“Tovuz kimi aşıq və şairlər yurdu olan bir
diyarda onlara büstlərin
qoyulmasının vaxtı çatıb”
Azərbaycan
Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı ilə
olan müsahibəni təqdim edirik.
- Məhərrəm
müəllim, söhbətimizə Tovuz ədəbi
mühitinin görkəmli nümayəndələrindən
biri, ötən əsrin əvvəllərində
Tovuz ədəbi mühitində yetişmiş bir çox el aşıq və
şairin özünə ustad
hesab etdiyi, gözəl
şeirləri ilə bizi sevindirən, dəyərli ağsaqqalımız, şair-pedaqoq İsa Cavadoğlu haqqında başlamaq
istərdim. Bildiyimiz qədər sizin də ədəbi mühitə addım
atmağınız İsa müəllimin
xeyir-duası ilə olub...
- İsa Cavadoğlu üz-gözündən nur yağan bir adamdır – həmişə görürsən ki, qarşıdan gəlir, özü çatmamış təbəssümü sənə yetir. Bu mənada İsa Cavadoğlu bütün ruhu, varlığı ilə gözəl bir şairdir. Niyə şairin yetkinlik və müdriklik çağlarını vurğulayıram; çünki yaxşı xatırlayıram ki, 1970-ci illərdə Tovuzda “Həqiqət” qəzetinin nəzdində fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi birliyinin başında İsa Cavadoğlu dururdu. Orta məktəb şagirdləri idik və biz bu dərnəyə gəlirdik - yaxşı xatırlayıram ki, ilk dəfə şeirlərimi İsa Cavadoğluna oxuduğum zaman İsa müəllim şeirlərimi böyük həvəslə dinlədi, şeirlərdən birini (böyük Nəsimiyə həsr etdiyim “Dedi” adlı şeir idi) həmin həftə “Həqiqət” qəzetində çap etdirdi və bu ədəbi aləmdə ilk addımım idi ki, bunun da xeyir-duasını İsa müəllim vermiş oldu. Həyat davam edir, illər keçir və bu gün mən onlarla kitabın müəllifi olmağıma baxmayaraq, o şeirin çap olunması zamanı yaşadığım duyğunu, hissi və ab-havanı bir də yaşaya bilmərəm. Bu unudulmaz duyğuları mənə İsa Cavadoğlu yaşadıb.
İllər boyu onun yanında, çevrəsində sözün-sənətin sehrini öyrənməyə çalışdım. İsa müəllim həmişə özünün gözəl niyyətləri, səmimi və ülvi duyğuları, müdrik düşüncələri ilə bizə yol açırdı, üzümüzə işıq tuturdu. Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi birliyindən vaxtilə çox böyük sənətkarlar yetişmişdi: Məmməd İsmayıl kimi böyük bir sənətkar da burada yetişmişdi, daha sonralar bir çox söz sahibləri; məsələn, mən, Namiq Əhmədli, Akif Əhmədgil, Zirəddin Qafarlı, Bəhruzər Rüstəmov və bu sıradan onlarla istedadlı adamın pərvəriş tapması bu nöqtədən olub. Bunun isə səbəbi İsa müəllimin özünün şairliyindən gələn keyfiyyətlər idi. Şairin kitablarını, “Həqiqət” və digər qəzetlərdə çap olunan şeirlərini dönə-dönə oxuyurduq, bir ustad kimi ondan çox bəhrələnirdik. Bu gün də İsa müəllimə bir ustad kimi yanaşıram – telefon danışığımızda ona “ustad” deyə müraciət edirəm. Mən nə qədər elmdə, ədəbiyyatda uğurlar qazansam da, bir ustad kimi İsa müəllimə diqqətimi və ehtiramımı, məhəbbətimi ifadə edirəm.
