İki ömür yolu, bir dəmir yolu...

 

Tamaşa boyu dahi Məmməd Arazın bu misraları beynimi döyəcləyirdi:

İki ömür yolu, bir dəmir yolu,

Bizimçün qurulub bu dayanacaq,

Nə sənin mənim tək duyanın olub,

Nə məni sənin tək duyan olacaq...

Qatar həmişə hər kəsdə daha çox nostalji hissləri yaradan bir nəqliyyat vasitəsidir. Məsələn, mən qatar görən kimi tələbəlik illərimi xatırlayıram. Hər tətildə sevinclə Dəmir yol vağzalında əyləşdiyim qatarın ard-arda düzülmüş yaşıl rəngli vaqonlarını çəkib aparacaq paravozun hərəkət anını gözləyirdim. Sonra başqa bir yolçuluq kefi başlayırdı...Bir neçə saatın içində tanış olduğun adamlar, onların hekayətləri, söhbətləri, şişman bələdçilərin "biletlərinizi göstərin!" əmri ilə biletsiz sərnişinlərin ani təlaşı, bir azdan əriyən narazılıq buzlarından sonra qulplu altıqlı iri stəkanlarda iki-üç tikəlik tezəriyən qəndlə verilən çay dəsgahı...Naharaxşam yeməyi vaxtı hər kəsin səxavətlə ortaya açılan süfrəyə qoyduğu nemətlərə kupe qonşularının da əl uzatmasından doğan məmnunluq hissi. Birbütün bu şirin xatirələrin yekunu olaraq daxilində hər kəsdən gizlin guşədə rahatlıq tapmayan bir sızıltın: bizim hər birimizin ömrü elə bu qatardakı vaqonlarının hücrələri-kupeləri kimidir. Yaşadığımız sürəcə bu qatara minən yüzlərlə sərnişin arasında bizimlə son dayanacağa qədər gedənlər də var, yol boyu hansısa stansiyada enənlər də...Görəsən qalanların arasında neçə nəfər ürək dostumuz, könül sirdaşımız var? Bu sərnişinlərin hansının gülüşü, hərəkəti, sözü, vədi, münasibəti, sevgisi, nifrəti həqiqətdir? Məncə, bu dünyada 100 il ömrün olsa belə, dağ bilib arxalandığın, inanıb sirrini-sözünü etibar etdiyin adam belə günlərin bir günündə insanlıqdan çıxıb sənə xəyanət edə, səni qəpik-quruşa sata bilər! Bu həyatın, insanlığın amansız və yazılmamış qanunudur ki....məşhur qırğız yazıçısı Mar Bayciyev onu çox sərrastlıqla və incə nüaslarla oxucularına, tamaşaçılarına təqdim edib.

Ümumiyyətlə, Mar Bayciyevin yaradıcılığı ilə tanış olanlar onun istedadının müxtəlif çalarlarından xəbərdardılar, insan psixologiyasını, münasibətlərdəki təzadlı və umacaqlı nüansları dəqiq və mükəmməl ifadə etməsi dramaturqun bütün əsərlərindən qırmızı xətt kimi keçir. Elə buna görə 16 ilə yaxın İrəvan Azərbaycan Dövlət Teatrının direktoru işləmiş yazıçı -dramaturq Hidayət də Mar Bayciyevin yaradıcılığının incilərindən biri sayılan "Sonuncu reys" əsərini dilimizə çeviribteatra baş rejissor təyin olunmuş əməkdar artist Sərvər Əliyev bu sənət ocağındakı fəaliyyətinin 100-cü gününü məhz bu tamaşa ilə qeyd edib.

Sərvərin "Ömür qatarı" adı ilə quruluşunu verdiyi tamaşa bayaqdan bəri anlatdığım o qatardır. Bizim hər birimizsə o qatardakı 8 nəfərlik sərnişinin prototipi sayıla bilərik. Bəlkə elə buna görə Mar Bayciyev bu əsərdə personajların heç birinə konkret ad verməyib ki, hər bir tamaşaçı , oxucu öz içinə, daxili dünyasına boylana bilsin! Bu tamaşada sadəcə Bələdçi qadın (Səmayə İsmayilova), Sərxoş, (Əmədar artist Vaqif Kərimov), Qadın (Əməkdar artist Esmiralda Şahbazova), Kişi (Tural Xəlilzadə), Qız (Şəbnəm Cəbrayılova), Leytenant (Elçin Hacıyev), Bələdçinin əri (Nicat Mirzəzadə), Bufetçi (Rövşən Cəfərov) var. Şəkildən-şəkilə dəyişən, vaxt ötdükcə öz daxili mənini-xislətini ortaya qoyan bu insanlar əslində elə bizim aynadakı əksimizdir; səmimiyyətimizlə, ikiüzlülüyümüz, paxıllığımız, rəzilliyimiz, sevgimiz, xəyanətiniz, özümüzü təsdiqə çalışdıqca özgələrinin haqqını tapdayıb keçməklə nələrəsə can atmaq cəhdimiz, inadkarlığımız...

