinin başlanğıcı
payızın son ayları
başlayırdı ki, bu
da əhalinin təsərrüfat
qayğılarından azad olması ilə
əlaqədar idi. Məscid məktəblərində
məşğələlərin vaxtı da
dəqiq müəyyənləşdirilmirdi. Belə ki, burada məşğələlər
səhər tezdən (sübhdən) başlayır,
qaranlıq düşənə qədər davam
edirdi. Bu tədris ocaqlarında
ibtidai kurs bir, iki, yaxud
üç il
davam edirdi. Bu müddət ərzində
uşaqlar, Quranın mexaniki şəkildə əzbərlənməsi üzrə
vərdişlər əldə
etməli idilər.
Bununla belə, burada uşaqlara müəyyən
həcmdə yazı və hesab əməlləri
də öyrədilirdi.
Məscid məktəblərində təlim-tərbiyə
işinin ümumi mənzərəsi haqqında
təsəvvürlər formalaşdırmaq
niyyəti ilə belə bir cəhəti
də xüsusi olaraq göstərməliyik
ki, XIX əsrdə məscid məktəblərinin
əksəriyyəti maddi
baza cəhətdən
çox zəif şəkildə təşkil
olunmuşdu. Onların böyük əksəriyyəti
xüsusi tikilmiş məktəb binasına malik deyildi. İbtidai məktəblər müəllimin
evində, yaxud məscid yanında təşkil olunurdu.
Məktəblər tədris-təchizat cəhətdən kasıb
idi. Zəruri tədris avadanlıqları
çatışmırdı. Belə məktəblərdə, bir
qayda olaraq, yer döşənəcəklərlə-həsir,
palaz, xalça ilə döşənir, şagirdlər isə dizi üstə oturmağa məcbur edilirdilər. Müəllim-mollalar isə mizin arxasında otururdular.
Belə bir məzmuna və struktur quruluşa malik ənənəvi məktəblər
XIX əsrdə də
öz nüfuz və təsirini əhali arasında qoruyub saxlaya bilmiş, rus dövlət məktəbləri
ilə yanaşı, yetişən nəslin təlim-tərbiyəsi işində
müəyyən dərəcədə
iştirakçı olmuşdur. Bu dövrdə də məktəb və mədrəsələr vəqflər,
əhalidən xeyriyyə
məqsədi ilə toplanan vergilər (zəkat) və həmçinin təlimə
görə valideynlərin
müəllim-mollaya ödədiyi
pul və digər vəsait mənbələri hesabına
fəaliyyət göstərirdi.
Təlimə görə ödəmənin
vahid ölçüsü
olmamışdır. Çox vaxt
kasıb və kimsəsiz uşaqlar ödəniş haqqından
azad edilirdi.
XIX əsrdə və
XX əsrin əvvəllərində
ümum Azərbaycan təhsil sistemində olduğu kimi, Naxçıvan diyarında
da məscid məktəbləri struktur-məzmun
xüsusiyyətlərinə görə ibtidai təhsil ocağı kimi qalmaqda idi. Bu məktəblərin fəaliyyətindən
bəhs etməmişdən
əvvəl qeyd edək ki, Naxçıvan
əyalətindəki məscid
məktəblərinin tarixini
öyrənərkən bu
tədris ocaqlarının
İrəvan quberniyasındakı
məscid məktəblərindən
ayrı təsəvvür
etmək olmaz. Çünki əzəli-əbədi Azərbaycan torpaqları olan bu yerlər
müəyyən inzibati
ərazi bölgüsü
kimi Naxçıvan diyarına yaxın olmuş və tarixən bu iki bölgə iqtisadi-mədəni cəhətdən
sıx qarşılıqlı
əlaqə və təmasda inkişaf etmiş, birgə təhsil məkanı kimi formalaşmışdır.
Digər tərəfdən
çarizmin imperiya siyasətindən asılı
olaraq, Naxçıvan,
Şərur, Dərələyəz
və Ordubad mahallarına məxsus tarixi, mədəni-maarif sahəsi üzrə statistik məlumatlar İrəvan quberniyasının
inzibatı-ərazi bölgüsünə
dair statistikaya aid edildiyindən İrəvan
şəhəri və
qəzasındakı məscid
və məktəblər
haqqında məlumatların
da bəhs etdiyimiz problemlə bilavasitə bağlı olduğunu unutmamalıyıq.