İsa müəllimin poeziyasında diqqətimi çəkən onun şeirlərində elat nəfəsindən, Tovuzun saz-söz mühitindən, saz şairliyindən gələn keyfiyyətlər olub. Diqqət etsək ki, o, sonuncu çap olunan kitablarından birinin adını “Ya qismət” qoymuşdu. Yəni ömür gəldi 70-ə, 80-ə, 90-a, daha sonra nə olar: “Ya qismət”. Bu poetik, xəlqi-fəlsəfi ümumiləşdirmə həmin deyim içərisində şair könlündən keçir. Doğrudan da, kitabın adı, kitabın ruhu, həqiqətən, qeyri-adidir. Folklor mədəniyyətindən, “Dədə Qorqud” dünyasından, “Ozan-aşıq” dastançılıq ənənəsindən gələn bir keyfiyyətdir ki, bunlar kitabdakı şeirlərdən də aydın görünür.
İsa Cavadoğlu təbiət və insan cəmiyyəti arasındakı vəhdəti, axar-baxarları öz könlündəki duyğularla üzvi sintezə gətirməyi bacaran bir şairdir.
Söz açdım suların hekayətindən,
Sellərin dəhşəti yadımdan çıxdı.
Söz açdım pələngin cəsarətindən,
Qorxulu vəhşəti yadımdan çıxdı.
Axırıncı bənddə isə deyir:
Söz açdım, ay İsa, söz sənətindən,
Çətindi hikməti, yadımdan çıxdı.
Bu şeir bütövlükdə dünyanın müdrik ümumiləşdirilməsindən təkan alan qeyri-adi bir görüntüdür. Yaxşı xatırlayıram və qəzetdən də oxumuşdum ki, şairin “Daha payızdır” şeiri çox mükəmməl poetik nümunədir. Şeirdə payızın ilkin əlamətlərinin gəlməsi, yarpaqların saralması, qızarması, xəzan mehinin əsməsi misralar boyunca sıralanaraq peyzaj lirikasına gözəl təbii lövhə yaratmışdır. Şairin bu payız tablosunda payız əlamətləri ilə bərabər, toy-düyünü, çal-çağırı da görürük. İsa müəllim bütövlükdə duyğuları, Vətənə bağlılığı, milli-mənəvi dəyərlərə sədaqəti ilə diqqəti cəlb edən bir şairdir. Xatırlayıram ki, ötən əsrin 70-80-ci illərində və ondan əvvəlki dövrlərdə də Tovuzun bütün görkəmli saz-söz ustadları; Aşıq Əkbər Cəfərov, Mikayıl Azaflı, İmran Həsənov, Həsən Mülklü və digərləri bu sənətkarla yaxın münasibətdə idilər və İsa Cavadoğlunun şeirlərini məclislərdə oxuyurdular. Həmçinin Osman Sarıvəlli, Məmməd Rahim, Hüseyn Arif, Məstan Günər, Zəlimxan Yaqub və bir çox böyük şairlərimizlə yaxın münasibətləri var idi. Bu münasibətlər çox zaman bir-birləri ilə deyişmələrə, şeir-məktublaşmalara çevrilərək gözəl poeziya nümunələrinin yaranmasına səbəb olurdu. Onu da deyim ki, İsa müəllim Tovuzdan olan aşıqlarla və digər şairlərlə deyişməyə meyilli olan bir şairdir. Bunların içərisində xəlqi milli koloriti, etnoqrafik mədəniyyəti, o cümlədən bütün zamanlar üçün güclü olan tarixi-mental keyfiyyətləri diqqət önündə saxlamaq bacarığı gücündədir.
Hər dəfə İsa Cavadoğlunun yeni kitabı çıxanda sanki onunla yenidən görüşür, ondan illər və on illər boyunca duyduğum söz ətrini, söz nəfəsini duyuram və buna da çox sevinirəm. Ustad gəlib doxsana çatıb və düşünürəm ki, onun yaşadığı saz-söz ömrünün bircə dəyəri, anlamı var - o da halallıqdır. İsa Cavadoğlunun poeziyası, sözü, söhbəti, bütövlükdə özünün mənəvi varlığı halallıq üstündə qurulub. Halallıq üstündə qurulduğu üçün özünün gələcəyə yönəlmiş bütün fəaliyyətini də Tanrıya güvənc olaraq “Ya qismət” adı ilə bizlərə təqdim edir. Bu şair min illər boyu yol gələn folklor və ozan-aşıq mədəniyyətimizdə müdrik kişilərdən, yüksək saz-söz sahiblərindən biridir və nə yaxşı ki, illərlə onunla bir yerdə olmuşuq, ondan sənət dərsi alaraq bu yolu davam etdirmişik.
