“İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatı keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müəllifi olduqları “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimləri, əməkdaşları, tanınmış alimlər, ziyalılar iştirak ediblər. Kitabın elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa, rəyçilər pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayev, pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadə, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızı, pedaqogika üzrə elmlər doktoru Həsən Bayramoğludur.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-də keçirilən VI qurultayında partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Dövlət başçımız ölkənin gələcək inkişaf strategiyası ilə bağlı geniş və məzmunlu çıxış etdi, qarşıda duran əsas vəzifə və başlıca hədəfləri açıqladı. Cənab Prezident xüsusi qeyd etdi ki, biz tarixi torpaqlarımıza qayıtmalıyıq. Elm adamlarımız, düşüncə sahiblərimiz, ziyalılarımız tariximizi yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Bu gün təqdimatına yığışdığımız “İrəvanda milli maarifçilik mühiti” kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Elmi-tarixi faktlara əsaslanan bu kitab maarifpərvər ziyalılarımızın həyat və fəaliyyətinin öyrənilməsi, tədqiq olunması baxımından təqdirəlayiqdir. İrəvan maarifçilik mühitinin təmsilçiləri xalqımızın mənəvi təkamülündə, ölkəmizin mədəni inkişafında sanballı xidmətlər göstəriblər. Rektor çıxışının sonunda kitabın müəlliflərinə təşəkkür edibonlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən professor Buludxan Xəlilov “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatının ADPU-da keçirilməsini təbii bir hal kimi qiymətləndirib. Qeyd edib ki, ADPU ölkəmizdə ali pedaqoji təhsilin öncülü hesab edilir. Bu kitab təhsil tariximizin ardıcıl tədqiqi baxımından böyük önəm kəsb edir və təhsilimiz üçün layiqli töhfədir. İrəvan təhsil mühiti Azərbaycan təhsilinin bir parçasıdır, bir qoludur. Bu baxımdan, “İrəvanda milli maarifçilik mühiti” kitabı yeni axtarışlara, araşdırmalara, elmi-tədqiqatlara istiqamət verir. İrəvan təhsil mühitinin yetirmələrinin bir çoxu ADPU-da çalışaraq universitetimizin inkişafında mühüm rol oynayıblar.

Pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadə, Bakı Dövlət Universitetinin (BDU) professorları Əyyub Əzizov, Cəlil Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Vəli Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, Bakı Slavyan Universitetinin (BSU) professoru Şəlalə Həsənova, Əməkdar müəllim, şair Oqtay Rza, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli və başqaları çıxış edərək hərtərəfli elmi araşdırmalar, böyük əmək, fədakarlıq, milli təəssübkeşlik, vətənpərvərlik sayəsində ərsəyə gələn “İrəvanda milli maarifçilik mühiti” kitabını yüksək qiymətləndirərək müəlliflərə uğurlar arzulayıblar.

Qeyd edək ki, kitabdan Azərbaycanın təhsil tarixi ilə maraqlananlar, magistrlər, tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər. Kitabın müəllifləri professor Cəfər Cəfərov və dosent Cəlal Allahverdiyev çıxış edərək təqdimat mərasiminin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

 

Mahmud Əyyub

Palitra  2018.- 13 fevral.- S.7.