Xatirələrdə yaşayan insan
Bakı Dövlət Universitetində
uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul
olmuş dosent
Sabir Kərimovun
90 illik yubileyi
Bakı Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, bu sahədə özünün dəst-xətti ilə dərin iz qoymuş tarix elmləri namizədi, dosent Sabir Mülküm oğlu Kərimovun anadan olmasının 90 illik yubileyidir. O, Qubanın çox böyük tarixə malik olan Digah kəndində dünyaya göz açmışdır.
Əslində, onun haqqında bu yazıda yer alan xatirələrim çoxdan işıq üzü görməli idi. Amma xeyli gecikdi. Nə üçün, bilmirəm. Bəlkə də Sabir müəllimin 90 illik yubileyini gözləyirdi.
BDU-nun Tarix fakültəsinə daxil olana qədər şirin xəyallarımın qəhrəmanları əziz valideynlərim və doğma müəllimlərim idi. Çünki məni dünyaya gətirən valideynlərim, elmə həvəsləndirən isə müəllimlərim olmuşdur. Bakıya ayaq basıb, tələbə olana qədər bu insanlar mənim üçün müqəddəs idilər.
Sentyabrda bizə ilk dərsi Şamil Məmmədbəyli keçdi. Sözün həqiqi mənasında, böyük müəllim idi. Ona görə yox ki, Şah İsmayılı o bizə sevdirdi, həm də ona görə ki, şəxsiyyətinə hörmət qoyan kişi idi. Biz tələbələr ondan çox şey öyrəndik. Öyrənənlərdən biri də mən oldum.
Tələbəlik illərinin ilk günləri çətin başladı. Mənə dayaq dura biləcək kimsə yox idi, dayaq nöqtəsini kitablardan tapdım.
Dekabrın sonlarında fakültədə kadr dəyişikliyi oldu. Dekan müavini Adil Sadıqovun vəzifəsini böyütdülər, Universitet Partiya təşkilatına rəhbər vəzifəyə seçildi. Yeni dekan müavinimiz Sabir Kərimov oldu. Əslində, Tarix fakültəsinin dekan müavini həm də fakültənin dekanı demək idi. Çünki uzun müddət partiya işində çalışan və sonralar Tarix fakültəsinə dekan göndərilən Məmmədəmin Qazıyev xaraktercə çox yumşaq və həlim bir insan idi. O, tələbələri tanımadığı kimi, tələbələr də onu, demək olar ki, tanımırdılar desəm, dediklərimə şübhəniz olmasın. İlk sessiyamızı dekan müavini Sabir Kərimovla başladıq və başa vurduq.
Fevralın 10-da II semestrin dərslərinə
başladıq. Əvvəlcədən qeyd edim ki, o
zamanlar Tarix fakültəsi universitetin əsas binasında
deyil, şəhərin mərkəzində, indiki İqtisad
Universitetinin binasında yerləşirdi. Ona
görə də Tarix fakültəsinin muxtariyyəti var idi.
Bu binada günün I yarısı filoloqlar,
günün II yarısı isə tarixçilər dərs
keçirdilər. Kontingent kiçik
olduğuna görə, hamı bir-birini tanıyırdı.
Fevralda dərslər başlayandan sonra Sabir
müəllimi yaxından tanımağa başladım. Sabir müəllim çox dəqiq və
intizamlı bir insan idi. Qısa müddət
ərzində fakültədə elə bir vəziyyət
yarandı ki, nə müəllim, nə də tələbə
dərsə gecikə bilməzdi. Dərs
vaxtı dəhlizdə tam sakitlik olmalı idi. Müəllimdən tutmuş tələbəyə
qədər hamı Sabir müəllimdən ehtiyat edirdi.
Onun vaxtında ilk dəfə fakültənin əlaçı
tələbələrinin siyahısı tərtib olundu,
onların şəkilləri divardan asıldı. Akademik borcu olan tələbələrin valideynləri
fakültəyə çağırılaraq, onlarla
görüşlər keçirilməyə başladı.
Bir sözlə, 1974-cü ilin ilk aylarından
Sabir müəllimlə hər gün üz-üzə gəlirdim.
Güləşə xüsusi həvəsim olduğu
üçün universitetdə də bu idman növü ilə
məşğul olmağa başladım. Qısa
müddət ərzində müəyyən uğurlarım
oldu. Bir gün Sabir müəllim məni
otağına çağırdı. Doğrusu,
çox həyəcanlandım. Məni çox səmimi
qəbul etdi və universitet İdman kafedrasının
müdirinin mənimlə bağlı ona xoş fikirlər
söylədiyini dedi. Mənim kiçik
uğuruma çox sevindi. Bir cümləsi heç
yadımdan çıxmır: idman yaxşı şeydir,
xüsusilə idmanın güləş növü. Mən özüm də güləşçi
olmuşam. Ancaq çalış ki, dərslərinə
mane olmasın. Mən Sabir müəllimdən
ayrılandan sonra hiss etdim ki, tələbələri öz
övladları qədər sevən bir insanla
rastlaşmışam.