Bütövlükdə göstərməliyik ki, İrəvan quberniyası həmişə
unikal regional mədəniyyət
kimi, ümumi Azərbaycan mədəniyyətini
zənginləşdirmiş, onun layiqli bir
hissəsi kimi şöhrət tapmışdır.
Beləliklə, unutmaq olmaz ki,
Naxçıvan, Şərur-Dərələyəz
və Ordubad mahallarının çarizmin
inzibati-ərazi bölgüsündə
İrəvan quberniyasına
daxil edilməsi bu ərazilərin tarixən formalaşmış
iqtisadi və mədəni həyatının
inkişaf dinamikasını
vəhdətdə, qarşılıqlı
əlaqədə öyrənməyi
zəruri edir. Belə bir
birgə, qarşılıqlı
əlaqəli tarixin öyrənilməsi qədim
Azərbaycan torpaqları
olan İrəvan vilayətinin təsviri üçün zəruri
şərt kimi çox əhəmiyyətli
sayıla bilər.
XIX əsrin maarif və təhsil müəssisələrinə aid arxiv materialları, həmçinin bilavasitə
bu mənbələrə
əsaslanan dövrü
nəşrlər məscidlər
və onların nəzdindəki ibtidai məktəblər, qismən
də orta və ali
tip mədrəsələri haqqında müəyyən
bilik və məlumatlar əldə etməyə imkan verir. Azərbaycanın digər bölgələrində
olduğu kimi, İrəvan və Naxçıvanda da bir qayda olaraq
məktəblər məscidlər
yanında təşkil
olunurdu. Bu cəhəti diqqətə
çəkən O.S. Yevetski
yazırdı ki, Zaqafqaziyada müsəlman əhalinin uşaqları savad təlimini zəngin məscidləri olan böyük yaşayış məntəqələrində
öz dini etiqadlarını təmsil
edən ruhanilərdən
alırlar. Müəllif daha sonra müsəlman
təhsilinin məzmunu
barədə fikirlərini
İrəvan və Naxçıvan qəzalarındakı
təhsilin nümunəsində
şərh edərək
yazırdı ki, bu məktəblərdə
təhsilin yüksək
dərəcəsi ərəb
dilini bilmək, Quranı oxumaq və aydınlaşdırmaq
bacarığı ilə
bağlıdır. Bunu
isə olduqca çox az
ruhani və əsilzadə başa düşür. Zəngin
məscidlər yanındakı
məktəblərdən başqa,
azərbaycanca savad təlimi, bəzən isə hesab, fars dili
və ərəb dilinin ilkin qaydalarının
öyrədilməsi üçün
heç bir digər tədris müəssisəsi yoxdur.
Bütün quberniyada ənənəvi
məktəblərimizin tarixini
əks etdirən məxəzlərin xronologiyasını
yaratmış olsaq, burada ilk mənbələrdən
biri kimi V. Qriqoyev tərəfindən
tərtib edilən “Statistiçeskoe opisanie Naxiçevanskoy provinçii”
əsərini göstərmək
olar. Bu statistik icmalda Naxçıvan şəhərinin məscidləri
və onların nəzdindəki məktəblər
haqqında, az
da olsa, məlumat əldə etmək olur. Müəllifin qeydlərindən aydın olur ki, “Şəhər əhalisinin, demək olar ki, əksəriyyətinin
uşaqları hər
gün qədim məscidlərdən birinə
toplaşır ki, bura onların cəlb edildiyi tədris müəssisəsi
sayılır.
Müəllif bu məktəblərdə
tədrisin məzmunu ilə bağlı fikirlərini də ifadə edərək yazırdı: “Müsəlmanların
təliminin tam kursu, demək olar ki, oxumaq və
yazmaqla tamamlanır. Ən yaxşı halda, fars
şairlərinin əsərlərini
bəlağətlə əzbər
söyləmək və
müsəlman hüququnun
qaydalarını şərh
edə bilmək təhsilin yüksək pilləsi hesab olunur. Tədrislə mollalar məşğul
olur və onlar öz şagirdlərinə
Quranın qanunlarını
izah edə bilmək üçün
xüsusi səy göstərirlər”.
