Əkbər Qoşalı: “Biz yeni dövrün yazarları haqqında danışanda, ümumi dəyərləndirmə etməliyik”

Müsahibimiz Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalıdır.

- Əkbər müəllim, bəllidir ki, hər bir şairin ədəbiyyata gəlişi onun yaradıcılıq ömründə mühüm yer tutur. Sizin də bir şair kimi ədəbiyyata gəlişiniz oxucularımız üçün maraqlıdır. Söhbətimizi bu əsnadan başlayaq...

- Əgər orta məktəb illərində yazılanları, tam əksəri sonradan cırılıb atılanları nəzərə almasaq, tələbəykən Azərbaycan Texniki Universitetinin bütün respublika miqyasında yayılan “Ziya” qəzetində çap olunmuş ilk şeirlərim, yazılarım mənim professional ədəbi fəaliyyətimin başlanğıcı kimi dəyərləndirilə, qəbul edilə bilər.

Rəhmətlik atam el şairiydi, Usta Mehdi imzasıyla xəlqi şeirlər yazardı, el-obanın yaşantılarını, təbiətin gözəlliklərini, Yaradana bağlılığı, uğurları, adamların naqisliklərini və s. anladan şeirlər yazardı, əlbəttə, ilkin dövrlərdə atamın təsiri olduğu təbiidir. Sonralar, paytaxt mühiti ilə qaynayıb-qarışmaq imkanı, 90-cı illərin qaynar, qaynar olduğu qədər də keşməkeşli, qilü-qallı ədəbi dartışma müstəviləri, bəzən də əyri müstəviləri, az qala, bütün ədəbi toplantılara getmək, dövrün ədəbi mənzərəsinə biganə qalmadan, əlbəttə, öz cızma-qaralarınla çıxış etmək və s. – bütün bunlar ilk toplulara gedən yolun basamaqlarıydı... Özü də, o dövrlərdə bunu fərq etmirdik, bəlkə, bir yoldu çıxmışdıq, yürüyürdük – “uzun, incə bir yoldayam, yürüyürəm, gündüz-gecə” misalı... Bir də, baxdıq, AYB-nin ən gənc iki üzvündən biriyəm – bu o dövrlər üçün sadə, yaxud adi məsələ sayılmazdı. Müstəqil Azərbaycanda ilk rəsmi və ciddi ədəbi almanaxı – “Qar çiçəyi”ni mən tərtib etmişdim (eyniadlı ədəbi qurum da yaratmışdıq(Ə.Q)). Bir də baxdıq, Türküstanda türk ədəbi və yeni nəsil yazarlarının toplantısı Dünya Gənc Türk Yazarlar Birliyinin qurulması barədə qərar qəbul edib. Bir də, bir də, deyərkən, gəlib bu günlərə vardıq: dəqiq sayını bilmədiyim neçə kitabın tərtibçisi, həmtərtibçisi, redaktoru, “Ön söz” yazarı və bilavasitə müəllifi... Məsuliyyətli məruzələr, önəmli konfranslarda çıxışlar, şölənlərdə respublikamızı təmsil etmək, habelə ədəbi-ictimai çalış¬maların Azərbaycanda, Qazaxıstanda, Qırğız Respub¬likasında, Özbəkistanda, Tür¬kiyədə, digər qardaş ölkə və topluluqda, Rusiyada, Makedoniyada, İraqda və b. ölkələrdə təltiflərə layiq görülməsi də öz yerində. Bunlar nə böyük, nə də kiçik sonuclar deyil, çünki mən özümü başqası ilə deyil, özümlə müqayisə etməyi üstün tuturam. Belə olanda, kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, çəkilən zəhmət, o zəhmətin təcallası, dəyərləndirmələr – hamısı əziz olur...

