Özü
ölsə, sözü ölməz ustadin
Əslən Qazaxın Dəmirçilər kəndindən
olan “Nəsibli” nəslindən üç qardaş (Nəsibin
nəvələri) – Nəsib, İsgəndər və Mustafa
Göyçə mahalının Daşkənd kəndində
yaşayıblar. Nəsibin Əfruz adlı bir qızı,
Mustafanın Abdulhüseyn (Molla Abdulhüseyn), Reyhan və
Sehran adlı üç övladı; İsgəndərin isə
Qəmbərəli, Fatma və Əmrəli adlı
üç övladı olub.
Bu yazıda söhbət açacağımız
aşıq Nuriddin adıçəkilən Əmrəli
kişinin nəvəsidir. Əmrəli kişi
Molla Şabanın qızı Kəklik ilə evlənmiş,
iki oğlu, iki qızı – Abid, Zabid, Xanımzər və Məhtəvan
dünyaya gəlibdir. Bütün göyçəlilər,
eləcə də daşkəndlilər kimi
sazın-sözün vurğunu olan Əmrəli kişi oğlu Abidi mahir saz
ifaçısı, telli sazının sədaları hələ
də uzaq keçmişimizdən bu günə qədər
qulaqlardan getməyən Hidayət kişinin yanına şəyirdliyə
verir. Abid sazın sirli-sehrli aləminə
baş vurduğu vaxtlarda könlündə ustadının
qızı Röyzə xanıma aşiq olur. Şəyird saza, sözə bələd olduqdan
sonra bir gün çoxdandı qəlbən sevdiyi Hidayət
kişinin qızını qaçırır. Bu məqamda
müharibədən əvvəl olmuş, ağsaqqallardan
eşitdiyim hadisəni burada qeyd etmək yerinə düşər:
– Daşkəndli Aşıq Ziyad Məmmədov Aşıq
Ələsgərin məşhur şəyirdlərindən
olan Aşıq Əsədin yanında aşıq sənətini
öyrənirmiş. Aşıqlığı,
demək olar ki, tam mənimsəyəndən sonra ustadı
Aşıq Əsədin qızı Sürayəni
götürüb Daşkəndə qaçıraraq onunla evlənir.
Onu da deyim ki, Aşıq Ziyad İkinci Dünya
müharibəsində həlak olubdur. Zəhra
və Turac adlı iki qızı olan Aşıq Ziyadın nəvə-nəticələri
hazırda Tovuz rayonunda yaşayırlar.
Abid ilə
Röyzə xanımın evliliyindən beş
oğlan, dörd qız övladı dünyaya gəlir. Bu uşaqlardan biri – Əsədulla 7 yaşında vəfat
edib. O da atasından və babasından saz
çalmağı öyrənmişdir. Xatırlayanların
söyləmələrinə görə, uşaq olmasına
baxmayaraq, sazda özünəməxsus güllər
vururdı. Haqqında məlumat vermək
istədiyim Aşıq Nuriddin də bu doqquz uşaqdan biridir.
İsgəndərov Nuriddin Abid oğlu 20 noyabr 1956-cı
ildə Basarkeçər rayonunun Daşkənd kəndində
anadan olub. Orta təhsilini Daşkənd kənd məktəbində
alıb. Tibbə böyük marağı
olduğundan sənədlərini Azərbaycan Dövlət
Tibb İnstitutuna verir. Lakin sonuncu imtahandan
məqbul qiymət ala bilmir. Tibbi təhsilə olan həvəsini
sonralar oğlu Afiyəddin davam etdirəcəkdi... Nuriddin İsgəndərov 1975-1977-ci illərdə
Çexoslovakiyada hərbi xidmətdə olduqdan sonra, təhsilini
Moskva Kooperasiya İnstitutunun Bakı filialında davam etdirir.
