Azərbaycan
xalçasını brendləşməyə aparan yol
Dünyada sürətlə qloballaşma prosesi gedir. Müasir
dövrün cəmiyyətə bəxş etdiyi yeniliklər,
mədəni, iqtisadi inteqrasiya ölkələri və
xalqları bir-birinə daha çox
yaxınlaşdırır. Bu
yaxınlaşma fərqli mədəniyyətlərə
özünüifadə baxımından geniş qapılar
açır. Bununla belə, iqtisadi maraqlar
da arxa planda qalmır.
Bu gün
hər bir ölkə öz maraqları və maraqlı tərəfləri
ilə önə keçməyə can atır. Bu “yarış cədvəlində” ölkələrin
zəngin mədəniyyəti, dəyərləri ilə
yanaşı, onların yaratdıqları və dünyaya
ixrac etdikləri brend məhsullar da xüsusi yer tutur. Güclü brend uzunmüddətli tarixi, mədəni,
siyasi və iqtisadi inkişafın nəticəsidir. Uğurlu qlobal brendlərin olması ölkənin
tanınması və iqtisadi inkişafına böyük
töhfələr verdiyindən, bir çox dövlətlər
brendləşmənin inkişafına dəstək verir,
onların maraqlarını qoruyurlar. Milli dəyərləri
dünyada brend məhsula çevrilən dövlətlər
isə çox az saydadır.
Dünyanın inkişaf etmiş ölkələrinin
adı çəkilərkən, onların tərəqqisindən
söhbət açılarkən ilk yada düşənlərdən
biri də bu ölkələrin ixrac etdikləri brend məhsullardır. Hazırda uğurlu brendlərin
böyük hissəsi bir neçə meqabrend ölkələr
- ABŞ, Almaniya, Yaponiya, İsveçrə, Böyük
Britaniya, Fransa, İtaliya, Cənubi Koreya, Türkiyə, Rusiya
və Çin tərəfindən dünya bazarına
çıxarılır. Bu ölkələrdə
istehsal olunan məhsullardan istehlakçılar keyfiyyət
gözləyirlər və bunun müqabilində istənilən
məbləği ödəməyə hazırdırlar.
Adıçəkilən və digər
inkişaf etmiş ölkələrin brend məhsul
istehsalı asanlıqla başa gəlməyib. Onlar bir məhsulu brendə çevirmək
üçün uzun bir yol keçiblər. Bu ölkələr tarixən dünyaya özlərinə
məxsus məhsullar ixrac ediblər. Həmin
məhsullar müasir dövrümüzdəki kimi, brend
adlandırılmasa da, mahiyyət eyni olub. Onların
ticarət yolları ilə Şərqə, Cənubi Amerikaya
apardıqları, Avropada satdıqları güzgü, kitab
çapı avadanlıqları və digər texniki vasitələr,
qızıl-zinyət əşyaları, xəz dəri məmulatları
o zamanın brend məhsulları sayılırdı.
Müasir dövrdə də həmin ölkələr
güclü brendləri ilə özünəməxsus imic
yaradıblar.
ABŞ “Apple”, Yaponiya “Toshiba”, “Sony”, “Panasonic”, “Toyota”, Cənubi
Koreya “Samsung”, İsveçrə “Rolexs”, “Tissot”, Almaniya “Audi”,
“Porsche”, “Mersedes-Benz”, “Siemens”, “Adidas”, “BMW”, “Wolksvagen”,
Türkiyə “Arçelik”, “Vestel”, “Tofaş” kimi brendləri
ilə bütün dünyada məşhurdur. Qidadan
tekstilə, elektronik avadanlıqlardan avtomobil sənayesinə qədər
bütün sahələri əhatə edən bu məhsullar
uzun illərdir ki, dünya bazarında öz yerini qoruyub
saxlayır. İstehsal olunan məhsulları
brendə çevirmək üçün keyfiyyət amili əsas
götürülüb. Həmin məhsulların
təbliğat işinin düzgün qurulması da onların
brend olmasında mühüm rol oynayıb. Əlbəttə
ki, bu siyahını daha da genişləndirə bilərik.