- Siz uzun illərdi, yaradıcı gənclərlə çalışırsınız. Bilirsiniz ki, gənclər içərisində bəzi Avropa qaynaqlı ədəbi cərəyanlar zəminində şeir yazanlar da var. Qeyd edim ki, özəlliklə, bu gənclərin çoxu xalq yaradıcılığından (qoşma, gəraylı, təcnis və s. aşıq şeiri şəkillərindən) uzaqlaşır; onların yaradıcılığında xalq ruhu hiss olunmur. Məhz bu səbəbdən də, onların yaradıcılığını xalq yaşadacaqmı? Bu məsələyə münasibətiniz bizim üçün maraqlıdır.

- Şeirin nə köhnəsi, nə təzəsi? – Yaxşı şeir sonalanmayan bir hadisədir. Məndən öncə də ədəbiyyatşünas alimlərimiz qeyd ediblər ki, hazırkı dövrdə yaşayan xeyli şair, ədib var ki, məsələn, Nizami də, Füzuli də, Vaqif də ondan daha çağdaş¬dır. Nizaminin bəşəri çağı¬rışlarından, nəsihətlərindən, Füzulinin eşq anlatımından, Nəsiminin insanı mümkün olan ən yüksək qatda görməsindən danışırıqsa, çağdaş dövrdə yaşayan elə şairlər var ki, onlar haqqında bu mərtəbədə, dərəcədə danışa bilmirik. Çağdaş dövrdə yaşayan şairlərin tarixdə nə dərəcədə qalacağı, yazdıqlarının nə qədər yaşayacağı danışmağın özü bir xeyli suallar daşımaqdadır. Ancaq bu dəyərləndirmə ümidsiz olmaq anlamına gəlməməlidir; bu sözlər zamanın hər şeyi öz yerinə qoyacağına bir xatırlatma sayılsa, bugünkü ədəbi mənzərədən hansısa rahatsızlığın gələcək üçün problem olmadığına inamın ifadəsi daha düzgün olardı.

Əslində, indiki dövrün yazarları daha güclü yazmaq imkanına, bəlkə də, məntiqinə malikdirlər. Çünki çağdaş yazarların dünya ilə daha çox əlaqəsi olduğu üçün informasiyaları da zəngindir. Üstəlik, bugünkü yazarlarımızın yaddaşında Nizami, Nəsimi, Füzuli, ... qatı var. Doğrudur, akademik münasibət də bunu tələb edir ki, hər yazar önəmli dərəcədə öz dövrünü yazır, yansıdır; bununla belə, o istedadlıdırsa, yaddaş süxurlarını, ruh qatlarını... da təcalla etdirir. Böyük əsərlər, yazarına uğur qazandıran yazılar, yalnız “öz günündən, vədəsindən danışmayan”, tarix şüuruna və üfüqötəsinə boylanışa malik olması ilə önplana çıxır.

Janrından, mövzusundan, yanaşma tərzindən asılı olmayaraq, biz yeni dövrün yazarları haqqında danışanda, ümumi dəyərləndirmə etməliyik. Çağdaş yazarlar elliklə həmişə eyni cərəyana xidmət edib, ondan asılı vəziyyətə düşməyəcək ki? Yəqin ki, müəyyən bir qismi bu cərəyanlardan imtina edəcək, bir qismi klassikaya üz tutacaq, başqa bir qismi daha yeni cərəyanlara qoşulacaq, yaxud yeni cərəyan yaradacaq. İndiki cavanlara axtarışlarına görə irad tutmaq lazım deyil. Onlar bu axtarışda düz edər, yanlışlıq edər – bunlar, mümkündür və problem deyil. Yəni gənclər bu yolu keçməlidirlər. Gənclərin vurnuxmasını, cəhdlərini, bütün doğrusu, yanlışı ilə bir axtarış hadisəsi kimi qəbul edilməlidir, deyə düşünürəm.

- Bəzən oxucular gənc yazarlardan narazı qalırlar. Onların bu yaşlarında Mikayıl Müşfiq artıq gözəl əsərlər yaratmışdı. Amma indiki gənclik haqqında bunu demək mümkün olmur...