Hələ erkən yaşlarından aşıqlıq sənətinə
meyil göstərib, ustad aşıqların məclislərində
iştirak edib və bu sənətin sirlərinə dərindən
yiyələnməyə çalışıb. Buna səbəb kimi ana
babası Hidayət kişinin və atası Abid Əmrəli
oğlunun da təsiri az olmayıb. Nuriddin həm də vallarda, audiokasetlərdə, eləcə
də radioda aşıq havalarına qulaq asıb, özü
üçün sənəti mənimsəyib. Özünün də dəfələrlə dediyi
kimi, o, daha çox Aşıq Kamandar Əfəndiyevin və
Aşıq Əmrah Gülməmmədovun ifalarına qulaq
asıb. Beləcə, aşıq sənətini
lazımınca mənimsəyən Nuriddin artıq Daşkəndlə
bərabər, Göyçənin başqa kəndlərinə
də toylara dəvət almağa başlayır. Onu qonşu kəndlərdəki toylara daha çox həmkəndliləri
Əli və Məsim Xəlilov qardaşları aparar,
göyçəlilərə belə bir püxtə, cavan
aşığın olmasını söyləyər, onu
tanıdardılar. 1979-cu ilin bir
günü Aşıq Hacı Bayramov həmkəndlisi Abid
kişidən oğlu Nuriddinin onunla aşıqlıq etməsinə
icazə istəyir. Beləliklə,
Aşıq Hacı ilə Aşıq Nuriddin
cütlüyü aşıqlığa başlayır. Cütlük həm Göyçə
mahalının, həm də Azərbaycanın digər
bölgələrinin el məclislərində iştirak edir və
tez bir zamanda elin-obanın rəğbətini qazanırlar.
1981-ci ildə
Aşıq Hacı Bayramovla Aşıq Nuriddin birlikdə
televiziyada “Aşıq Alının Türkiyə səfəri”
dastanını söyləyib və dastanın lånt yazısı
televiziyanın “Qızıl fond”una daxil edilib. Bundan
sonra Aşıq Hacı ilə Aşıq Nuriddinin ifasında
“Əmrah” dastanı da dinləyicilərin yaddaşında
xoş bir iz buraxmışdır. Bu
gün də “YouTube” kanalında 100 minlərlə
baxış sayı olan hər iki dastan
populyarlığını saxlamaqdadır.
Aşıq
Nuriddin el şairlərindən Sərraf Şiruyə, Əli
Qurban Dastançı, Alqayıt, İsmixan, Aqil İman ilə,
aşıqlardan Hacı, Fətulla, Murad Niyazlı, İdris,
İslam, İsrayıl, İsgəndər Ağbabalı ilə,
balabançılardan Əli, Salman, Əmir ilə,
zurnaçılardan Dünyamalı, Zamaxan, Əjdər, Xasay
və b. ilə toylarda, el şənliklərində, dövlət
tədbirlərində çıxışlar etməklə
daha da məşhurlaşır. Məhz belə
də olmalı idi. Axı Aşıq
Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfin
kəndində doğulub aşıq olmamaq, XIX əsrin
tanınmış şairi Məmmədhüseynin su
içdiyi bulaqlardan su içib şair kimi yetişməmək
mümkün deyildi. Məhz Nuriddin bu
mühitin yetişdirməsi kimi ulu aşıq sənətinin
davamçısı olmalı idi. Dediklərimizə
Aşıq Hacı Bayramovun da ona ustadlığını və
sənət yoldaşlığını əlavə etsək,
Nuriddinin, sözün həqiqi mənasında, əvəzsiz
bir aşıq olduğunun şahidi oluruq.
Keçirdiyi toyların arealı çox böyük
idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən,
gah Gəncəbasardan, gah da Bərdədən – Qarabağdan gələrdi.
Onun keçirdiyi ən izdihamlı toylar Kəlbəcərin
“Sarı yer” yaylağında və Bərdədə
olardı. Elat camaatı həmişə
toylarını “Sarı yer” yaylağında edərdi. Yay aylarında Aşıq Nuriddin, Aşıq
Hacı və balabançı Əli həftələrlə
kəndə qayıtmaz, elə “Sarı yer” yaylağında
toyu-toya calayardılar. Bir dəfə doğulduğum Bərdə
rayonunun Yeni Daşkənd kəndində şahidi olduğum
bir toyda baş verən nüansı deməsəm olmaz:
Aşıq Nuriddin qohumu Əyyub kişinin qızının
toyunu idarə edirdi. Kənd camaatının xahişi ilə o
sazı kənara qoymaqla “Qarabağ şikəstəsi”ni oxudu. O qədər gözəl ifa, o qədər
gözəl boğazlar etdi ki, sanki bu sənətkar elə xanəndə
imiş. Onun ifasında “Kəsmə şikəstə”nin də öz yeri vardı. Onu
da deyim ki, şikəstə janrı məhz əvvəl
aşıq musiqisi yaradıcılığında əmələ
gəlmişdir. Aşıq Nuriddinin həmkəndlisi,
nakam taleli Aşıq Nəcəf də muğamları
aşıq havaları qədər gözəl ifa edirmiş.
