Əsrin sınağından çıxan
maarifçi qadınlarımız
Məhərrəm Zülfüqarlı: “Azərbaycanda maarifpərvər qadınlardan danışarkən onların yetişməsində rolu olan şəxsiyyətlərin adını qeyd etməliyik ki, onlardan biri məhz H.Z.Tağıyev idi ki, onun açdığı qızlar seminariyasında təhsil alan qızlar təhsil haqqından azad idilər”.
Müşfiq Ələsgərli: “Məhsəti Gəncəvidən başlamış Sara Xatuna, Heyran xanıma, Xurşidbanu Natəvana qədər uzun bir siyahı var. Bu yöndə tarixi ənənələr qırılmayıb, davam edib və günümüzə qədər gəlib çatıb. Bu maarifçilər zamanın yeni, mütərəqqi çağırışlarını təqdir və təbliğ etməklə yanaşı, mütərəqqi xarakterli milli adət- ənənələrin, mənəvi dəyərlərin təbliğ edilməsində və yaşadılmasında da mühüm rol oynayıblar”
Azərbaycanın ziyalı qadınları maarifçiliyin inkişafında mühüm rol oynayıblar. Milli məfkurənin oyanmasında, dövlətçilik işində və mədəni inkişafımızda müstəsna xidmətlər göstərən qadınlarımız xalqın maariflənməsində əsl fədakarlıq göstəriblər. Tarixə nəzər saldıqda xalqımızın maariflənməsində fədakarlıq göstərən neçə-neçə belə maarifçi qadınların adlarını çəkmək olar.
Əsrin
sınağından çıxan maarifçi
qadınlarımız
Hələ XIX əsrin 50-ci illərində Zaqafqaziyada fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyətə başlayıb. Burada 17 nəfər azərbaycanlı qadın var idi ki, onlardan Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova maarifçi dünyagörüşlərinə görə fərqlənirdilər. 1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmud kişinin köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açaraq, 1863-cü ilə qədər burada ana dili, nəğmə və s. dərsləri tədris edib. İrəvan quberniyasında da 1865-ci ildə “Müqəddəs Pipsime” cəmiyyəti qızlar üçün məktəb açmışdı ki, burada fəaliyyət göstərən 65 qızdan 42 nəfəri azərbaycanlı idi. 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbi yaranıb, Bakıda isə 1874-cü ildə ilk qadın gimnaziyası açılıb. 1896-1901-ci illərdə H.Z.Tağıyevin maliyyə vəsaiti hesabına ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilib və həyat yoldaşı Sona xanımın rəhbərliyi ilə fəaliyyətə başlayıb. Bu məktəbin tarixində dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində zəhməti olan maarifçi qadınlar fərqləniblər.
Tarixə düşən maarifçi qadınlarımızdan biri Bakıda ilk qız məktəbinin direktoru olmuş Hənifə xanım Məlikovadır. Hənifə xanım, həmçinin öz evində yaşlılara dərs deyib, “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından olub. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsində çalışıb. 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb.
Azərbaycanın elə ziyalı qadınları olub ki, onlar ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayıb, cəhalətə qarşı mübarizə aparıb və həyatları bahasına insanların maariflənməsinə çalışıblar. Belə ziyalı qadınların sırasında Məryəm xanım Bayraməlibəyovanın da adını çəkməmək mümkün deyil. Maarifpərvər qadınlarımız yalnız paytaxtda deyil, bölgələrdə də öz fəaliyyətlərini davam etdirirdilər. Məryəm xanım H.Z.Tağıyevin açdığı ilk qız məktəbində təhsil alıb. Məryəm xanım 1917-ci ildə Bakıdakı “Müqəddəs Nina” qızlar məktəbini qızıl medalla bitirərək Moskva Tibb İnstitutuna daxil olub. Lakin oktyabr inqilabı ilə əlaqədar təhsilini başa vura bilmir və Bakıya qayıdır, öz həyatının maarif və mədəniyyət işinə həsr edir. Sonra o, Lənkərana qayıdır və 1918-1919-cu illərdə burada ikiillik qız məktəbində pedaqoq, sonra isə qadın gimnaziyasının inspektoru vəzifəsində çalışıb. Məryəm xanım Lənkəranda savadsızlığı ləğv etmək üçün var qüvvəsi ilə mübarizə aparıb.
