Özünəməxsus iz qoyan dəyərli alim

Mən professor Süleyman Məmmədovu 80-ci illərin birinci yarısından, Azərbaycan Dövlət Pedaqoji Universitetinə işə düzələn illərdən tanıyıram. Artıq o zaman zəhməti və istedadı mütəmadi olaraq ona uğur gətirmişdi. Keyfiyyətli elmi fəaliyyətinə görə Süleyman Məmmədov Azərbaycanda və ölkəmizdən kənarda görkəmli, istedadlı tədqiqatçı kimi tanınmışdı. Daha dəqiq desək, oxuduğum İvanovo Dövlət Universitetində diplom işi üzrə elmi rəhbərim, görkəmli şərqşünas alim-midiyevist, professor Filroze məni Süleyman Məmmədova təqdim etdi. Süleyman müəllimlə rəsmi tanışlığım 1982-ci ildən başladı. Həmin il mən Azərbaycan tarixi kafedrasının dissertantı təyin olundumSüleyman Məmmədov mənim elmi rəhbərim təsdiq edildi. Mən həmin vaxtdan Süleyman müəllimi daha yaxından tanıdım.

İllər bir-birini əvəz etdikcə Süleyman müəllimin təkcə özü ilə deyil, onun yazdığı monoqrafiyalarla, dərsliklərlə, dəyərli elmi məqalələrlə də yaxından tanış oldum. Onun təkcə elmi fəaliyyəti göstərirdi ki, o, çoxlarından fərqli həyat keçirmiş insan kimi, Azərbaycan tarixində özünəməxsus iz qoyan alimlərdəndir. Süleyman Məmmədov iradəsi, dözümü və inadkarlığı nəticəsində qısa bir müddətdə Azərbaycan tarixi ilə bağlı zəngin məxəzlərlə tanış olub. Ən əsası odur ki, Süleyman müəllim Azərbaycanda qədim erməni dilini, qaynaqlarını dərindən bilən mütəxəssis, alim-tədqiqatçı idi. Tarix elminin bu sahəsində şöhrət tapmış elmi rəhbərim Süleyman Məmmədov Vətən tariximizin bir sıra problemlərinin araşdırılmasında mühüm rol oynamışdır. Süleyman müəllim ermənilərin özlərinin qaynaqları əsasında onların neçə-neçə iftira və böhtanlarını, yalanlarını faş etdi, mötəbər qaynaqlara əsaslanaraq, onlara öldürücü elmi zərbələr vurdu. O, bir daha yəqin edir ki, mənsub olduğu millət, böyüknadir sivilizasiya mərkəzi olan Azərbaycan elm, sənət və mədəniyyət beşiyidir. Alimin yaradıcılığında nəzər-diqqəti cəlb edən əsas cəhət Azərbaycan tarixinin ayrılmaz bir parçası olan Qərbi Azərbaycanda yaşayan «bayat», «muğanlı», «ayrımlı», «kolanlı», «kürəkənli» türk tayfalarının adlarını orta əsr erməni tarixçilərinin əsərlərindən elmi dövriyyəyə gətirilməsidir.

S.A.Məmmodovun tarix elmində irəli sürdüyü bir çox mülahizələr, orta əsr inzibati və ticarət mərkəzləri olan Gəncə, Naxçıvan, Culfa, Bakı, Şamaxı və b. şəhərlərin Azərbaycanın iqtisadi həyatında oynadıqları rol məsələsi, Səfəvi-Osmanlı münaqişəsi kimi fikirlər erməni alimlərini təmin etmirdi. S.Məmmodov erkən erməni və rus mənbələri əsasında əsaslı dəlillərlə sübut edir ki, “erməni ticarət kompaniyası” Qərbin təsiri ilə pərvəriş tapmışdır.

XV-XVIII əsr Azərbaycan tarixi üzrə mütəxəssislərdən biri olan Süleyman Abbas oğlu Məmmədovun yaxşı elmi, savadı və rəvan təbi var idi. Onun tarix mövzusunda yazdığı əsərlər öz ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir.

Mən şahidiyəm ki, Süleyman müəllim nə qədər məsuliyyətli, ciddiobyektiv tədqiqatçı alimdir. Ömrünün 50 ilini Azərbaycan tarix elminin öyrənilməsinə həsr edən elmi rəhbərim elmi dövriyyəyə gətirdiyi dəyərli tədqiqat məhsulları ilə səciyyələnir. O, 400-dən çox elmi əsərin, 5 monoqrafiyanın , 19-dan çox ümumtəhsil məktəbləri üçün, 5 ali məktəblər üçün dərsliyin müəllifidir. Həmçinin 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının, 2 cildlik Naxçıvan tarixinin, 2 cildlik Naxçıvan Ensiklopediyasının hazırlanmasında iştirak edib. Süleyman müəllim 10 il fəaliyyət göstərdiyi ali məktəbdə Müdafiə Şurasının elmi katibi, 5 il həmsədri olub, 18 il Təhsil Nazirliyində fəaliyyət göstərən Elmi Metodiki Şuranın üzvü və 15 il AAK-ın “tarixsiyasi elmlər” üzrə eksperti olub.