Aşıq
Nuriddinin ifa etdiyi 60-dan çox saz havasının – “Dilqəmi”,
“Qaytarma”, “Cəlili”, “Göyçə qaragözü”,
“Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”,
“Göyçə gülü”, “İrəvançuxuru”,
“Dübeyti”, “Nəcəfi”, “Məmmədhüseyni”,
“Ağır şərili”, “Şahsevəni”, “Qəhrəmanı”,
“Duraxanı”, “Sarıtorpaq” və başqaları onun
repertuarında ən gözəl ifalar kimi yaddaşlarda
qalıb. Bu ifalar həm də aşıq
musiqisi xəzinəmizə əvəzsiz töhfələrdir.
Onun özündən ən çox hansı havaları
sevdiyini soruşduqda belə cavab verərdi: “Aşıq
havalarının hamısı gözəldir. Bir-birindən
ayırmaq doğru deyil. Lakin “Ağır şərili”,
“Nəcəfi”, “Dilqəmi”, “Göyçə
qaragözü”, “Göyçə gülü” daha çox
sevilən havalardandır.”
Aşıq Nuriddin saz-söz sənətinin,
soy-kökümüzə söykənən milli dəyərlərin
qorunub yaşadılmasında da danılmaz rola malik olub. Onun cavanlar
arasında apardığı maarifçi təbliğatı
gənclərin bu sənətə olan marağını daha
da artırıb, bu sənəti ucuzlaşdıranlara
qarşı mübarizədə öz misilsiz töhfələrini
verib.
1990-cı illərdən aşıq sənəti tənəzzül
dövrünü yaşayanda Aşıq Nuriddin bu hallara dözmür,
daxilən sarsılırdı. Bunu həmin illərdə
özü də dəfələrlə söyləyər,
aşıq sənətinin tarixi və milli mədəniyyətimiz
olduğunu vurğulayardı. Ustad dərsi almayan, 2-3 hava
çalmağı bacarmaqla özlərini “aşıq” elan edənlər,
harda gəldi (xüsusən, çayxanalarda)
aşıqlıq edənlər onun mənəviyyatını
büsbütün alt-üst edirdi. Məhz, bu
hallar getdikcə daha da geniş vüsət aldı və o,
daha bu sənəti davam etdirməyin mənasızlığını
anladı. Demək olar ki, Aşıq Nuriddin 1998-1999-cu
illərdən aşıqlığa son verdi.
2 dekabr 2018-ci ildə İctimai Televiziyanın “Ozan məclisi”
verilişi aşığın həyat və fəaliyyətinə
həsr olundu.
Verilişin aparıcısı, aşıq sənətinin
bilicisi, jurnalist Qorxmaz Tofiqoğlu, bu sətirlərin müəllifi
Araz Yaquboğlu, Aşıq Firudin, və Aşıq Mehdi
ustadla bağlı xatirələrini televiziya
tamaşaçıları ilə bölüşdülər.
Aşıq Nuriddin ifaçı aşıq
olmaqla yanaşı, həm də yaradıcı aşıq
idi. Onun yaradıcılığı haqda
daha geniş 2008-ci ildə çap olunan “Daşkənd
aşıqları və şairləri” kitabında məlumat
verilib. Belə ki, kitabda onun tərcümeyi-halı,
şəkli və beş şeiri – “Küsər”, “Gül
yarım”, “Eyləmə”, “Düşərsən”, “Var”
çap edilib.
Aşıq
Nuriddin 25 may 1980-ci ildə həmkəndlisi Sənubər Aslan
qızı ilə ailə qurub. Afiyəddin və
Nərminə adlı iki övladı, dörd nəvəsi
var. Evləndikdən bir neçə ay sonra – 1981-ci ildən
Şəmkir şəhərində yaşayıb. O, bir
neçə il davam edən müalicələrdən
sonra, 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində
vəfat edib, şəhər qəbiristanlığında dəfn
olunub.
Aşıq Nuriddinin özü cismən aramızda olmasa
da, sözü heç vaxt ölməyəcək, sazı
heç zaman susmayacaq. Çünki ustadın qardaşları
Aşıq Firudin, Viləddin, qardaşı oğlu
Şöhrəddin onun sənətinin
davamçılarıdır. Bu sənətin
soylu davamçıları ocaqda hər zaman olub və olacaq.
Biz buna inanırıq.
Küsər
İl qədrini
bilməyən dost,
Bir anlığa məndən küsər.
İbadəti
sevməyən dost,
Hədər yerə dindən küsər.
Kin-küdrətdən
qurub qala,
Hasar çəkmə sağa, sola.
