Azərbaycanlı
gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz
ixtira edib
Misirdə keçirilən “Uptown
Stars” musiqi müsabiqəsində ilk dəfə həmyerlimiz
508 iştirakçı arasından final mərhələsinə
qədər yüksəlməyi bacarıb
Bu günlərdə Misirin paytaxtı Qahirə şəhərində
"Uptown Stars" musiqi müsabiqəsi keçirilib. Bu müsabiqədə
ilk dəfə həmyerlimiz Sandi ElNenay yüksək peşəkarlıqla
pianoda ifa edərək 508 iştirakçı arasından
final mərhələsinə qədər yüksəlməyi
bacarıb. Sandi ElNenay öz sevincini özəl
olaraq “Palitra” ilə bölüşdü. Qeyd edək ki, Sandi ElNenay 14 yaşındadır
(30/04/2004), 9-cu sinifdə oxuyur və 6 dildə
danışır (Azərbaycan, ingilis, türk, fransız, ərəb,
rus). Hazırda Çin dilini öyrənir,
ABRSM Musiqi Akademiyasını bitirib. Bununla
yanaşı, bütün növlərdə rəsm çəkməyi
sevir. Rəsm üzrə bir çox beynəlxalq
müsabiqələrin qalibi olub. Eyni zamanda
idmanla da məşğul olur. Üzgüçülük
üzrə Qahirədə klublarda keçirilən müsabiqələrdə
1, 2, 3-cü yerlərə layiq görülüb. İki
ildir squash idman növü ilə də məşğuldur.
2017-ci ildə Sandi tərəfindən fransız və
ingilis dillərində yazılmış şeir “İlin ən
yaxşı” şeiri müsabiqəsində qalib olub. O, həmçinin Misirdə
e-kitablar, Misirdə ilk piano müsabiqələrində qalib
olub. “İntel İsef” elmi dünya müsabiqəsində
səmimilik mükafatına layiq görülüb. 2018-ci ildə "Gənc ixtiraçı" elmi
müsabiqədə ikincilik qazanıb. Sandi
fiziki qüsurlu insanlar üçün iki cihaz (robot
maşın və Smart mute speaker device) ixtira edib. Bütün bunlara paralel olaraq yerli və xarici
KİV-lərdə Sandi haqda dəfələrlə məqalə
və reportajlar verilib. Sandinin çox
arzuları var. Onun arzusu plastik cərrah olmaqdır. Sandi yer üzündə bütün insanları
xoş, sağlam və gözəl görmək istəyir.
Ən əsası Sandi diasporumuzun ən fəal
nümayəndəsidir. O, bütün qələbələrində
Azərbaycan bayrağını yüksəldir.
- Öncə adınızın mənasından
başlayaq. Sandi ElNenay-bu sizin öz
adınızdır, yoxsa təxəllüsünüzdür?
- Bəli,
Sandi mənim adımdır. Bu adın bir neçə mənası
var: səhra çiçəyi. Barbi gəlinciyinin
adıdır, əsli isə Fransadan gəlib. Anam Barbi gəlinciklərini çox xoşlayır.
Ona görə mənə bu adı veriblər.
-“Uptown Stars” musiqi müsabiqəsi
nə məqsədlə keçirilir?
- “Uptown Stars” Misirdə ən böyük talant şou
müsabiqəsi kimi bilinir və tələbələr
arasında keçirilir.
- Müsabiqədə finala qədər
yüksələcəyinizə əmin idinizmi?
-
Bilirsiniz, indi danışmaq bir az
asandır, amma orada, bir-bir turları keçəndə
çox həyəcan keçirirsən. Mən
pianoda klassik kompozisiyalarla, əvvəl Şopeni, sonra Bethoven və
Şopeni ifa etdim. 75 faiz finala
çıxacağıma əmin idim, çünki mən 3
yaşımdan piano çalıram.
- Münsiflər əsas hansı cəhətinizə
görə sizə finala çıxmaq şansı verdilər?
-
Jürilərin hamısı çox məmnun idilər və
dedilər ki, mənimlə başqa ifaçıların
arasında bir fərq var: “Sən musiqini not-not
yaşadırsan”. Doğrudan da, musiqini hiss etməsən, sən
musiqiçi ola bilməzsən.
-Ümumiyyətlə, Misirdə Azərbaycan
musiqisinə nə dərəcədə maraq var?
-
Maraqlı odur ki, Misirdə Azərbaycan mahnıları
çox dinlənilir. Amma əfsuslar olsun ki,
bizim Azərbaycan musiqimizi türk musiqisi kimi tanıyırlar.
Mən öz dostlarıma başa salıram ki,
Azərbaycan musiqisi daha zəngin və daha gözəldir.
Həm də burdakı telekanallarda
çıxış edəndə mən “Sarı gəlin”
mahnısını həmişə oxuyuram.
- Sizin fiziki qüsurlu insanlar
üçün ixtira etdiyiniz cihazların nə kimi özəllikləri
var?
- Birinci
layihəm gözdən əlil insanlar üçün nəzərdə
tutulub. Bu cihaz robot maşındır. Distansion səsləndirmə ilə idarə etmək
olar. Bu cihaz Misirdə keçirilən
müsabiqədə 2-ci yerə layiq görülüb. Hazırda bu cihazla hərbi cihazlar istehsal edən bir
şirkət maraqlanır.
İkinci layihəm isə nitq qabiliyyətini itirən
insanlar üçündür. Proqramlaşdırılmış
komandaları var. Məsələn, bir düyməyə
toxunsanız, o, insanın istədiyi kəlməni səsləndirir.
Bunu həm də gələcəkdə
sağlam insanlar da tərcümə cihazı kimi istifadə
edə bilərlər. Artıq xarici
ölkəyə gedəndə dil çətinliyi çəkməyəcəksiniz.
Hazırda bu cihaz seçilib və Misirdə
nitq qüsurlu insanların mərkəzində təcrübədən
keçirilir.
- Növbəti
hansı müsabiqəyə hazırlaşırsınız?
- 10/12/2018 tarixində ingilis dilində şeir müsabiqəsi keçirildi. Orda idim, dekabrın 11-də isə fransız dilində şeir müsabiqəsi oldu, yenə də orda idim. Mən boş vaxtımda şeirlər yazıram və gələn həftə elm müsabiqəsi olacaq.
Sonda, izninizlə qarşıdan gələn Yeni ilimizi təbrik etmək istərdim. Mənim əziz həmvətənlərim, sizi qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bu müsahibəni də ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Fuad Hüseynzadə
Palitra.-2018.-14 dekabr.-S.10.