Naxçıvanda qız məktəblərinin
inkişaf tarixindən
“Ehsan xan Kəngərlinin
qızı Qönçəbəyim 1837-ci ildə
Naxçıvan şəhərində
açılmış rus dövlət məktəbinə
daxil olmuşdu”
Maarifçilik cəmiyyət həyatında qadının rolunu çox yüksək və lazımınca qiymətləndirən ictimai, mədəni, pedaqoji hərəkatdır. Bu hərəkatda başlıca ideya, möhkəmlənmiş qənaətlərdən biri budur ki, cəmiyyətin inkişafının bütün sahələrində - siyasi-iqtisadi və ictimai-mədəni həyatda dirçəliş, şüurda və mənəviyyatda yeniləşmə qadına münasibətin necəliyindən asılıdır. Onlar doğru olaraq göstərirdilər ki, qadının cəmiyyətdə, ailədə və məişətdə layiqli mövqe tutması vacib şərtdir ki, bu da onun maariflənməsi, yüksək intellektə malik olması tələbini bir mənalı şəkildə irəli sürür. Qadın azadlığı, qadın təhsili və tərbiyəsi XVIII əsr Qərb maarifçiliyi və pedaqogikasını məşğul edən problem olmuşdur. XIX əsrdə Rusiya imperiyasında kapitalist inkişaf sisteminin nisbətən artması ayrıca “Rusiya maarifçiliyi”ndən bəhs etməyə imkan verdi. Bu iki böyük maarifçi hərəkatın mütərəqqi ideyalarının təsiri nəticəsində əsrin 40-cı illərindən çarizmin müstəmləkə ucqarlarından biri kimi Şimali Azərbaycanda da maarifçi ideyalar formalaşdı.
Maarifçi hərəkatın ilk böyük nümayəndələri kimi Abasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və başqaları qadın azadlığı, qadının yeni dövrə, yeniləşmiş şəraitə uyğun təhsili və tərbiyəsi məsələsinə diqqət yetirir, bu cəhətə yaşam tərzi kimi baxmağı təlqin və diqtə etməyə çalışırdılar.
Qeyd edək ki, XIX əsrdə yüksək təhsilli ziyalı qadınların ev şəraitində tədris-tərbiyə işləri əhəmiyyətli olsa da, nə kəmiyyət, nə də keyfiyyət cəhətdən zamanın yeni görüşlərə malik qadın-anasının tərbiyə olunma-sına, müasir, yeniləşmiş ailə modelinin yaranmasına əsaslı təsir imkanlarına malik deyildi. Dövlət tədris müəssisələrində (qadın xeyriyyə cəmiyyətləri hesabına yaradılan tədris müəssisələrində) azərbaycanlı qızla¬rın təhsili sahəsində ilk addımların atılması isə həmin əsrin ikinci yarısına düşür ki, bu tədris müəssisələrində azərbaycanlı qızların çox cüzi, həm də müntəzəm olmayan bir şəkildə təmsil olunması maarifçi idealların həyata keçiril¬məsi imkanları kimi qiymətləndirilə bilməz.