Azərbaycan da tarixən dünya bazarına bir çox
məhsullar çıxarıb. Ölkəmizin
Böyük İpək Yolu üzərində yerləşməsi
buna öz təsirini göstərib. Azərbaycanın
dünya bazarına çıxardığı və zamanla
brendə çevrilən məhsullardan biri də
xalçadır. Xalqımızın təfəkkürünün
və istedadının məhsulu olan xalçaya həmişə
müxtəlif ölkələrdə böyük maraq olub.
Azərbaycan az saylı ölkələrdəndir
ki, milli dəyəri olan, keçmişini, tarixini əks etdirən
xalçanı brend məhsula çevirə bilib.
Bu gün dünyanın bir çox nüfuzlu muzeylərində
və şəxsi qalereyalarında saxlanılan Azərbaycan
xalçaları onların tarixən brend məhsullar kimi
alındığını və çox dəyərli
olduğunu sübuta yetirən faktlardandır.
Müasir Azərbaycan dövləti tarixi ənənəni
bərpa edərək əl üsulu ilə, milli
naxışlarla toxunan xalçaların şöhrətini
özünə qaytarmaq, onu yenidən beynəlxalq brendə
çevirmək üçün mühüm tədbirlər
həyata keçirib. Bu istiqamətdə görülən
işlər uğurla davam etdirilir.
“Azərbaycan Respublikasında xalça sənətinin
qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci
illər üçün Dövlət Proqramı”nda da
xalçanın ölkə brendi olaraq dünya bazarına
ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən
biridir.
Dövlət Proqramında qeyd olunduğu kimi,
xalçaçılıq işinin inkişafını dəstəkləyən
ölkələr, əsasən, xalçaçılıq
sahəsində ölkə brendlərinin yaradılmasına və
xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət
verirlər. Bu isə həmin ölkələrdə xalça
istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə
şərait yaradır. “Azerbaijan carpet”
(“Azərbaycan xalçası”) ölkə brendinin
yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan
xalçalarının başqa ölkə brendləri adı
altında satılmasının qarşısının
alınması baxımından olduqca əhəmiyyətlidir.
“Azerbaijan carpet” (“Azərbaycan
xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi
və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat
Nazirliyinə və “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinə tapşırılıb. Cəmiyyət İqtisadiyyat Nazirliyinin dəstəyi
ilə bu istiqamətdə mühüm işlər həyata
keçirib və artıq “Azərbaycan xalçası” brendi
yaradılıb. İndi dünya
bazarına ixrac olunan milli naxışlı
xalçalarımız “Azərbaycan brendi” adı ilə
satılır.
Ölkə rəhbərinin tapşırıqlarına
uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan xalçası” brendinin dünya bazarında
öz yerini tuta bilməsi və möhkəmlənməsi
üçün müvafiq tədbirlər həyata
keçirir.
Aydın
məsələdir ki, keyfiyyətsiz məhsul brend ola bilməz. Ona görə də
ilk növbədə keyfiyyət amilinə ciddi diqqət
yetirilir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyev “Azərxalça”nın
Xaçmaz filialının açılışında bu
xalçaların keyfiyyətini xüsusi
vurğulamışdı: “Azərbaycan xalçası
çox yüksək keyfiyyətə malikdir və onun
satış qiyməti də yüksəkdir. Beləliklə,
həm ölkə daxilində, həm də xaricdə
satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə
verəcək, ölkəmizə valyuta gələcək və
qeyri-neft sektorumuz da inkişaf edəcək”.
Bir məhsulun brendləşməsi üçün
reklam, təbliğat və marketinq işinin düzgün
qurulması da əsas şərtlərdəndir. Odur ki, “Azərxalça”
dünyanın müxtəlif ölkələrində
keçirilən beynəlxalq xalça satış-sərgilərində
iştirak edir. Həmin sərgilərdə
nümayiş etdirilən xalçalar isə “Azərbaycan
brendi” kimi təqdim olunur. 2016-2018-ci illərdə “Azərxalça”nın məhsulları Amerika Birləşmiş
Ştatlarında, Almaniyada, Rusiyada keçirilən beynəlxalq
tədbirlərdə sərgilənib və böyük maraq
oyadıb. “Azərxalça” hər il
qatıldığı DOMATEX xalça satış-sərgisi
zamanı keçirilən “Xalça dizaynı” müsabiqəsində
də iştirak edir.
