“Telekanallara, saytlara, qəzetlərə baxırıq və nöqsanları qeydə alırıq”

Akademik Möhsün Nağısoylu: “Monitorinq Mərkəzi fəaliyyətə başladıqdan sonra bütün bu məsələlər tezliklə qaydaya düşəcək”

“Köhnə lüğətdə yer almış qondarma sözlər çıxarılıb və 5 mindən çox yeni söz əlavə olunub”

Azərbaycan dili hər birimizin gündəlik ünsiyyətdə olduğu doğma və əziz ana dilimizdir. Bu dilin sayəsində gözəl əsərləri oxuyur və yazırıq. Ana dilinin saflığının qorunması, işləkliliyinin təmin edilməsi, yad ünsürlərdən mühafizə olunması hər birimizin öhdəsinə düşən mühüm vəzifədir. Dilimiz olduqca zəngin bir dildir. Dilimizin zənginliyindən irəli gəlir ki, dünyanın istənilən bir dilində qələmə alınmış əsəri doğma ana dilimizə çevirə bilərik. Bizim zəngin söz ehtiyatımız var və həmçinin ana dilimiz çox qədim köklərə malikdir. Necə ki, fikirlərimizi şair İ.Cavadoğlu öz şeirində ifadə edir:

Ana dilim

Mənim ana dilim-dinim, imanım,

Qədim əcdadımın sədası, dilim!

Mənim ana dilim-şəhdi-zəbanım,

Anamın ən şirin laylası dilim!

 

Mənim ana dilim-ürəyim, odum,

Ey tarım, kamanım, qopuzum, udum.

Vaqifim, Füzulim, Dədə Qorqudum,

«Şur»umun, «Cəngi»min mayası dilim!

 

Mənim ana dilim-zər həmayilim,

Dağ üstə dağ qoyan gücə qailim.

Nəsimim, Sabirim, Şah İsmayılım,

Mənim şeir dilim, siyasi dilim!

 

Mənim ana dilim-abı kövsərim,

Qılıncım, qalxanım, hökmüm, kəsərim.

Bayatım, dastanım, minbir əsərim,

Sirli tariximin aynası dilim!

 

Mənim ana dilim-Bakım, Zəncanım,

Təbrizim, Kərküküm, türk soylu qanım.

Qafqazın günəşi Azərbaycanım,

Qızıl dan yerinin ziyası dilim!

 

Mənim ana dilim-keçmişim, ulum,

Sonsuz gələcəyə uzanan yolum.

Sən adlı vətənin qurbanı olum,

Ana vətənimin anası dilim!

 

Mənim ana dilim-qibləm, məbədim,

Özündən özünə ərmağan dedim.

Heç mindəbirini deyə bilmədim,

Ey ulu xalqımın zəkası dilim!

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur. Müsahibəni təqdim edirik:

- Azərbaycan dilinin qorunmasında, yaşadılmasında, şübhəsiz ki, aşıqlarımızın müstəsna xidmətləri olub. Onların şirin qoşmaları, gəraylıları, bayatıları və digər şeir şəkilləri xalq arasında hər zaman məşhur olub və xalq yaradıcılığını formalaşdırıb. Söhbətimizi bu yönümdə qurmaq istərdik.

- Dilimizi yaşadan sənətkarlar sırasında aşıqların, aşıq ədəbiyyatının özünəməxsus yeri var. Dirili Qurbanidən başlayaraq Sarı Aşıq, Xəstə Qasım, Abbas Tufarqanlı, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı və digər tanınmış aşıqlar ədəbi dilimizin zənginliyini və saflığını, ahəngdarlığını və axıcılığını, rəvanlığını və səlisliyini yaradan, nəsillərdən-nəsillərə ötürən, miras qoyan söz ustalarıdır. Bəli, biz bu sənətkarların əsərlərindən Azərbaycan dilinin izahlı, dialektoloji, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanmasında istifadə edirik. Sözügedən insanlar xalq dilinin canlı daşıyıcıları, mahir ifadəçiləri olublar. Yeri gəlmişkən qeyd edim ki, institutumuzun əməkdaşlarından professor İsmayıl Məmmədlinin atası Oruc aşıq olub. Bu amilin özü də aşıq ədəbiyyatının bizim üçün nə qədər doğma olmasının bir göstəricisidir. Ümumiyyətlə, aşıq ədəbiyyatı tükənməz bir söz xəzinəsidir. Bu zəngin xəzinədən yetərincə istifadə etmək, faydalanmaq bizim mənəvi borcumuzdur. Biz gələcək elmi araşdırmalarımızda da bu sahəyə xüsusi diqqət göstərmək, onlardan yetərincə bəhrələnmək niyyətindəyik.