Yay semestrində Sabir müəllimin ədalətinin
şahidi oldum.
Hər hansı tələbənin qiymətlə
bağlı narazılığı olanda Sabir müəllimi
axtarırdı. Hamının düşüncəsində
belə bir fikir var idi: haqqımı ancaq Sabir müəllim
müdafiə edə bilər. Elə də
olurdu. O zaman düşüncələrdə heç
bir neqativ fikir olmadığı üçün hamı
bilirdi ki, Sabir müəllim nəyə görəsə tələbələrin
haqqını müdafiə etmir. Belə ədalətli
münasibət onun xarakterindən doğurdu.
II kursda xeyli uğurlarım oldu. Həm dərs əlaçısı,
həm də güləş üzrə uğurlarım məni
tanıtdı. Bir dəfə fakültələr
arasında güləş üzrə keçirilən
yarışa fakültə rəhbərləri də dəvət
olunmuşdu. Həmin gün 62 kiloqram
çəkidə universitet çempionu oldum. Məni ilk təbrik edən Sabir müəllim oldu.
Sabir müəllim təkcə fakültədə
qayğımıza qalmırdı. Ayda bir
dəfə Tarix fakültəsi tələbələrinin
yaşadığı 7 saylı yataqxanaya gələrdi.
Yataqxanadakı problemlərimizlə maraqlanar və
onların həllinə kömək edərdi. Bəlkə də bu cümləni yazmaq doğru
deyil, amma yazmamaq da mümkün deyil. Sabir
müəllim o insanlardandır ki, ehtiyacı olan tələbələrə
öz cibindən pul verərdi. Amma bunu
göydə Allah, yerdə özü və tələbə
bilirdi. Mən bunları çox sonradan həmin
tələbələrin dilindən eşitdim.
II kursun sentyabrından sinif nümayəndəmiz Moskva
Dövlət Universitetinə göndərildi. Qrupun sinif nümayəndəsi
kim ola bilər sualı ətrafında
baş sındırırdıq. Bir gün Sabir
müəllim əlində jurnal auditoriyaya daxil oldu, qrupa
göz gəzdirdi. Gülə-gülə soruşdu:
Bizim güləş çempionumuz kim
oldu? Ayağa durmağa imkan vermədi.
Davam etdi: güləşdə çempion olan sinif nümayəndəsi
də ola bilər və jurnalı mənə
uzatdı. Halbuki qrupda məndən on yaş
böyük bir neçə tələbə var idi. Hətta bu tələbələrdən birinin Sabir
müəllimə qohumluğu da çatırdı. Bu, Sabir müəllimin ədaləti idi, ona görə
yox ki, o məni sinif nümayəndəsi təyin etdi, ona
görə ki, hər birimizin kiçik uğurunu belə, nəzərdən
qaçırmır və tələbələri həm tədrisə,
həm də ictimai-siyasi həyata yönləndirirdi.
Hər semestr başa çatan kimi Sabir müəllim
imkansız tələbələrin siyahısını bizdən
alırdı.
Onlara təqaüd verilməsi üçün əlindən
gələni edirdi. Dəfələrlə
aztəminatlı tələbələrlə bağlı
Sabir müəllimə müraciət etməli olmuşdum.
Hər dəfə də müsbət cavab
almışdım.
Biz IV kursu başa vuranda Sabir müəllim artıq dekan
müavini deyildi. Amma Sabir müəllim, sadəcə, vəzifədən
getmişdi, ona olan hörmət azalmamış, əksinə,
artmışdı. Sabir müəllim
öz şəxsiyyəti ilə bütöv bir tələbə-müəllim
heyəti üçün bir məktəb idi. Tarix fakültəsinin tələbəsi olaraq Sabir
müəllimdən çox şey öyrəndik. Sabir
müəllim dürüst adam idi, təmənnasız
müəllim idi, şəxsiyyətinə önəm verən
kişi idi, kimə isə yarınmaq, ümumiyyətlə,
ona yad idi. Bir tələbə olaraq Sabir müəllimdən
bunları öyrəndim.
Universiteti
bitirəndən üç il yarım
sonra yenidən bu təhsil ocağına qayıtdım. Mənbəşünaslıq,
tarixşünaslıq və metodika kafedrasında baş
laborant vəzifəsində işləməyə
başladım. Bir il sonra Sabir müəllim
fakültə partiya təşkilatına rəhbər
seçildi. Məni özünə müavin təyin
etdi və maliyyə məsələlərini mənə
tapşırdı. Artıq hər gün
bir neçə saat Sabir müəllimlə təmasda olurdum.
Mənim üçün önəmli olanlar bunlar idi: Sabir
müəllim yüksək zövqlü və həddindən
artıq səliqəli insan idi. Onun xarici
görünüşü onun yüksək intellekti, mədəni-mənəvi
keyfiyyətləri ilə ahəng təşkil edirdi. Tələbələr və hətta müəllimlər
belə, ondan yüksək insani davranış qaydaları
öyrənirdilər.