- Mikayıl Müşfiq, Hüseyn Cavid kimi ədiblər XX yüzilliyin əvvəllərinin sənət örnəklərini yaradırdı və biz artıq XXI yüzilliyin əvvəllərində onlar haqqında danışırıq. Hansısa bir zəmanət varmı ki, neçə yüz ildən sonra bu günün gənc yazarları müzakirə olunmayacaq. Bəlkə, sonrakı nəsillər də bu günün gəncləri haqqında həsrətlə, yanğı ilə, məhəbbətlə danışacaqlar... Düşünürəm ki, bu dediyiniz məsələ bu günün və sabahın işi deyil; bu iş bir neçə illiklərin işidir.

Sovetlər dövründə deputat olmuş, dünyanı gəzmiş, dünyanın bir neçə dillərinə əsərləri çevrilmiş şairlərin şeirləri bu gün Mikayıl Müşfiq qədər müzakirə olunurmu? Yəni bu, artıq tarixin qiymət verməsidir, əlahəzrət tarixin...

- Çağdaş dövrdə poeziyamızda poema yaradıcılığına az təsadüf edirik. Buna daha çox klassik şairlərdə və Sovetlər dönəmində yaşamış şairlərin yaradıcılığında rast gəlirik. Bilirik ki, poema ərsəyə gətirmək şairdən vaxt və ciddi savad tələb edir. Bu gün şairlərimiz poema janrına niyə az müraciət edirlər?

- Poemaların daha çox yazıldığı dövrlərin özünün öz sosial və iqtisadi gerçəkliyi vardı. Bəlkə də, toplumda müəyyən qədər arxayınçılıq vardı. Yəni şairin düzənli bir həyatı vardı, yazarlar üçün müəyyən bir proqram var idi və s. Müstəqillik əldə etdikdən sonra isə biz bunun daha yaxşı imkanlarını yaratmağa çalışırıq. Bunlarla yanaşı, çağdaş insanların da daha çox çalışmaq ehtiyacının olduğunu deyə bilərik. İndi insanlar daha çox informasiya ilə əhatə olunub. Oxucular ədəbi zövqlərini irihəcmli poemalardan bir neçə bəndik şeirə endirib desək, yanlışlıq olmaz. Bədii zövq və tələbatımız bir neçə bəndik şeir üzərində qurulub sanki. Öncələr qalın-qalın kitabları oxumağa həvəs və imkan olduğu halda, indi oxucularımız audiokitablara müraciət edirlər. Audiokitablar dövrün çağırışlarına, texniki imkanlara və vaxt çatışmazlığına uyğundur. Məsələn, yol gedirsən və audiokitab dinləyirsən. Halbuki bunun üçün bir neçə kitabı özünlə daşımalı olmalısan. Bir elektron vasitə sənin bir rəflik kitabını özündə daşıyır, gömrükdə kitablar üçün ödəmə haqqından səni azad edir və s. Bu baxımdan, bunu alqışlamaq lazımdır. Şəkil dəyişmələrini məzmun dəyişmələri kimi qəbul etmək lazım deyil...

- Bir şair kimi heç öz əsərlərinizə müraciət edib hansı şeirlərinizlə tarixdə qalmağı düşünürsünüzmü? Yəni “bu şeirim məni yaşadacaq” deyirsinizmi?

- Ümumən, tarixdə qalıb-qalmamaq haqqında düşünmürəm. “Nə necədirsə elədir, nə necə olacaqsa, elə də olacaq” sözünə daha çox inanıram. Məlumunuz – bu epos təfəkküründən irəli gəlir. Yəni nə iş görürsənsə, qiyməti ya xalq verir, ya dövlət verir, ya da hər ikisi qiymət verir. Belə olduqda, bu daha çox xoş olur. Çünki adamın özü-özünə süni tərcümeyi-hal yaratmamalıdır.