Ustad, siz bizim hər zaman ehtiram mənbəyimiz, varlığımız və hər zaman da sizə “ustad” deyə müraciət etdiyimiz qürur yerimizsiniz.
- Məhərrəm
müəllim, ustadınızdan geniş
söhbət açdınız. Onun sizin yaradıcılığınızda
oynadığı mühüm rolu qeyd etdiniz.
İndi isə Aşıqlar Birliyinin 2018-ci ildəki fəaliyyətinə bir nəzər yetirək. Bu
il hansı əlamətdar hadisələrlə
yadda qaldı?
- Şübhəsiz ki, ilin ən əlamətdar hadisəsi Azərbaycan aşıqlarının VI qurultayının keçirilməsi oldu. Yeni idarə heyəti və təşkilati məsələlərlə gündəmə gəldik. Bundan sonra da aşıqlığın canlı dövriyyədə olmasına bütün gücümüzlə çalışacağıq. Dövlətimizin aşıq sənəti üzərində böyük diqqət və qayğısı var; bu mənada ustad aşıqların, orta nəsil aşıqlarının və xüsusilə də yeni böyüyən gənc nəslin nümayəndələrinin aşıqlığa, milli dövlətçiliyə olan münasibətlərini əsas götürəcəyik. İkinci istiqamət olaraq qeyd edim ki, bu il biz nəhəng bir nəşr olan “Azərbaycan aşıq ədəbiyyatı” antologiyasını “Xalq bank”ın dəstəyilə çap etdirdik. Bu kitabımız ölkə ictimaiyyətinə təqdim olundu və böyük təqdir qazandı. Antologiyada 300-ə yaxın söz sahibinin şeirləri və haqqında təqdimatlar verilib və qəhrəmanlıq, məhəbbət dastanları çap edilib.
Həmçinin böyük aşıqlarımız: Aşıq Məhəmməd Şıxlı, Aşıq Cəlal Qəhrəmanov, Aşıq İmran Həsənov, Aşıq Əmrah Gülməmmədovun sənət dünyası xatırlandı. Dədə Şəmşirin isə Prezident sərəncamı əsasında gerçəkləşdirilən 125 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Dədə Şəmşirin yubileyi münasibətilə bir neçə kitablar çap olundu. Gəncədə, Qazaxda, Biləsuvarda, Sumqayıtda, Xaçmazda Aşıq Şəmşirlə bağlı silsilə tədbirlər keçirildi. Aşıq Ələsgər və Dədə Şəmşirin abidələrinin yanaşı şəkildə Qazaxda açılışı oldu. Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin, Xaçmazda isə büstünün açılışı oldu. Bütün bunların hər biri ardıcıl fəaliyyətin tərkib hissəsidir.
Aşıqlar Birliyinin isə ayrıca nəşr işləri gerçəkləşdi. Xəstə Qasımın yeni dastanını əldə edərək nəşr elədik. Bu nəşrimiz də maraqla qarşılandı. Daha sonra “Aşıq şeirinin poetik biçimləri” kitabımız da elm ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Bu istiqamətdə çoxlu fəaliyyətimiz var və davamı da olacaq. Mən düşünürəm ki, yaxın vaxtlarda “Aşıq ədəbiyyatı: elmi oçerklər” kitabı çap olunacaq. Könül istəyir ki, daha genişmiqyaslı işlər görülsün və daim diqqətimizdə olan sənətin irəliyə getməsinə zəmin yaradaq. Baxın, AXC və Milli Ordumuzun 100 illiyi ilə bağlı sistemli tədbirlər keçirildi. “Koroğlu havaları” adlı disk buraxdıq, bu da dövlətçiliyə, hərbi vətənpərvərliyə xidmətin davamıdır. Mən Azərbaycan Televiziyasına təşəkkür edirəm ki, hər həftə saat yarım olmaqla “Saz-söz axşamı” efirdədir və burada bütün böyük aşıqlarımız xatırlanır. Verilişə il boyunca 100-ə yaxın aşıq dəvət edilib, 70-ə yaxın saz havaları səsləndirilib. Ümidvarıq ki, Azərbaycan Televiziyasının Aşıqlar Birliyi ilə olan bu əməkdaşlığı davam edəcək və bizlər hər zaman ustad aşıqları ön plana çəkərək onlarla bağlı verilişlər hazırlayacaq, kitablar nəşr etdirəcəyik. İkinci istiqamət isə yeni nəsli sənətə yönəltmək və tanınan bir aşıq kimi böyütməkdir.
