Nizami Muradoğlu: “Xalq
yaradıcılığından gələn poeziyaya
nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nizami Muradoğludur.
- Sualımıza “Koroğlu” dastanından başlamaq istərdim. Ötən əsrin əvvəllərindən sovet hökuməti “Koroğlu” dastanına böyük maraq göstərdi...
- “Koroğlu” türk dünyasının ortaq mədəniyyət nümunəsi sayılsa da, Azərbaycanla əlaqəsi daha çoxdur. Koroğlu Azərbaycan xalqının milli dastan qəhrəmanıdır. “Koroğlu” eposu ilə bağlı araşdırmaların müəlliflərindən bir çoxu əsərin qəhrəmanının təqribən XVI əsrin II yarısında yaşayıb mübarizə aparan bir igid olduğunu güman edirlər. Onlar bu dövrdə geniş yayılmış Cəlalilər hərəkatının bir qoluna məhz Koroğlunun rəhbərlik etdiyi haqqında məlumatlara söykənirlər. Dastanın Paris nüsxəsində qəhrəmanın adı Cəlali Koroğlu kimi verilib. Arakel Təbrizlinin “Tarix” (1662) kitabında I Şah Abbasın (1571-1629) hakimiyyəti dövründə Koroğlunun rəhbərlik etdiyi üsyanlar göstərilib. XVII əsrdə Övliya Çələbinin “Səyahətnamə”sində də I Şah Abbasın vaxtında baş vermiş Cəlalilər üsyanından danışılır və bu üsyanlardan birinə Koroğlunun rəhbərlik etdiyi qeyd edilir. Koroğlu haqqında yayılmış rəvayətlərdə onun əsl adının Rövşən olduğu deyilir. Onun haqqında yazılı mənbələrdə kifayət qədər məlumatlara rast gəlmək olmur. Lakin tədqiqatçıların bir qismi Koroğlunun Xorasanda, Anadoluda, əksəriyyəti Azərbaycanda olduğu haqqında məlumat verirlər. İslam Sadıq çoxlarından fərqli olaraq, bu məsələyə yeni prizmadan baxaraq Koroğlunun Cəlalilər üsyanı ilə bağlanmadığı fikrini söyləyib, xeyli sayda inandırıcı arqumentlər gətirib.
-
Maraqlıdır ki, dastanda
Koroğlu necə təsvir olunur və burada mifoloji hadisələrə rast
gəlmək mümkündürmü?
- Koroğlunun adı ilə bağlanan hadisələr “Koroğlu” dastanında öz əksini tapıb. Koroğlu dastanda igid, qəhrəman sərkərdə, istedadlı aşıq kimi təsvir edilmişdir. Onun üç silahı vardır: nərəsi, sazı-sözü və misri qılıncı. Daimi məskən seçdiyi məkan Çənlibeldir. Dastanda adları çəkilən şəxslərin əksəriyyəti tarixdə yaşamış insanlardır.
Koroğlu haqqında yayılan əfsanələrdə mifoloji ünsürlər də mövcuddur. Mifoloji mətnlərdə Koroğlunun anası, guya, işıqdan hamilə qalıb, ona görə də diri-diri basdırılaraq öldürülüb, Koroğlu qəbirdə doğulubdur. Digər əfsanəyə görə Rövşən Alı kişinin oğludur, Həsən xan atasının gözlərini çıxartdırır və bundan sonra o, xalq içində kor oğlu - Koroğlu kimi tanınır. Behruz Həqqi “Koroğlu” - tarixi-mifoloji gerçəklik” əsərində bu məsələyə münasibət bildirərək yazır: “Koroğlu” dastanının yaranması konkret tarixi dövrə aid olsa da, bizim fikrimizcə, onun kökü və əsası əsatiri dövrlə ayrılmaz surətdə bağlıdır. Xalqımızın mənəvi mədəniyyəti belə bir mülahizə irəli sürməyə əsas verir ki, ümumiyyətlə, Azərbaycanda əsatiri təfəkkürün tarixi dilin tarixindən də qədimdir. Koroğluluq, bizcə, qədim əcdadlarımız tərəfindən yeni ilin qarşılanması, yazın qışa qalib gəlməsi üçün icra edilən müqəddəs ayin olmuşdur.
- “Koroğlu” dastanı V.Xuluflu tərəfindən bir neçə dəfə yenidən işlənmiş versiyada çap olundu. V.Xuluflunun bu sahədə gördüyü xidmətlərindən söhbət açardıq. Həmçinin bu işdə Hümmət Əlizadənin də müstəsna xidmətləri olub.
- 1924-cü ildə folklorun toplanması işi ilə məşğul olan və bu işə rəhbərlik edən Vəli Xuluflunun təklifi ilə hökumət Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətində gələn ildə görüləcək folklor işlərini genişləndirmək üçün daha 200000 (iki yüz min) manat əlavə vəsait ayırmağı qərara alır.