- Aşıq poeziyasında çoxlu ərəb və fars mənşəli sözlər işlənib. Maraqlıdır ki, bu sözlər günümüzdə aşıqların əsərlərindən toplanıb bir lüğət kimi çap olunubmu? Bu təşəbbüs ədəbiyyatçılarla yanaşı, poeziyasevərlərə də yardımçı olardı. Şübhəsiz ki, bu işin öhdəsindən peşəkar dilçilər gələ bilər.

- Qeyd etdiyiniz sözlərlə bağlı ikicildlik “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti” adlı kitab var. Hətta mənim bildiyimə görə məktəblilər üçün də bu qəbildən olan ayrıca bir lüğət çap olunub. Yuxarıda adını çəkdiyim ikicildlik lüğətdə Həsənoğludan tutmuş üzü bəri bütün klassik Aərbaycan yazarlarının əsərlərində işlənən ərəb və fars mənşəli sözlər öz əksini tapıb. Həmin lüğətdə sözün ərəb və ya fars mənşəli olduğu verilib və bununla yanaşı, onların ərəb əlifbası ilə yazılışları da öz əksini tapıb. Qeyd edim ki, İslam dininin qəbulundan sonra Azərbaycan türklərinin ərəb və farslarla sıx ədəbi-mədəni əlaqələri oldu. Məhz bu əlaqələrin təsiri olaraq ədəbi dilimizə çoxlu sayda ərəb və fars sözləri daxil olub. Bu, təbii bir prosesdir. Onu da qeyd edim ki, bizim dilimizdən də fars dilinə çoxlu sayda sözlər, hətta “-çı” şəkilçisi keçib. Dillərin qarşılıqlı təsiri zamanın tələbidir və bu proses indi də davam edir.

- Bəzən ictimaiyyət, qələm sahibləri dilçi alimlərin lüğət kitabları üzərində az işləmələrindən narazılıq edirlər. Ya da bu narazılığı az tirajla çap olunan lüğət kitablarında görürük ki, bu da oxucu auditoriyasını təmin edə bilmir. Bu sahədə olan problemlərdən danışmaqla yanaşı, təklifləriniz də bizim üçün maraqlıdır.

- Akademiya sistemində kitablar, təəssüf ki, olduqca az tirajla çap olunur. Lap elə bu günlərdə “Yeni terminlərin izahlı lüğəti” adlı kitabımız çap olunub. Təəssüf ki, bu lüğət cəmi 100 nüsxədə işıq üzü görüb. 1000 səhifəyə yaxın sanballı bir kitab – araşdırma olan “İzahlı dilçilik terminləri lüğəti” də cəmi 100 nüsxədə çap olunub. Qeyd edim ki, professor Sayalı Sadıqovanın rəhbərliyi və iştirakı ilə hazırlanmış bu lüğətə böyük tələbat vardır. Bu, olduqca vacib bir məsələdir və düşünürəm ki, gələcəkdə öz həllini tapa bilər.

- Bu gün institutunuzla ictimaiyyət arasında olan əlaqələrdən söhbət açardınız. Bir yazıçı əsərini institutunuza təqdim etsə, onun kitabı üzərində dil-üslub redaktorluğunu həyata keçirmək imkanlarınız varmı? Belə bir addımın atılmasını ictimaiyyət maraqla qarşılayar və çap olunan kitablarda redaktə, korrektə səhvləri də olmaz...

- Bizim institut elmi-tədqiqat yönümlü bir qurumdur. Siz dediyiniz məsələ redaktor və korrektorların işidir. Daha doğrusu, nəşriyyatların işidir. Qeyd edim ki, sovet dövründə nəşriyyatlarda ayrıca redaktor və korrektorlar fəaliyyət göstərirdi və onlar kitabları çox diqqətlə yoxlayır, redaktə edirdilər. Məhz buna görə də həmin dövrdə çap olunan kitablarda ciddi səhvlər olmurdu. Qeyd edim ki, biz bu məsələni də qaldırmışıq. Bu istiqamətdə təkliflərimiz var. Baxın, qəzet, kitab və jurnallarda, eləcə də internet resurslarında ciddi səhvlər var. Bu problem olduqca ciddidir və tezliklə öz həllini tapmalıdır. Əvvəllər Jurnalistika fakültəsinin tələbələri bu sahədə ixtisaslaşırdılar. Həmin fakültənin məzunları nəşriyyatlarda da çalışırdılar. Bu işdə, birinci növbədə məsuliyyət daşıyan şəxs müəllifin özüdür. Ancaq bu gün senzura götürülüb və kitab çapı asanlaşıb. Buna görə də müəllif istənilən bir özəl nəşriyyatda öz kitabını yoxlanışsız-filansız çap etdirir ki, bu da günümüzdə sözügedən problemin yaranmasına səbəb olur. Yeri gəlmişkən deyim ki, televiziya kanallarındakı yazılarda ciddi səhvlər var. Ancaq bunlara qətiyyən yol vermək olmaz, çünki kitab cəmi 100-200 nüsxədə çap olunur, televizora isə milyonlarla tamaşaçı baxır.