- Hər zaman elm sahiblərinə belə bir sual verirəm.
El şairlərinin irsini
aşıq sənəti
kontekstində öyrənilməsinə
nail olunmalıdır. Axı
ustad aşıqlar olmayanda aşıq poeziyasını el şairləri
davam etdirmişlər...
- El şairlərinin bizə bağlı olan hissəsi daha çox saz şairləri kimi anlaşılacaq. Tutaq ki,
Bəhmən Vətənoğlu
aşıq poeziyasına
bağlı bir el şairi idi. Bunlar aşıq sənətinin,
poeziyasının inkişafına
çox böyük fayda veriblər. Bu mənada saz
və el şairlərinin
daim diqqətdə olması, öyrənilməsi
olduqca vacibdir. Biz də zaman
içərisində buna
diqqət edirik. Mən yuxarıda qeyd etdiyim antologiyada onlarla el şairinin şeirlərini kitaba əlavə etmişəm.
Yəni bunları saz şairləri hesab etmişik.
Mən bu il Xəyyat Mirzənin ayrıca kitabını nəşr etdirmişəm;
bu da el və ya saz
şairdir. Dövlət Televiziyasında Şair
Ağacan, Şair Nəbi haqqında verilişlər yayımlanıb.
Saz ədəbiyyatına yaxın
olan el şairləri hər zaman diqqətdə saxlanılmalıdır.
- Ustad sənətkarların
qəbirlərinin müəyyən
edilməsi istiqamətində
addımlar atılırmı?
- Vaxtilə bu istiqamətdə Hüseyn
Arifin çox dəyərli işləri
var idi. Onun gördüyü işləri
də unutmaq olmaz. Bu istiqamətdə
daha çox rayon ictimaiyyəti və aşıqların qohum-əqrəbaları
səy göstərməlidirlər.
Bu yaxınlarda eşitdim ki, Aşıq Qəribin Təbrizdə qəbri tapılıb. Bu çox əhəmiyyətli
məsələdir. Təəssüf ki, bəzi ustad
aşıqlarımızın qəbirləri işğal
altındadır.
- Aşıq
Hüseyn Şəmkirlinin
qəbri məlumdurmu?
- Təəssüf ki, məlum deyil. Təqribən Gədəbəy rayonunun ərazisində yaylaq yerində dəfn olunub və sonralar qəbir it-bata düşüb.
- Tovuzun görkəmli sənətkarlarından olan
Aşıq Mirzə Bayramovun da qəbri
baxımsızdır. Onun və
Aşıq Hüseyn Bozalqanlının qəbirlərinin
bərpasının vaxtı
çatıb. Axı bu
qəbirlər sənətsevərlər
üçün bir iqamətgaha çevrilə
bilər. Bu istiqamətdə AAB-ın
hansı addımları
gözlənilir.
- Bununla maraqlanaram və onlar böyük
sənətkarlar olublar.
Bunların qaydaya salınması
üçün rayon rəhbərliyinə
də müraciət edərəm.
- Tovuzda
yetişmiş el
aşıq və şairlərinin adlarının əbədiləşdirilməsi,
Xaçmaz rayonunda
yerləşən “Şəxsiyyətlər parkı” kimi Tovuzçayı sahilində yerləşən
parkda bu sənətkarların
büstlərinin ucaldılmasının vaxtı
çatıbdırmı?
- Bu addımın atılması çox yaxşı bir təşəbbüs kimi tarixdə qalardı. Bu cür abidələrə biz Qazax və Xaçmaz rayonlarında da rast gəlirik. Tovuz kimi aşıq və şairlər yurdu olan bir diyarda bunun həyata keçirilməsi çox əlamətdar bir hadisə kimi saz-söz sevənlərin məhəbbətini qazanardı.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2018.-28 dekabr.-S.13.