Biz Türkiyədə atdığımız hər bir addımla Azərbaycanı təmsil edirik

 

Səbinə Abbaslı: “Türkiyə universitetlərində Azərbaycan tarixinin öyrənilməsinə və araşdırılmasına maraq var”

 

Bu gün xaricdə təhsil alan tələblərimiz oxuduqları universitetlərdə keçirilən müxtəlif yarış və müsabiqələrdə də aktivlik göstərirlər. Onların bir çoxu belə müsabiqələrdə qalib olaraq ölkəmizin adını ucaldırlar. Elə müsahibimiz Səbinə Abbaslı da magistratura təhsili aldığı Türkiyənin Sakarya Universitetində qalib olub. O, Türkiyədə xarici tələbələr arasında keçirilən şeir, hekayə və qısa film müsabiqəsində şeir kateqoriyasında birincilik qazanıb.

-Siz Sakarya Universitetində magistr olaraq hansı mövzunu araşdırırsız?

- Mən Sakarya Universitetində XIX əsrin II yarısında çar Rusiyası dövründə Azərbaycanda açılan Müsəlman məktəbləri haqqında diplom işi yazıram. XIX əsrin II yarısı Azərbaycan tarixi üçün dönüm nöqtələrindən biridir. Bu dövrdə Azərbaycanın çox dəyərli maarifçiləri, elm fədailəri yetişmişdir.”Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın.” deyib Hz.Məhəmməd Peyğəmbər (s.a.v). Bir xalqı inkişaf etdirən, irəliyə doğru aparan ən vacib amillərdən biri təhsildir. Bu səbəblə mənim üçün də təhsil tarixionun araşdırılması olduqca maraqlı və önəmlidir.

-Sakarya Universitetində tarix fənninin tədrisində əsas nəyə üstünlük verilir?

- Sakarya Universitetində, əsasən,İslam Tarixinə, Orta Asiya Türk xalqlarının tarixinə,xüsusən, Osmanlı İmperiyasionun mövcud olduğu dönəmdə qarşılıqlı əlaqədə olduğu dövlətlərin tarixinə, bu dövlətlərlə olan münasibətlərin tədrisinə, Osmanlı türkçəsinin və əlifbasının öyrədilməsinə, Türkiyə Cümhuriyyət tarixinin tədrisinə üstünlük verilir.

-Azərbaycan tarixi haqqında Türkiyə tarix ədəbiyyatında bilmədiyimiz hansı məqamlar var?

-Tarixən bu iki dövlət din, dilcoğrafi baxımdan yaxın olduqları, zaman-zaman rəqib olduqları üçün bir-birlərinin tarixində silinməz izlər qoymuşlar. Azərbaycan tarixini araşdırarkən, yazarkən mütləq şəkildə Türkiyə arxivlərinə müraciət etmək lazım gəldiyini düşünürəm. Xüsusəndə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin tarixi və Azərbaycan Cümhuriyyət dönəmi araşdırılarkən Türkiyədəki arxivlərdən bəhrələnmək lazımdır. Bu dövlətlər tarix boyu bir-birinə təsirsiz qalmamışdır. İsmail Hakkı Uzunçarşılı, Faruk Sümer, Halil İnalcık kimi tarixçilərin əsərlərində maraqlı məqamlar mövcuddur.

-Ümumiyyətlə, Türkiyədə Azərbaycan tarixinə maraq hansı səviyyədədir?

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, Türkiyədə Azərbaycan tarixi haqqında, xüsusən,şar Rusiyası və SSRİ dönəmi ilə bağlı bir o qədərdə məlumatlı deyillər. Mən bunu bir çatışmazlıq kimi dəyərləndirirəm. Ancaq sevindirici tərəf odur ki, universitetlərdə Azərbaycan tarixinin öyrənilməsinə və araşdırılmasına maraq var. Universitetlərdə birgə çalışdığımız müəllimlər Türkiyədə Azərbaycan tarixinin az bilinən və ya bilinməyən dövrləri barədə araşdırmalar edib,məqalə və diplom işləri yazmağı tövsiyə edirlər. Bundan başqa, universitet xaricində həmsöhbət olduğumuz insanlar da tariximizə qarşı maraqlıdırlar.

-Universitetdə azərbaycanlı tələbələr ictimai aktivlik göstərirlərmi?

 

- Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələr xarici tələbələr arasında say baxımından ikinci yerdədir. Və bu da ictimai fəaliyyətlərdəki aktivliyə təsir edən vacib amillərdəndir. Azərbaycan tələbə topluluğu bayram günlərində, tarixi günlərdə, xarici tələbələr arasında təşkil olunan tədbirlərdə, mədəniyyət günlərində xüsusi aktivlik göstərir. Bu tədbirlərdə tariximiz, milli musiqimiz, rəqslərimiz, yeməklərimiz tələbələr tərəfindən gələn qonaqlara təqdim olunur. Ehtiyacı olan tələbələrimiz üçün təqaüdlər təşkil edilir. Yaxın günlərdə tələbələrimizin iştirakı ilə Sakaryanın iki rayonunda Xocalı abidəsinin açılışı həyata keçiriləcək.