Bölgələrdə fəaliyyət göstərən belə ziyalı qadınlarımızdan biri də Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Nəcəfovadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərə baxmayaraq, Nazlı xanım qızların təhsil almasına hər vəchlə öz dəstəyini göstərməyə çalışıb.
Təhsil
sahəsində XIX əsrin
sonlarından başlayan
proses bu gün də davam edir
Tarix elmləri namizədi, dosent Məhərrəm Zülfüqarlı bildirdi
ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı sovet dövründə təhriflərə yol verilib: “Məsələn,
sovet dövründə
kitablarda yazırdılar
ki, 27 aprel 1920-ci il XI ordu
buranı işğal
edənə qədər,
guya, bir nəfər də olsun Azərbaycan qadını savadlı deyildi. Ancaq müstəqillik dövründə ən azı Azərbaycan burjuaziyasının ağsaqqalı
olan Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar
seminariyasını göstərə
bilərik ki, çoxlu sayda azərbaycanlı qızlar
orada yüksək təhsil alıblar. Onlar da başqa məktəblərdə
Azərbaycan gənclərinin
təhsilinin inkişafında
mühüm rol oynayıblar. Azərbaycanda
maarifpərvər qadınlardan
danışarkən onların
yetişməsində rolu
olan şəxsiyyətlərin
adını qeyd etməliyik ki, onlardan biri məhz
H.Z.Tağıyev idi ki, onun açdığı
qızlar seminariyasında
təhsil alan
qızlar təhsil haqqından azad idilər. Bundan başqa, H.Zərdabinin
həyat yoldaşı,
eləcə də C.Məmmədquluzadənin xanımı
ölkəmizdə təhsilin
inkişafında mühüm
rol oynayıblar.
Onların sayəsində ölkədə
çoxlu sayda qız məktəbləri,
rus-tatar məktəblərində
qızlar təhsil alırdılar. O dövrdə
qızların təhsil
alması böyük
problem idi. Buna həm çar Rusiyası, həm də xurafatçı dindarlar, qoçular mane olurdular. Hətta H.Z.Tağıyevə qızlar seminariyasını
açmasında mane olmağa
çalışıblar. Belə bir çətin şəraitdə qadın
təhsili uğrunda mübarizə aparan qadınlarımız bu işə öz töhfələrini veriblər.
Komissar olsa da, A.Sultanovanın
adını çəkmək
olar. Sovet dövründə bu mədəni inqilab və savadsızlığın ləğvi
hərəkatı var
idi. Qadınlar arasında burada
maarifçiliyi inkişaf
etdirməklə kommunist
ideologiyasını yayırdılar.
Amma xurafata qarşı mübarizə, qadınların
baş örtüsü,
çarşabların atılması
və təhsilə cəlb edilməsində A.Sultanovanın mühüm
rolu olub. Digər qadınlarımız da təhsil kurslarına qadınların cəlb olunmasında mühüm rol oynayıblar”. Tarixçinin sözlərinə
görə, müasir
dövrdə də Azərbaycan dövləti
xaricdə təhsilə
mühüm yer verir və bu
ənənə Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə qoyulub:
“Hər il 100 tələbə Qərbi Avropa ölkələrinə
oxumağa göndərilirdi.
Doğrudur, onların
əksəriyyətini kişilər
təşkil edirdi, qadın çox az idi. Ancaq ona qədər Şövkət Məmmədovanın
İtaliyada təhsil almağa göndərilməsini
göstərə bilərik.
H.Z.Tağıyevin maliyyə dəstəyi
ilə opera sənətinin
böyük nümayəndəsi
gedib İtaliyada təhsil almışdı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin
birinci dövründə
1969-82-ci ildə də
bu ənənə davam edib. Qapalı olduğu üçün
Azərbaycan gənclərini
xarici ölkələrə
göndərmək mümkün
deyildi, ancaq SSRİ-nin müxtəlif şəhərlərində təhsil
almağa göndərilirdi,
o cümlədən qızlarımız.