Şeirlərim sərbəst və heca üzərində bölünüb. Bunu indilərdə nəşrə hazırladığımız ikinci şeirlər kitabında daha aydın gördüm...

- Bəs heç nəsr əsərləri yazıbsınız? Bəzən şairlərimiz nəsr əsərlərinə də müraciət edirlər...

- Bəli, vaxtilə nəsr kitabım da çıxıb. İndi üzərində işlədiyimiz şeirlər kitabından sonra, köhnə-təzə hekayələrimi toplayıb, ikinci hekayələr kitabımı da oxucuların müzakirəsinə verməyi düşünürük.

- Bəs həm nəsr, həm də nəzm - ədəbiyyatın bu iki qolu sizi necə qane edə bildi?

- Düşünürəm ki, əsas oxucuları qane etsin. Çağdaşlarımızın nəsr əsərləri yazmaları, adətən, uğursuz alınıb, amma şairlərimizin sonralardan nəsr yazmaları daha uğurlu olub. Yaradıcılığın nüvəsi vahiddir və bu səbəbdən də yaradıcı insanlar haqqında ümumi bir fikir söyləmək daha yaxşı olar.

- Çağdaş dövrdə yazılan poeziya örnəklərində bədii təsvir və ifadə vasitələrinin düzgün işlənməməyi, şairlərin, ümumiyyətlə, bənzətmələrə ciddi əməl etməmələri oxucuların da narazılığına səbəb olur. Bəlkə də, zövqlü bədii əsərlərin yazılmamağının səbəblərindən biri də budur.

- Bədii təsvir və ifadə vasitələri ədəbiyyatın olmazsa olmazıdır. Ancaq öz qədərində, yerində və vaxtında. Nəyin narazılığa səbəb olması barədə mənim ətraflı bilgim yoxdur, belə bir tədqiqat, sosioloji sorğu olub-olmaması və onun sonucları barədə, hətta olubsa da, obyektivliyi haqqında elə bir özəl fikrim yoxdur. Müəyyən müşahidələrə əsaslanaraq hansısa tendensiya haqqında fikir bildirmək olar, ancaq tendensiya hələ qanunauyğunluq demək deyil.

Belə məsələlər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun müvafiq şöbələrinin tədqiqat mövzusu ola bilər və ədəbi-ictimai fikrimiz üçün çox faydalı olar.

- Əkbər müəllim, Azərbaycan ədəbi mühitinin inkişafında mühüm rolu olan mühitlərdən biri də Tovuz ədəbi mühitidir. Burada ustad aşıqlar və el şairləri yetişib. Onların yaradıcılıqları, hətta bütövlükdə türk dünyasında da tanınıb. Siz bu sənətkarların bir çoxunun kitabının nəşrə hazırlanmasında yaxından iştirak edibsiniz. Bu baxımdan, Tovuz ədəbi mühitindən də söhbət açmağınızı xahiş edirəm.

- Tovuz ədəbi mühiti anlayışından da, o mühitdə yetişən aşıq və şairlər haqqında da könül xoşluğu ilə söhbət aça bilərik. İstər çar, istərsə də Sovetlər dönəmində bu insanlar bizim ümidlərimizi qoruyub saxlayan aydınlar olub. El aşıq və şairləri xalqın dərdlərini dinləyən, dilə gətirən, çözümünə çalışan insanlar olublar. Həm xalq dərdlərini bunlara deyib, həm də onlar xalqın dərdlərini yayaraq bu günümüzə kimi öz poetik örnəklərində qoruyub saxlayıblar. Xalq ruhunu, xalq ruhunun cəsarətini yaşadaraq.

Mənim böyük adaşım Aşıq Əkbərin “Dedilər” şeirini sizinlə paylaşmaq istərdim:

Gözümü açandan, ağlım kəsəndən,

Oğul, çəkmə çox da qəmi, dedilər.

Doğuldum Kür üstə, gəzdim Kür üstə,

Suyun üzündədi gəmi, dedilər.