Təsadüfi deyil ki, qədim erməni dili üzrə Azərbaycanda yeganə mütəxəssis olan Süleyman Məmmədovun iki əsəri - «XVII əsrin II yarısı - XVIII əsrin birinci otuz illiyində Azərbaycanın sosial iqtisadi həyatı» (1977), «Azərbaycan XV-XVIII əsrin I yarısı qaynaqlarında» (1993) Nyu-York Konqres Akademiyasının kitabxanasının kataloquna düşmüşdür.

Tarix elmləri doktoru, professor S.Məmmədova 2006-cı ildə «Əməkdar elm xadimi» fəxri adı verilmişdir. Vətən tarixşünaslığımızın İrəvanşünaslıq sahəsində onun qeyrətli alim fəaliyyəti də dövlətimizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə Süleyman müəllim Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Bununla bağlı olan diplomdöş nişanını Prezident şəxsən ona təqdim etmişdir.

Vətən tarixşünaslığının inkişafında yaxından iştirak edən professor S.A.Məmmədov medievist-mənbəşünas alim olaraq, vaxtaşırı ölkə tariximizin problemləri ilə bağlı yazılarla rus şərqşünas alimi V.V.Bartoldun xatirəsinə həsr olunmuş regional və beynəlxalq konfranslarda iştirak etmişdir. Onun çıxışlarının məzmunu Moskva, Sankt-Peterburq, Tbilisi, İrəvan, Bakı, Suxumi, Batumi, Kutaisinin akademik nəşrlərində çap olunmuşdur.

S.A.Məmmədov Azərbaycan Milli Ensiklopediyasının «Xüsusi cild»inin məsləhətçilərindən biridir. Onun «Avropalı səyyahlar Osmanlı imperatorluğu və Azərbaycan haqqında (XIII-XIV yüzillər)» (Ankara, 2000), «Karakoyunlular və Batı Azərbaycan» (Ankara, 2003), «Tarixdə erməni terroru (Birinci Dünya müharibəsi illərində)» (İstanbul, 2003), «Kitabi Dədə-Qorqud dastanlarının tarixi-coğrafi arealı» «Türk dünyasına baxışlar» (İstanbul, 2003) adlı məqalələri Türkiyənin nüfuzlu elmi nəşrlərində çap olunmuşdur.

Süleyman Abbas oğlu Məmmədov Vətən tariximizin gözəl elm ustası, görkəmli maarif xadimi kimi tanınmışdı. S.Məmmədov yeganə mütəxəssisdir ki, gənc nəslə tarixi keçmişlərin təcrübə və müdrikliyini üç dildə çatdırırdı. Süleyman müəllimin elmipedaqoji kadrların yetişdirilməsi sahəsində böyük əməyi çoxsaylı mükafatlarla təltif olunmuşdur.

Uzun illər ərzində Süleyman müəllimin təkcə alim, dərin düşüncəli tədqiqatçı olduğunu yox, həm də sadiq dost, gözəl ailə başçısı, elin tədbirli ağsaqqalı, istiqanlı, səmimi, sözübütöv, mərd, verdiyi vədlərə sadiq olan bir Vətən övladı olduğunu gördüm. Süleyman Məmmədov həm də mənim səmimi dostum, ağsaqqalım, müdrik alimliyinə böyük hörmət etdiyim insan oldu. Əgər bu gün mən Azərbaycan tarixinin problemlərini böyük həvəslə tədqiq edirəmsə, həmin həvəsi mənə Süleyman Məmmədov bəxş etdi.

Mən bu gün böyük fəxrlə deyə bilərəm ki, mənim elmi rəhbərim Süleyman müəllim Azərbaycanın tarix elmində öz yeri, sözü, dəst-xətti olan, qədim erməni dilini, qaynaqlarını dərindən bilən və bu istedadın köməyi ilə tarix elminin bir sıra qaranlıq məqamlarına işıq saçan, bir sıra problemləri həll edərək tarix elmində yeni səhifələr açan çox az saylı böyük alimlərimizdən biridir.

Tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi S.Məmmədov ömrünün müdrik çağlarınadək yaşadı. Yüksək əxlaqı, fəziləti və düşüncə tərzi ilə insanlara örnək olan Süleyman müəllim 30 iyul 2018-ci ildə yeni-yeni elmi nailiyyətlər arzuları ilə dünyasını dəyişdi. Allah rəhmət eləsin!

Elmira Kazım

qızı Məmmədova

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin

Azərbaycan tarixi kafedrasının

dosenti,

tarix üzrə fəlsəfə doktoru

Palitra  2018.- 5 dekabr.- S.13.