“Özümü
qərib ölkədə hiss etmədim”
Əligül Ağayev: “Demək olar ki, bütün iştirakçıların maraqla qarşıladığı “Əli və Nino turizm marşrutu” layihəsi regionumuzu turizm baxımından təqdim etməkdə çox kömək etdi”
Xəbər verdiyimiz
kimi, İran İslam Respublikasının İsfahan
Universitetində tədqiqatçıların beynəlxalq
"Harakat" festivalı baş tutub. 54 ölkədən
85 nümayəndənin təqdim etdiyi
layihələr arasında Azərbaycanı təmsil edən,
Xəzər Gənclər Evinin direktoru Əligül Ağasalam
oğlu Ağayevin "Əli və Nino
turizm marşrutu"
layihəsi 12 ən yaxşı layihədən biri seçilib. Eyni zamanda Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunun doktorantı olan
Əligül Ağayev öz
qələbə sevincini bizimlə bölüşdü.
-"Harakat" festivalının keçirilməsində
məqsəd nədir?
- İran İslam
Respublikasının Elm, Tədqiqatlar və
Texnologiya Nazirliyinin təşkilatçılığı
ilə 2008-ci ildən etibarən keçirilən “Harakat” festivalı bu il beynəlxalq səviyyədə təşkil
olundu. Festivalın keçirilməsi ilə
dünyanın ən uğurlu gənc tədqiqatçıları
İrana cəmlənir, eyni
zamanda xarici və yerli alimlər arasında əlaqələri
gücləndirir. Bu il
54 ölkədən 85 layihə təqdim olunmuşdu.
Layihələr fərdi, komanda və
universitetlər səviyyəsində təmsil olunurdu.
Festival ərzində bütün
layihələrin təqdim olunduğu sərgi,
forumlar, təqdimatlar, mühazirələr
və İranı qonaqlara tanıdan ekskursiyalar baş tutdu. Tehranda başlayan layihə Kaşan
şəhərində davam etdi, festivalın əsas mərhələsi isə
bu il İsfahan
şəhərində baş tutdu. Ümumilikdə 12 layihə ən
yaxşı tədqiqat işi olaraq seçildi ki, bunlardan biri
də məhz mənim layihəm oldu.
- Siz
bu festivalda hansı mövzuda layihə təqdim etmişdiniz?
- “Harakat” festivalında öz tədqiqat sahəmdən, turizmdən mövzu təqdim etmişdim. Bu mənim magistr işim olan Qurban Səidin “Əli və Nino” romanı əsasında yaradılmış “Əli və Nino turizm marşrutu” idi. Demək olar ki, bütün iştirakçıların maraqla qarşıladığı bu layihə, həmçinin regionumuzu turizm baxımından təqdim etməkdə çox kömək etdi.
- Layihənizin
özəlliyi nədir?
- “Əli və Nino turizm marşrutu” Məhəmməd Əsəd Bəyin 30-dan çox dünya dilinə tərcümə edilmiş, 60-dan çox ölkədə çap olunmuş Qurban Səid təxəllüsü ilə yazdığı "Əli və Nino" romanı əsasında hazırladığım bir ədəbi turizm məhsuludur. Bu əsərin seçilməsində məqsəd ölkəmizi, şəhərlərimizi özündə ən gözəl əks etdirən, XX əsrin ən gözəl eşq hekayəsi kimi qəbul olunan və Qərb dünyasında ən çox satılan əsərlərdən biri olması oldu.
Aktual olaraq turizm marşrutu Əli və Ninonun doğulub, böyüdüyü Bakı şəhərindən, ardından isə nikahlarının baş tutduğu Xınalıq kəndi, Ninonun vətəni Gürcüstanın paytaxtı Tiflis şəhəri, sonda isə cütlüyün bir-birindən ayrıldığı, Əlinin öldürüldüyü Gəncə şəhərindən ibarətdir. Səfər boyu turistlər əsərdə adıçəkilən bütün məkanlarla tanış olur, əsərin qəhrəmanlarının həyatlarına bir neçə günlük qonaq olurlar.