1988-ci ildə on minlərlə soydaşımız kimi C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının da qaçqınlıq həyatı başladı. Amma zaman keçdikcə, oradan gələnlərin demək olar ki, hamısı, yaxşı-pis, ev-eşik, yurd- yuva sahibi oldu. Lakin 136 yaşlı bu ixtiyar teatr hələ də onun-bunun qoltuğudadır, münasib binası, şəraiti olmadığından hazırladığı tamaşaları yad səhnələrdə oynamağa məhkumdur. Belə vəziyyətdə isə istənilən, arzu olunan səhnə tərtibatı, yaradıcılıq fantaziyası, ifaçılıq imkanları nümayiş etdirmək olmur, sadəcə təklif edilənlə kifayətlənməkdən başqa bir seçim qalmır. Əminəm ki, tamaşanın uğurunu təmin edən əsas amillərdən biridoğma divarlardır ki, yaradıcı heyət aylarla sürən məşq prosesində səhnənin həm ab-havasına alışır, həm də texniki imkanlarını mənimsəyir, kulislərdə hərəkət etmək daha asan olur. Lakin neyləməli, bu da bir tale, qismətdir.

Düşünürəm ki, bu tamaşada bütün obrazlar elə baş rol qədər önəmlidir. Çünki həyatda olduğu kimi yer üzündəki "Ömür qatarlarında" da Tanrının yaratdığı varlıqların heç biri ikinci dərəcəli insanlar deyil, hər kəs bu dünyada öz rolunu oynayıb gedir, bəzən kimlərsə niyə yaşadığını, nə üçün yaşadığının fərqinə varmasa belə!

Əməkdar artist Vaqif Kərimovun ifa etdiyi sərxoş kişi bəlkə də bu dünyanın ən məsum insanıdır, istedadlı, qabiliyyətli işçisi, qayğıkeş həyat yoldaşı, övladlarını canından da çox sevən ata kimi əvəzsizdir. Ancaq adi bir səhv, onu əhtə edən doğmalarının, yaxınlarının, dostlarının, ünsiyytdə olduğu hər kəsin etinasızlığı, biganəliyi onu bu qatarın qəribə həyat hekayəsi olan sərnişinləri arasına gətirib. Vaqif Kərimov bu teatrın qədim-qayım sütunlarından biridir, yaratdığı müxtəlif xarakterli obrazların hər birində onun öz şəxsi münasibətindən irəli gələn tapıntılar, fərqli cizgilər var ki, bu da ietedadlı aktyorun geniş yaradıcılıq imkanlarından xəbər verir. Onun oynadığı obrazın səmimiyyətinə də, yaşamağa məhkum olduğu həyatdan,əslində isə özündən intiqam almaq cəhdinə də inanır tamaşaçı və onun hər bir hərəkətində, jestində, mimikasında, səsinin tonunda belə bədbəxt bir insanın yaşantılarını, çırpıntılarını, əlacsızlığını görür, hiss edir.

Teatra əbədi və tükənməz sevgisi ilə həyata tutunan istedadlı aktrisa Səmayə İsmayılova Bələdçi qadın obrazını o qədər səmimi, o qədər təsirli və təbii təqdim edir ki, adamın lap o qatara hansısa dayanacaqda minməyi gəlir! Lap "boş yer" olmasa belə! İnanırsan ki, “illərini bu dəmir ayaqlar üstündə keçirən, hər səfərində də müxtəlif taleli insanlarla rastlaşanonlarla ünsiyyətdə ola-ola bir “yolların fəlsəfəsini” öyrənən bu qadın hər şeyə qadirdir, bircə kimsə onunqazanc bostanınadaş atmasın, düzənini pozmasın, qurduğu “dünyasını” dağıtmasın. Bələdçi qadın üzü-üzlər görmüç bu darısqal kupelərdə nələrin şahidi olmayıb, hansı imtahanlara, sınaqlara tab gətirməyib, nələrdən qup-quru çıxmayıb? Amma bu səfərdə ona yoldaşlıq edən həyat yoldaşı bunların heç birini anlamır, çünki oby dünyanın adamı deyil, yolların nizamından xəbərsizdir.”

