Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri"
kitabının təqdimatı oldu
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyat
kitabxanası" seriyasından Ceyhun Hacıbəylinin
"Seçilmiş əsərləri" kitabının təqdimatı
olub.
Tədbiri
giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli
açıb. Akademik Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubileyi və 2018-ci ilin Azərbaycanda "Azərbaycan
Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamları
işığında Azərbaycan Milli Elmlər
Akademiyasında görülən və görülməsi nəzərdə
tutulan işlər barədə məlumat verib. O bildirib ki,
"Azərbaycan mühacirət ədəbiyyat
kitabxanası" seriyasından Ceyhun Hacıbəylinin
"Seçilmiş əsərləri" kitabı
Cümhuriyyət irsimizin də öyrənilməsi
baxımından əhəmiyyət daşıyır.
Kitabın
tərtibçisi, ön söz və qeydlərin müəllifi,
filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli
"Ceyhun Hacıbəylinin əsərlərinin nəşri
tarixindən" adlı məruzə ilə
çıxış edib.
Tədbirdə
daha sonra AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu (Mustafayev), filologiya üzrə elmlər
doktoru, professor Vüqar Əhməd, kitabda yer alan bir çox əsərlərin
fransız dilindən tərcüməçisi Mirzəbala
Əmrahov, tarix üzrə elmlər doktoru, professor Solmaz
Tohidi, mühacirət irsinin gənc tədqiqatçısı
Dilqəm Əhməd, filologiya üzrə elmlər doktoru
Nikpur Cabbarlı, Ceyhun Hacıbəylinin qohumu professor Telman Ağdamski
çıxış edərək yazıçının həyatı,
yaradıcılığı ilə bağlı fikirlərini
tədbir iştirakçıları ilə
bölüşüblər. Mirzəbala Əmrahov ədibin nəvəsi
Kleman Hacıbəylinin tədbir iştirakçılarına
ünvanladığı məktubu səsləndirib.
Xatırladaq
ki, kitabda Ceyhun Hacıbəylinin mühacirətdə qələmə
aldığı hekayələri, "Bir il xəyallarda... və
bütöv bir ömür" adlı memuarı, elmi
araşdırmaları və publisistik məqalələri
toplanıb.
Palitra 2018.- 8 fevral.- S.7.