- Günümüzdə çoxlu el şair və yazıçısı yaşayır. Onlar əsərlərini çap etdirərək oxucularla tez-tez görüşürlər. Onların çap etdirdikləri əsərlərdə ciddi dil pozuntularına rast gəlirik. Bu gün Dilçilik İnstitutunda bu prosesə nəzarət edəcək bir mexanizm varmı?

- Prezident İlham Əliyevin 2003-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” var. Bu mötəbər dövlət sənədində dil normalarının qorunması, dilin saflığının gözlənilməsi məsələləri xüsusi olaraq vurğulanır. Dövlət Proqramının müddəaları əsasında Dilçilik İnstitutunda ayrıca Monitorinq şöbəsi yaradılıb. Monitorinq şöbəsində cəmi 7 nəfər əməkdaş fəaliyyət göstərir. Şöbənin əsas vəzifəsi reklamlarda, afişalarda, saytlarda, qəzetlərdə və digər sahələrdə olan dil pozuntularının qarşısını almaqdır. Bu istiqamətdə biz yalnız maarifləndirmə işini aparırıq. Telekanallara, saytlara, qəzetlərə baxırıq və nöqsanları qeydə alırıq. Bu istiqamətdə bir neçə konfrans, “dəyirmi masa” təşkil etmişik. Bu cür tədbirlər özünün müsbət nəticələrini də verir. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılacaq Monitorinq Mərkəzi fəaliyyətə başladıqdan sonra bütün bu məsələlər tezliklə qaydaya düşəcək.

- Sizinlə olan müsahibələrimizin birində vurğulamışdınız ki, əski türk sözlərinin bərpası ilə bağlı işə başlamışıq. Və bu istiqamətdə bir lüğət də hazırlanır. Bu haqda da oxucularımıza məlumat verərdiniz.

- İnstitutun Ədəbi dil tarixi şöbəsində bu istiqamətdə hazırda iş gedir, daha doğrusu, “Türk mənşəli arxaik sözlər” lüğəti hazırlanır. Bu lüğət 2021-ci ildə yekunlaşmalıdır. Düşünürəm ki, bu lüğət ədəbi dil tarixi mütəxəssisləri, eləcə də tələbələr üçün dəyərli bir qaynaq və əsl töhfə olacaq.

- Orfoqrafiya qaydaları ilə bağlı cəmiyyətdə çox ciddi müzakirələr getdi. Müzakirələr çap məhsulları ilə yanaşı, sosial şəbəkələrdə də geniş müzakirə obyekti oldu. Bu da ictimaiyyətin dilimizə göstərdiyi qayğını tərənnüm edir. Sizin ictimaiyyətin ana dilimizə olan münasibəti haqqında fikirləriniz maraqlıdır.

- Orfoqrafiya qaydaları təsdiq üçün artıq Nazirlər Kabinetinə təqdim olunub. Güman edirəm ki, yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Burada 10-dan çox yeni qayda var. Biz buraya milli sözlərin yazılışı ilə bağlı maddələri əlavə etmişik. Lüğətdə təxminən 115 mindən çox söz əhatə olunacaq. Köhnə lüğətdə yer almış qondarma sözlər çıxarılıb və 5 mindən çox yeni söz əlavə olunub. Orfoqrafiya qaydaları ilə bağlı doqquz ay müddətində müzakirələr aparıldı. Müzakirələr faydalı oldu. Cəmiyyətin müxtəlif təbəqələrindən təkliflər aldıq. Bir sıra rayonlarda çalışan müəllimlərdən, adi insanlardan çoxlu məktublar daxil oldu. Saytlarda ciddi müzakirələr aparıldı. Həmçinin qəzetlərdə də müzakirələr getdi. Onu da qeyd edim ki, biz bu müzakirələrin mətnlərini tam şəkildə ayrıca bir kitab kimi çap edəcəyik.

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

Palitra 2018.- 1 dekabr.- S.7.