“Yeganə yol
Azərbaycanla münaqişənin nizamlanması yoludur”
Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Prezident deyib ki, bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur: “Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan, daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən, görəndə ki, o nəticə verir”.
“2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müsbət irəliləyişlər olacaq”
Siyasi şərhçi Elçin Mirzəbəyli isə SİA-ya açıqlamasında deyib ki, Prezidentin bu günə qədər yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün kifayət qədər geniş imkanlar yaradır. O deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasət nəticəsində ölkəmiz 2018-ci il ərzində məhz özünün ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bir sıra mühüm nəticələr əldə edib. O bildirib ki, bu nəticələr sırasına NATO-nun zirvə toplantısının qətnaməsində ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Avropa İttifaqı ilə paraflanan sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, eyni zamanda Avropa Parlamentinin qəbul etdiyi son qərarda ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı fikrin ifadə olunması da bura aiddir.
Onun sözlərinə görə, əldə olunan uğurlar, şübhəsiz ki, Prezidentin şəxsi nüfuzundan qaynaqlanan amillərdir.
E.Mirzəbəyli qeyd edib ki, bununla yanaşı, MDB məkanında da ölkəmiz mühüm bir sıra uğurlu diplomatik addımlar atıb: “Bu özünü Azərbaycan-Rusiya münasibətlərində qabarıq şəkildə büruzə verir. Eyni zamanda Azərbaycan-Belarus, Azərbaycan-Qazaxıstan münasibətlərində inkişaf və qarşılıqlı etimad mühitinin yüksək səviyyəyə çatdırılması nəticə etibarilə Ermənistanı KTMT-də tək qoyub, küncə sıxışdırıb. Bütün bunlar Dağlıq Qarabağın həlli üçün geniş imkanlar yaradır. Təbii ki, Prezident bu amilləri, eyni zamanda ölkəmizin gündən-günə artan hərbi gücünü, iqtisadi potensialını nəzərə alaraq “Rossiya-24” kanalına müsahibəsində bildirdib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müsbət irəliləyişlər olacaq”.
ABŞ və Ukrayna vətəndaşının adı Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatları və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyov Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sergey Konoplyov məktubunda işğal edilmiş Azərbaycan ərazilərinə Azərbaycanın razılığı olmadan 2012-ci ildə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Sergey Konoplyov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərinin, heç bir halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirir.
O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini, gələcəkdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcəyini vurğulayır.
Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
“Virtuallıqda başsız qalan N.Paşinyan real həyatda linçə məruz qala bilər”
“Məxməri inqilab” dövründə Ermənistanda baş verən bəzi proseslər indi daha çox diqqəti çəkir. O zaman əhalinin böyük əksəriyyəti sürət həddini aşma və yaxud yol hərəkəti qaydalarını pozmağa görə yazılmış cərimələrin ləğvini tələb edirdi”. Azadinform xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, N. Paşinyan bu tələbi yerinə yetirdi: “Böyük əksəriyyətin, demək olar ki, cərimələri ləğv olundu. Bu da müəyyən mənada hüquqi boşluğa şərait yaratdı. Ermənistanda yol hərəkəti qaydalarının pozulması, küçədə quraşdırılmış kameralar vasitəsilə qeydə alınması, cərimələrin yazılması çoxdan müzakirə obyekti idi. Bu isə istər-istəməz kameraların işinin təkmilləşdirilməsinə səbəb olmalı idi. Ona görə kameraların yol hərəkəti qaydalarının pozulmasını qeydə almasında
səhvlərin olduğunu düşünmürük. Ermənistanda əhalinin sosial-iqtisadi vəziyyəti ağır olduğu üçün cərimələr əhalinin maliyyə vəziyyətinə təsir edir”.
M. Əhmədoğlu deyib ki, ən çox ehtimal etdiyimiz məsələ isə Ermənistanda əhalinin kriminallığa meylinin artmasıdır: “Məhz kriminallığa meyil üstünlük təşkil etdiyi üçün əhali hüquqi sistemə zərbə vurmaq məqsədilə belə tələb irəli sürdü. Nəticədə Ermənistan hüquq sisteminin nihilizminə doğru sürətlə irəliləyir: Kriminallıq artır, yol hərəkəti qaydalarının pozulması çoxalıb, qəzaların sayı hədsiz artıb. Hər gün Yerevan şəhərində güllə atışmalarıdır, kriminal nəticəsində ölənlər çoxalıb. Mənzil oğurluqlarının sayı xeyli artıb. Vətəndaşların əsaslı-əsassız həbs olunub, həbsdən azad edilmələri adi hala çevrilib. Korrupsiyaya qarşı mübarizə şouları kriminallıq üçün qidalı mühit yaradır”.
Politoloq vurğulayıb ki, Ermənistanda
kriminallığın sayının artmasını təkcə
müxalifətçilər deyil, o cümlədən Ermənistan polisinin rəisi özü
etiraf edir, bu istiqamətdə tədbirlər görsə
də, effekt alınmır. Çünki “məxməri inqilab”
əhalinin kriminallıq hissini oyadıb.
Ermənistanın inqilabı da dünyada baş verən inqilablardan o qədər fərqli
deyilmiş və bu inqilab da öz
törəmələrini, övladlarını yeməklə
məşğuldur. Bir neçə gün öncə N.Paşinyanın Vanadzor şəhəri ətrafındakı avtomobil trasının kənarında qoyulmuş heykəlinin qıçını
sındırmışdılar. Yaxınlarda isə
başını qoparıblar, heykəl başsız qalıb.
Əslində, bu kriminallığın Paşinyana ciddi
mesajıdır. “Məxməri inqilab”
N.Paşinyanı real olaraq
yeməyə başlayıb. Virtuallıqda başsız qalan N.Paşinyan real həyatda linçə məruz qala bilər”.
Fuad Hüseynzadə
Palitra.-2018.-27 dekabr.-S.10.