Sabir müəllimin Bakıda bağı yox idi. Bilirdim ki,
doğulduğu və boya-başa çatdığı Qubada
onun bağ-bağatlı bir həyəti var. İmkan
düşən kimi rayona gedərdi. Mənə
deyərdi ki, əgər Bakıda bağ alsam, rayondakı evimə
əlim çatmayacaq. Ona görə
rayonla əlaqəsi üzülməsin deyə, Bakıda
bağ almadı. Mən də Sabir müəllimin
yolu ilə getdim, doğulduğum kəndlə əlaqəni kəsməmişəm
və bundan qürur duyuram.
Sabir müəllim qənaətcil bir müəllim, hər cür təmtəraqdan çox uzaq idi. Sabir müəllim uzun müddət qəbul imtahanlarında tarix üzrə fənn komissiyasının sədri oldu. Onun ədalətli və təmənnasız olması ona böyük hörmət qazandırmışdır. Universitet rəhbərliyi də bunu bildiyi üçün bu çətin işi Sabir müəllimə dəfələrlə həvalə edirdi. Sabir müəllim qeybətdən və dedi-qodudan uzaq bir adam idi. Bu illər ərzində bir dəfə eşitmədim ki, kiminsə arxasınca danışsın. Kimə nə demək lazım idisə, üzünə deyərdi. Sabir müəllim bacarıqlı bir təşkilatçı idi. Tarix fakültəsinin idarəçiliyi nə qədər çətin olsa da, Sabir müəllim onun öhdəsindən uğurla gəlirdi. Sabir müəllim yerliçilik və bölgəçilik hislərindən çox uzaq idi. O, saf və səmimi, dürüst, vətənini və xalqını sevən Azərbaycan vətəndaşı idi. O, əsasən, rus bölməsində dərs deyirdi, amma Tarix fakültəsinin tələbələri Sabir müəllimlə bağlı dolaşan fikirləri əzbərdən bilirdilər: vətənsevərdir, savadlıdır, ədalətlidir, xeyirxahdır, təmənnasızdır, şəxsiyyətinə hörmət edən, yüksək mənəvi keyfiyyətlərə sahib olan bir ziyalıdır.
Yadımdadır, 20 Yanvar faciəsinin səhərisi Tarix fakültəsində ilk partiya təşkilatının fövqəladə yığıncağı keçirildi. Partiya biletindən ilk imtina edən Sabir müəllim oldu. Sabir müəllim kövrəldiyindən nitqini başa çatdıra bilmədi. Amma uzun illər ərzində mən Sabir müəllimi möhkəm xarakterli bir insan kimi tanımışdım. Lakin o millətin faciəsinə biganə qala bilmədi, onu öz faciəsi kimi qəbul etdi.
1991-ci ildə SSRİ dağıldı. Müəllimlərin maddi vəziyyəti ilə bağlı müəyyən çətinliklər yarandı. Sabir müəllim bu sərt imtahanda da öz ləyaqətini və şəxsiyyətini hər şeydən uca tutdu.
Uzun illərdir ki, Tarix fakültəsində çalışıram, məsul bir kafedraya rəhbərlik edirəm. Həmin kafedrada mənimlə bərabər, məndən daha əvvəl Sabir müəllimlə çiyin-çiyinə işləmiş baş müəllim Maral xanım Talıbova və dos.Səidə Əli qızı çalışırlar. Kafedranın elə bir əlamətdar tədbiri olmayıb ki, biz orada Sabir müəllimi yad edib onunla bağlı fikir və xatirələrimizi, ona olan ehtiramımızı bildirməyək. Bu gün də mən Tarix fakültəsinin müəllimi olaraq mühazirəyə başlayanda üzümü tələbələrə tutub belə deyirəm: Bizim böyük bir müəllimimiz var idi, adı Sabir, soyadı Kərimov idi. Bizim ondan öyrəndiklərimiz bugünkü müstəqil Azərbaycanımıza hava və su qədər lazımdır və bunları gənc nəslə təbliğ etməklə Qarabağa hər gün yaxınlaşmış olarıq. Sabir müəllimin məktəbi mərdlik, kişilik, qəhrəmanlıq, şərəflə yaşamaq məktəbi idi. Sabir müəllim ömrü boyu müəllim işlədi, ancaq heç bir tələbədən təmənna güdmədi. Biz bu məktəbi Sabir müəllimdən öyrəndik.
Xeyli vaxtdır ki, Sabir müəllim aramızda
yoxdur. O, haqqın dərgahına qovuşub. Amma Sabir müəllim
Tarix fakültəsi üçün bir mədəniyyət və
pedaqoqluq məktəbi qoyub getdi. Sabir müəllim xoşbəxtdir
ki, həm müəllimlər, həm də tələbələr
bu məktəbin ənənələrini uğurla davam
etdirirlər.
Anar İsgəndərov
BDU-nun kafedra
müdiri,
tarix elmləri
doktoru,
professor
Palitra 2018.- 14 fevral.- S.12.