Bundan başqa, Azərbaycan xalçalarının təbliğatı
məqsədilə dünyanın bu sahə üzrə
ixtisaslaşmış nüfuzlu “Halı” və “Carpet XL”
jurnalları ilə əməkdaşlıq edilir. Bu
jurnalların hər nömrəsində Azərbaycan
xalçaları reklam olunur. Daha çox
biznes sektorunda yayılan bu jurnallarda Azərbaycan
xalçalarının təbliğ olunması mühüm əhəmiyyət
daşıyır. Çünki
saylarında klassik xovlu və xovsuz xalçalara, modern
xalçalara geniş yer verən bu jurnalların əsas
oxucuları xalçaçılıq üzrə
aparıcı şirkətlərin rəhbərləri, pərakəndə
satış sektorunun nümayəndələri, ABŞ və
Avropa ölkələrində fəaliyyət göstərən
xalça satışı mərkəzlərinin,
mağazalarının təmsilçiləridir.
Azərbaycan xalçalarının milli brend kimi təbliğatında
sosial şəbəkələrin imkanlarından da istifadə
olunur. “Azərxalça”nın
rəsmi “Facebook”, “İstagram” və “Twitter” səhifələrinin
10 mindən çox izləyicisi var. Dünyanın müxtəlif
ölkələrindən olan izləyicilər hər gün
yenilənən bu səhifələrdə “Azərxalça”nın
filiallarında toxunan xalçalarla tanış olurlar. Sosial şəbəkələrdəki təbliğat
bununla bitmir. “Azərxalça”nın dəstəyi ilə
yaradılan və fəaliyyətini davam etdirən “Azerbaijan
carpet” adlı ingilis dilində olan “Facebook” səhifəsini 50
minə yaxın sosial şəbəkə istifadəçisi
izləyir. Bu səhifədə həm tarixi Azərbaycan
xalçaları, həm də “Azərxalça”nın filiallarında istehsal olunan məhsullar təbliğ
və təqdim olunur. Dünyanın 50-dən
çox ölkəsinin sosial şəbəkə istifadəçisinin
izlədiyi bu “Facebook” səhifəsinin ən çox izləyicisi
Avropa ölkələridir. Bu təbliğat
vasitələri Azərbaycan xalçasının brend məhsul
kimi tanıtımına öz töhfəsini verir.
Azərbaycan xalçası mədəni ənənələrə
əsaslanan dövlət brendidir. Bu milli brendimiz
xalqımızın özünəməxsus xüsusiyyətlərini,
tarixi və mədəni köklərini özündə cəmləşdirir.
Azərbaycan xalçasını dəyərli
edən onun tarixi çeşnilər əsasında
toxunmasıdır. Bu xalçalar öz
keyfiyyəti, gözəlliyi, qədim çeşniləri,
unikal və mənalı naxışları ilə
istehlakçının şüuruna təsir edərək
ona uzunmüddətli seçim üstünlüyü
qazandırır.
Fikirlərimizi yekunlaşdıraraq belə nəticəyə
gələ bilərik ki, istənilən məhsulun brendləşməyə
gedən yolu onun keyfiyyətindən və düzgün təbliğatından
asılıdır. Tam cəsarətlə demək olar ki, bu
istiqamətdə görülən işlər Azərbaycan
xalçasının brend məhsul kimi dünya bazarında
öz layiqli yerini tutmasına gətirib çıxarır.
Dünya təcrübəsi göstərir ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Eyni zamanda, ölkənin brendləşməsi xarici turistlərin və xarici investisiyaların cəlb edilməsinə, daxili bazarın stimullaşdırılmasına, ixrac həcminin artmasına, valyutanın möhkəmlənməsinə şərait yaradır. Milli dəyərlərini brendə çevirən dövlətlər isə həm də öz tarixlərini, mədəniyyətlərini təbliğ edirlər. Bu mənada Azərbaycan xalçasının brend məhsul kimi dünyaya ixracı çox böyük əhəmiyyətə malikdir.
Tural Səfərov
“Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi
Palitra 2018.- 6 dekabr.- S.13.