-Bu günlərdə Türkiyədə xarici tələbələr arasında keçirilən şeir, hekayə və qısa film müsabiqəsində şeir kateqoriyasında birincilik qazanıbsınız. Qalib olacağınıza inamınız var idi?

- Uluslararası Öğrenci Dernekləri Federasiyasının xarici tələbələr arasında ilk dəfətəşkil etmiş olduğu şeir, hekayə və qısa film müsabiqəsinin şeir kateqoriyasında birincilik qazandım. Mənim üçün unudulmaz anlardan biri oldu. Qaliblərin ölkələri arasında ölkəmin adını eşitmək olduqca qürurverici idi. Biz burada atdığımız hər bir addımla Azərbaycanı təmsil edirik. Uzun müddət idi şeir yazmırdım. Müsabiqə məndə yenidən yaza biləcəyimə inan yaratdı. Şeir yaza bilmək üçün qəlbinizə, ruhunuza bir şeylərin toxunmağı lazımdır. Türkiyə dövlətinin mənim qəlbimdə xüsusi yeri var. Bu səbəbdən içdən gələn səmimi duyğularla yazdığım üçün müsabiqədə yer tutacağıma inanırdım. Növbəti illərdə də həmvətənlərimin adını qaliblər arasında görmək istərdim.

-Mükafatların təqdim edilməsi mərasimində hansı anlar yaşandı?

-Bu müsabiqənin qaliblərinin hər biri başqa-başqa ölkələrdən idi. Belə ki, qısa film kateqoriyasında qalib olan qırğızıstanlı tələbə Manasbeq Maksudov, hekayə kateqoriyası üzrə isə Burkina Fasolu Ouesseini Zorome qalib oldu. Qeyd etdiyim kimi, şeir kateqoriyası üzrə isə mən birinci oldum. Mənə mükafatı Uluslararası Öğrenci Dernekləri Federasiyasının prezidenti Mehmet Ali Bolat təqdim etdi.

Mən mükafat təqdim ediləndən sonra çıxış etdim. Azərbaycanda yaşayarkən həmişə Türkiyəyə gəlmək istədiyimi, amma nəsib olmadığını dilə gətirdim:“Türkiyədə yaşamaq mənə Azərbaycanda yaşamaqdan çox fərqli gəlmir. Öz ölkəmin bir şəhərində yaşayırammış kimi özümü burada yad hiss etmirəm.Türkiyənin Azərbaycandan mədəni baxımdan fərqi yoxdur. Türkiyədə mənə ən çox təsir edən yardımlaşma mədəniyyətidir. Xüsusilə Türkiyədəki vəqf mədəniyyətini çox bəyənirəm və əhəmiyyətli hesab edirəm. İnşallah, Azərbaycana qayıdanda mən də bunu tətbiq etmək istəyirəm.Türkiyədəki vəqflərin bir çox xeyriyyə fəaliyyəti varbu, çox əhəmiyyətlidir. Bu fəaliyyətlərdən bir çox adam faydalanır” deyə fikirlərimi bölüşdüm.

Çıxışımın sonunda Türkiyədəki təhsilimi tamamladıqdan sonra Azərbaycana dönüb, orada işləmək istədiyimi vurğuladım.

Qeyd: Səbinə Abbaslının Uluslararası Öğrenci Dernekləri Federasiyasının xarici tələbələr arasında ilk dəfə təşkil etmiş olduğu şeir, hekayə və qısa film müsabiqəsində qalib olduğu şeri təqdim edirik

 

Benim Ülkem Türkiye

 

Her karış toprağı kanla yoğrulan

Uğruna ölünen kutsal vatansın

Şehit kanlarından rengini alan

Ay yıldızın göklerde dalgalansın

 

Mazlumun yanında yerini alan

Komşusu dardayken yardıma koşan

Dünyaya insanlık dersi anlatan

Dualarla anılan sensin Türkiyem

 

Gurur duyulacak bir tarihin var

Fatihin, Yavuzun, Süleymanın var

Çağ açıp kapayan ataların var

Medeniyet beşiğisin Türkiyem

 

Tek çağrıyla meydanlara dökülen

Gün gelince yumruk gibi birleşen

Göğsünü vatana siper eyleyen

Mert oğullar diyarısın Türkiyem

 

Dinine, rengine ayrım yapmadan

Yurduna gelene hep kucak açan

Bir evladı gibi bağrına basan

İkinci vatanım sensin Türkiyem

 

Seni vasfetmeye kalemim yetmez

Yazdıkca yazarım yine de bitmez

Sana olan sevgim tarif edilmez

Özlemle andığım ülkem Türkiyem

 

Fuad Hüseynzadə

 

Palitra 2018.- 7 fevral.- S.7.