Məhərrəm Hüseynov:
“Aşıq ensiklopediyasının tərtibi yaxşı təşəbbüsdür”
Məhərrəm Abbasəli oğlu Hüseynov 1945-ci il fevral ayının 18-də Qərbi Azərbaycanın Göyçə mahalı Çənbərək bölgəsinin Şorca kəndində anadan olub. 1964-1969-cu illərdə BDU-da (keçmiş Kirov adına Azərbaycan Dövlət Universitetində) filologiya üzrə ali təhsil alıb. 1982-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Mirzə İbrahimovun romanlarının dili və üslubu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2014-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Bir neçə elmi əsərin müəllifidir. Hal-hazırda ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti və Filologiya fakültəsinin dekan müavinidir.
- Məhərrəm müəllim, hazırda şairlərin bir çoxu klassik şeirlərdən çox, sərbəst şeirlərə üstünlük verirlər. Günümüzdə sərbəst şeirlərə daha çox rast gəlirik. Sizcə, bunun əsas səbəbi nədir?
- Klassik şeirdə poeziyanın qızıl qanunları var. Burada qafiyə, ölçü və s. kimi qaydalar mövcuddur. Bunu yazmaq, həqiqətən, çox çətindir. Son vaxtlar modernizm və postmodernizm kimi yeni terminlər yaranıb. Bunların mahiyyəti nədir? Bunlar indiyə kimi klassik şerin qızıl qanunlarına etinasızlıqdır. Belə şairlər klassik şeirlərdə fikirlərini qafiyədə verə bilmirlər. Belə olduqda həmin şairlər çalışırlar ki, fikirlərini sərbəst şeirlərdə versinlər. Ancaq sərbəst şerin özünün də gözəlliyi var. Sərbəst şerin canı ritmdir. O müəyyən ritmin üzərində qurulur və fikri sərbəst ifadə edir. Hər bir şeir formasının özünün gözəlliyi var və bunların birinə yaxşı, birinə pis deyilməsi qəbuledilməzdir. Həmin şeirlərin hər biri özünün formasında mükəmməl gözəlliyə malikdir. Çünki ədəbiyyatımızda bunun nümunələri istənilən qədərdir. Məsələn, ədəbiyyatımızda Rəsul Rzanın nə qədər oxunaqlı sərbəst şeirləri var. Sərbəst şeirlərə dünya ədəbiyyatında da rast gəlinir. Rus ədəbiyyatında Mayakoviskinin adını çəkə bilərik. Ədəbiyyatda forma sənətin əhəmiyyətini müəyyənləşdirəm amil deyildir. Məsələ bunu necə yazmaqdadır. Bu isə sənətkar işidir.
- Maraqlıdır ki, aşıq ədəbiyyatında əruz vəzninə və sərbəst şeirlərə rast gəlinmir. Bizim tanınmış ustad aşıqlarımızın şeirlərində şerin bu formasına müraciət yoxdur. Daha çox şerin qoşma, gəraylı, müxəmməs və s. formalarına rast gəlirik.
- Aşıq ədəbiyyatının ənənəvi şəkildə müəyyən formaları var. Aşıq şerinin ən populyarı qoşmadır. Şübhəsiz ki, qoşma da özünəməxsus əlamətləri ilə seçilir. Qoşmanın on bir hecası, rədifi və başqa qaydaları olur. Bu qaydanın özündə də inkişaf hər zaman hiss olunur. Gəraylı ilə qoşmanın fərqi isə heca sayındadır. Gəraylı formasında varsaqlar da var. Bunlarla yanaşı, əruz vəzninin öz qaydaları var. Aşıq şeri uzun müddət ənənə üzərində inkişaf edib.
- Çox zaman aşıq yaradıcılığını şifahi xalq ədəbiyyatı adlandırırlar. Bir çox aşıqların ifa və şeirləri bizə məlumdur. Belə olduqda aşıq ədəbiyyatını folklorun tərkib hissəsi kimi adlandırmaq olarmı?
- Burada bəzi aşıq şeirləri şifahi yolla gəldiyinə görə bunu, bəzən belə adlandırırlar. Misal üçün deyim ki, Aşıq Ələsgərin əlyazması yoxdur. Belə olduqda xalq arasında dildən-dilə ötürüldüyü üçün çox zaman aşıq ədəbiyyatını şifahi xalq ədəbiyyatı kimi təqdim edirlər. Ümumiyyətlə, qeyd edim ki, ədəbiyyatda bu məsələ mübahisəli bir məsələdir. Biz şifahi dedikdə başa düşürük ki, bunun müəllifi yoxdur. Amma aşıq ədəbiyyatında əksər şeirlərin müəllifi bizə məlumdur.