Qismət
olanda çaqqala,
Çil toyuq da hindən küsər.
Namərd
səni dara salar,
Ürəyinə
qara salar...
Zülmət
sevən yarasalar,
Kölgədən yox, gündən küsər.
Vədəsində
düşən yarpaq,
Son günündən verər soraq.
Xaric
güllər vuran barmaq,
Sazdan küsər, simdən küsər.
Çox
olubdur qanan dostun,
Yaxşı
dostun, yaman dostun,
Ay
Nuriddin, uman dostun,
Səndən də yox, kimdən küsər?!
Gül, yarım
Dəm dəmi
gətirər, qəm də ki, qəmi,
Çox
ağlama, barı bir yol gül, yarım.
Gözlərinin
şəfqətini aparar,
Göz yaşını gözlərindən sil,
yarım.
Adını
çəkəndə dilim sevinər,
Əlinə dəyəndə əlim sevinər.
Sən
bizə gələndə elim sevinər,
Qoyma bizi intizarda, gəl, yarım.
Necə
deyim, bir baxışdan duyanam,
Nə özümə, nə özgəyə həyanam.
Mən
çətin ki, bu dərdlərə dayanam,
Bir təbibsən, əhvalımı bil, yarım.
Yadındamı, könül verdin bir bahar?
Özün
dedin: Çox eyləmə ahu-zar.
Nuriddini
qoyma çəksin intizar,
Bəs
deyilmi gözlədiyim il, yarım?!
Eyləmə
Gecə-gündüz
bayquş kimi ulamağa meyl eyləmə,
Yemək ilə doymadınsa, yalamağa meyl eyləmə.
Yaltaqlanıb,
ona-buna boyun əymə, yalmanma,
Orda-burda quyruğunu bulamağa meyl eyləmə.
Yaltaqlıqdan
kənar dolan, hünər göstər, qeyrət elə,
Yaxşılığı
özün üçün bir tükənməz sərvət
elə,
Adam kimi
doğulmusan, adamlığa hörmət elə,
Namərd olub qan meydanı bulamağa meyl eyləmə.
Açıq
gözlə həyata bax, dur, seyr elə çöl-çəməni,
Dünya varı gəldi-gedər, aldatmasın, əsla,
səni.
Hatəm
kəslər süfrə açar, yarı bölər bir tikəni,
Haram varla gün keçirib dolanmağa meyl eyləmə.
Gədadan
da bəy olarmı, hey aşsa da varı başdan,
Gözünü şöhrət bağlayar, xəbər
tutmaz bu təlaşdan.
Nuriddini məcbur
edib aralama yar-yoldaşdan,
Sör-söyüdü xan çinara calamağa meyl eyləmə.
Düşərsən
Yaxın
dosta fənd işlətmə, özün felə düşərsən,
El dalınca heç danışma, eldən-elə
düşərsən.
Yaxşı
yaşa, el dalınca həsrət çəksin qoy sənin,
Yaman olsan, yada düşməz aya, ilə düşərsən.
Həyat
sənə bəxş olunub, zərif anla, zər
düşün,
Alçalan
kim, ucalan kim, boş taxtları, bir
düşün.
Sadiq
dostun qoy bir olsun dərdinizi bölüşün,
Hər yetənə sirr verərsən, yaman dilə
düşərsən.
Hey
ağlayar, göz qurumaz, zəhər bala düşəndə,
Parçalayıb eyni ürək sağa, sola düşəndə.
Köç
qatarın hazır olub, karvan yola düşəndə,
Axtarmaqla, ay Nuriddin, hardan ələ düşərsən?!
Var
Eşq
oduna alovlanan, canı oda yaxdı var,
Haqq aşiqi bu dünyada həqiqətdi, haqdı, var.
Biri
çıxar, biri düşər bir qanundur əzəldən,
Bel bağlama bu dünyaya, bir ötəri taxtı var.
Bu gəlişin,
ey nazənin, necə düşdü yerinə,
Dəli könül pərvaz edib çıxdı
dağlar seyrinə.
Adam var
ki, bu dünyada qoyulmazmış yerinə,
Qızıl deyil, gümüş deyil, qızıldanca
baxtı var.
Nuriddinəm,
necə dözüm belə ahu-fəryada,
Bəxtin gülə, xoş gələsən həm
qohuma, həm yada.
Təmiz
dolan, təmiz adın qoy yaşasın dünyada,
Pis əməllər açılacaq, o ki, başa
qalxdı var.
Araz Yaquboğlu,
tədqiqatçı
Palitra.-2018.-14 dekabr.-S.15.