Məlumdur ki, bu dövrdə Tiflis, Bakı, Şamaxı, Şuşa, Gəncə şəhərlərində “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin hesabına bütün tədris-təlim işləri rus dilində aparılan eyniadlı qız məktəbləri, qız gimnaziya və progimnaziyaları açıldı. Lakin bu tədris müəssisələri azərbaycanlı qızların təhsili sahəsində əhəmiyyətli ola biləcək, hadisəyə çevriləcək səviyyəyə yüksələ bilmədi. Həmin məktəblər açılarkən belə bir məqsəd heç nəzərdə tutulmamışdı da. Xeyriyyə vəsaitləri hesabına fəaliyyət göstərən bu təhsil müəssisələrində çox az sayda, barmaqla sayıla biləcək azərbaycanlı qızlar təhsil al-mışdı. Belə bir vəziyyətin yaranması bir sıra səbəblərdən irəli gəlirdi. Hər şeydən əvvəl, söyləyək ki, bu məktəblərdə dövlət tərəfindən azərbaycanlı qızların təhsilini məhdudlaşdıra biləcək ciddi maneələr olmasa da, burada yalnız yuxarı təbəqənin uşaqları təhsil almaq imkanına malik idi. Digər tərəfdən, xüsusi olaraq bu cəhəti də göstərməyi lazım bilirik ki, ruhanilərin fitvası da bu işdə əsaslı rol oynayırdı. Bu təhsil müəssisələrində azərbaycanlı qızların digər dini etiqada malik tərbiyə olunanlarla birlikdə təhsil alması, tədris işlərini xristian əsilli müəllimlərin aparması əleyhinə çıxışları, həmçinin təlimin rus dilində aparılması, şəriət qanunlarının və Azərbaycan dilinin tədris olunmaması səbəbindən əhali bu məktəblərə rəğbət göstərmir, qız övladlarını bu cür məktəblərə göndərməkdə maraqlı olmurdu. Qeyd edək ki, Azərbaycanın Bakı, Şuşa, Şamaxı, Gəncə kimi şəhərlərində “Müqəddəs Nina” qadın xeyriyyə cəmiyyətinin üzvlərinin böyük bir hissəsini azərbaycanlı qadınlar təşkil etsə də, bu cəmiyyət tərəfindən açılan təhsil müəssisələrində şəriət və Azərbaycan dilinin tədrisi nəzərdə tutulmamışdı. Ona görə də bu məktəblərdə azərbaycanlı qızlar ara-sıra, çox az sayda təmsil olunmuşlar.
İrəvanda isə “Müqəddəs Ripsimi” qadın xeyriyyə cəmiyyəti yaradılmışdı. Cəmiyyətin üzvü və xeyriyyəçilərinin sayı 96 nəfərdən ibarət idi. Bu cəmiyyət 1 yanvar 1850-ci ildə şəhərdə qızlar üçün məktəb açdı. Bu təhsil müəssisəsinin digər qız məktəblərindən fərqi ondan ibarət idi ki, burada Azərbaycan dili və şəriət qaydalarının öyrədilməsi ayrıca bir tədris fənni kimi nəzərdə tutulmuşdu. Bu fənni Seyid Molla Mir Mehdi tədris edirdi. Məktəbdə milliyyətcə azərbaycanlı olan qızlar şəriət qaydalarını, rus əsilli qızlar provaslav dini etiqadını, ermənilər isə erməniqriqoryan məzhəbini öyrənirdilər. Məhz bu cəhət məktəbdə ilk illərdə azərbaycanlı qızların görünən sayda olmasını təmin edən amil olmuşdur.
“Müqəddəs Ripsimi” məktəbi 19 nəfər şagirdlə fəaliyyətə başlamışdır. Onlardan milli mənsubiyyətinə görə 3 nəfəri azərbaycanlı, 4 nəfər rus, 12 nəfəri isə erməni idi. Sonrakı illərdə məktəbdə təhsil alan azərbaycanlı qızların sayının get-gedə artdığı müşahidə olunur. 1851-ci ildə tədris müəssisəsində 21 nəfər qız təhsil almışdır. Onlardan 8 nəfər qız öz hesabına, 13 nəfəri isə xeyriyyə yolu ilə toplanmış vəsait hesabına oxuyurdu. Tərbiyə olunan qızlardan 5 nəfəri azərbaycanlı idi. 1852-ci ilin statistikasında göstərilirdi ki, məktəbdə 28 qız təhsil almışdır. Onlardan 10 nəfəri pravoslav (rus), 11 nəfəri erməni-qriqoryan əsilli, 7 nəfəri isə azər¬baycanlı qızlardan ibarət olmuşdur. 1854-cü ildə isə məktəbdə 24 şagird təhsil alırdı ki, onlardan 5 nəfəri azərbaycanlı idi.