- Fars ədəbiyyatının türk ədəbiyyatına təsiri hansı səviyyədə olub? Şübhəsiz ki, biz uzun müddət onlarla bir coğrafiyada yaşamışıq. Mədəniyyət və ədəbiyyatımız bir-birinə inteqrasiya edib. Bəzən də deyirlər ki, bizim istifadə etdiyimiz bugünkü nəzəriyyə fars ənənələrindən irəli gəlir.
- Fars ədəbiyyatı dedikdə onun özünü də dəqiqləşdirmək lazımdır. Çünki fars dilində yazan insanların çoxu fars deyil. Bu səbəbdən buna “fars dilində yazılan ədəbiyyat” deyirlər. Bu ədəbiyyatın ən böyük nümayəndələri olan Nizami Gəncəvi (azərbaycanlı), Xosrof Pəhləvi (hindli) və digər şəxslərin adlarını çəkə bilərik. Amma bunu da etiraf etmək lazımdır ki, fars ədəbiyyatı zəngin ədəbiyyatdır. Niyə? Çünki fars dilində ədəbi dilin və poeziyanın ənənəsi çox güclü olub. Biz uzun müddət bu dildən istifadə etmişik. Fars dili ilə yanaşı, ərəb dilindən də uzun müddət istifadə etmişik. Şübhəsiz ki, bu ədəbiyyatların təsiri indi də hiss olunur. Bunu yazılan əsərlərin formalarında, məzmununda və s. şəkillərdə hiss edirik.
- Günümüzdə “El şairləri” adlandırılan ədəbiyyat insanlarının yaradıcılığı oxucular tərəfindən diqqətı cəlb edir. Onların əsərləri bu gün elmi tədqiqata cəlb olunurmu? Bu şairlərin yaradıcılığında ədəbiyyat nəzəriyyəsi öz əksini necə tapır?
- İstənilən şeirin konkret müəllifi olur. Hər bir şeir insanın (yəni müəllifin) özünün ifadə vasitəsidir. Şeirdə predment əsas deyil. Şeirə insanın münasibəti əsasdır. Şübhəsiz ki, burada insanın intellektual səviyyəsi də iştirak edir. Şairin dünyagörüşü, aldığı təhsil, həyat təcrübəsi və s. yaradıcılığa təsir edir. Şübhəsiz ki, təhsil almayan şairlə təhsil alan şairin şeirləri arasında fərq hiss olunur. Bəzən də bilikli insan biliyini şeirə tətbiq etdikdə şeirin təbiiliyi itir. Şeir nə qədər təbii olsa, bir o qədər oxunaqlı olar. Savadsız insanlar gözəl şeir nümunələri yaradırlar. Bu ilahinin verdiyi bir vergidir. Biz burada Aşıq Ələsgəri misal çəkə bilərik. Onun şeirlərində yüksək nəzəri biliklər qorunub. Yəni bu, fərdi fitri istedadın nəticəsidir. Ancaq şeirin gözəlliyi istedaddan asılıdır. Bu istedad ya vergi ilə, ya da oxunmaqla əldə edilə bilər.
- Bölgələrdə çoxlu yazıb-yaradan qələm sahibləri var. Bu gün onların yaradıcılığı bölgələr üzrə tədqiq edilirmi? Bu haqda söhbət açardız.
- Bölgələr üzrə şairlərin yaradıcılığını təhlil edərkən bu zaman şairin hansı bölgədən olduğu dərhal hiss edilir. Dilimizin ən zəngin bölgəsi qərb bölgəsidir. Bu, sizcə, nədən irəli gəlir? Qazaxda, Borçalıda, Göyçədə, Tovuzda, Gədəbəydə və digər qərb bölgələrində indi də çoxlu şairlər var. Bu, dilin zəngin olmasından irəli gəlir. Çünki qərb ləhcəsi dilin qədim versiyasını özündə tam mühafizə edir. Misal üçün, Dədə Qorquda müraciət etsək, görərik ki, əksər ünsürlər qərb dialektindədir. Türk dilinin koloriti qərb bölgəsində daha çox hiss olunur. Səməd Vurğunun dili niyə zəngin idi? Çünki xalq dili idi. Onun doğulub, böyüyüb boya-başa çatdığı mühit zəngin olub.
- XX əsr ədəbiyyatımızın inkişafında xüsusi yer tutur. Bu əsr bizə çoxlu ədəbiyyat insanları bəxş edib. Bu gün haqqında danışdığımız bir çox dahilər həmin dövrün yetirmələri olublar. XX əsrin ədəbiyyatımızda oynadığı roldan danışardıniz.