 

Sancıldım yurduma, göyərdim, bitdim,

Böyüdüm, boy atdım, məclisə getdim.

Mən sazı özümə havadar etdim,

Aşıq, bizə çal “Kərəmi”, dedilər.

 

Qarşıladım neçə-neçə yazları,

Yaş ötdükcə təzələdim sazları;

Dünən “əmi” dediyimin qızları,

Bu gün mənə “Əkbər əmi” dedilər.

 

Siz fikir verin: əsas mənanı orta bəndə yükləyən ustad sanki altdan-üstdən mənanı qoruyur, saxlayır, gələcəyə ötürür... Baxın, nə sancılar?kökü-köməci olmayan. – Ting, çubuq sancılar, elə deyilmi? – Yoxsa, kökü-köməci olan basdırılar, sancılmaz. Və sancılan da, hər yerdə bitməz; yalnız münbit torpaqda, ötəndən-keçəndən qorunduğu, zədələnmədiyi halda, iqlim şərtləri uyğunsa, göyərər, böyüyər, boy atar. Bəs məclisə kim gedər? – adam gedər, adam. Demək, sancılan çubuq deyil, ting deyil - bu, bir metaforadır, ustadın ədəbi priyomu, müəyyən qədər də, sətiraltı anlamlar ötürməsidir. Anlaşılan, ustad xalqın öz kökündən qoparıldığını, qoparılsa da, yenə ana torpaqda, doğma yurdda mayalandığını, tutduğunu anladır; Necə deyərlər, aşıq “ana südü, dağ çiçəyi” misalı, yaxud xarı-bülbülün Qarabağdan başqa, yerdə bitməməsi kimi bir havanı gətirir düşüncəyə. – Bir arif, bir kamil-mürşid, bir bilgə olub, o köksüzü torpağa sancıb – onun mayalanmasına, tutmasına ümidli olub, alqış edib, onu qoruyub, bəsləyib – bilib, xalqın dünənini-bu günün-sabaha boylanışını; xalqın diləklərinin ifadəçisi olub, xalqa, kainatın ruhuna inanıb. Və çox düz edib!

Bir də, məclisə getmək var işin içində. Partiya iclasına deyil, “İliç lampalı kolxoz”a deyil, nə bilim, “Lenin guşəsi”nə, “Qırmızı otağ”a və b. yerə deyil, məhz məclisə gedir, daha dünənləri sancılmış, boy obraz... Məclis haradı? – Məclis xəlqiliyin qaldığı, milli ruhun təcalla etdiyi, ideolojidən arınmış bir yerdir, soydaşların özünüifadə meydanıdır, rəsmiyyətdən, ideolojidən bir qədər uzaq bir məkan...

Yaxşı, sancıldı, göyərdi, böyüdü, məclisə getdi də, sonra nə oldu? – Sonra sazı özünə havadar etdi, məhz sazı! – Leninin, Marksın, Engelsin əsərlərini deyil, Kommunist Partiyasının Nizamnaməsini deyil, plenum qərarlarını və s. deyil! – Bax, bu xalis xalq ruhunun cəsarətiydi! – Tanrı kömək olsun, Niyaz Nəsir demiş. Ancaq bilgələr bilirdi: hələ qəm-kədər dövrü bitməyib, hələ azadlıq üfüqlərdə görünmür – o zaman, “Aşıq, bizə çal “Kərəmi” dedilər”. – “Kərəmi” – dərdin havasını – o zaman – hələ müstəqil olmamamıza o hava uyğundu, məhz o!..

Beləliklə, ustad aşıq 3 bəndlik bir qoşmada, o qoşmanın da bir bəndindəcə xalqın gerçəkliyini anladır, böyük bir dövrün portretini cızır... Ruhu şad olsun!

Söhbəti qələmə aldı:

Mahmud ƏYYUBLU

Palitra.-2018.-18 dekabr.-S.13.