“Ermənistanda Dağlıq Qarabağ probleminin həllinə
ədalətli yanaşmağı bacaran
siyasətçi yoxdur”
Azərbaycanın hərbi potensialının gündən-günə güclənməsi Ermənistanda təşviş yaradıb. Bu, Ermənistandakı ictimai-siyasi gərginliyin artdığı bir zamanda daha aydın hiss olunur. Qeyd edək ki, yeni yaradılmış “Lazarev klubu”nun Rusiyanın və Ermənistanın siyasi dairələri nümayəndələrinin iştirakı ilə İrəvanda keçirilən ilk iclasında da Azərbaycanın hərbi gücünün Ermənistandan üstün olduğu qeyd olunub. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-a açıqlamasında bildirib ki, iclasda diqqəti cəlb edən çıxışlardan biri də MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı olub: “O, Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb.
Ehtiyatda olan podpolkovnik V.Yevseyev bilməlidir ki, Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri istər dəqiqlik, istərsə də dağıdıcı qüvvə baxımından Azərbaycanın Belarusdan aldığı “Polonez” yaylım atəşli reaktiv sistemlərinə bütün parametrlərdə uduzur. Bütövlükdə isə “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri köhnə olmaqla yanaşı, həm də onun hədəfin vurulmasında yüksək dəqiqlik nümayiş etdirə bilməyəcəyi ehtimalları bu silahın müasir döyüş əməliyyatlarında tətbiqini bu günədək əngəlləyir. Təbii ki, külüng və beldən başqa, bir şey görməyən keçmiş hərbçi Yevseyev bunu bilməz. Əgər Ermənistan rəhbərliyi unudubsa, onlara xatırlatmaq istərdim ki, “Polonez” və “Lora”lar Azərbaycan Ordusunun üstünlüyünü təsdiq etməklə düşmən ölkənin ərazisində olan bütün hərbi və strateji obyektləri məhv etməyə qadirdir”.
Y.Aydəmirov bildirib ki, Azərbaycanın müasir silah və hərbi texnika almaqla hərbi potensialını davamlı şəkildə artırması, həmçinin ən yeni texnologiyaların tətbiqi ilə keçirdiyi hərbi təlimlərdə ordusunun döyüş qabiliyyətini yüksəltməsi bir çox dost ölkələri sevindirsə də, Ermənistanın hərbi-siyasi rejiminin əməlli-başlı təşvişə düşməsinə və narahatlığının daha da artmasına səbəb olub.
“Bu yaxınlarda həmsədr dövlətlər də atdıqları addımlarla Azərbaycanın uzun illərdir söylədiyi fikri təsdiq etmiş oldular”
Yeri gəlmişkən, millət vəkili Elman Məmmədov isə SİA-ya açıqlamasında deyib ki, Ermənistanda seçkiqabağı mübarizədə rəqiblər, tərəflər bir-birinə qarşı təxribat xarakterli bəyanatlar verirlər: “Lakin mən David Şahnazaryanın Paşinyanın Qarabağı vermək üçün hakimiyyətə gəlməsi ilə bağlı fikirlərinə inanmıram. Mən Paşinyanın belə bir fikirdə olduğunu düşünmürəm”.
O bildirib ki, Ermənistanda son baş verən hadisələr, səslənən bəyanatlar Paşinyana ona qarşı yaradılan piar kampaniyasının tərkib hissəsidir: “Paşinyanın rəqiblərini zərərsizləşdirmək üçün ən kəskin - həm ideoloji, həm də güc sahəsində bütün vasitələrdən istifadə etdiyini deyən deputat E.Məmmədov söyləyib ki, Ermənistanda hakimiyyət uğrunda gedən mübarizə ölkəmizin xeyrinə işləyən prosesdir: “Xüsusilə də Paşinyan və onun tərəfdarlarının Rusiya əleyhinə Rusiyadan uzaqlaşmaq istiqamətində verdikləri bəyanatlar, gördükləri işlər bizim xeyrimizə olan məqamlardır. Çünki bu dövləti tarixən Rusiya yaradıb, onun himayəsində olub, qonşu ölkə müdafiə edib, saxlayıb. Ermənistanın bugünkü mövcudluğunun səbəbkarı da çar Rusiyası, SSRİ və indiki Rusiya Federasiyasıdır”.
Deputatın fikrincə, bu gün Ermənistanda təmsil olunan siyasi rəhbərlər arasında normal ağıla sahib və Dağlıq Qarabağ probleminin həllinə ədalətli yanaşmağı bacaran siyasətçi yoxdur: “O siyasətçini formalaşdıran qüvvələr müxtəlifdir. Birinci növbədə bizim gücümüzün artmağı, Prezidentin dediyi kimi, uğurla apardığımız təcridetmə siyasəti, ordumuzun güclənməsi, beynəlxalq aləmdə nüfuzumuzun yüksəlməsi onların müəyyən istiqamətdə formalaşmasına səbəb olur. Digər tərəfdən onları himayə edən dövlətlərin onlara qarşı münasibəti və ədalətli mövqeyi bunları formalaşdıra bilər. Biz edirik, ancaq hələ ki, digər dövlətlərdən bunu görə bilmirik”.