- XX əsrdə xalq kütləvi şəkildə savadlaşdı. Hər kəs ədəbiyyatı oxudu. Misal üçün deyim ki, kitab çap olunmurdu deyə, Aşıq Ələsgəri tanımırdılar. Amma kitab çap olunandan və onun irsi öyrənildikdən sonra Aşıq Ələsgər yenidən özünü cəmiyyətə təqdim edərək şöhrətləndi. Poeziya da məhz belədir. Ötən əsrin 20-ci illərini müqayisə etdikdə görürük ki, müəyyən ideologiyaya bağlıllıq var. Əlbəttə ki, həmin dövrdə sənətkarlar olub. Amma sənətkarları ideologiyaya uyğun olaraq məcbur edirdilər ki, sən bundan və ya ondan yaz. Ancaq 60-ci ildən başlayaraq, xüsusilə də 80-ci illərə kimi ədəbiyyatda bir inkişaf oldu. Buna ədəbiyyatın qızıl dövrü deyirlər. Burada yaradıcılığın sərbəstliyi və azadlığı özünü göstərirdi. Özü də bu dövrün şairlərinin əksəriyyəti güclü şairlərdir. Bunu mühit yetişdirdi. Xüsusilə də bu dövrdə müxtəlif üslubda yazan şairlər meydana gəldi.
Ədəbiyyat zamanın əks-sədasıdır. Ədəbiyyatın inkişafına həyatın özü stimul verir. Bu dövrdə bizim nəsr ədəbiyyatımız gücləndi. Həmin dövrlərdə nəsr ədəbiyyatı bizdə yeni idi.
- Nəsr nümunələrinə şifahi xalq ədəbiyyatında rast gəlinirmi? Xüsusilə də aşıq ədəbiyyatında, dastançılıqda nəsr nümunələrinə varmı?
- Aşıq ədəbiyyatı əksər vaxt dastanla başlayıb. Dastan yaradıcılığında nəzm və nəsr də var. Nəsr ədəbiyyatı bizim xalq yaradıcılığından başlayır. Xalq ədəbiyyatında nəsrin böyük nümunələri var. Lətifələr, nağıllar, dastanlar nəsrin ən mükəmməl növləridir.
-Tədrisdə ustad aşıqların yaradıcılığı tələbələrə tədris olunurmu?
- Təbii ki, bu gün tədrisdə tanınmış aşıqların həyat və yaradıcılığı tələbələrə öyrədilir. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Ağ Aşıq, Aşıq Ələsgər kimi ustad aşıqlar dərsliklərə salınıb. Aşıq ədəbiyyatı hər zaman təbliğ və tədris olunur.
- Sizin Aşıq Ələsgərə həsr olunmuş kitabınız çap olunub. Həmin kitabda aşığın yaradıcılığı geniş şəkildə araşdırılıb.
- Mənim doktorluq işimin Aşıq Ələsgərlə heç bir əlaqəsi yoxdur. Bu işimi qurtardıqdan sonra Aşıq Ələsgəri təhlil etmək istədim və ilk gündən bu işi dayandırdım. Gördüm ki, Aşıq Ələsgəri şərh etmək çox çətindir. Buna görə də köhnədən bildiklərimi yenidən oxumalı oldum. Çünki Ələsgərə həvəskar səviyyəsində nüfuz eləmək çox çətindir. Düzdür, bu kitabı yazmışam və bunu bir cəhd adlandırıram. Mən bu kitabla Ələsgəri olduğu kimi təqdim etdim desəm, yalan olar. Amma Ələsgər elə bir sənətkardır ki, hər bir adamın ürəyindən keçir ki, onu təhlil etsin. Mən inanmıram ki, bu kitabla Ələsgəri olduğu səviyyədə təqdim etdim. Burada bir səhvim olsa, bunun da bir gözəlliyi var. Səhv düzə yol açır. Mən dərk edirəm ki, Aşıq Ələsgər əlçatmazdır. Aşıq Ələsgər gələcəyin şairidir.
-Dövrümüzdə aşıqlarla bağlı mötəbər bir ensiklopediyanın tərtibinə hansı dərəcədə ehtiyac var? Alimlərdən ibarət bir heyət tərəfindən bu cür ensiklopediyanın tərtibinin vaxtı, məncə, çatıb.
- Bu çox
yaxşı bir təşəbbüsdür.
Burada müəyyən qurumlar
fəaliyyət göstərməlidir. Şübhəsiz ki, buna dövlət
qayğısı da olmalıdır. Həmçinin
bu təklifi həmin qurumlar
etməlidir. Əgər bu təklif reallaşsa, xalqımızın tarixinə, ədəbiyyatına
və mənəviyyatına böyük
xidmət olardı. Bu labüd
və lazımdır. Niyə? Çünki
bir müddətdən sonra
bunlar yaddan
çıxacaq. Müəyyən nəsil var
ki, ustad
aşıqlarla bağlı məlumatlar onların
yaddaşlarında durur. Bunu
isə bir sistemə salmaq
lazımdır. Şübhəsiz ki, bu, xalqın malıdır və xalqın
özünə də qaytarılmalıdır.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyub
Palitra 2018.- 6 fevral.- S.13.