Əməkdar artisti Esmiralda Şahbazovanın yaratdığı Qadınsa öz daxili təlatümüni, içindəki tənhalıq qorxusunu , üzüntüsünü mülayimliyi, zərifilyi, bir az da ürkəkliyi ilə ört-bastdır etməyə çalışsa da, hiss olunur ki, illərdən bəri bu qatarın son dayanacağında üzləşəyəcəyi gerçəkliyin acısını daşıyacaq qüvvədə, o yükü qaldıracaq iqtidarda deyil. Bəlkə də bu üzdən özgə birisinin qismətinə əl qoymaqdan heç narahatlıq duymur. Nə yazıq ki, çağdaş dünyamızın yaşam fəlsəfəsi bəlli: xoşbəxt olmaq istəyirsənsə, mübarizbir az da fürsətcil olmalısan!

Bəlkə də illər əvvəl yazılan və dünyanın yüzdən çox teatrında tamaşaya qoyulan bu əsərin müasirliyi, aktuallığı, əhəmiyyəti bir də ondadır ki, 21-ci yüzillikdə, insani münasibətlərin getdikcə daha çox qıtlaşdığı, ailələrin çox sürətlə bir-birindən qopdyğu, sosial münasibətlərin daha böyük önəm daşıdığı bir dövrdə tamaşaçını hansısa sirlərdən agah edir, onu ayıq –sayıq olmağa səsləyir.

Şəbnəm Cəbrayılovanın gənc qəhramanı da bu gerçək ağrılardan silkinib özünü qatardan, o darısqal və xəyanət havalı vaqon kupesindən gecənin, sonsuzluğun, nəhayətsiliyin və məchulluğun qoynuna atan andan tamaşanın ab-havası dəyişir. Gənc qıızın yaşantılarını çox dolğun və inandırıcı oynayan aktrisa həmyaşıdının üzləşdiyi yalanın və xəyanətin dünyasına enir. Şəbnəmin qəhrəmanı saf, hələ korşalmamış ülvi hislərlə sevdiyi adamın hər sözünə inanır. O insan adlı bəndələrin nələrə qadir olduğundan hələ xəbərsiz sevdalı bir tələbə qızdır. Aktrisa obrazının yaşantılarını elə inandırıcı verir ki, tamaşaçı onun özündənqaçış qərarına- tək-tənha çölə pənah aparma istəyinə haqq qazandırır!

Tələbə qız öz sevgilisini (Leytenantı) ailəsi ilə tanış olmağa aparır, onun ilk məhəbbətin şirinliyi ilə çırpınan ürəyində hələ ki, xəyanətə, riyakarlığa, yalana yer yoxdur. Rejissor bu məsum və təcrübəsiz qızın həyat hekayəsini daha təsirli və inandırıcı vermək üçün onu böyük bir sınaq girdabına itələyən müəllifin düşüncələrini bir az da qüvvətləndir: qızı gecə ilə bom-boş səhraya qaçmağa məcbur qoyan xəyanət acısı ilə imtahana çəkir , orada ona insanlıq və etiraf dərsini öyrənmək imkanı verir.

Tamaşa boyu bir qatar kupesində və qaranlıq səhrada baş verənlər əslində bu dünyanın gecə və gündüzü kimi təzadlıdır. Bu reallıq içərisində insanı ən çox qorxudan, qəfil qatar fiti kimi diksindirən bir xof var; əcaba məhəbbət və inamdan, özünəgüvəndən və sədaqətdən danışmaq üçünmü bu adamlar bir araya toplaşıblar? Dəqiqələr ötdükcə bu təlaş bir az da güclənir, özünə, andına inamı itən insanların ümidinin tükəndiyi məqam yetişir. Və səhnədə yaşam mücadiləsi verən, qaranlıq gecənin qoynunda zərrə boyda bir işığa, ümidə möhtac olan, xilas yolu arayan gənc qızla yaşlı kişi qalır.