Məktəbdə təhsil alan azərbaycanlı qızların sayı sonrakı bir neçə ildə getgedə yüksəlmişdir ki, bu cəhət tədris müəssisənin əhali arasında nüfuzunun artdığının göstəricisi sayıla bilər. Məsələn, 1855-ci ildə məktəbdə 27 qız təhsil almışdır ki, onlardan 6 nəfəri azərbaycanlı, 14 nəfəri rus, 6 nəfər erməni, 1 nəfərin isə katolik etiqadından olduğu göstərilir. Məktəbin tarixində say etibarilə ən çox azərbaycanlı qızın təmsil olunduğu il 1856-cı il olmuşdur. Həmin ildə məktəbdə 8 nəfər azərbaycanlı qız təhsil almışdır .
Tədris müəssisəsində 1857-ci ildə 7 nəfər azərbaycanlı qızın təhsil aldığı göstərilir. Hansı səbəblərdənsə bu ildən sonra məktəbdə azərbaycanlı qızların sayı kəskin şəkildə aşağı düşmüşdür. Statistik mən¬bələrin verdiyi məlumata görə 1871-ci ildən 1880-ci ilə qədər məktəbdə cəmi 7 nəfər azər¬bay¬canlı qız təhsil almışdır. Bu rəqəm aşağıdakı illərdə qeydə alın-mış¬dır: 1871-ci ildə 1 nəfər; 1872-ci ildə 2 nəfər; 1873-cü ildə 2 nəfər; 1874-cü ildə 1 nəfər; 1877-ci ildə 1 nəfər. Təəccüb doğuran cəhət odur ki, 1859-cu ildən 1870-ci ilə qədərki dövrdə nəşr olunmuş mənbələr məktəbin şagird¬lərinin milli tərkibinə görə statistikasını verməmiş, bəzi hallarda uşaqların silki mənsubiyyətinə görə tərkibini göstərməklə kifa¬yət¬lən¬mişlər. Əlavə olaraq qeyd edək ki, 1859-cu ildən müəl¬lim Molla Mir Meh¬dinin adı və ümumiyyətlə, tədris fənni kimi şəriət və Azərbaycan dili ştatı haqqında məlumat verilmir.
Əlbəttə ki, məsələnin mahiyyətinin aydınlaşdırılması, onun mübahisəli görünən, şübhə doğuran məqamları faktlar, dəlilsübutlarla danışmağı tələb edir. Lakin, fikrimizcə, belə bir mülahizənin irəli sürülməsi həqiqəti əks etdirər ki, məktəbdə şəriət və Azərbaycan dilinin öyrədilən fənlər sırasından çı-xarılması yəqin ki, əhalinin narazılığına səbəb olmuşdur. Nəticədə həmin ildən sonra tədris müəssisəsində azərbaycanlı qızların sayı xeyli aşağı düşmüşdür.
Qeyd etdiyimiz kimi, “Müqəddəs Ripsimi” cəmiyyətinin üzvləri və xeyriyyəçiləri 96 nəfərdən ibarət olmuşdur. Maraqlıdır ki, onların arasında azərbaycanlı qadınlar üstünlük təşkil etmişdir. Cəmiyyətin üzvləri arasında Ehsan xanın qızı Sona xanımın (Sonabəyimin), oğlanları İsmayıl xanın xanımı Cahan xanımın və Kalbalı xanın xanımı Xurşud xanımın da adları vardır.
Naxçıvan şəhərində qızların təhsili ilə bağlı ilk məlumatlardan biri şairə Qönçəbəyimin adı ilə bağlıdır. Bir qayda olaraq tədqiqatlarda və ensiklopedik nəşrlərdə şairə Qönçəbəyim “Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin qızı” kimi təqdim olunur. Həmçinin burada göstərilən belə bir fikir də maraq doğurur ki, Ehsan xanın qızı Qönçəbəyim 1837-ci ildə Naxçıvan şəhərində açılmış rus dövlət məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, şərq ədəbiyyatını kamil bilmişdir. Əlbəttə, ehtimal şəklində olsa belə, şairənin qəza məktəbində oxuması faktı mümkündür. Çünki araşdırmalar Qönçəbəyimin rus və fars dillərini yaxşı bildiyini bir mənalı şəkildə təsdiq edir.
(Ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru
Palitra.-2018.-21 dekabr.-S.10.