Vəli Xuluflu 1925-ci ildən başlayaraq müxtəlif rayonlardan “Koroğlu”nun toplanıb nəşrə hazırlanması işi ilə məşğul olur və 1927-ci ildə dastanın iki qoldan ibarət ilk nəşrini, 1929-cu ildə isə dörd qoldan və on qolun xülasəsindən ibarət ikinci nəşrini həyata keçirir. Ümumiyyətlə, Vəli Xuluflu dastanı üç dəfə nəşrə hazırlamışdı. Bu haqda Azad Nəbiyev 2007-ci ildə “Elm” nəşriyyatı tərəfindən buraxılan “Koroğlu (Vəli Xuluflu nəşri – 1927)” kitabının ilk səhifələrində geniş məlumat verib.
İslam Sadıq isə “Koroğlu” dastanının Vəli Xuluflu tərəfindən 1936-cı ildə hazırlanmış daha mükəmməl bir əlyazmasını ermənilərin onun evindən apararaq İrəvanda “Koroğlu”nun erməni variantı adı ilə nəşr etdirdiklərini üzə çıxarıb. O, çoxsaylı arqumentlərlə sübut edib ki, ermənilər “Koroğlu”nun variantını yarada bilməzdilər və arxiv sənədlərinə əsasən həmin “variantın” Vəli Xuluflunun evindən aparıldığını yerli-yataqlı şəkildə açıb göstərmişdir ki, bu da koroğluşünaslıqda böyük bir hadisədir.
1937-ci ilin repressiyalarından kənarda qala bilməyən Vəli Xuluflunun “Koroğlu”nu nəşr etmək işini Hümbət Əlizadə həyata keçirmək istəyir. 1939-cu ilin yazında H.Əlizadə dastanın bizə məlum mətnini hazırlayıb nəşriyyata təqdim etdi. Az sonra folklor mətni toplamaq üçün Qazax-Şəmkir və Kəlbəcər-Qubadlı rayonlarına yola düşən H.Əlizadə 1939-cu ilin 25 iyununda Qubadlı rayonunun Əliuşağı kəndində axşam radələrində NKVD tərəfindən həbs edildi.
Hümbət Əlizadənin bu nəşri ilə bağlı bir paradoks yaşanır. Alimin “Koroğlu”nu nəşr etmək istəyinə qarşı həbs olunmasına baxmayaraq, 1940-cı ildə kitabın çapına icazə verilir, sovet-alman müharibəsinin başlanması ilə bu iş sürətləndirilir və 1941-ci ildə dastan nəşr olunur. Bunun əsas səbəbi "Koroğlu" dastanının qəhrəmanlıq səciyyəsi daşıması və düşmənə qarşı yenilməz mübarizə ruhu kəsb etməsi idi. Yüksək poliqrafik keyfiyyət və qalın üz qabığı ilə buraxılmış 225 səhifəlik kitabın doqquz min nüsxədən ibarət yüksək tirajı da xalq, o cümlədən də azərbaycanlı əsgərlər arasında qəhrəmanlıq, döyüşkənlik, düşmənə qarşı amansızlıq ruhunu gücləndirmək məqsədi daşıyırdı. Dastan, həqiqətən də, bu istiqamətdə güclü təsir imkanına malik idi və xalq arasında olduğu kimi, cəbhədə də əldən-ələ gəzirdi.
- Günümüzdə el şairlərinin yaradıcılıqlarına alimlər az-az müraciət edirlər. Onların yaratdığı elə bədii nümunələr var ki, heç də klassiklərdən və ya xalq şairlərinin yaradıcılıqlarından fərqlənmir. Düşünürəm ki, bu cür el şairlərinin həyat və yaradıcılıqları öyrənilməli və elmi ictimaiyyətə təqdim edilməlidir.
- Əslində, bu cür el şairləri kənarda qalmırlar və müəyyən dərəcədə əhatə olunurlar. El şairləri çox zaman kitab çap etdirmirlər və ya çap etdikləri kitabları da öz dost-tanışları arasında paylayırlar. Halbuki onlar çap etdirdikləri əsərlərini kitabxanalara, institutlara, elm insanlarına hədiyyə etməlidirlər ki, bu gün sizin qaldırdığınız məsələlər həll olunsun. Və yaxud “Ədəbiyyat” qəzetində, “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunmalıdır ki, elmi ictimaiyyətin diqqətini cəlb etsin. Demək istəyirəm ki, hər hansı bir araşdırmaçı, əsasən, kitabxana və mətbu orqanlardan istifadə edir. Belə demək mümkünsə, qarşısına çıxan mənbədən yararlanmağa çalışır. O ayrı bir məsələdir ki, araşdırmaçı konkret olaraq bir el şairinin həyat və yaradıcılığını öyrənirsə, o zaman həmin şairin, hətta əlyazmalarına qədər axtarır, onun mühitini öyrənir, daha çox yeni məlumatlar toplamağa çalışır.