Potensial olaraq isə marşrutun daha da genişləndirilməsi nəzərdə tutulub, bunun üçün ən böyük maneə əsərdə Əli və Ninonun ilk səfərinin baş tutduğu, Azərbaycanın musiqi, mədəniyyət paytaxtı Şuşa şəhərinin hazırda Ermənistan işğalında olmasıdır.
Eyni zamanda Bakının komissarlar tərəfindən işğal olunduğu müddət, mart soyqırımı zamanı Əli və Nino dəniz yolu ilə İranın Ənzəli şəhərinə, oradan isə Tehrana səfər ediblər və əsərdə göstərildiyi kimi, Nino öz hamiləlik müddətini Tehranda keçirib. Festival zamanı iranlı turizm partnyorları və tədqiqatçıları ilə danışıqlar apardım ki, yaxın gələcəkdə bu hissələr də marşruta əlavə oluna bilsin.
Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda doktorantura təhsilimi davam etdirirəm və Azərbaycan üçün faydalı ola biləcək müxtəlif yeni turizm məhsullarının yaradılması üçün öz tədqiqatlarımı aparıram.
- Sizin
qələbə soydaşlarımız tərəfindən
necə qarşılandı?
- İsfahanda keçirilən
mükafatlandırma mərasimində 12 qalib
arasında Azərbaycandan Əligül Ağayev
adı səslənəndə bir
anlıq da olsa, özümü qərib ölkədə hiss etmədim. Təbriz, Ərdəbil, Marağa, Urmiya, Səhənd,
Zəncan universitetlərindən olan
soydaşlarımızın “Azərbaycan! Yaşasın Azərbaycan!”
nidaları mənim üçün qürur, sevinc və kədərin
görüşdüyü bir hiss idi.
Şimalda doğulub,
böyüsəm də, həmin an özümü şimal qədər,
cənuba da aid hiss edirdim…
- Xəzər Gənclər
Evi nə kimi layihələr
həyata keçirir?
- Artıq bir ilə yaxındır ki, Xəzər Gənclər Evinin direktoruyam. Şüvəlanda yerləşən Gənclər Evi, əsasən, Xəzər rayonunda yaşayan gənclərin sosial, mədəni və elmi istiqamətlərdə fəaliyyət göstərdikləri, şəxsi bacarıqlarını artırdıqları, dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak edən bir qurumdur. Xəzər Gənclər Evi öz layihələrini qeyri-formal təhsil, mədəniyyət layihələri, sağlam həyat təbliğatı, gənclərin iştirakçılığı, psixososial dəstək, gender məsələləri, peşə seçimi, informasiya-məsləhət, asudə vaxtın təşkili, könüllülük fəaliyyəti istiqamətlərində aparır. Cümhuriyyət irsimizi gənclərə təqdim etmək məqsədilə Cümhuriyyət həftələrində müxtəlif forum, müzakirə, kino nümayişləri, tədqiqatçılarla görüşlər keçirilib.
Yay boyu davam edən “Peşələrin yayı” layihəsində 10 peşə istiqamətində gənclərə təlimlər keçirilib.
“Gəncliyin dalğasında” festivalı gənclərin asudə vaxtının təşkili, mədəni inkişaflarına yönəlmiş bir layihə olub. “Teatr əsaslı gender” təlimi, xüsusilə Xəzər rayonu kəndləri üçün aktual olan gender problemini teatr vasitəsilə aradan qaldırmağa yönəlmişdir.
“Şəxsi bacarıqlarını kəşf et!”- təlimlər silsiləsində gənclər həyati bacarıqlarını mənimsəyir və gələcək həyata hazırlanırlar.
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi qəzəllərinə videoçarxların çəkilməsi müsabiqəsi” yaradıcı gənclərin bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyırdı.
İndiyə qədər müxtəlif layihələrdən
500-dən artıq gəncə xidmət göstərmişik
və bu, davamlı olaraq
həyata keçiriləcək. Hazırda Xəzər Gənclər
Evində 15-dən çox klub fəaliyyət göstərməkdədir
ki, bunların əksəriyyəti aktiv gənclərimiz tərəfindən təşkil
olunub.
Fuad Hüseynzadə
Palitra.-2018.-6 dekabr.-S.7.