Müasir dövrdə gənclərimiz,
təbii ki, buraya qızlarımız da daxildir və
onlar Dövlət proqramı ilə Qərb ölkələrinə
təhsil almağa göndərilir, təhsil
haqqını da dövlət ödəyir.
Bu gənclər Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında
mühüm rol oynayırlar. Konkret deyə bilərik ki, təhsil sahəsində XIX əsrin
sonlarından başlayan
proses bu gün də davam edir. Maarifçi qadınlarımızın
rolu danılmazdır”.
“Müsəlman Şərqində Azərbaycan
xalqını digər
xalqlardan fərqləndirən
xüsusiyyətlərdən biri də məhz
maarifçilikdir”
Jurnalistlərin Həmkarlar İttifaqının
sədri, Azərbaycan
Mətbuat Şurası
sədrinin müavini,
Beynəlxalq Jurnalistlər
Federasiyasının Azərbaycan
nümayəndəliyinin rəhbəri
Müşfiq Ələsgərli
isə bildirdi ki, Azərbaycanda maarifçiliyin qədim ənənəsi var: “Bu missiyanı həyata keçirənlər sırasında
qadınlar da var. Müsəlman Şərqində
Azərbaycan xalqını
digər xalqlardan fərqləndirən xüsusiyyətlərdən
biri də məhz budur. Məhsəti Gəncəvidən
başlamış Sara Xatuna,
Heyran xanıma, Xurşidbanu Natəvana qədər uzun bir siyahı var. Bu yöndə tarixi ənənələr qırılmayıb,
davam edib və günümüzə
qədər gəlib çatıb. Bu maarifçilər
zamanın yeni, mütərəqqi çağırışlarını
təqdir və təbliğ etməklə
yanaşı, mütərəqqi
xarakterli milli adət- ənənələrin,
mənəvi dəyərlərin
təbliğ edilməsində
və yaşadılmasında
da mühüm rol oynayıblar. Günümüzdə bu missiya ləyaqətlə davam etdirilir. Sevindirici haldır ki, bu cür vətənsevər,
milli dəyərləri
təbliğ edən,
onları yeni dövrün çağırışları
ilə uyğunlaşdırmağı
bacaranlar sırasında
jurnalist həmkarlarımız,
xanım qələm sahibləri da var. Mən bu sahədə
nümunə olaraq gözəl şairəmiz,
eyni zamanda media sahəsində ad qazanan Sona xanım Vəliyevanı göstərə
bilərəm. Yaradıcılığında milli ruh
hakim olan bu xanımın rəhbərlik
etdiyi "Kaspi"
media qrupu da tarixə bağlı, milli-mədəni sərvətlərimiz
sırasındadır. Milli inkişafımızda təkanverici
rolu olmuş tarixi şəxslər barədə aparılan tədqiqatlara geniş yer verməsi bu media qrupun və şəxsən Sona xanımın fəaliyyətində əsas
xətlərdən biridir.
Hansı
ki, qloballaşma dövründə milli kimliyimizin qorunub saxlanılması və zənginləşməsi üçün
buna ciddi ehtiyac var”. Bu gün ölkədə
qadınların təhsil
alması üçün
hər cür şərait yaradılıb.
Eyni zamanda qızlarımız müxtəlif
ölkələrin ali təhsil ocaqlarında təhsil alırlar. Bu gün
müasir qadınlarımız
Azərbaycan maarifçilik
ənənələrini davam
etdirirlər. Ölkənin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə uşaqların
təhsil alması üçün bir sıra tədbirlər həyata keçirilir.
Yeni məktəb binaları tikilib təmir olunur. Eləcə
də internat evlərində yaşayan qızların daha
yaxşı təhsil alması üçün
münbit şərait yaradılır. Bütün bunlar Azərbaycan
maarifçi qadınlarının təhsilə
verdiyi önəmi bir
daha göstərir.
Nigar Abdullayeva
Palitra.-2018.-6 fevral.-S.12