Tamaşanın kulminasiya zirvəsi də məhz bu üzləşmə anıdır. İki ömür yolunun bir dəmir yolunda qarşılaşıb, etiraf fırtınasının girdabında çırpınan iki insanın baş-başa qaldığı anlar...Dünyanın gərdişindən, həyatın sınaqlarından bezib hansı dayanacaqda düşəcəyinin belə fərqində olmayan, qatarlarda sərxoşluq edib gün keçirən, içki tapmayacağı təqdirdə özünü asacağını bəyan edən Kişi ilə sevgilisinin onu aldatdığından şüblənib özündən, öz güvənc dünyasından qaçan məsum Qız! O yol ayrıcında həqiqətləri bütün çılpaqlığı ilə bir-birinə etiraf edən bu iki nəfər vicdanlarının səsini dinləyir, Tanrı qarşısında hesabat verirmişlər kimi dərdlərini geçəyə, ara-sıra onları görmədən sürətlə son mənzilə doğru şığıyan qatar təkərlərinin yeknəsək taqqıltısına danışırlar.

Bu mükalimənin bir qanadı bəlkə hələ də hansısa dayanacaqda boş vaqonların hamısındakı yerləri “bron edən turistləri” gözləyən qatarda qalan sərnişinlərdir. Bir neçə saatlıq, uzaqbaşı bir günlük yol yoldaşı olduğu sərnişin xanımı ovutmağa çalışdığı məqamda sevgilisinin etibar və güvənini alt-üst edən Leytenant, bir anlıq duyğularına təslim olub yad bir kişinin təsəllisinə qucaq açarkən hadisələrin növbəti inkişafına təkan verən Qadın, bu qısqanclıq ocağını körükləyən və son məqamadək dərdi-səri ərinin bir şilləsi müqabilində tanımadığı sərnişinlərdən onu məhkəməyə vermək üçün şahidlik izahatı topıamağa can atan Bələdçi qadın və problemlər içində çırpınan digərləri. Hər birininöz həyat hekayəsi, öz umacağı...

Gənc qız atası, bəlkə də babası yaşında olan Kişinin həyat dərsindən nəticə çıxaracaqmı, bilmirik. Tamaşaçının ümid etdiyi və inandığı bir həqiqət var: bu səhradan keçən sürət qatarlardan hansınınsa maşinisti bir gecə bu adsız dayanacaqdakı iki sərnişini mütləq görəcək! Bu qatarın gələcəyi saat və dəqiq vaxtı bəlli deyil! Amma gedəcəkləri ünvana çatmamış "Ömür qatarı"ndan enməyə məcbur qalan o iki sərnişinin ümidi, nicatı, həyata dönüş bağı olacaq o işığın ziyası qaranlıq salona da bir əminlik vəd edir. Baş rejissor Sərvər Əliyevin İrəvan Azərbacan Dövlət Dram teatrındakı bu ilk işinin başlanğcında yanan bir etimadinam mesajı da saymaq olar o işığı!

S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində cəmi bir neçə günlük məşqdən sonra tamaşaçı qarşısına çıxmaq cəsarətində olan və bütövlükdə uğurlu ifası dönə-dönə alqışlanan kollektivin oyunda hər hansı bir uğursuzluq, mizan çaşqınlığı görmək istəmədim. Sadəcə cani-dildən və çox böyük yaradıcılıq eşqi ilə qəhrəmanlarının sevinc və kədərini, iztirab və məmnunluğunu ifadə etməyə nail olan bu sənət fədailərini, rejissor Sərvər Əliyevi, tərtibatçı rəssam Vahid Mürsəliyevi, tamaşanın uğurunda əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm, İrəvanı- qədim yurd yerlərimizin nəfəsini yaşadan teatra uzun ömürlük yaradıcılıq fəaliyyində yeni nailiyyətlər arzulayır və bu qeydlərimi yenə Məmməd Arazın şah misraları ilə möhürləmək istəyirəm:

 

Bəlkə bu doğrunu yalana büküm,

Bu hissə inanan çox az olacaq,

Bir ömrümüzə qayıtmaz bu gün,

Bir yolumuza çıxmaz bu qatar...

 

Yolunuza çıxan hər qatara minməyin, bəzən bu qatarın bütün vaqonları boş olsa belə, sizə yer tapılmayacaq...Sizi mənzil başına çatdıracaq “ÖMÜR QATARI”- gözləyin, o vaxsa mütləq sizin dayandığınız vağzaldan da keçəcək.

 

TELLİ PƏNAHQIZI

Palitra.-2018.-1 fevral.-S.12.