Statistik icmalda Ordubad şəhəri və onun ətraf yerlərinin gözəlliklərindən xüsusi heyranlıqla danışılır. Göstərilir ki, təmiz havası, təbiəti, meyvə bağları, şəhərin görünüşü, bura gələnlərdə xoş təəssüratlar oyadır. Ordubadın Naxçıvan şəhərindən fərqli görünüşə və xüsusiyyətlərə malik olduğu da xüsusi qeyd olunur. “Ordubad şəhərində 515 ev qeydə alınmışdır ki, onların əksər hissəsi iki mərtəbəli evlərdən ibarətdir”, - deyən müəllif şəhər məscidlərinin yanındakı məktəblərin nisbətən əhatəli təsvirini verərək yazırdı: “Məktəb binaları, xüsusilə gözəldir. Xarici görünüşcə dördkünclü, divarları qarışıqsız bişmiş kərpicdən ibarətdir. Binanın daxilində kvadrat şəkilli həyətdə hovuz və suyun axını üçün ətrafına daş düzülmüş ensiz arx (qanov) var. Aşağı mərtəbədə mollalar yaşayır və uşaqlara təlim verirlər. Koridor (dəhliz) boşdur, burada hər otaq digərindən ayrıdır. Böyük qapının üstündə göy hərflərlə Qurandan dualar (ayələr-V.R.) həkk olunmuşdur. Demək olar ki, şəhərin hər bir küçəsində məscid vardır, lakin böyük məscidlər ikidir. Bunlardan biri kifayət qədər böyük, dördkünc, yastı, düz səthli kirəmitlə örtülmüş binada yerləşir. Binanın tavanı altı sütunla möhkəmləndirilmişdir. Digər böyük məscid daha çox saraya oxşayır. Məscid küçəyə baxır və ona iki sütun (ağac dirək) bərkidilmişdir. Qalan digər məscidlər eyni biçimdə tikilmişdir. Tirlərin (sütunların) üstündə kiçik otaqları olan bu məscidlərin məhəccərləri küçəyə baxır. Hər bir məscidin daxili həyətində axar suyu olan hovuzu var. Onlar (məscidlər-V.R.) axşamlar əhali ilə dolu olur. Müsəlmanlar buraya dəstəmaz almağa gəlirlər”.
Belə bir cəhəti də qeyd edək ki, İrəvan və Naxçıvan xanlıqlarının 1828-ci il Türkmənçay müqaviləsi əsasında Rusiyanın müstəmləkə əraziləri kimi tanınmasından keçən ilk on il ərzində regionun iqtisadi-təsərrüfat sahəsində vəziyyəti, etnik-demoqrafik xüsusiyyətləri, əhalinin etnoqrafiyası, məişəti, dini-mənəvi etiqadı, təhsil-maariflənmə mənbələri və s. məsələlərlə bağlı statistik məlumat xarakterli nəşrlərə hökumətin diqqət yetirdiyi müşahidə olunur. Bu nəşrlərdə məscidlər və onların yanındakı məktəblər, həmçinin İslamın təbliği işində ruhanilərin rolu, dini qurumlar və ruhanilərin bu qurumlarda tutduğu vəzifələr, gördüyü işlər və s. haqqında az, yaxud çox dərəcədə məlumat verilirdi. Belə nəşrlərdən biri “Obozrenie Rossiyskix vladenie za Kavkazom,…” adlı mənbədir. Kitabda İrəvan və Naxçıvan vilayətləri, Ordubad dairəsinin relyefi, təbiəti, suyu, iqlimi, təbii ehtiyatları, sənayesi, yol, rabitə, nəqliyyat vasitələri, əhalisi (milli tərkibi göstərilməklə) haqqında icmal xarakterli məlumatlar verilməklə yanaşı, bu bölgələrdə məktəb təhsilinin vəziyyəti də açıqlanır.
(ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru
Palitra 2018.- 30 avqust.- S.10.