E. Məmmədov qeyd edib ki, bu yaxınlarda həmsədr dövlətlər də atdıqları addımlarla Azərbaycanın uzun illərdir söylədiyi fikri təsdiq etmiş oldular: “Həmsədrlər danışıqlarda bitərəf deyil, tərəf olduqlarını göstərdilər. Hər üç həmsədr dövlətin quldur, hərbi cani olan Bako Saakyanı öz ölkəsinə dəvət etməsi, onunla isti görüşlər keçirməsi, onu Baykala istirahətə göndərməsi və digər addımlar xəbər verir ki, bunlar Ermənistana tərəfdirlər”.
Deputat əlavə edib ki, ermənilərin bir-birinə qarşı tələ qurduqlarını nəzərə alsaq, Paşinyanı ayın 9-da hansı sürpriz gözlədiyini bilmək olmaz.
“Nikol Paşinyan öz siyasi fəaliyyəti dövründə Qarabağ məsələsində heç zaman Qarabağ klanının mövqeyini dəstəkləməyib”
Politoloq Mübariz Əhmədoğlu isə SİA-ya açıqlamasında deyib ki, Ermənistanda parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dəyişikliklər olacaq. Ermənistana Rusiyadan “Lazerov” adı ilə bir qrup insanın gəldiyini xatırladan politoloq söyləyib ki, bununla Rusiya onun üçün bir nömrəli adamın Koçaryan olduğunu göstərmək istədi: “Amma səhəri gün Rusiya prezidenti Vladimir Putin KTMT-nin baş katibinin seçilməsi məsələsini təxirə saldı. Çünki, əgər Paşinyanın seçildiyi dövrdə KTMT-yə qeyri-erməni, yəni Belarus nümayəndəsi seçilsəydi, o zaman seçicilər gərək Paşinyana səs verməzdilər. Putin Paşinyanın seçkidə qalib gəlməsində maraqlıdır. Nikol Paşinyan seçilən kimi də 7 rayonun Azərbaycana qaytarılması, Meğri dəmir yolunun açılması məsələsi öz həllini tapacaq. Bu yolun açılması təkcə Azərbaycan-Ermənistan arasında əlaqələrin açılması deyil, həm də Ermənistanla Rusiya arasında əlaqənin açılması deməkdir. Bu baxımdan, düşünürəm ki, bütün məsələlər plan üzərində gedir və müsbət nəticələrini yaxın zamanda görəcəyik”.
Son günlər Ermənistanda Paşinyanın Qarabağı vermək üçün hakimiyyətə gəlməsi ilə bağlı fikirlərə münasibətini bildirən M. Əhmədoğlu söyləyib ki, buna səbəb uzun illik siyasi fəaliyyəti dövründə heç zaman Qarabağ klanının mövqeyini dəstəkləməyən Paşinyanın baş nazir seçildikdən sonra mövqeyini dəyişməsinin Ermənistanda səmimi qəbul edilməməsidir: “Həqiqətdir ki, Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan öz siyasi fəaliyyəti dövründə Qarabağ məsələsində heç zaman Qarabağ klanının mövqeyini dəstəkləməyib. Əksinə, o hər zaman Levon Ter-Petrasyanın tərəfdarı olub və onun mövqeyini dəstəkləyib. Xatırladım ki, Petrasyanın mövqeyi də işğal altında olan 7 rayonun Azərbaycana geri qaytarılması, lakin Qarabağın statusunda ermənilər üçün hansısa addım atmaqdan ibarətdir. Paşinyan, hətta “məxməri inqilab” dövründə də Dağlıq Qarabağla bağlı separatçı rejimin mövqeyini bildirməyib. Hətta o Koçaryan, Sarkisyanın Dağlıq Qarabağla bağlı dediklərini lağa qoyub. O yalnız baş nazir seçildikdən sonra Dağlıq Qarabağla bağlı mövqeyini sərtləşdirdi. 30 illik siyasi fəaliyyətinin yalnız son 3-4 ayında millətçi şüarlar səsləndirən Paşinyanın bu addımları Ermənistanda inanılmır, səmimi qəbul edilmir. Bu baxımdan, Paşinyanın bu addımları saxtakar millətçi mövqeyi hesab edilir”.
Fuad Hüseynzadə
Palitra 2018.- 4 dekabr.- S.11.