- Şairlərin bir
çoxu modernist və
postmodernist şeirlər yazırlar. Adətən, bu şeirlər xalq ruhuna yaxın
deyildir və geniş oxucu auditoriyasına çıxa
bilmirlər. Sizin
modernist və postmodernist şeirlər
haqqında fikirləriniz
də maraqlıdır...
- İlk növbədə
sözün mahiyyətinə
varmaq lazımdır. Modern, anladığım anlamda
“müasirliyi” ehtiva edir. Biz bu
şeirin ilk nümunələrinə,
hətta “Kitabi-Dədə
Qorqud”da rast gəlirik. Sovet dövründə Azərbaycan poeziyasında
Rəsul Rza sərbəst şeirin ən gözəl nümunələrini yaratdı
və bu bir məktəb kimi formalaşdı.
Modern şeir də sərbəst şeirin bir forması olaraq özündə daha azad olmağı əks etdirir. Lakin bu o demək deyildir ki, “ucundan
tutub ucuzluğa gedəsən”. Bu modern və postmodern cərəyanlar
Avropada çoxdan yayılıb və hazırda, demək olar ki, sıradan
da çıxmaq üzrədir. Lakin bu fikirlər bizim ədəbiyyatımızda hələ
tam oturuşmamış vəziyyətdədir.
Bu cərəyanları qəbul edənlər də, etməyənlər
də var. Ümumiyyətlə,
şair və yazıçının üstünlüyü
hadisələri obrazlı
şəkildə ifadə
etməsindədir. Xalq yaradıcılığından
gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng,
səslənmə, nizam
gözəllikləri görürük.
Modernist şeirlərə baxanda heç nə görmürük və beləcə, onların daha çox söz yığını olduğu
aydın şəkildə
görünür. Amma mən
sərbəst şeirin
əleyhinə deyiləm.
Azərbaycan poeziyasının sovet dövrünə baxsaq, sərbəst şeirlərin gözəl
nümunələrinin yarandığını
görərik. Bu gün
də bu nümunələri yaradan
şairlərimiz var. Lakin
internet saytlarında, bəzi
qəzet və jurnallarda modernist və
postmodernist adı ilə
elə şeirlər çap olunur ki, adam
oxuyanda “ət tökür”. Hesab edirəm ki,
bu cür şeirlərin heç biri uzun müddət
yaşamayacaq. Sadəcə, bir dövrdür gündəmə gəlib
və xəlbirdən
keçdikdən sonra
ələnib töküləcəkdir.
- Bu gün əsərlərinizdə el şairlərinin
yaradıcılığına müraciət edirsinizmi? Ümumilikdə elmi baxımdan
alimlərimiz bölgədə
yazıb-yaradan insanların
yaradıcılıqlarına hansı səpkidə müraciət edirlər?
- Bəzi şairlər haqqında, az da olsa, yazıları dövri mətbuatlarda görürük. Gərək şair elə bir elm qazanmalıdır ki, sabah onun haqqında hər hansı bir kitab və ya dissertasiya yazılsın. Kamaləddin Qədim, Akif Səməd, İslam Sadıq, Adil Cəmil, Afaq Şıxlı, Adilə Nəzər, Xatirə Fərəcli, Fərqanə Mehdiyeva, Arzu Nehrəmli, Rüstəm Behrudi, Asim Yadigar kimi şairlər haqqında yazılarımda onların yaradıcılıqlarına toxunmuşam. Bununla yanaşı, digər alimlər də el şairlərinin yaradıcılıqları haqqında yazırlar. Bizdə Zəlimxan Yaqub haqqında da dissertasiya yazıldı və mənim də mərhum Xalq şairimiz haqqında yazılarım var. O, xalq yaradıcılığının görkəmli nümayəndəsi idi.
- Müasir dövrümüzdə el şairlərinin və sovetlər dövründə yaşayıb-yaratmış xalq şairlərinin yaradıcılığını təhlil etdikdə görürük ki, onların əksəriyyəti aşıq poeziyası üslubunda şeirlər yazıb. Klassiklərimizdən fərqli olaraq aşıq poeziyasına daha çox müraciət edilib. Sizcə, bunun elmi səbəbləri varmı?
- Nizami, Füzuli kimi dahi şairlərin yaşadıqları dövrlə müasir şairlərin yaşadıqları dövrlər tamam fərqlidir. Görürsünüz ki, Nizaminin əsərlərinin əksəriyyətinin dili fars dilidir. Çünki o dövrin poeziya dili fars dili idi. Amma bu gün hansı şairimiz fars dilində şeir yazır? Əlbəttə, şairlərimiz öz doğma dillərində yazıb-yaradırlar. Şairlərin yaşadıqları dövrlər onların yaradıcılıqlarına da həmişə təsir edib. Xəqani, Həsənoğlu, Nəsimi, Xətai və digər şairlərimizin anadilli mükəmməl poeziya nümunələri bizlərə gəlib çatıb.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 4 dekabr.- S.15.